Yaxın qonşu,  yoxsa uzaq “bacı”?

post-img

İrəvan bilmir ki, əlini kimə uzatsın 

“Kollektiv Qərb”in bütün mümkün vasitələrdən yararlanmaqla Cənubi Qafqazı yenidən münaqişə ocağına çevirməyə çalışması təzə məsələ deyil. Bu məqsədlə Ermənistana göndərdiyi Aİ, ABŞ və Fransa emissarlarının, hərbi müşavirlərinin İrəvanın boynuna müəyyən öhdəliklər qoyduqları da hər kəsə məlumdur. Haypərəst avropalılar həmin öhdəlikləri reallaşdırmaqla həm Azərbaycanı sülh danışıqlarında güzəştə getməyə məcbur etməyə, həm şərti sərhəddə gərginliyin yaradılmasına nail olmağa, həm də bölgədə maraqlarını yeritməyə çalışırlar. 

Keçən ilin aprelində Brüsseldə ABŞ–Aİ– Ermənistan sazişinə imza atanlar, əslində, Bakıdan gizli saxlamağa çalışdıqları bu missiyanın konkret konturlarını açıq şəkildə ortaya qoymuş oldular. Ondan sonra Avropa İttifaqının Avropa Sülh Fondu (ASF) adlı qurumu vasitəsilə İrəvana 10 milyon avro vəsaitin ayrılması “Brüssel planı”nın tərkib hissəsi idi. Bunun ardınca iyulun 21-də Aİ-nin mülki müşahidə missiyasının nəzarəti altında olan şərti sərhəddə atəşkəs pozulur və iyulun 22-də Aİ Ermənistana 10 milyon dollar ayırır. Aydın məsələdir ki, bu məsələlər arasında bağlılıq vardı. Yəni, Ermənistan Azərbaycanla sərhəddə gərginlik yaradır, Aİ Ermənistana hərbi yardım göstərir. Həm də bu yardım Sülh Fondu tərəfindən edilir. 

Bu günlərdə məlum olub ki, Aİ yaxın zamanda Ermənistana müdafiə qabiliyyətini gücləndirməsi üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır. Azərbaycan mediasına sızan məlumatlardan öyrənirik ki, artıq vəsaitin ayrılması ilə bağlı ilkin razılıq əldə edilib. Özəl mənbə bu vəsaitin də Ermənistanın silahlanması üçün istifadə olunacağının şübhə doğurmadığını açıqlayıb. Yəni, “Brüssel sazişi” tam gücü ilə hayların xeyrinə, Azərbaycanın əleyhinə işləməkdədir. 

Bu məqamda yaxın keçmişə boylanıb, baş verənləri yada salmağımız yerinə düşər. Aİ dəfələrlə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülhə nail olunması barədə çağırışlar edib, bəyanatlar verib. Hətta bir müddət sülh danışıqlarına ev sahibliyi edib. Deməli, bunlar ikili standarta söykənən ikiüzlü, maskalı siyasətin təzahürləri imiş. “Kollektiv Qərb”in “sülhpərvər” bəyanatlarının arxasında Ermənistanı silahlandırmaq və onu revanşizmə təhrik etmək planları gizlənirmiş.

Oxuculara xatırladaq ki, ötən il aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ-ın sabiq Dövlət katibi Antoni Blinken arasında keçirilən görüşdə Hayastana çox şeylər vəd edilmişdi. İrəvan “üçlər”in görüşünün nəticələrinə böyük ümidlər bəsləyirdi. Əsas məsələ ondan ibarət idi ki, həmin görüşdə Brüssel və Vaşinqtonun İrəvana, müvafiq olaraq, 270 milyon avro və 65 milyon dollar yardım edəcəklərinə dair konkret sənəd imzalanmışdı. Sadəcə olaraq, Paşinyan komandasını pəjmürdə edən o idi ki, Aİ-nin “Ermənistan–Avropa İttifaqı tərəfdaşlığını gücləndirmək üçün” ayıracağı 270 milyon avro birdəfəlik ödənilməyəcəkdi. Bu vəsaitin Ermənistana 2024-2027-ci illər ərzində hissə-hissə (hər il 67,6 milyon avro – red.) ayrılması nəzərdə tutulub.

Onu da yada salaq ki, 2024-cü ildə ASF-nin Ermənistana 10 milyon avro məbləğində yardımını Macarıstan bloklamışdı. O zaman Budapeşt blokun aradan qaldırılması üçün müzakirə olunan layihəyə Azərbaycanın da daxil edilməsini şərt kimi irəli sürmüşdü. Baş nazir Viktor Orbanın təkidlərindən sonra Aİ vəziyyətdən çıxış yolu aramağa məcbur olmuşdu. Həmin maliyyə vəsaiti ermənilərin bir taboru üçün modul tipli səhra düşərgəsi yaratmağı, oraya tibbi klinikanın, habelə müvafiq xidmətlərin və imkanların daxil edilməsini nəzərdə tuturdu. ASF dəstəyin məqsədini “Ermənistan silahlı qüvvələrinə onun dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhran və fövqəladə hallar zamanı mülki əhalinin daha yaxşı qorunmasına kömək etməkdir” kimi formulə etmişdi.

* * * 

Mövzu ilə bağlı XQ-nin oxucuları ilə fikirlərini bölüşən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov 10 milyon avronun Ermənistanın təhlükəsizliyinin möhkəmlənməsinə təsir etməyəcəyi qənaətindədir: “Nəzərə alsaq ki, hazırda Ermənistanın hərbi büdcəsi 1 milyard 700 milyon dollardır, onda Avropa Sülh Fondunun yardımı ilə bu rəqəmi müqayisə etmək mümkün deyil. Əslində, fondun İrəvana ayırdığı məbləğ daha çox simvolik xarakter daşıyır. Avropa İttifaqı, guya, bununla Ermənistanın təhlükəsizlinin gücləndirilməsinə yardım edir. Burada söhbət heç də Ermənistanın hansısa müqavimət imkanlarının artırılmasından getmir. Sadəcə olaraq, Avropa İttifaqı bununla Ermənistanın təhlükəsizliyinə biganə olmadığını nümayiş etdirir. Həmin yardım layihəsində silahdan deyil, hansısa kazarmaların inşasından, səyyar lazaretlərin yaradılmasından, onlar üçün avadanlığın alınmasından, eləcə də təlimlərdən danışılır. Yəni, o məbləğin bilavasitə silah-sursata xərclənməsi nəzərdə tutulmur. 

O ki qaldı Macarıstanın Baş naziri Viktor Orbanın Ermənistana bu yardımın ayrılmasına etirazına, bəli, məhz onun çıxışından sonra Avropa İttifaqı ayrı bir fonddan Azərbaycana torpaqlarını minalardan təmizlənməsi ilə bağlı 10 milyon avro vəsait ayırmışdı. İndi Aİ-də yeni qərar qəbul olunan zaman bu balansın saxlanılıb-saxlanmadığını deyə bilmərəm, amma keçən il Orbanın təkidi nəticəsində dediyimiz addımı atmağa məcbur oldu”.

Politoloq rəsmi Bakının Aİ-nin bu ikili yanaşmasına göz yumduğunu, 30 illik işğal dövründə bu qurumun Azərbaycana bir avro belə yardım etmədiyinə diqqəti yönəltdi: “Bu gün Ermənistan ərazisinə heç kimin göz dikmədiyi təqdirdə ona müxtəlif bəhanələrlə maliyyə yardımları edilir. Məlumdur ki, bu işlərin təşkilində Ermənistana Aİ-də “dayı”lıq və “bacı”lıq edən ölkələrin əli var. Bunların sırasında Fransa ilə yanaşı, Hollandiya, Belçika, Polşa və başqa ölkələrin adlarını çəkmək olar. Şükürlər olsun ki, Azərbaycanın Avropa Sülh Fondunun yardımına ehtiyacı yoxdur. Biz öz məsələlərimizi özümüz istədiyimiz kimi həll edirik”.   

* * * 

Oxuculara xatırladaq ki, Avropa İttifaqının Ermənistana Sülh Fondu xətti ilə yardımların ayrılmasına Azərbaycan Xarici İşlər Nazirliyi kəskin münasibət bildirmişdi. Baş diplomatiya idarəmiz Aİ Şurasının qərarını “yanlış və təhlükəli, regionda gərginliyin artmasına xidmət edən addım” kimi qiymətləndirmişdi.

Aİ Azərbaycana qarşı siyasi və ideoloji təzyiq cəhdlərini mütəmadi olaraq davam etdirir. Rəsmi Bakı İrəvanı sıralarına qəbul edəcəyi ilə şirnikləndirən bu qurumun fəaliyyətinin açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıdığını, bölgədə “bölücü xətlər” yaratmaq siyasəti yeritdiyini dəfələrlə Brüsselin, eləcə də haypərəst “xristian klubu”nun üzvlərinin nəzərinə çatdırıb.

Azərbaycan hakimiyyəti, eyni zamanda, Aİ-nin Ermənistana göstərdiyi hərbi yardımın, bunun gələcəkdə artırılması üçün edilən çağırışların ölkəmizin ərazisinin bir hissəsini 30 il müddətində işğal altında saxlayan, bu gün də ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə pozuculuq fəaliyyətinə xidmət etdiyi barədə Brüsellə ismarıcını göndərib. Eyni zamanda, Azərbaycan Aİ Şurasının qərarı ilə İrəvana göstəriləcək yardımlar barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözlədiyini də bildirmişdi.

İndi sual olunur: Ermənistana hərbi ləvazimatın alınması üçün maliyyə dəstəyi göstərən bu fond hansı sülhdən danışa bilər? Belə məlum olur ki, Sülh Fondu bu təşkilatın əsas fəaliyyətini gizlədən maskadır. “Kollektiv Qərb” bu maska altında Cənubi Qafqazda yeni münaqişə zonaları yaratmağa çalışır. Bundan ötrü Ermənistanı şirnikləndirmək üçün onun qarşısına “çör-çöp” atılır. 

Bu gün üzləşdiyi çətinliklərin çarəsini, düşdüyü labirintdən çıxış yolunu yaxın qonşularının uzatdığı əli sıxmaqda, onlarla dürüst və şəffaf münasibət qurmaqda deyil, onu dəfələrlə aldatmış uzaq “bacı” və “dayı”larından ianə ummaqda görən İrəvanın nə qədər yanıldığı özünə də məlumdur. Bunu anlasa da, sanki üzə düşübmüş kimi, “kollektiv Qərbin” yalan vədlərinə inanmaqda davam edir. Bəlkə haylar avropalı “tərəfdaşlarının” Cənubi Qafqazda məhz onun vasitəsilə ikinci Ukrayna yaratmağa çalışdıqlarının fərqində deyillər. Paşinyan komandasının bunu başa düşmədiyinə inanmaq çətindir. Bütün bunları görməzdən gələrək, İrəvan silahlanmaya davam edərək, yenidən özünün daşnak-revanşist niyyətlərini reallaşdırmağa çalışarsa, doğrudan da, Ukraynanın aqibətini yaşaya bilər. Axı, Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan da yerində saymır, hərbi gücünü daim artırmaqla məşğuldur. Və əgər yenidən müharibə baş verərsə, o zaman Ermənistan dövlətçiliyinin taleyi sual altına düşə bilər. 

İmran BƏDİRXANLI 
XQ

 





Siyasət