Demokratik “qolburma”

post-img

Kaxa Kaladzenin söylədiklərinə sözardı

İllər əvvəl Avropanın nüfuzlu təşkilatlarından birinin Azərbaycanda media ilə bağlı bir təliminə qatılmışdıq. Daha dəqiq desək, mövzu jurnalistlərin ekstremal şəraitdə necə davranmaları ilə bağlı idi. Xaricdən təlimçi də gətirilmişdi ki, ölkəmizin media təmsilçiləri ilə öz təcrübəsini bölüşsün. Təlimçi ümumi şeylərdən danışdı. Hər kəs gördü ki, onun mövzuya dair deyəcəyi konkret yeni nə isə yoxdur. Təlimçinin deyəcəyi yox, amma edəcəyi bir iş oldu. Açığı çox təəccübləndik, hətta heyrətləndik. Bu barədə yazımızın sonunda söz açacağıq. Güman edirik, diqqətli oxucularımız heyrətimizin mövzu ilə əlaqəsini müəyyənləşdirməkdə çətinlik çəkməyəcəklər.

***

Gürcüstanın hakim “Gürcü arzusu” Partiyasının liderlərindən biri, paytaxt Tbilisinin meri Kaxa Kaladzenin söylədiklərinə də çox təəccübləndik. O, bildirdi ki, mənsub olduğu qurumun təmsilçiləri müəyyən müddət başlarına gələnlər barədə susub, danışmaq istəməyiblər. Çünki çətinlik çəkiblər. Sən demə, Gürcüstanın baş nazirinin, yəni Kaladzenin partiyadaşının kabinetində onun qolunu burublar. Hətta, ürəkləri soyumayıb, başqa güc tətbiqi metodlarına əl atıb, onunla kobud danışıblar. İstəyiblər ki, Gürcüstan Rusiyaya qarşı çıxsın. Kaladze bu kimi təzyiqlərin ölkəsində Moskvaya qarşı ikinci cəbhə yaratmaq məqsədi daşıdığını vurğulayıb: “Qarşılaşdığımız hər şey çox çətin idi. Məsələn, partiya sədri ilə yanaşı, baş nazirə də öz kabinetində kobud sözlər söyləniləndə, bilavasitə güc tətbiq etməyə, qolunu burmağa, ölkədə ikinci cəbhənin açılmasına cəhd ediləndə müəyyən müddət ərzində bu haqda danışmaq bizim üçün çətin idi. Könüllülərin (Gürcüstandan – red.) Ukrayna müharibəsinə gedəcəkləri çarter reyslərini məcburi şəkildə təşkil etmək cəhdi də olub. Ölkəmizin iqtisadiyyatı və gələcəyi üçün fəlakətli olacaq sanksiyalara qoşulmaq üçün birbaşa cəhd və kobud təzyiq (sonralar bu, hətta qətnamədə də yer alıb) halları ilə üzləşmişik”.

Bəli, Gürcüstana Qərb dairələri tərəfindən ciddi təzyiqlər olub. Ölkədə ötən il keçirilmiş parlament seçkilərindən sonra təşkil edilmiş nümayişlər də bunun təsdiqidir. Nəzərə alaq ki, həmin nümayişlər və iğtişaşlar güc yolu ilə ölkənin qanuni seçilmiş hakimiyyətini devirmək məqsədini daşıyırdı. K.Kaladzenin sözlərindən vəziyətin nə üçün belə şəkil aldığını anlamaq mümkündür. O, ölkəsini anti-Rusiya tədbirlərində iştiraka məcbur etmək cəhdlərinin mövcudluğunu dilə gətirərkən onu da bildirib ki, “başqasına zərər verməyən, ancaq öz xalqına və ölkəsinə ziyan vuran” sanksiyalar mənasızdır. “Biz bu gün ölkə əhalisinin əksəriyyətinin dəstəyi sayəsində hakimiyyətdəyik. Üzərimizə böyük məsuliyyət və eyni zamanda, ölkəmizin maraqlarını qorumaq öhdəliyi düşür. Təbii ki, bizə dostlar, tərəfdaşlar lazımdır. Amma bu dostluq uzun illər pərdə altında qaldı. Çünki əsasən onların maraqları həyata keçirilirdi. Sizə “divara vurun” deyildikdə, o addımı atmamalısınız. Çünki inciyəcəyinizi bilirsiniz. Buna görə də biz həmişə ölkəmizi və xalqımızın maraqlarını müdafiə edəcəyik”,– deyən K.Kaladzenin bildirdiklərindən də Gürcüstanın necə çətin mərhələdən keçdiyini görmək mümkündür.

***

Qeyd edək ki, Gürcüstan Rusiyaya qarşı çıxmağın ağırlığını bir dəfə yaşayıb. 2008-ci ilin Rusiya–Gürcüstan müharibəsi yaddaşlardan silinməyib. Ruslar gürcülərin qoşunlarını paytaxt Tbilisinin 10 kilometrliyinədək qovmuşdu. Məsələ onda deyil ki, Rusiya güclü olduğundan, ona qarşı durmaq yolverilməzdir. Sadəcə, bilavasitə xalqın maraqlarından çıxış etmək lazımdır. Yəni qarşı tərəflə, o cümlədən rəsmi Moskva ilə diskussiyanı məhz bu zəmində qurmağa və nəyisə tələb etməyə ehtiyac var. Amma 2008-ci ildə Gürcüstan prezidenti Mixeil Saakaşvilinin hərəkətləri indi K.Kaladzenin ifadə etdiyi kimi, divara kəllə vurmaq idi. Kəllə Qərbin təhriki ilə vurulurdu və Moskvada da bunu gözəl anlayırdılar.

Bu gün Ukrayna 2008-ci ildə Gürcüstanın yaşadığını yaşayır. O zaman Qərb Gürcüstana yiyə durmamış, onu əjdahanın ağzına vermişdi. Hazırdakı qurban Ukraynadır. Fikrimizdən elə nəticə çıxmasın ki, Rusiyanı haqlı tərəf kimi göstərmək niyyətindəyik. Əsla, elə deyil. Ölkənin həyata keçirdiyi hər bir halda Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünə qəsddir. Ancaq düşünək görək, bu qəsdin qarşısını almaq olmazdımı? Əlbəttə ki, danışıq və müzakirə yolları bitib-tükənməzdir. Axı rasional düşüncə axırda deməli olduğun sözü əvvəldə dilə gətirməməyə əsaslanır. Heç şübhəsiz, Qərb də bu düşüncədən xəbərdardırlar. Ancaq belə yanaşmanı yalnız özlərinə münasibətdə keçərli sayırlar. Başqaları divara kəllə vurub başını yarsa da olar. K.Kaladzenin söylədikləri Qərbin məhz başqalarına laqeyd sifətinin ifşasıdır.

Baxın, bu gün Qərb dünyası Ermənistanı da divara kəllə vurmağa sövq edir. Ölkənin baş naziri Nikol Paşinyanın kabinetində qolunu burmağa, onu nəyəsə məcbur etməyə ehtiyac yoxdur. Çünki belə demək mümkünsə, beyni burulmuş biridir və Qərbin direktivlərini kölə kimi yerinə yetirməkdədir. Özünü, guya, erməni xalqının maraq və mənafelərini qoruyurmuş kimi göstərir. Halbuki, hazırda Azərbaycana qarşı tutduğu zidd mövqe, sülhdən yayınmaq bilavasitə Qərbin direktivlərindən qaynaqlanır. Adama nə qədər başa salınır ki, Naxçıvana maneəsiz yol Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulması olmayacaq, yenə öz sərsəm düşüncəsindən əl çəkmir...

Deməli, Kaladze Gürcüstan hakimiyyətini Ermənistan iqtidarının gününə qoymaq niyyətlərinin puça çıxdığını da açıqlayır. Nəzərə alaq ki, 44 günlük müharibə zamanı Gürcüstanı Rusiyaya qarşı qaldırmaq cəhdləri olub. Təsəvvür edin, savaşda Ermənistanı müdafiə edən, Azərbaycanın haqq davasını, öz torpaqlarını işğaldan qurtarmaq istəklərini, az qala, təcavüzkarlıq kimi qiymətləndirən Qərbin bəzi dairələri rəsmi Tbilisini ölkəmizdən nümunə götürməyə, hücum edib öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə səsləmişdilər. Əsl rikayarlıq və ikiüzlülük elə budur. Sonra ikili standartlar siyasətinin daha bir təzahürünü gördük. Qərb aləmi Gürcüstanda hakimiyyətə qarşı çıxmanı demokratik hərəkat, Ermənistandakı eyni əməli hakimiyyətə qəsd olaraq qələmə verdi.

***

Əvvəldə haqqında söz açdığımız məqama qayıtmağın vaxtıdır. Deməli, media ilə bağlı təlim keçən avropalı ekspert ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətindən danışarkən, qəfildən bir iştirakçını səhnəyə dəvət etdi və ona küçə davasında fəndlərini öyrətməyə başladı. Yəni K.Kaladzenin sözlərindən sonra qeyri-ixtiyari həmin ekspertin iştirakçının qolunu burub ona çətin durumdan çıxmaq “yolunu” anlatmasını xatırladıq. Necə heyrətlənməyəsən?

Ən pisi isə budur ki, təlimçiyə etdiyinin jurnalist fəaliyyətinə heç bir aidiyyatının olmadığını bildirəndə gic toyuqlar kimi gözünü döymüşdü. Uzun sözün qısası, Qərbin yanaşması məhz budur. Demokratiya, söz azadlığı, bəşəri dəyərlər, bərabərtərəfli münasibətlər Qərb cəmiyyətləri üçün yalnız quru və mənasız söz yığınıdır. Belə bir durumun formalaşması isə həmin cəmiyyətlərin deqredasiyasından xəbər verir.

Görün, iş nə yerə çatıb ki, Avropada insan azadlığı üçün meyar dedikdə gözlər önündə cins seçimi, transgenderlik, geylik canlanır. Sanki, bəşəri dəyərlər baxımından başqa ölçü yox imiş. Sanki, hər şey düzəlibmiş, yalnız sadaladıqlarımız qalıbmış. Ən pisi isə odur ki, hansısa gey hakimiyyətdə oturub öz aləmində qlobal məsələlər uydurur və uydurduğu gündəmi başqalarına güc, təhdid, təzyiq yolu ilə sırımağa cəhd göstərir, hələ Gürcüstanın timsalında ölkənin daxili işlərinə qarışmağa, qanuni hakimiyyətini devirməyə cəhd göstərir ki, Cənubi Qafqazda Avropadakı kimi zombi və manqurtlar məkanı formalaşsın. O məkan ki, orada xalqın maraq və mənafeləri deyil, yalnız geylərin və transvestitlərin, nasist düşüncə sahiblərinin müəyyənləşdirdikləri saxta gündəm hakim olsun.

Sonda onu da deyək ki, ənənəvi prinsipləri rəhbər tutan ABŞ-ın yeni administrasiyasının, o cümlədən Prezident Donald Trampın və vitse-prezident Cey Di Vensin hazırda açıqladıqları fikirlər, mahiyyət etibarilə, Qərb dairələrinin indiyədək yol verdikləri saxtakarlıq və riyakarlıqları sadalamaqdır. Saxtakarlıqlar və riyakarlıqlar bumeranq effekti ilə qayıdıb onları edənlərin üzlərinə çırpılır. Bu gün vaxtilə qol buranların özlərinin qollarının burulduğu dövrdür. Yekun nəticə də göz önündədir. Avropa son dərəcə miskin və rəzil duruma düşüb.

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət