Bəs SSRİ-dən “boşanmadan” sonra sahibinə qaytarılmalı “əmlak”?
Rusiya Prezidenti Vladimir Putin açıqlamalarının birində SSRİ-nin süqutundan sonrakı mənzərəni təsvir edərkən maraqlı məqama diqqət çəkmişdi. O, təxminən belə bir sual vermişdi: Nəyə görə hansısa müttəfiq respublika Sovetlər Birliyinin dağılmasından ərazi uduşu ilə çıxmalıdır?
Əlbəttə, V.Putin Ukraynanı nəzərdə tutmuşdu. Ancaq o da məlumdur ki, son illərədək Kreml rəhbərinin Ukraynanın ərazi bütövlüyünü hansısa formada şübhələndirəcək fikri olmamışdı. Putindən əvvəlki Boris Yeltsin iqtidarının da həmçinin. Problem NATO-nun Şərqə doğru genişlənmə siyasətindən və Ukraynanın həmin siyasətdə alətə çevrilməsindən sonra çıxmışdı. Təbii, hazırkı Ukrayna iqtidarı məsələyə fərqli prizmadan yanaşa bilər. Məsələn, bildirə bilər ki, NATO-da təmsilçilik, yaxud Avropa İttifaqına qoşulma ölkənin suveren hüququdur.
Ancaq nəzərə alaq və reallıq da budur ki, Rusiya dünyanın nəhəng güclərindəndir və ölkə öz sərhədlərinə yaxın hansısa digər gücün və ya qruplaşmanın olmasını istəməz. Onu da nəzərə alaq ki, Qərbin, loru dildə desək, Rusiyanın həndəvərinə yaxın düşməməklə bağlı öhdəliyi də olub. Lakin öhdəliyə əməl edilməyib və hazırda davam edən Rusiya – Ukrayna müharibəsi bunun nəticəsidir. Mövcud durumda Ukraynanın ərazi bütövlüyü və suverenliyi tezisi, ölkənin müstəqil siyasət yürüdərək, istədiyi kursu götürməsinə dair məsələ, istər-istəməz, təfərrüat kimi meydana çıxır. Axı daha böyük və incə mətləblər də var.
Məqsədimiz Rusiyaya haqq qazandırmaq deyil. Moskvanın da böyük səhvləri var və şübhəsiz, indi yaşananların bir çoxu bunun cəzasıdır. Digər tərəfdən, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Ancaq V.Putin əvvəldə diqqətə çatdırdığımız fikrini məhz həmin böyük mətləblərin olması səbəbindən dilə gətirmişdi. Daha doğrusu, onun fikri Rusiyaya əks çıxan ictimai-siyasi ab-havanın önünə daha böyük həqiqəti çıxarmaq əzmindən qaynaqlanmışdı. Bu mənada Kreml rəhbəri haqlıdır. Axı böyük dövlətlərin haqq məsələsinə baxışı fərqlidir. Kiçiklər yalnız öz haqlarını qoruyaraq, hansısa kənar meyillərin təsirinə düşməyərək böyüklərin qarşısında duruş gətirirlər. Rasional yanaşma və praqmatizm elə budur.
Hazırda belə təsəvvür var ki, Ukraynadakı Volodimir Zelenski iqtidarı praqmatik və rasional yanaşmanı nümayiş etdirməyi bacarmadı. Bəlkə, buna “bacarmamaq” demək düzgün deyil. Hər halda, Ukraynanın fəlakətin astanasında dayandığını söyləmək mümkündür. Hətta, bəzi ehtimallar ölkənin parçalanma təhlükəsinin mövcudluğuna da söykənir. Bəs belə bir durum yaranmaya bilməzdimi? Fikrimizcə, hər şey başqa cür də ola bilərdi və elə başa düşülməməlidir ki, Rusiyanın dediyi ilə oturub-durmaq şərtdir. Belə bir şərt yoxdur və ola bilməz. Sadəcə, milli maraq və mənafelər amilinə fərqli, konkret desək, sərfəli pəncərədən baxılmasına ehtiyac duyulurdu. Deməli, hazırda Ukraynada yaşanan proseslərə Zelenski iqtidarının bacarıqsızlığının nəticəsi və səhvi prizmasından münasibət bildirmək olar. Soyuq reallıqlar şəraitində hər səhv və bacarıqsız davranma itki deməkdir. İtkidən qaçmaq isə demək olar, mümkünsüzdür.
***
Yazımızın ikinci hissəsinə keçərkən, ilk növbədə bildirək ki, Ermənistanı da ikinci Ukrayna kimi qələmə verən baxışlar çox və aktualdır. 2018-ci ildə Ermənistanda inqilab oldu və Qərbpərəst Nikol Paşinyan hakimiyyətə gəldi. Onun iqtidara yiyələnməsi xalqın Rusiyameyilli Qarabağ klanına nifrətinin nəticəsi idi. Yəni, prosesdə katalizator rolunu məhz bu amil oynadı. Bəs Paşinyan baş nazir postunu tutduqdan sonra nə etdi? Nikolun və komanda üzvlərinin Azərbaycanı müharibəyə təhrik edən açıqlamalarının detallarından söz açmağa ehtiyac yoxdur. Ancaq bir məqam var ki, onu vurğulayacağıq.
Bəli, Ermənistanın baş naziri N.Paşinyan ötən həftə “Real Ermənistan” ideyasını, öz aləmində, sistemli şəkildə cəmiyyətə təqdim etmişdi. Nikol bu günlərdə yenə həmin ideyadan söz açıb. Daha doğrusu, özünün sosial şəbəkə hesabında paylaşım edərək sadə erməniləri “Real Ermənistan” barədə müzakirə aparmağa dəvət edib. O bildirib ki, insanlar 20-30 nəfərlik qruplar şəklində ölkənin Nazirlər Kabinetinə müraciət edə və müzakirə üçün icazə ala bilərlər. Əgər qrupların sayı 70 nəfərdən çox olsa, onlarla müzakirəyə şəxsən özü qatılacaq.
Qeyd edək ki, yarı fəlsəfi, yarı romantik, yarı xəyalpərəst motivli “Real Ermənistan” ideyasının nüvəsini Sovet Ermənistanı təşkil edir. Yəni, N.Paşinyan erməni xalqını məhz Sovet Ermənistanı ilə kifayətlənməyə çağırır. Daha doğrusu, insanları bununla yetinməyə inandırmaq niyyəti güdür. Elə isə görək, Paşinyan iqtidarı həmin “Real Ermənistan” üçün nə isə etmişdimi, yaxud indi bu istiqamətdə hansısa tədbirlər görür?
Sualın bilavasitə birinci hissəsinə cavab tapmaq üçün yuxarıda anonsunu verdiyimiz mühüm məqamın üzərinə gələk. Yada salaq ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycandan iqtidar kürsüsündə möhkəmlənmək üçün vaxt istəmişdi. O, möhkəmlənərək Qarabağla bağlı konstruktiv danışıqlara başlayacağına dair görüntü formalaşdırmışdı. Nikol kreslosunda yaxşı oturmağına oturdu, amma tamamilə qeyri-konstruktiv mövqe tutdu ki, bunun savaş reallığı formalaşdırdığını bildirdik. Paşinyan və komandasının üzvləri, eyni zamanda, “yeni ərazilər naminə yeni müharibələr” şüarını da irəli sürdülər. Yəni ki, Azərbaycanın digər bölgələrini də işğal etməklə hədələdilər. Bu idimi “Real Ermənistan”a xidmət?
Paşinyan deyə bilməz ki, “Real Ermənistan” ideyası onun ağlına indi gəlib. Hər halda, dövlət idarəçiliyi uşaq oyunu deyil. Onu da nəzərə alaq ki, Nikolu hakimiyyətə gətirən, xalq kütlələri içərisində nüfuzlu edən, faktiki olaraq, “Real Ermənistan” ideyasının özü olmuşdu. Bunu niyə düşünmədi? Axı baş nazir irəli sürdüyü ideyaya qarşı ən böyük təhlükə sayılan Qarabağ avantürasından daşınmanın vacibliyini əvvəldən dilə gətirmişdi. O demişdi ki, Qarabağ Ermənstanın çiyinlərindəki ağır yükdür və bu yükün atılması lazımdır. Suallar yaranır: Yükün atılması üçün minlərlə insan həyatını itirməli idi? Olmazdımı ki, onlar “Real Ermənistan” yolunda quruculuğu düşünə, Nikolun “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsindən vəcdə gəlib silaha sarılmayaydılar? Ən önəmlisi, Sovetlər Birliyinin dağılmasından sonrakı Ermənistanın, əslində, hədiyyə olduğunu anlamaq beləmi çətin idi?
N.Paşinyan iqtidarının təmsilçiləri deyə bilməzlər ki, vaxtilə sərsəm mövqe tutanların onlara heç bir dəxli yoxdur. Məsələ ondadır ki, birincilər də qanmaz davrandılar. Hətta daha pis erməni qiyafəsində özlərini təsdiqləməyə girişdilər, Azərbaycana qarşı demarş xətti tutdular. Sipərləri demokratiya oldu. Hansı demokratiya başqasının torpağını zəbt etməyi, yüz minlərlə insanı adi yaşam hüquqlarından məhrum duruma salmağı təlqin edir? Belə bir demokratiya yoxdur!
Bəli, 44 günlük müharibə Ermənistan üçün acınacaqlı sonluqla bitdi. Ancaq Paşinyan və komandası nəticə çıxarmadı. Çalışdı ki, Qarabağ avantürası saxlanılsın, bölgədəki separatçı rejim qorunsun. Bəlkə bu idi “Real Ermənistan” uğrunda mübarizə?!
Separatçı rejim də tarixin arxivinə gömüldü, amma Paşinyan və tərəfdarları yenə dərs götürmədilər. Onlar xaricdəki havadarlarına arxalanaraq, Azərbaycana qarşı avantürist niyyətlərini davam etdirdilər. Çalışdılar ki, həmin havadarlarının Cənubi Qafqaz müstəvisində oynadıqları qlobal oyunların iştirakçısına çevrilməklə siyasi, mənəvi və hərbi dividend götürsünlər. İstəklərinə çata bilmədilər. İndi də səmimi deyillər, yenə ölkəmizə qarşı oyun quruculuğundadırlar. Obrazlı desək, illüziya bataqlığında Ermənistana məxsus gəmi üzdürməyə cəhd göstərirlər. Axı yoxdur belə bir dünya! O zaman “Real Ermənistan” varmı? Əlbəttə ki, ola bilməz!
***
Əvvəldə Rusiya lideri V.Putinin fikirlərini elə-belədən diqqətə çatdırmadıq. Kreml rəhbəri söylədikləri ilə bir növ, səhvləri və bacarıqsızlığı başa vurur, Ukraynaya minnət qoyurdu. Bu gün heç kəs Krımın tarixən kimə məxsusluğu üzərinə gəlib onun qədim türk torpağı olduğunu söyləmir. Ancaq Krımın keçmiş SSRİ lideri Nikita Xruşşov tərəfindən Ukraynaya hədiyyə edildiyini bildirənlər var və bu fikir heç şübhəsiz, Kremlin kluarlarının məhsuludur. Özü də söhbət təkcə Krımdan getmir, başqa ərazilər də var. Əslində, Putinin dediklərində də bu məqam duyulur. O sual edir ki, SSRİ-yə qoşulma, SSRİ-də təmsilçilik müqabilində qazanılmış ərazilər həmin ittifaqdan çıxdıqdan sonra niyə sahibinə qaytarılmamalı idi?
Nəzərə alaq ki, NATO Şərqə doğru genişlənmək istəməsəydi, Ukrayna da bu planda yer almağa razılıq verməsəydi, Putinin dilindən belə bir kəlmə çıxmayacaqdı. Erməni millətçiləri də 1988-ci ildə “Miatsum” avantürası ilə Qarabağı Ermənistana birləşdirməyə cəhd göstərməsəydilər, 1991-ci ildə yaranmış müstəqil Ermənistan Azərbaycan torpaqlarını işğala məruz qoymasaydı, Azərbaycan və erməni xalqı dinc birgə yaşayış sürsəydilər, bu gün Qərbi Azərbaycan və Zəngəzur həqiqətləri açıqlanmayacaqdı. Axı insanlara nə lazımdır? Rifah şəraitində yaşamaq. Xeyr, bu yaşam heç də kosmopolit düşüncədən və tarixi unutmaqdan qaynaqlanmır. Nəzərə alaq ki, tarixdə böyük proseslər yaşanıb, dövlətlər bir-birini əvəzləyiblər. Hanı dünyanın böyük bir hissəsinə nəzarət edən Osmanlı dövləti? Hanı Avstriya-Macarıstan imperiyası? Hanı Roma? Hanı Bizans? Hanı bir ucu İraqa qədər gedib çıxan Səfəvilər dövləti?
Sözümüz odur ki, tarix yalnız ziddiyyətlər fonunda həmin ziddiyyətlərin haqq və ya nahaq tərəflərini müəyyənləşdirmək üçün yada düşür. Çünki tarix həm də ideologiya məzmunu daşıyır. Ermənilərin timsalında xəstə qövm özü üçün “dənizdən – dənizə böyük Ermənistan” uyduracaqsa, azərbaycanlıları Kür çayınadək qovmaqdan dəm vuracaqsa, işğalçılıq edib günahsız insanları qanlarına qəltan edəcəksə, əlbəttə, tarixi bu qövmün yadına salanlar da tapılmalıdır və tapılır. Hər cür hoqqabazlıq elə, sonra da “Real Ermənistan”dan danış! Axı belə bir dünya da yoxdur!
Yaxşı olar ki, N.Paşinyan qrup şəklində görüşmək istədiyi ermənilərə yazdıqlarımızı anlatsın. Əlbəttə, onun təklifinə reaksiya verib görüşə gələnlər tapılacaqsa. Böyük ehtimalla, belələrinin sayı çox azdır. Çünki xəstə erməni cəmiyyəti avantürizmin təsiri altındadır və prosesdə həlledici rolu yenə Paşinyan iqtidarı oynayır.
Bu gün Ermənistan rəsmiləri müxtəlif platformalarda “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsini qaldırıb anti-Azərbaycan təbliğatına girişirlər. Nəzərə almırlar ki, Bakıda məhkəməsi gedənlər, mahiyyətcə, “Real Ermənistan”la razılaşmayanlar, daha çoxuna iddia edənlərdir. Görəsən, erməni iqtidarı onların müdafiəsinə qalxmaqla cəmiyyətə hansı mesajı vermək istəyir? Paşinyan və komandası, faktiki olaraq, başqasının ərazisinə qənim kəsilməyi həyat normasına çevirir, paralel olaraq isə özünü demokrat, plüralizmə meydan verən siyasi xadim kimi göstərməyə çalışan baş nazir erməniləri “Real Ermənistan”la bağlı diskussiya aparmağa dəvət edir. Bu, nə dərəcədə düzgün, nə dərəcədə məntiqidir? Məntiqi və düzgün deyil, çünki ortada dərin ziddiyyət var.
Sonda onu da deyək ki, “Real Ermənistan” Sovet Ermənistanı idisə və Ermənistan dövləti onun mövcudluğu ilə kifayətlənməyib qəsbkarlıq yolu tutmuşdusa, işğalı otuz ilə yaxın davam etdirmişdisə, bu gün də səmimi mövqe tutmursa, ortaya çox böyük və haqlı sual çıxır: Ermənistan nə üçün SSRİ-dən “boşanarkən” “birgə nigah” dövründə əldə etdiyi “əmlakı” geri qaytarmamalıdır? Axı “əmlakın” həqiqi sahibi var. Paşinyan xalqının və beynəlxalq aləmin başını “Real Ermənistan”la qatmağında olsun. Onsuz da həm öz səhvinin, həm də özündən əvvəlkilərin səhvlərinin cəzasını çəkmək məcburiyyətində qalacaq. Boş yerə vurnuxmasın. Güman edirik, əlavə şərhə ehtiyac yoxdur.
Əvəz CAHANGİROĞLU
XQ