Milli Məclisin Sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Matar Mohd Altayerin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Sahibə Qafarova ötən ildən etibarən Azərbaycan parlamentinin APA-ya sədrlik etdiyini və bu təşkilatı Asiya parlamentlərini birləşdirən mühüm platforma kimi daha da gücləndirməyə sadiq olduğunu deyib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfərləri, həmçinin Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Həmçinin bir milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu təsis edilib. “Parlamentlərimiz də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Dost BƏƏ-nin Federal Milli Şurası ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm veririk” – deyə S.Qafarova qeyd edib.
Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Matar Mohd Altayer Azərbaycanda olmaqdan və APA-nın 15-ci plenar sessiyasında iştirak etməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanın APA-ya sədrliyi dövründə çox işlər görülüb və bu işlər təşkilatın əhatə etdiyi bölgə üçün çox vacibdir. Qonaq bu təşkilatı orada təmsil olunan ölkələrin parlamentləri ilə iş aparmaq, onları düşündürən məsələləri müzakirə etmək üçün əlverişli platforma adlandırıb.
* * *
Milli Məclisin Sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tailand Krallığının Nümayəndələr Palatasının sədr müavini Paradorn Prissananantakul ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə APA-nın plenar sessiyasının yüksək səviyyədə təşkil olunduğu, bu təşkilatın bir çox mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyətli beynəlxalq platforma olduğu diqqətə çatdırılıb. Həmçinin bu cür tədbirlərin təşkilata üzv ölkələr arasında dialoqun gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da vacib rolu qeyd edilib.
Söhbət zamanı Azərbaycanla Tailand Krallığı arasında yaxşı əlaqələr olduğu, əməkdaşlığın inkişafı üçün müxtəlif imkanların mövcudluğu da vurğulanıb. Bu mənada parlamentlərimizin qarşılıqlı fəaliyyətinin dövlətlərimiz arasında əlaqələrin daha da inkişafına mühüm və müsbət təsir göstərə biləcəyi ifadə edilib.
Nümayəndələr Palatasının sədr müavini ölkəmizə səfəri ilə bağlı müsbət təəssüratlarını bölüşüb. O, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının uğurla təşkil olunması ilə bağlı təbriklərini çatdırıb.
Görüşdə beynəlxalq parlament təşkilatlarında da əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Sahibə Qafarova qonağa Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti və həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanın sədrliyi ilə Parlament Şəbəkəsinin yaradılması, onun mühüm beynəlxalq əməkdaşlıq platforması kimi institusional əsaslarının gücləndirilməsi istiqamətində vacib işlər görülüb. Eyni zamanda, Parlament Şəbəkəsinin digər beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığının genişləndirilməsi ilə bağlı da addımlar atılır.
XQ