Ölkənin diplomatik bəyanatı bunun anonsudur
Əminliklə deyə bilərik ki, haylar və onların havadarlarındakı isterik əhval-ruhiyyə yeni ab-hava yaradır. Artıq durumun bilavasitə katalizatoru qismində çıxış edən Ermənistan hakimiyyətidir. Ölkənin xarici işlər nazirliyinin yaydığı bəyanat da bunu söyləməyə əsas verir.
Əvvəlcə onu bildirək ki, dünən Ermənistanın xarici siyasət idarəsinin binası önündə aksiya keçirilib. Aksiya iştirakçıları Qarabağdakı keçmiş separatçı rejimdə “dövlət naziri” kimi oyuncaq post tutmuş rusiyalı milyarder Ruben Vardanyanın şəklini əllərinə alaraq, ölkə rəhbərliyini beynəlxalq siyasətə görə məsuliyyətli davranmağa çağırıblar.
Bəli, Ermənistan və havadarlarındakı hazırkı isterik durumun özəyini Azərbaycanda məhkəməsi gedən ermənilərlə bağlı məsələ təşkil edir. Deyəsən, hayların “knopkaları basılıb”. “Knopkası basılmışlar” beynəlxalq aləmin diqqətini məhkəmə prosesinə cəlb etməyə çalışır, prosesin, guya, ədalətsiz və qanunsuz olduğunu, humanist dəyərlərə zidd mahiyyət daşıdığına dair cəfəngiyyatı tirajlayırlar. Onların sırasında kimlər yoxdur ki? Hətta futbolçu, İtaliyanın “İnter” klubunun üzvü Henrix Mxitaryan da ümumi axına qoşulub. Görünür, Şuşadakı villasının xiffətini çəkdiyindən belə edir. Nə isə Mxitaryan başını top yerinə divara vurmağında, hay sürüsünün təmsilçiləri isə vay-şivən qoparmaqda olsunlar, görək Ermənistan XİN bəyanatında nələri açıqlayıb.
Beləliklə, sənəddə bildirilib ki, nazirlik beynəlxalq ictimaiyyətin, xüsusən regionda sülhün qərarlaşmasında maraqlı olan və humanitar dəyərlərə önəm verən tərəfdaşların diqqətini Azərbaycanda saxlanılan hərbi əsirlərin, girovların və digər erməni əsilli şəxslərin azad edilməsi məsələsinə, habelə onların bəzilərinə qarşı, guya, kobud prosessual pozuntulara, açıq-aşkar işgəncə əlamətləri ilə keçirilən mərhələli məhkəmə proseslərinə çəkməkdə davam edir. Çünki “23 erməni hərbi əsir, girov və digər məhbusların məhkəmələrinin videoyazılarını, fotoşəkillərini özündə əks etdirən nəşrlər, o cümlədən yuxarıda adları çəkilən şəxslərin, aclıq aksiyası keçirən Ruben Vardanyanın vəkillərinin məhbuslara işgəncələr verilməsi və onların saxlanmalarının səhhətlərinə təsiri barədə ictimaiyyətə açıqladığı məlumatlar dərin narahatlıq doğurur”.
Ermənistan XİN-in bəyanatında, eyni zamanda, bildirilib ki, rəsmi İrəvan hərbi əsirlərə, girovlara və erməni əsilli digər məhbuslara qarşı qadağan olunmuş tədbirlərin tətbiqi barədə məlumatlar almaqda davam edir. “Öz üzərinə götürdüyü təminatlara və beynəlxalq öhdəliklərə baxmayaraq, hərbi əsirlər, girovlar və erməni əsilli digər məhbuslar Azərbaycanda qanunsuz saxlanılır. Onların həbsi və mühakiməsi beynəlxalq humanitar hüququn və fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır” fikirlərinin yer aldığı bəyanatda aşkar duyulan bir həyasızlıq da var.
Heç şübhəsiz, diqqətli oxucularımız ayının min oyununun bir armudun başında olduğu qənaətinə gəldilər. Dəfələrlə bildirmişik ki, Qarabağ ermənilərinin taleyi baş nazir Nikol Paşinyan iqtidarını qətiyyən narahat etmir. Onların taleyinə biganəlik varsa, Qarabağdakı sabiq separatçı rejimin təmsilçilərinə münasibətdə canıyananlıq mümkündürmü? Əsla yox! Bəlkə Nikolun komandasında R.Vardanyanın halına acıyan var? Qətiyyən ola bilməz! Çünki Ruben İrəvanda dövlət çevrilişi reallaşdırmaq eşqinə düşmüş, Paşinyan haqqında aşağılayıcı fikirlər səsləndirmişdi.
Digər tərəfdən, düşünək görək, “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsi nə üçün məhz indi isterik hal alıb? Axı mövzu çoxdandır gündəmdədir. Üstəlik, Bakı həbsxanalarında olan ermənilər dünən, ya srağagün ələ keçməyiblər. Nəyə görə rəsmi İrəvan indiyədək onlarla əlaqədar canfəşanlıq etmirdi? Suala sadə cavab var. Baxın, Ermənistan XİN çox açıq formada bildirir ki, Azərbaycan məsələni Ermənistana qarşı təzyiq vasitəsi kimi nəzərdə tutur və erməni cəmiyyətini manipulyasiya etmək istəyir. Elə bu ifadə də hər şeyi deyir. Gəlişigözəl cümlələr məhz qeyd etdiyimiz məqamı vurğulamaq üçündür.
El dili ilə desək, Ermənistanın quyruğu qapı arasında qalıb. ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra Amerika – Avropa münasibətlərinin pisləşməsi rəsmi İrəvanın “kürkünə birə salıb”. Rəsmi Vaşinqtonun da ayrıca “erməni məsələsi” naminə qol çırmayacağı xeyli şübhəlidir. Çox güman ki, ölkənin “Köhnə qitə”dəki havadarları Paşinyan iqtidarına öz başına çarə qılmağı məsləhət görüblər. Ənənəvi ermənisayağı çarə isə qara-qışqırıq salmaqdır. Axı Nikol və tərəfdarları hakimiyyətlərini itirməkdən qorxurlar. Onlar hesab edirlər ki, revanşist və şovinistlərin Bakıda məhkəmələri davam edən ermənilərlə əlaqədar apardıqları və gücləndirdikləri təbliğatın qarşısında duruş gətirə bilməyəcəklər. “Azərbaycan məhkəmə ilə erməni cəmiyyətinə təsir göstərmək istəyir” məntiqinin arxasında dayanan məhz budur.
Başqa bir məqama nəzər salaq. Ermənistanın sülhdən yayındığı danılmaz faktdır. Rəsmi İrəvan bunun üçün “arsenalında” olan bütün həyasızlıq metodlarını istifadə edib və yenilərini tapmaqda çətinlik çəkir. Vurğuladıq ki, beynəlxalq vəziyyət onun xeyrinə deyil. Sülh məsələsinə gəlincə, hər ötən gün bıçağı sümüyə dirəyir. Paşinyan iqtidarı isə özünə sərfəli heç bir situasiyanın yaranmadığını gördüyündən, qara-qışqırığa keçir ki, bəlkə xaricdə kimlərsə Ermənistana diqqət yetirdilər.
Əlbəttə, Paşinyan iqtidarının qaldırdığı “tozanaq” son dərəcə aciz gedişdir. Hələ bu acizliyin məhkəmə proseslərinin, guya, Azərbaycan mediasında ermənilərə qarşı etnik ədavətin davam edən təbliğatı kontekstində getməsinə dair daha bir uydurulmuş motivi var. Birincisi, Azərbaycanda otuz mindən çox erməni yaşayır. Görəsən, hazırda Ermənistanda azərbaycanlı varmı? Sual ritorikdir. İkincisi, ümumən, ölkəmizin kütləvi informasiya vasitələrində düşmənçilik təbliğatı aparılmır. Yəni, sadə ermənilərə qarşı qəzəb aşılanmır, əksinə, bildirilir ki, onlar erməni avantürizminin təsirinə yoluxublar. Belə xəstəlik daşıyıcılarına isə nifrət bəsləmək yox, onların hallarına acımaq lazımdır.
Bəli, azərbaycanlılar erməni xalqının halına acıyır. Ona görə ki, bu xalqa otuz ilə yaxın müddətdə xunta rejimi rəhbərlik etdi. Xalq inqilab gerçəkləşdirib demokrat libası geyinmiş Paşinyanı hakimiyyətə gətirdi. Nikol isə ümidləri puça çıxardı. Birincisi, təhrikedici bəyanatlarla Azərbaycanla danışıqlardan uzaqlaşaraq müharibə səbəbkarına çevrildi. Nəticədə minlərlə erməni gənci özgə torpağında həyatını itirdi. Görəsən, XXI əsrin dünyasında elə bir xalq varmı ki, özünün övladlarını başqasının ərazisində qurban versin? Belə xalqın halına necə acımayasan?
Bildirdiyimiz kimi, Ermənistan sülhdən yayınmaq üçün vasitələr axtarışındadır və “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsinin bu baxımdan cəlbediciliyi ölkə XİN-nin yaydığı bəyanatda açıq ifadəsini də tapır. Diqqət yetirək, sənəddə bildirilir ki, hər hansı münaqişənin hərtərəfli həlli xalqların sülhə hazırlanmasını nəzərdə tutur, aradan qaldırılmamış humanitar məsələlərin əlavə və süni şəkildə gecikdirilməsi sülhə xidmət etmir, barış ehtimalını azaldır və bu, Azərbaycanla müxtəlif beynəlxalq platformalarda aparılan müzakirələrdə dəfələrlə vurğulanıb. “Biz gözləyirik ki, Azərbaycan hakimiyyətinin təsəvvüründə, bu, həm də düşmənçiliyin davamlı alovlanmasından və qısamüddətli hesablamalardan üstün olacaq” kimi fikirlərin yer aldığı bəyanatda rəsmi İrəvanın “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsi ilə bağlı laqeyd qalmayacağı, həll yolları və müsbət irəliləyişlər gözləyəcəyi, habelə “problemi” müxtəlif səviyyələrdə və formatlarda qaldırmağa davam edəcəyi açıqlanıb.
Sonda belə qənaətə gəlirik ki, Ermənistan dövləti Azərbaycanla sülh gündəmini “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsinə dəyişir. Erməni XİN-nin yaydığı bəyanat da bunu söyləməyə əsas verir. Belə bir gedişin rəsmi İrəvana heç bir fayda verməyəcəyi, ancaq ziyan vuracağı isə gün kimi aydındır. Başqa məqamları bir kənara qoyuruq, həm belə bəyanatlar, həm də ümumən vay-şivən ritorikası, ən azı, Azərbaycanla Ermənistan arasında onsuz da kövrək durumda olan etimad mühitinin formalaşmasına ciddi zərbədir.
Ə.RÜSTƏMOV
XQ