Simonyan, narı belə yeməzlər

post-img

Erməni spikerin İtaliyada sərsəmləməsi

Ermənistan parlamentinin spikeri Alen Simonyan İtaliyaya səfər edib və ölkənin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşündə “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsini qaldırıb. Əlbəttə, Simonyan, prinsipcə, erməni dövlətini təmsil etmir və bu mənada, istədiyini danışa bilər. Amma nəzərə alaq ki, o, Ermənistanın hakim komandasının üzvüdür. Hakim komandadan söz düşmüşkən, Ararat Mirzoyan bir vaxtlar parlamentin spikeri idi, indi xarici işlər naziridir. Yəni rəsmi şəxsidir və sabah Simonyan da hansısa vəzifəyə gedib rəsmiyə çevrilə bilər. Deməli, indidən sərsəm mövzuları gündəmə gətirməməyi öyrənməlidir.

Burada bir haşiyə çıxaq ki, A.Simonyan bu yaxınlarda qalmaqalla gündəmə gəlmişdi. Jurnalistlər spikerə vaxtilə Ağdamda əlində nar tutaraq, bölgəmizi vətəni adlandırdığını xatırlatmış və ondan indi nə üçün fərqli mövqe tutduğunu soruşmuşdular. Parlament sədri cavabında hamının səhv edə biləcəyini söyləmişdi. Əlbəttə, demək olmaz ki, Azərbaycanda mühakiməsi gedən ermənilər də səhvə yol veriblər və humanistlik göstərib onları məhkəmə zalından azadlığa buraxaq. Elə humanistlik baxımından həmin ermənilərə şans vermək olmaz. Nəzərə alaq ki, bu adamlar hazırda bəlkə ömürlərində heç zaman rastlaşmadıqları ədalətli yanaşma görürlər. Nəyi pisdir ki? Öyrənsinlər və həyatı anlasınlar. İkincisi, onlar qatı cinayətlərdə günahlandırılırlar. Belələrini azadlığa buraxmaq kimlərinsə haqqını tapdamaqdır. Üçüncüsü, bilavasitə nəzərə alsaq ki, ölkəmizdə mühakiməsi aparılan ermənilər insanlıq əleyhinə cinayətlərdə də ittiham olunurlar, deməli, haqq-ədalət öz yerini tutmasa, bu, bütövlükdə bəşəriyyət üçün mənfi presedentə çevrilər.

Bəli, Bakıda mahakiməsi davam edən ermənilər ədalətli yanaşma görməlidirlər ki, simonyanlardan, petrosyanlardan, aşotlardan və digər “yan”lardan törəyənlər gələcəkdə sələflərinin xarabazar günə qoyduqları Ağdamda yarıcan ağacdan nar dərib özləri üçün vətən qondarmağa həvəslənməsinlər. Bilsinlər ki, özgəsinin yurd-yuvasına göz dikməyin, insanları doğma el-obalarından didərgin salmağın cəzası necə olur. Qulaqlarında sırğa eləsinlər.

Simonyan sərsəm-sərsəm danışmamalıdır, çünki Ermənistanda Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslər bu gün onun da təmsil olunduğu hakim komandanı təhdid və təhqir edirlər. O şəxslər ki, Bakı həbsxanalarından hələ ki canlarını qurtara biliblər. Hazırda Ermənistanda belələrinin sayı nisbətən azalıbsa, Simonyana daha nə lazımdır? Tutalım, Azərbaycan humanistlik göstərib Ruben Vardanyanı azadlığa buraxdı. Bu, erməni spikerin təmsil olunduğu hakim komandaya lazımdırmı? Əlbəttə ki, yox! O zaman Simonyan nə səbəbə mənasız sözlər danışır?

Bu gün Ermənistanda insanlıq əleyhinə törətdiyi cinayətlərə görə məhkəmə qarşısında dayanmalı olanlar yetərincədir. Bildirək ki, belələri rəsmi İrəvan üçün də təhlükə mənbəyidirlər. Erməni iqtidarı səmimi davransa, özündə qətiyyət və iradə tapsa, onları da Azərbaycana təhfil verməlidir. Çünki bu şəxslər cinayət əməllərini ölkəmizin ərazisində reallaşdırıblar.

Onu da deyək ki, Ermənistan parlamenti spikerinin İtaliyada müzakirəyə çıxardığı məsələ son dərəcə absurddur. Həm də ona görə ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanındığını açıqlayıb. Tanımaq birmənalı olmalı, şübhə yaratmamalıdır. Bu yazıda məhkəməsi davam edən ermənilərə qarşı irəli sürülmüş ittihamlardan danışmaq niyyətində deyilik. Yalnız o fakt yetərlidir ki, bu adamların heç biri Ermənistandan tutulub gətirilməyiblər. Hamısı Azərbaycanda ələ keçiblər. İkincisi, onlar müharibənin davam etdiyi dövrdə əsir düşənlər deyillər. Onların sırasında savaşdan sonra ölkəmizin ərazisində kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməkdə günahlandırılanlar da var.

Sonda bildirək ki, rəsmi İrəvanın, ümumən erməni hakim komandasının “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsini qaldırıb, hansısa beynəlxalq dairələrdən kömək gözləməsi, eləcə də mövcud xüsusda ölkəmizə qarşı antipatiya formalaşdırmaq cəhdləri Ermənistanın özü üçün zərərlidir. Belə bir məsələ barədə söz açmaq onsuz da kövrək olan Bakı–İrəvan sülh prosesini pozmaq, inamsızlıq yaratmaq, etimad mühitinin formalaşmasının qarşısını almaqdır. Yaxşı olar ki, Simonyan bu barədə düşünsün və bir də belə nar yeməsin.

Ə.RÜSTƏMOV
XQ

Siyasət