Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kuboku turniri start götürüb.
Milli Gimnastika Arenasında təşkil edilən yarışın açılış mərasimində əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın hər il gimnastika üzrə beynəlxalq yarışlara ev sahibliyi etdiyini və bunun ölkə idmanının inkişafı üçün mühüm önəm daşıdığını vurğulayıb.
Fərid Qayıbov çıxışında Azərbaycanın idman uğurlarında dövlətin böyük rolunu olduğunu, Prezident İlham Əliyevin, o cümlədən birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevanın idmana göstərdiyi diqqət və qayğını qeyd edib.
Qeyd edək ki, Dünya Kubokunda 15 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə mübarizə aparırlar.
Millimiz təsnifat mərhələsində çıxışı uğurlu olub. Belə ki, gimnastlarımız 4 kateqoriyada finalda mübarizə aparacaqlar. Adil Hacızadə və Tofiq Əliyev tamblinqdə bu imkanı əldə ediblər. Selcan Mahsudova isə batut gimnastikasında fərdi proqramda finala yüksəlib. Selcan Mahsudova və Əli Niftəliyev dueti batut gimnastikasıda qarışıq sinxron cütlük kateqoriyasında medallar uğrunda yarışacaq.
Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq.
Leyla QURBANOVA
XQ