Qərbi Azərbaycan geosiyasi məkan kimi
Bu məqalədə Zəngəzur məsələsinin Qərbi Azərbaycan kontekstində məhz geosiyasi aspektdə konseptuallaşmasına üstünlük veririk. Səbəbi, ümumiyyətlə, geosiyasətin anlamı və funksiyası ilə bağlıdır. “Geosiyasət”, hər şeydən öncə, siyasi fikrin istiqamətidir. O, ərazi üzərində nəzarət konsepsiyasıdır. Bundan başqa, geosiyasətdə müxtəlif dövlətlərin nüfuz dairələrini bölmələri və yenidən bölüşdürmələri məsələləri yer alır. Burada nüfuzu dövlətlər qrupu da ola bilər.
Qərbi Azərbaycan və o cümlədən, Zəngəzur məsələsi də bizim üçün ilk növbədə məhz vurğulanan aspektlərdə böyük aktuallıq kəsb edir. Eyni zamanda, coğrafi məkan olaraq Qərbi Azərbaycan və Zəngəzur Türk dünyasının geosiyasi tələbatları kontekstində dərk edilməlidir. Prezident İlham Əliyevin məsələyə yanaşması, onu izah etməsi və konkret vəzifələr müəyyənləşdirməsi həmin prizmada olduqca aktual və vacibdir. Faktlar da bunu təsdiqləyir.
Zəngəzur postmüharibə reallıqları prizmasında
Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan regional miqyasda siyasi, geosiyasi, mədəni aspektlərdə nəzəri və praktiki cəhətdən anlayışlara yeni reallıqlar prizmasında baxmağı aktuallaşdırdı. Əslində, burada proseslər müxtəlif sferaların qarşılıqlı əlaqəsində əsrlərdir davam edən qeyri-konstruktiv geosiyasətin təsirindən çıxmağa başladı və bu yeni reallıq prinsipial əhəmiyyət daşıyan problemlərə fərqli yanaşmaların formalaşdırılmasını tələb etdi.
Onların sırasında bizim üçün Qərbi Azərbaycanın geosiyasi anlamı xüsusi yer tutur. Məsələnin bu cür qoyuluşunun səbəbləri son 300 ildə Qafqazda tarixi proseslərin gedişi məntiqi ilə böyük güclərin geosiyasi məqsədlərinin qarşılıqlı əlaqəsi ilə bağlıdır. Məsələnin nəzəri dərniliklərinə baş vurmadan praktiki anlamı olan bir sıra məqamlara baxaq.
Bizim üçün başlanğıc və istiqamətverici tezis Prezident İlham Əliyevin 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ifadə etdiyi bu fikirdir: “Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərindən vahid bir böyük məkana çevrilməlidir, halbuki, bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir”.
Azərbaycan Prezidenti həmişə fikirləri yüksək siyasi-diplomatik dildə, lakin yığcam ifadə edir. Bu fikirdə də politologiyanın nəzəri və siyasi yanaşmanın praktiki aspektləri üçün çox əhəmiyyətli olan üç konseptual məqam sintezində dəqiq ifadə edilmişir. Birincisi, indi Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası faktiki olaraq geniş anlamda “vahid bir böyük məkana çevrilməlidir”.
İkincisi, bu cür yanaşmanın tarixi, geosiyasi və digər əsasları regionun tarixindədir ki, indi “bu bölgələr...vahid konsepsiya əsasında inkişaf edir”.
Üçüncüsü, bugünün reallığını da unutmamalıyıq: “Bu, bizim bölgüyə görə üç regiondur”.
Bir qədər də vurğulanan faktların sintezinin daxili məzmununa baxsaq, müasir politoloji düşüncə üçün çox maraqlı siyasi və geosiyasi mənzərə açılar: birincisi, Zəngəzur və Qarabağ ümumi səviyyədə Qərbi Azərbaycan anlayışının geosiyasi, iqtisadi və təhlükəsizlik kontekstlərində tərkib hissəsidir.
İkincisi, artıq həmin yanaşma çərçivəsində Naxçıvanın da Qərbi Azərbaycanın geosiyasi məkan kimi anlamında yeri və rolu yenidən müəyyənləşməlidir. Özlüyündə Naxçıvanın bu cür geosiyasi və siyasi qiymətləndirilməsi Azərbaycan Respublikasının milli, regional və Türk dünyası miqyaslarında ortaq məntiqlə davranmasının təsdiqidir. Bununla əsaslı konseptual şəkildə Qərbi Azərbaycan və onun tərkib hissələri kimi Qarabağ və Şərqi Zəngəzur geosiyasi aspektdə vahid məkan kimi qavranılır və onun geosiyasi, siyasi, təhlükəsizlik və kommunikasiya aspektlərində yenidən dərk edilməsinə ciddi ehtiyac yaranır.
Prezident İlham Əliyevin yuxarıda vurğuladığımız dərin mənalı tezisi burada istiqamətverici və müəyyənedici rol oynamalıdır. Əslində, İlham Əliyev bu il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş xüsusi müşavirədə fikirlərini aydın şəkildə belə ifadə etmişdir.
Prezident vurğulamışdır ki, çar Rusiyası tərəfindən ermənilərin zaman-zaman Azərbaycan ərazilərinə köçürülməsi, Qərbi Zəngəzurun 1920-ci ildə Azərbaycandan alınması, Qarabağ xanının öldürülməsi, sovet dönəmində “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması və mütəmadi olaraq Azərbaycanın ermənilərə ərazi güzəştləri etməsi məlum imperialist dairələrin əsrlərlə hazırladığı vahid geosiyasi prosesin ayrı-ayrı fraqmentləridir. Bununla Prezident İlham Əliyev azərbaycanlıları şüurda, Vətənə yanaşmada, fəaliyyətdə dövlətçiliyimiz üçün arxiəhəmiyyəti olan nəzəri və praktiki aspektləri özündə ehtiva edən siyasi və geosiyasi dəyişikliyə səsləmişdir.
Həmin kontekstdə Prezident İlham Əliyev strateji vacibliyi böyük olan bir məqamı ayrıca vurğulamışdır. Konkret olaraq, Zəngəzur məsələsinə Türk dünyasının coğrafi, siyasi, geosiyasi, iqtisadi, mədəni, nəqliyyat, kommunikasiya və digər özəllikləri kontekstində baxılmasını şərt kimi təqdim etmişdir.
İlham Əliyev demişdir: “Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq”.
Bu o deməkdir ki, Azərbaycan rəhbəri Zəngəzuru siyasi və geosiyasi faktor kimi konkret kontekstdə aktuallaşdırır – XIX əsrin əvvəllərində başlanan proseslərin son məqsədi Türk dünyasını Zəngəzurda “sındırmaq”, onu bütün anlamlarda parçalamaq, türk xalqlarını bir-birindən təcrid etmək idi. Bunun üçün tarixi Azərbaycan torpaqlarında “Ermənistan” yaratdılar və sonra Qərbi Zəngəzuru da ona verdilər.
Prezident İlham Əliyev bir qədər də geniş aspektdə məsələyə yanaşaraq, olduqca düzgün və geosiyasi-konseptual anlamı dərin olan tezis formalaşdırır: Zəngəzur Qərbi Azərbaycanın coğrafi, geosiyasi, iqtisadi, mədəni, dini və mənəvi-əxlaqi aspektlərdə parçalanmasının bir fraqmentidir.
Buradan ziyalıların, siyasətçilərin, məmurların, adi vətəndaşların qarşısında həm də müqəddəs vəzifə qoyulur – müstəqillik naminə öz tariximiz haqqında bilikləri gerçəkliyə uyğun zənginləşdirməli, onu davranışlarımızın tərkib hissəsinə çevirməliyik. Bu bağlılıqda bütövlükdə “Zəngəzur” anlayışının geosiyasi və konseptual dərki olduqca vacib görünür. Öncə, məsələnin gerçək tarixi dinamikasından başlayaq.
Zəngəzur tarixi dinamikada
Məsələ onunla bağlıdır ki, Zəngəzurun geosiyasi və konseptual anlamı tarixi faktların yenidən dərk edilməsi əsasında mümkün ola bilər. Buna imkan verən kifayət qədər fakt var.
Tarix təsdiq edir ki, Zəngəzur məsələsi geosiyasi faktor kimi XIX əsrin əvvəllərində bir neçə böyük geosiyasi gücün region uğrunda gərgin mübarizəsi fonunda xeyli aktuallaşdı. Burada Qərbin imperialist dairələri, Osmanlı, Qacar imperatorluğu və Rusiya imperiyası arasındakı hərbi, siyasi, diplomatik, iqtisadi mübazirə ön plana çıxmışdı.
Proseslərdə Azərbaycanı faktiki olaraq parçalayan Türkmənçay müqaviləsi dönüş nöqtəsi oldu. Təəssüf ki, bu siyasi, diplomatik, nüfuz bölgüsü, geosiyasi-coğrafi “dönüş” ölkə, dövlət və xalq kimi Azərbaycanın xeyrinə olmadı. Əksinə, regionda fəaliyyət göstərən müxtəlif böyük güclər işğalı qanuni fakt kimi təhtəlşüurda qəbul edərək, Azərbaycanı daha xırda hissələrə parçalamağın “hüquqi əsaslarını”, “sivil formalarını” və “ədalətli üsullarını” axtarmağa başladılar.
Bununla demək olar ki, 300 ilə yaxın müddətdə azərbaycanlıların vətən uğrunda gərgin mübarizələri başladı. Lakin, təəssüf ki, müxətlif səbəblərdən biz çox dəyərləri, o cümlədən, tarixi torpaqlarımığızın bir qismini itirdik.
Çar Rusiyası dövründən əvvəl də Zəngəzurda türk varlığına qarşı müəyyən haqsızlıqlar olduğu sənədlərdə əksini tapmışdır. Məsələn, 1593-cü ildə hazırlanmış “İrəvan vilayətinin icma dəftərləri”ində (“xaric əz dəftər”) türklərin bir neə kəndi yazılmamışdı. 1595-ci il dəftərində onlar bərpa edilmişdir. Nümunə kimi Sisyanda Belə kəndini, Gülbarı məzərəsini, Saatlı məzrəsini, Bazarçayı nayihəsində Qızılca kəndini, Berdi kəndini və digərlərini, Zar və Zəbil nayihələrində Çörəkkəndi, Sellini, Çinarı, Qarabatanı və digərlərini göstərə bilərik. Tarix göstərdi ki, bu cür qeyri-dəqiqliklər sonralar düşmənin əlinə müxtəlif “tarixi fakt” bəhanəsi vermişdir.
Çar Rusiyası dönəmində hazırlanan rəsmi sənədlərdə də Azərbaycanın müxtəlif bölgələrində türk varlığının tam üstünlüyü faktlarda əksini tapmışdır. Onlardan biri 1868-ci ildə hazırlanmış “Qafqaz arxeoqrafik komissiyasının aktları”dır. Orada Zəngəzur da daxil olmaqla türklərin həyat tərzi, var-dövlətləri, onlara qarşı edilən haqsızlıqlar, mal-qaralarının oğurlanması, əmlaklarının talan edilməsi ilə bağlı çoxlu sayda fakt vardır.
Zəngəzurda azərbaycanlılar üçün ən ağır vəziyyət isə keçən əsrin əvvəllərində yarandı. 1919-cu il yanvarın 6-da Yelizavetpoldan (Gəncə) Bakıya göndərilən teleqramda yazılır ki, Zəngəzur Uyezdində müsəlmanlara qarşı ermənilərin hücumları olmuşdur. Ermənilər tutduqları yerlərdə möhkəmlənirlər.
İki gün sonra Cəbrayıl rayonunun Düdükçü kəndindəki qırğınlar barədə qəza rəisi Gəncə qubernatoruna məruzə etmişdir. Orada yazılır ki, ermənilər müsəlman əhalini mühasirəyə alaraq qətllər törətmiş, onları oğurlamış və dağıntı törətmişlər. Zorakılığa məruz qalanların adları da sənəddə vardır.
1919-cu il yanvarın 12-də Zəngəzurun qəza rəisi Məlik Namazəliyev Azərbaycan Daxili İşlər Nazirliyinə vurduğu teleqramda da azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən bəhs etmişdir.
1919-cu il avqustun 20-də Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov Qarabağ haqqında yaydığı bəyanatda bölgədə erməni vəhşiliklərini konkret faktlarla şərh etmişdir və yerli müsəlmanların hüquqlarının pozulması faktlarını sadalamışdır. Ermənilərin etnik təmizləmə və deportasiya ilə məşğul olduqları məntiqi bəyanatda yer almışdır.
Bütün bu faktların fonunda siyasi səviyyədə də Zəngəzur və Qarabağla bağlı gərgin diplomatik mübarizə gedirdi. Onun dramatizmi həmin dövrün sənədlərində əks olunnmuşdur. Məsələn, Azərbaycanın o dönəmdə Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin Müttəfiq Ali Komissarlığının müavini, polkovnik C.Reyə ünvanlandığı cavab sənədində (17 noyabr 1919-cu il, sənəd №308) yazılır ki, “Zəngəzurda Azərbaycan hökuməti hərbi əməliyyat aparmır. Zəngəzur Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və o, Azərbaycanla yanaşı, müttəfiqlər tərəfindən də belə qəbul edilir”.
Sənəddə siyasi və geosiyasi aspektdə başqa bir əhəmiyyətli məqam vardır. Orada yazılmışdır: “Haskel...bizim Zəngəzur qəzasına məxsusi sahibliyimizi etiraf edib. Naxçıvan məsələsi üzrə razılaşmanın bir bəndində erməni hökumətindən tələb edib ki, (sülh konfransının ali komissarı Haskel nəzərdə tuturlu – F.Q.) Azərbaycan hakimiyyətinə Zəngəzurda üsyançı hərəkatını dayandırmaqda köməklik göstərsin. Beləliklə də erməni əhalisini Azərbaycan Respublikasının hakimiyyətinə tabe olmağa məcbur etsin. Bizim aldığımız son məlumatlara görə, erməni hökuməti nəinki Haskelin qarşısındakı bu öhdəliyinə əməl etməyib, əksinə, Zəngəzura özünün qoşunlarını göndərib ki, üsyançı hərəkata dəstək olsun, onu gücləndirsin. Buna görə də Azərbaycan hökuməti orada qayda yaradılması və anarxist-bolşevik əhvali-ruhiyyəli erməni üsyançı bandalarına təsir göstərmək məqsədilə Qarabağ üzrə general-qubernatora hərbi kömək göndərməyə məcbur olub”.
Bizcə, həmin dövrdə Azərbaycan hökumətinin yaranmış vəziyyətə yanaşması tamamilə aydındır. Burada ən azı üç geosiyasi məqamın kompleks təqdimatı vardır. Birinci məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası (AXC) dövlət kimi sülhsevər, demokratik qaydaları gözləyən və hər bir vətəndaşı üçün lazımi şərait yaradandır. N.Yusifbəylinin 1919-cu ildə parlamentdəki çıxışında aydın ifadə edilmişdir ki, “Azərbaycan hökuməti Qafqarbağda ermənilərin mədəni haqlarını tanıyır və hörmətlə yanaşır...Azərbaycan xalqı da “tərəddüdsüz ermənilərin bu təbii hüquqlarını qəbul edir” (22 dekabr 1919-cu il, sənəd №368).
İkinci məqam onunla bağlıdır ki, buna baxmayaraq müəyyən dairələrin təhriki ilə Azərbaycan dövlətçiliyini zəiflətmək və onu ərazicə parçalamaq üçün erməni separatizmi və terroru baş qaldırmışdır. Üçüncüsü, Azərbaycan hökumətinin xəbərdarlığı və izahına baxmayaraq, regionda fəal olan güclü dövlətlər ikili oyun oynayırlar. Onlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, əməldə isə ermənilərin separatçı hərəkətlərinə kömək edirlər.
Özü də bütün bunlar həmin illərdə (əsasən, 1918-1919-cu illərdə) erməni terrorçuların azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin fonunda baş verirdi.
Yəni Azərbaycan hökuməti qətiyyətlə öz humanist və demokratik mövqeyində qalırdı. Ermənilər və onların dəstəkçiləri isə qərəzli və xəyanətkar hərəkətlərində davam edirdilər.
Sənədlərdə əksini tapmış faktlar: Azərbaycanın Fövqəladə İstintaq Komisiyasının üzvü N.Mixaylov 20.09.2019-cu il tarixində Zəngəzur qəzasının Müsəlmanlar kəndində ermənilərin törətdikləri vəhşiliklər barədə hesabat hazırlamışdır (sənəd №279). Orada vurğulanır ki, “ermənilər qəfildən Müsəlmanlar kəndini mühasirəyə almışlar və...kəndə soxulmuş, mülkləri yandırmış, oğurluq etmiş, sakinləri öldürmüş, mal-qaranı aparmışlar”. Nəticədə “32 adam qətlə yetirilmiş, 18 nəfər yaralanmış, 50 mülk yandırılmışdır”. N.Mixaylov hesabatın sonunda ermənilərin 10 maddə üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırmışdır.
Ancaq bu kimi çox sayda faktın olması və Azərbaycan hökumətinin siyasi-diplomatik fəallığına baxmayaraq real nəticə belə oldu: XX əsrin ikinci onilliyində Zəngəzuru Azərbaycandan qopardılar, Qarabağda isə qondarma muxtar qurum yaratdılar.
Bu gün yaranmış geosiyasi reallıqlar prizmasında bu mənzərə ibrətvericidir və üzərində düşünülməlidir. Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyəti buna səsləyir.
Keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində də eyni ssenari üzrə erməni vəhşiliyi törədilmişdir. Bu dəfə hadisələr əsasən Qərbi Azərbaycanın Ermənistana bağışlanan hissəsində və Qarabağda baş vermişdir. Erməni terrorçuların və separatçıların davranışları isə keçən əsrin əvvəllərində Zəngəzurda və Qarabağda müşahidə edilən hadisələrlə tam eynilik təşkil edirdi! Buradan əhəmiyyətli nəticələr çıxara bilərik.
Birincisi, ermənilərə əməldə edilən xarici dəstək yüz illərlə onların ağıllanmasına mane olmuşdur. Hər dəfə Azərbaycan tərəfinin humanist, demokratik və sivil hərəkətlərinə onlar erməni vəhşiliyi ilə cavab vermişlər.
İkincisi, Zəngəzur hadisələri bu baxımdan XX əsrin sonlarında Qarabağda və Ermənistanda baş verən hadisələrin anatomiyasını anlamaq üçün tarixi, siyasi və geosiyasi baxımdan olduqca əhəmiyyətlidir. Yəni kimlərsə burada Azərbaycan dövlətçiliyinə qarşı davamlı şəkildə həyata keçirilən siyasət görmürsə, çox yanılır. Sovet dönəmində uydurulan “qardaşlıq” nağılları baş aldatmaqdan başqa bir şey deyildir. Bu məqalədə gətirdiyimiz çox sayda sənəd göstərir ki, əsrlərdir nə bir sıra böyük güclər, nə də ermənilər dəyişirlər – onlar, çox təəssüf ki, qondarma antitürk əhval-ruhiyyəsinin əsiri olmaqda davam edirlər. Biz bunu II Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra Qərbin siyasi dairələrinin baş verənlərə olan reaksiyasından bir daha gördük.
Azərbaycan indiki mərhələdə bu məsələni ən aktual səviyyədə gündəmində saxlamalıdır. Yəni aparılan mübarizənin dərinliyi, miqyası və strateji hədəfləri Zəngəzur məsələsini ciddi nəzərə almalıdır. Prezident İlham Əliyevin yanaşmasında bu məqam öncül yerdədir!
Geosiyasi nəticələr
Belə görünür ki, Zəngəzur məsələsinin rəsmi Bakı tərəfindən gündəmə gətirilməsinin konseptual səviyyədə düşünülmüş və davamlı şəkildə həyata keçirilməsini nəzərdə tutan məqamları mövcuddur.
Hər şeydən öncə, Azərbaycan rəhbərliyi həmin problemin geosiyasi tərəfinə milli, regional və qlobal miqyasların qarşılıqlı əlaqəsində baxır. Bu o deməkdir ki, öncəki mərhələlərdən fərqli olaraq indi Bakı bir tərəfdən Zəngəzuru daha geniş məkan olan Qərbi Azərbaycan kontekstində nəzərdən keçirir, digər tərəfdən isə onun qədim Azərbaycan torpağı olduğunu bir an olsa belə arxa plana atmır.
Bu tezisin fonunda Azərbaycan rəhbərliyi siyasi, diplomatik və informasiya istiqamətlərində Zəngəzurun region üçün fayda verən layihələrə daxil edilməsinə çalışır. Kommunikasiya, informasiya, logistika üzrə qarşılıqlı anlaşma sayəsində Zəngəzur həmin geosiyasi funksiyanı uğurla yerinə yetirə bilər. Həmin bağlılıqda da azərbaycanlıların heç bir ön şərti, hüquqi məhdudiyyət olmadan “Azərbaycandan Azərbaycana (Naxçıvana) yol”la gedib-gəlməsi tamamilə təbii görünür!
Digər tərəfdən, Zəngəzur yenidən bütün Türk dünyasını birləşdirən “geosiyasi zona”, dəhliz, məkan rolunu oynaya bilər. Zəngəzur dəhlizi bu məqamda geniş geosiyasi məna kəsb edir. O, adi layihə deyildir – geniş bir məkanda geosiyasi mənzərəni əməkdaşlıq və təhlükəsizlik istiqamətində dəyişəcək möhtəşəm proqramdır!
Nəhayət, bütün dünya Zəngəzurla Qarabağ və Naxçıvanın vahid məkan olduğunu bütün aspektlərdə qəbul edəcəkdir. Onlar bütövlükdə müstəqil Azərbaycan dövlətinin xarici siyasətində sıx əlaqədə nəzərə alınacaqdır.
Təbii ki, burada Azərbaycanın hər hansı hərbi təsirindən söhbət gedə bilməz, lakin ideya kimi tarixi, siyasi, geosiyasi, mədəni və iqtisadi aspektlərdə Zəngəzur da Azərbaycan ideyasının tərkib hissəsi olaraq yaddaşlarda özünün layiqli yerini tutacaqdır.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru