Böyük manipulyator”

post-img

Mark ENDEVELD

(əvvəli ötən saylarımızda)

Bununla belə, jurnalistlərin nəzərinə çatdırılır ki, indiyə qədər prezidentin çıxışlarına cavabdeh olan Silvan Fort Yelisey sarayının mətbuat xidmətinin rəhbəri təyin olunur. Bu yerdəyişməyə baxmayaraq, sarayda ümumi gərginlik azalmır. İndi hamıya elə gəlir ki, prezident artıq heç kimə qulaq asmır, hətta ona ən yaxın olanlara da...

Çoxdan gözlənilən Nazirlər Kabinetindəki dəyişikliyin elanından əvvəl, Makron oktyabrın 16-da gözlənilmədən televiziya ilə çıxış etmək qərarına gəlir. Sibet Ndiay ilə Silvan Fort prezidentin bu təşəbbüsünə etiraz edirlər. Onlar artıq telekanallarla danışıqlar aparıblar, hər şeyi hazırlayıblar ki, prezident bir həftədən sonra xalqa müraciət etsin. Amma Makron iki ayağını bir başmağa dirəyib israr edir ki, o, mütləq bu axşam efirə çıxmalıdır. Benalla məsələsi ilə bağlı skandal başlayandan, prezident rəsmi olaraq efirə çıxıb xalqa müraciət etməyib. İndi onun birdənbirə belə qərara gəlməsində məqsəd, fransızlara göstərməkdir ki, dövləti idarə edən odur – Baş nazir Eduard Filip deyil. Amma texniki cəhətdən heç nə hazır deyil. Çünki nə Silvan Fort, nə də Sibet Ndiay əvvəlcədən heç nəyi planlaşdırmayıb. Ona görə də televiziyanın çəkiliş qrupunu, eləcə də texniki komandanı Yelisey sarayına çağırmaq mümkün deyil. Artıq gecdir. Ona görə də Silvan Fort ilə Sibet Ndiay məcbur olub improvizasiya edirlər. Nəticədə, TF1 telekanalından bir operator tapırlar. 18:30-da başlayacaq çəkilişdən cəmisi ikicə saat əvvəl, operator özünü Yelisey sarayına çatdırıb təkbaşına işıq qurmağa başlayır. Ancaq bu payız ayında gün tez batdığından və qaranlıq tez düşdüyündən operatorun qurduğu işıqlar və kameraların yerləşdiyi nöqtələr o qədər də qənaətbəxş olmur. Bundan başqa, hər şey tez-tələsik, əlimyandıda qurulduğundan, çıxış vaxtı dövlət başçısının sifəti normal işıqlandırılmır. Hələ bu harasıdır? Çəkilmiş material telekanala satellitlə yox, avtomobillə göndərilir. TF1 telekanalının prezidenti Terri Tüyyiye çəkilmiş materiala baxanda, daş atıb başını tutur. O, ətrafındakılara etiraf edir ki, bu yayımdan sonra kanalın reputasiyası aşağı düşəcək. Ancaq hamı yaxşı bilir ki, bu biabırçılıq onlarlıq deyil, hamısı Yelisey sarayının, daha doğrusu, prezidentin günahıdır. Ertəsi gün mətbuat xalqa müraciəti zamanı sifəti normal işıqlandırılmayan dövlət başçısını lağa qoyur...

Təəccüblü burasındadır ki, Nazirlər Kabinetindəki dəyişikliklərə üç gün qalmış, İsmael Emelien Bordo şəhərindən bir neçə kilometr aralıda yerləşən Jiskur qalasında özünə böyük, təmtəraqlı bir toy edir. Toyda deputat Qabriel Attali, siyasi müşavir Stefan Sejurne, Aleksi Kohler, nazir Jülien Denormandi, eləcə də Jil Finşelşteyn iştirak edirlər.

Şən toy mərasiminə baxmayaraq, onların hamısının fikri başqa yerdədir. İsmael isə tamamilə ayrı şey düşünür. O, üç həftəlik bal ayına getməyi planlaşdırıb – Yelisey sarayından uzaqlara... Xüsusi müşavir respublika prezidentindən uzaq qaçmağa çalışır... O da prezidentin gözündən düşüb, görəsən?

Noyabr ayında “sarı jiletlilər” hərəkatı Fransanın, demək olar ki, hər yerinə yayılır. Parisdə onların nümayişləri ara vermir. Sarı jiletlilər tərəfindən mühasirəyə alınmış Yelisey sarayında hamı panika içindədir. Bundan sonra Makron daha çox özünə qapılır. Makronistlərin arasında dövlət başçısını və onun klanını məzəmmət edənlərin sayı artır. LREM (Respublika hərəkətdə partiyası) partiyasından olan deputatlar, İsmael Emelieni və Aleksi Kohleri daha açıq şəkildə tənqid etməyə başlayırlar. Prezidentin mətbuat xidməti bir neçə dəfə “quş buraxandan” sonra Silvan Fort da şələ-şüləsini yığışdırmağa başlayır. Emmanuel Makronun Petan haqqında mübahisəli bəyanatlarından sonra ölkədə yenidən çaxnaşma düşür. (Petan – 1940-1944 illərdə Fransanın dövlət başçısı. Hərbiçi, diplomat və siyasi xadim. 1918-ci ildə Fransa marşalı rütbəsi alıb, 1945-ci ildə Hitlerin çaldığı ilə oynamaqda ittiham olunub və bütün hərbi rütbələrindən məhrum edilib.)

Prezidentin “sarı jiletlilər”lə bağlı anonsu gərginliyi daha da artırır. Bütün bu işlərdən cana yığılan Mişel Şaras (Fransa Konstitusiya Şurasının üzvü) telefonu götürüb Makrona zəng vurur və onun nümayişçilər qarşısında “təslim olan” klanını kəskin tənqid edir.

Milad bayramı ərəfəsində Benalla məsələsinin ikinci seriyası başlayır. Bu dəfə söhbət onun diplomatik pasportlarından və prezidentlə SMS vasitəsi ilə yazışmalarından gedir. Bu dəfə artıq canı boğazına yığılan Silvan Fort, yanvar ayının əvvəlində ərizə yazıb könüllü olaraq vəzifəsini tərk edir. Emmanuel Makron dostları ilə söhbətlərinin birində gileylənir ki: “Onsuz da, bu Fort “sadiq adam deyildi” və onun ətrafında həmişə “məqsədləri nə olduğu bilinməyən şübhəli adamlar” dolaşırdı”. (!) Bu o deməkdir Fort artıq onun gözündə lütfdən düşüb. Biabırçılıq!..

Benalla da öz növbəsində Mediapart jurnalistlərinə Yelisey sarayının “texnokratlarından” danışır və açıq-aşkar deyir ki: “... onlar mafi yadan da betərdirlər. Hər biri karyerası üçün başqasına borcludur. Onlar heç kəsə kömək etməyən (Makronu nəzərdə tutur) insanların arxetipləridir.

Onlar axmaq məsləhətləri ilə onu (Makronu) pis qərarlar verməyə məcbur edirlər...”. Bu sözlərlə o, təbii ki, Patrik Strzodanı və Aleksi Kohleri nəzərdə tutur.

“Amma onu düz deyir”, – deyə makronistlərin bəziləri üzdə olmasa da, arxada onu dəstəkləyirlər. Beləliklə, Yelisey sarayında qanqren başlayır. Bir neçə müşavir, o cümlədən İsmael Emelien president aparatını tərk etməyə hazırlaşır. Hələ bu harasıdır, Makron yaya qədər Aleksi Kohleri də özündən uzaqlaşdırmağı planlaşdırır. Artıq president bayquş kimi tamamilə təkdir və bunun da günahı yalnız özündədir.

Vəzifə paylanışı

“Bir neçə gündən sonra hər şey istədiyim kimi də olacaq...”, Fransanın müdafiə naziri Jan-İv Lö Drian tamamilə əmindir ki, Emmanuel Makronun prezident seçkilərində qələbəsindən sonra da o, öz vəzifəsində qalacaq. Siyasi həyata başlayandan, Lorian şəhərinin bu keçmiş meri bütün enerjisini müdafiə məsələlərinə həsr edib. Hollandın prezidentliyi dövründə düz 5 dəfə müdafiə naziri vəzifəsində qalan, əsli Broton olan Jan-İv Lö Drian tamamilə əmindir ki, yeni prezident Makron da onu bu vəzifəsində saxlayacaq. Kampaniya zamanı Makron dişlərini ağarda-ağarda ona söz vermişdi ki, prezident seçilsə, ona dəyməyəcək. 2017-ci ilin martından Makronu dəstəkləyən Lö Drian, yəqin, öz-özünə deyir ki, bu ədalətli və məntiqi bir mükafatdır. Otuz ildən çoxdur Sosialist Partiyasının sütunlarından biri olan bu adamın qəti şübhəsi yoxdur ki, yeni prezidentin dövründə də Müdafiə Nazirliyində işini davam etdirəcək.

Makronun prezidentlik dövrünün ilk parlamentinə nazirlərin təyin olunmasından iki gün əvvəl, daha dəqiq desək, bazar ertəsi 15 may 2017-ci ildə Lö Driana yeni prezidentdən zəng gəlir: “Jan-İv, ortaya bir problem çıxıb. Natali Kosiysko-Morizet iki ayağını bir başmağa dirəyib ki, mən Müdafiə Nazirliyini istəyirəm. Sabah gəl yanıma görək neynəyirik...”. Fransua Hollandın keçmiş naziri baş üstə deyib dəstəyi asır. Tərbiyəli və əlaçı bir şagird müəlliminə tabe olduğu kimi, o da prezidentin 206 səlahiyyətinə tabedir. V Respublikanın üzünə də, astarına da yaxşı bələd olan Lö Drian, yeni və cavan respublikaçı monarxın qarşısında özünü üzüyola uşaq kimi aparmaqda çətinlik çəkmir. Ancaq Yelisey sarayına daxil olandan sonra səbrini basıb xeyli gözləməyə məcbur olur. Saatlar keçir, ancaq prezidentdən səs-soraq çıxmır. Gözləmə otağındakı narahat skamyanın üstündə neçə saatdan bəri oturub gözləyən Lö Drian öz-özünə dəfələrlə eyni sualı verir: məni burda saatlarla gözlətməklə yeni prezident nə demək istəyir, görəsən?

Qapı birdən-birə, cırıltı ilə açılır. Hələ də qələbəsinin havası başından çıxmamış Makron təntənə ilə içəri soxulur. Lö Drian onu salamlamaq üçün ayağa qalxır, ancaq ağzını açmağa macal tapmamış, prezident onun gözlərinin içinə baxıb: “Xarici İşlər Nazirliyi necədir sənin üçün?”, – deyə sual verir. Gözləmədiyi təklifdən özünü itirən Lö Drian nə deyəcəyini bilmədən yüngülcə başını tərpədir, nəsə demək istəyir, ancaq Makron tez çönüb gəldiyi kimi gurultu ilə otaqdan çıxır. Bir müddət sonra Lö Drianın yaxın dostlarından biri Fransis Russeli acı-acı deyəcək ki, onun dostu “bir qarın yemək üçün özünü Makrona satdı”. Holland da onun haqqında eyni fikirdədir.

(ardı var)

 

Siyasət