Bölgələrdə Xocalı qurbanlarının anım mərasimləri

post-img

Dünən XX əsrin kütləvi soyqırımları sırasında yer almış Xocalı qətliamı ölkənin bütün bölgələrində dərin hüznlə anılıb. Kütləvi mərasimlərdə bildirilib ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayətdir. Bu qanlı tarix xalqımızın yaddaşında sağalmaz yaradır və heç zaman unudulmayacaq.
Hüzn tədbirlərində qeyd edilib ki, xalqımız soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, artıq düşmən üzərində qazandığımız tarixi Zəfərin, günahsız soydaşlarımızın intiqamının alınmasının qürurunu da yaşayır.

Naxçıvan
AMEA Naxçıvan Bölməsində “XX əsrin faciəsi: Xocalı Soyqırımı” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Konfransı giriş sözü ilə Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev açaraq Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, Xocalı soyqırımı nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar xüsusi amansızlıqla qətlə yetirilib. Şəhər yerlə-yeksan edilib, sakinlər ağır işgəncələrə məruz qalıb. Bu hadisə Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq baxımından da insanlığa qarşı törədilmiş ağır cinayətdir.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Xocalı: soyqırımdan inkişafa doğru”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov “Xocalı faciəsi bədii ədəbiyyatımızda” mövzularında məruzə ediblər. 
Məclisdə bildirilib ki, Xocalı soyqırımının elmi-tarixi aspektdə araşdırılması, ədəbi və publisistik müstəvidə təbliği mühüm vəzifələrdəndir. 
Gəncə
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Memorial Kompleksində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə kompleks ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi sükutla yad edilib. Sonra iştirakçılar Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış olublar. Kompleksdə fəaliyyət göstərən muzeyə baxış zamanı da faciənin miqyası və insan talelərində buraxdığı izlər bir daha xatırlanıb.
Çıxış edənlər vurğulayıblar ki, Xocalı soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu həqiqətləri yaşatmaq, gələcək nəsillərə çatdırmaq və şəhidlərimizin xatirəsini daim uca tutmaq hər birimizin mənəvi borcudur.
Mərasim vətənpərvərlik ruhunda təqdim olunan ədəbi-bədii kompozisiyalarla başa çatıb. Səslənən şeirlər və musiqilər anım mərasiminə xüsusi duyğu qatıb, Xocalı şəhidlərinin xatirəsinə ehtiramın ifadəsinə çevrilib.
Sumqayıt
Sumqayıt şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri və qazilər, Sumqayıtda məskunlaşan Xocalı sakinləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüb, faciə zamanı həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə məskunlaşan Xocalı sakinləri ilə görüşərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayının 19–20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi və konstitusiya quruluşunun tam bərpa olunduğu, Xocalı qurbanlarının qisasının alındığı və onların qanının yerdə qalmadığı vurğulanıb.
Qeyd olunub ki, dövlətimiz şəhid ailələrinə, müharibə iştirakçılarına və Xocalı sakinlərinə daim diqqət və qayğı ilə yanaşır. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər davam etdirilir.
Mingəçevir 
Fevralın 26-da şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş ümumşəhər anım mərasimi keçirilib. Şəhərin rəhbərliyi, ictimaiyyət nümayəndələri və ərazidə məskunlaşmış Xocalı köçkünləri səhər saatlarında Şəhidlər Xiyabanına gələrək Soyqırımı abidə kompleksinin qarşısına gül dəstələri qoyublar. Faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
Mərasimin davamında şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, xalqımızın qan yaddaşına ağır faciə kimi yazılan Xocalı soyqırımından 34 il keçir. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı dəsrələrinin törətdiyi kütləvi soyqırımı xalqımıza qarşı barışmaz düşmənçiliyin və milli nifrətin aşkar göstəricisi olmaqla bəşəri cinayət kimi tarixə yazılıb. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.
Xocalı Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Zahir Usubov, Xocalı sakini Şahmalı Quliyev, YAP Şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, “Şəhid Ailələrini Müdafiə Cəmiyyəti”nin Mingəçevir şəhər şöbəsinin sədri İranə Həsənova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İB-in şəhər filialının sədri Əlağa Bəndəliyev faciənin başvermə səbəblərindən və ibrət dərslərindən danışıblar. Qeyd ediblər ki, Qarabağ zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi uzun sürən münaqişə və 2 müharibənin yaralarına məlhəm olub, şəhidlərin qanı yerdə qalmayıb.
Lənkəran
Dünən Lənkəran şəhərinin mərkəzində salınmış soyqırımı qurbanlarının xatirə parkındakı “Ana heykəli” qarşısında anım mərasimi keçirilib. 
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında “Xocalıya qayıtdıq” adlı kompozisiya nümayiş olunub. Gün ərzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub, şəhidlərin ruhlarına dualar səslənib. 
Beyləqan
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Beyləqan rayonunda da ehtiramla anılıb. Mərasimdə rayon rəhbərləri, idarə və təşkilat nümayəndələri, ictimaiyyət təmsilçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.
İştirakçılar şəhərin girişində yerləşən “Soyqırımı” abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla anıb, abidə önünə gül dəstələri düzüblər. Bildirilib ki, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biri kimi hər il ölkənin bütün bölgələrində dərin hüznlə yad olunur. Günahsız insanların qətlə yetirildiyi həmin dəhşətli gecə xalqımızın yaddaşında silinməz iz buraxıb.
Mərasimdə Xocalı şəhidlərinin əziz xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb. 
Goranboy
Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Goranboy şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub. 
Anım mərasimində rayonun digər rəhbər şəxsləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də bir qrup ictimai fəal iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev qeyd edib ki, Xocalı qurbanlarının xatirəsi hər zaman ehtiramla anılır və onların əziz xatirəsi xalqımızın qəlbində yaşayır. Bu gün əkilən hər bir ağac həm şəhidlərin ruhuna ehtiramın, həm də torpaqlarımızda həyatın davam etməsinin rəmzidir. Çıxış edənlər bildiriblər ki, 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı xalqımızın yaddaşına silinməz faciə kimi həkk olunub.
Həmin gün şəhərdə yüzlərlə ağac əkilib, onlara qulluq göstərilib. İştirakçılar bu təşəbbüsün gələcək nəsillər üçün həm ekoloji, həm də mənəvi əhəmiyyət daşıdığını bildiriblər.
Salyan
Xocalı şəhidlərinin xatirəsi Salyan rayonunda da ehtiramla yad edilib. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri “Şəhidlər” xatirə kompleksini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında baş əyiblər.
Anım mərasimində faciə qurbanları bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin ruhuna dualar oxunub. Hər il minlərlə insan “Ana harayı” abidəsi kompleksini ziyarət edərək Xocalı qurbanlarının xatirəsinə ehtiramını ifadə edir.
Balakən
Balakən rayonunda Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə bağlı silsilə tədbirlər çərçivəsində rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev ərazidə məskunlaşmış Xocalı sakinləri ilə görüşüb.
Rayon rəhbəri bildirib ki, Xocalı soyqırımı insanlıq tarixinin qanlı səhifəsidir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, insan hüquqlarına və beynəlxalq hüquq normalarına qarşı törədilmiş cinayətdir.
Qeyd edilib ki, Vətən müharibəsi və antiterror tədbirlərində qazanılan Zəfər sayəsində torpaqlarımız işğaldan azad olunaraq suverenliyimiz təmin edilib. 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocalıda Azərbaycanın şanlı Dövlət Bayrağının ucaldılması tarixi ədalətin təntənəsi idi. 
Saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Balakən rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmin gün Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası da keçirilib.
Ağstafa
Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı Ağstafada anım mərasimi keçirildi. 
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Hər kəsin simasında kədər və ehtiram duyulurdu.
Memorial kompleksin əbədi məşəli önünə əklil qoyuldu. Müqəddəs üçrəngli bayrağımızın üzərindəki ayparanı simvolizə edən abidənin üstünə qızılgüllər və tər qərənfillər düzüldü. Güllərin rəngi sanki o qanlı fevral gecəsinin ağrısını xatırladırdı. İnsanlar abidə önündə baş əyərək, Xocalı qurbanlarının xatirəsini yad etdilər.
Çıxışlarda bildirildi ki, Xocalı soyqırımı xalqımızın tarixində sağalmaz yaradır. Bu faciə təkcə bir şəhərin deyil, bütöv bir millətin ağrısıdır. İllər keçsə də, o gecə yaddaşlardan silinmir. Bu ağrı zamanla səngiməsə də, xalqımızın birliyini və ədalətə inamını daha da möhkəmləndirir.
Gədəbəy
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Gədəbəy rayonunda da anım məclisi keçirilib, faciənin günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
İştirakçılar əvvəlcə məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. 
Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev geniş məruzə ilə çıxış edərək Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışıb. O vurğulayıb ki, dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, faciənin beynəlxalq aləmdə tanıdılması istiqamətində ardıcıl iş aparılır. 
Çıxış edənlər də Xocalı şəhidlərinin xatirəsinin hər zaman uca tutulacağını, gənc nəslin bu həqiqətləri bilməsinin və unutmamasının vacibliyini qeyd ediblər.
Samux
Samuxda da Xocalı soyqırımının 34-cü ildönümü dərin hüzn və ehtiramla anılıb. Anım mərasiminin iştirakçıları Şəhidlər kompleksini ziyarət ediblər. 
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər sadəcə bir şəhərin faciəsi deyildi, bu, bütöv bir xalqın yaddaşına yazılmış qanlı tarixdir. Günahsız insanlar, qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi. O gecə insanlıq böyük bir sınaq qarşısında qaldı və bu ağrı heç vaxt unudulmayacaq. Bu ağrı bizi sarsıtsa da, eyni zamanda, birliyimizi və tariximizə bağlılığımızı daha da gücləndirir.
Saat 17:00-da rayon ərazisində nəqliyyatın hərəkəti dayandırıb, insanlar bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarını yad ediblər. 
Hacıqabul
Hacıqabul rayonunda keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Şəhidlər xiyabanında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzərək faciə qurbanlarını ehtiramla anıblar.
Daha sonra rayon Mədəniyyət Mərkəzində “Xocalı nişanəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiyada 1992-ci il fevralın 26-da törədilmiş qanlı hadisələrin Azərbaycan tarixində ən dəhşətli faciələrdən biri olduğu vurğulanıb, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti diqqətə çatdırılıb. 
Göygöl
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da faciə qurbanlarının əziz xatirəsi dərin hüzn və ehtiramla yad edilib. 
Rayon rəhbərləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək şəhid məzarları önünə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.Bildirilib ki, Xocalı qurbanlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Bu ağrı zaman keçdikcə azalmasa da, bizi daha da birləşdirən, tariximizə daha möhkəm bağlayan yaddaşa çevrilib.

Səhifənin materiallarını hazırladılar:
Tahir AYDINOĞLU,
İlqar HƏSƏNOV,
Hamlet QASIMOV,
Səbuhi HƏSƏNOV,
Əlisəfa HƏSƏNOV,
Mikayıl NƏRİMANOĞLU
XQ

























Qan yaddaşı