Praqmatik siyasət və strateji maraqlar Azərbaycan–Almaniya münasibətləri ölkəmizi Avropaya yaxınlaşdırır

post-img

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Almaniya Cənubi Qafqaz regionunu həm enerji təhlükəsizliyi, həm də geosiyasi sabitlik baxımından strateji ərazi kimi qiymətləndirib. Hazırda ikitərəfli münasibətlər diplomatik çərçivə ilə yanaşı, Avropa strukturları ilə əməkdaşlıq kontekstində geniş siyasi və institusional məzmun daşıyır. Rəsmi Berlinlə diplomatik münasibətlər 1992-ci ildə quruldu və ilkin mərhələdə əsasən siyasi tanınma, iqtisadi əlaqələrin və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində inkişaf etdi. Sonrakı ­dövrlərdə münasibətlər daha sistemli xarakter aldı, enerji, təhlükəsizlik və iqtisadi modernləşmə əsas istiqamətlərə çevrildi. Bu gün Almaniya Avropanın aparıcı iqtisadi və siyasi gücü kimi Azərbaycan üçün strateji tərəfdaşlardan biri hesab olunur. 
Məlumdur ki, yüksək səviyyəli siyasi dialoq münasibətlərin əsas dayağıdır. Prezident İlham Əliyev müxtəlif zamanlarda Almaniyaya rəsmi və işgüzar səfərlər edərək federal hökumət rəhbərliyi və biznes dairələri ilə danışıqlar aparıb. 
Görüşlərdə enerji təhlükəsizliyi, regional proseslər, Avropa strukturları ilə inteqrasiya və iqtisadi əməkdaşlıq məsələləri əsas müzakirə mövzularıdır. Almaniya tərəfdən də mütəmadi səfərlər həyata keçirilir. Bu xüsusda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ötən ilin aprelində Azərbaycana rəsmi səfərini xatırlatmaq yerinə düşər. Həmin səfər iki ölkə arasında siyasi dialoqun yeni mərhələyə keçdiyini nümayiş etdirməklə yanaşı, regional təhlükəsizlik, postmünaqişə dövründə sülh prosesi və enerji əməkdaşlığı əsas müzakirə istiqamətlərini müəyyənləşdirdi. Ştaynmayerın səfəri, eyni zamanda, rəsmi Berlinin Cənubi Qafqazda sabitliyə verdiyi əhəmiyyəti və Azərbaycanla münasibətləri strateji çərçivədə qiymətləndirdiyini göstərdi.
Müasir dövrdə enerji sahəsi münasibətlərin strateji sütununu təşkil edir. Azərbaycan Xəzər hövzəsinin mühüm enerji istehsalçısı kimi Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. “Qoca qitə”də enerji mənbələrinin şaxələndirilməsi siyasəti fonunda Azərbaycan qazının Avropa bazarına çıxışı xüsusi aktuallıq qazanıb. Almaniya birbaşa əsas nəqliyyat marşrutunun son nöqtəsində yerləşməsə də, Avropa enerji sisteminin inteqrasiya olunmuş strukturu səbəbindən alternativ mənbələrin artması Berlin üçün də strateji əhəmiyyət daşıyır. Son illərdə əməkdaşlıq çərçivəsində “yaşıl enerji” və hidrogen texnologiyaları istiqamətində müzakirələr aparılır. Xəzər dənizində külək enerjisi potensialının Avropa bazarlarına inteqrasiyası perspektivi Almaniya üçün maraq doğuran istiqamətlərdəndir.
Azərbaycan–Almaniya münasibətləri Avropa İttifaqı çərçivəsində də mühüm siyasi kontekstə malikdir. Aİ daxilində aparıcı mövqedə olan Berlin bu əməkdaşlığın formalaşmasında təsirli rol oynayır. Yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar, enerji memorandumu və regional təhlükəsizlik məsələləri Almaniyanın siyasi yanaşmasının mühüm elementləridir. Rəsmi Berlin praqmatik iqtisadi maraqlarla normativ gündəmi balanslaşdırmağa çalışır. İnsan hüquqları və idarəetmə məsələləri zaman-zaman gündəmə gətirilsə də, enerji və regional sabitlik faktorları münasibətlərin əsas strateji xəttini müəyyənləşdirir.
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıq Almaniyanın regiona baxışında da dəyişiklik yaradıb. Berlin postmünaqişə mərhələsində sülh danışıqlarını və kommunikasiyaların açılmasını dəstəklədiyini bəyan edir. Berlin üçün regionda sabitlik Avropa təhlükəsizlik arxitekturasının möhkəmlənməsi baxımından vacibdir. Azərbaycan isə öz növbəsində, nəqliyyat və logistika marşrutlarının inkişafını strateji prioritet kimi müəyyənləşdirərək Avropa ilə Asiya arasında alternativ ticarət xətləri formalaşdırmağa çalışır. Proses Almaniyanın ixracyönümlü iqtisadiyyatı üçün də yeni imkanlar yaradır.
İqtisadi münasibətlər də siyasi əməkdaşlığın praktik dayağını təşkil edir. Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Alman şirkətləri sənaye, infrastruktur, maşınqayırma və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərir. Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Almaniya ilə texnologiya transferi və innovasiya əməkdaşlığı üçün geniş imkanlar açır. Rəqəmsal transformasiya, sənaye modernləşməsi və peşə təhsili sahəsində əməkdaşlıq siyasi əlaqələrin institusional əsaslarını gücləndirir.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ Respublikasına səfər edib. Səfər çərçivəsində, o, Bundestaqda və Almaniyanın Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirib. Müzakirələr zamanı Bakı–Berlin münasibətlərinin mövcud vəziyyəti təhlil olunub, siyasi dialoqun intensivləşdirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçirilib. Görüşlərdə Cənubi Qafqazda davamlı sülhün təminatı, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər ətraflı şəkildə təqdim olunub. Eyni zamanda, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesi və postmünaqişə mərhələsində aparılan diplomatik səylər barədə fikir mübadiləsi aparılıb. 
Belə bir sual yaranır ki, Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına nə kimi töhfələr verə bilər? 
Politoloq Züriyyə Qarayeva hesab edir ki, Almaniya Azərbaycan–Ermənistan normallaşma prosesində birbaşa vasitəçi rolunda çıxış etməsə də, Avropa diplomatiyasının aparıcı aktoru kimi texniki ekspertiza, hüquqi çərçivələrin hazırlanması və etimad quruculuğu mexanizmləri sahəsində töhfə verə bilər: “Xüsusilə sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və postmünaqişə reinteqrasiyası kimi həssas məsələlərdə Almaniyanın federal idarəetmə və münaqişədən sonrakı Avropa modelinə dair tarixi təcrübəsi praktik dəyər daşıyır. Berlin üçün əsas prioritet Cənubi Qafqazda sabitliyin təmin olunmasıdır, çünki bu, həm enerji təhlükəsizliyi, həm də Orta Dəhliz kimi alternativ nəqliyyat marşrutlarının davamlılığı baxımından strateji əhəmiyyət kəsb edir”. 
Politoloq, həmçinin qeyd edir ki, Almaniya Avropa Birliyi daxilində aparıcı iqtisadi və siyasi mərkəzlərdən biri kimi Azərbaycanın Birliklə münasibətlərində balanslaşdırıcı rol oynayır: “Enerji sahəsində əməkdaşlıq, xüsusilə qaz təchizatı və “yaşıl enerji” keçidi istiqamətində tərəfdaşlıq, Bakının Aİ üçün etibarlı tərəfdaş imicini gücləndirir. Berlinin praqmatik xarici siyasət xətti insan hüquqları və normativ gündəmlə yanaşı, real sektor əməkdaşlığını da ön plana çəkir və bu yanaşma Azərbaycan üçün Brüssellə dialoqda daha rasional mühit formalaşdırır. Belə olan halda, Almaniya həm normallaşma prosesinə dolayı sabitləşdirici təsir göstərir, həm də Azərbaycanın Aİ məkanında funksional və enerji baxımından əhəmiyyətini artıran əsas paytaxtlardan biri kimi çıxış edir”.
Sonda qeyd edək ki, Azərbaycan–Almaniya münasibətlərinin gələcəyi qarşılıqlı maraqların uzlaşdırılması, regional sabitliyin qorunması və Avropa ilə əməkdaşlığın dərinləşdirilməsi fonunda müsbət qiymətləndirilir. Mövcud potensial münasibətlərin daha strateji və sistemli xarakter almasına real zəmin yaradır. Yaxın perspektivdə siyasi dialoqun daha da intensivləşməsi və Aİ–Azərbaycan tərəfdaşlıq mexanizmlərinin güclənməsi gözlənilir.

Nəzrin ELDARQIZI 
XQ





Siyasət