Tarixi Azərbaycan diyarı olan İrəvan xanlığının əsası 1747-ci ildə Mirmehdi xan Əfşar tərəfindən qoyulub. İrəvan şəhəri xanlığın mərkəzi olmaqla eyni adı daşıyıb. Rusiya işğalından sonra I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanına əsasən, İrəvan və Naxçıvan xanlıqları ləğv edilib.
İrəvan toponiminin etimologiyası haqqında dilçilərin fikirləri müxtəlifdir. Budaq Budaqovun və Qiyasəddin Qeybullayevin qənaətincə, İrəvan toponimi türk mənşəli ir və fars mənşəli van sözlərinin birləşməsindən əmələ gəlib. İr – dalğavari dağ zirvəsi / dağın gün düşən tərəfi, van isə yer mənasını bildirir.
Bu toponimin fərqli səsləniş biçimləri olan Erivan / Arevan / Ervan / İrvan / Errevant / İrivan formalarının tərkib hissələri qismində çıxış edən ar / er / ir hissəciklərinin türk dilində er / ər / kişi/ igid kimi mənalar ifadə etdiyini qeyd edə bilərik. Digər görüşə əsasən, İrəvan fars mənşəli rəvan sözünün dialektlərdə r samiti ilə başlayan sözlərin önünə i saitinin artırılması ilə əmələ gəlib. Fars dilində rəvan – abad yer mənasını bildirir.
XIX əsrin rus tədqiqatçısı M.Nikolski İrəvan toponiminin burada yaşamış eri tayfasından əmələ gəlməsi, onların yaşadığı yer olaraq adlandırılması qənaətində olub. Digər bir yanaşmaya görə, toponim qədim urartu dilində mövcud olmuş ölkə / kənd / yer / şəhər mənalarını bildirən ebani / abani sözündən tarixi zaman kəsiyində b samitinin v ilə əvəzlənməsi ilə abani / avan / avvan / əvan formasında dəyişib.
Bu fikrin tərəfdarları İrəvan sözünün II komponenti qismində rəvan hissəciyini qəbul etməyərək onun urartu dilində yer / ölkə mənalarını verən avvan / avan sözündən törəməsi qənaətindədirlər. Dolayısı ilə qeyd etdiyimiz görüşlərdən belə bir nəticə hasil olur ki, İrəvan toponimi hazırda sadə quruluşlu görünsə də, tarixi zaman kəsiyində ir / er və ebani / avvan / avan hissəciklərinin birləşməsi ilə əmələ gəlmiş mürəkkəb quruluşlu etnotoponim olub. Belə ki, qədim türk dillərində ir / er – yer / ölkə / ərazi mənası ilə bərabər kişi / igid / ər və avan – ölkə / kənd / yer / şəhər sözlərinin birləşməsi ilə əmələ gəlmiş igidlər ölkəsi mənasını bildirir.
İrəvan xanlığı Qarabağ, Naxçıvan, Gəncə, Maku xanlıqları, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlıqları ilə qonşu idi. Xanlıq Ağrı düzənliyi, Dərələyəz və Göyçə gölü arasında geniş bir ərazini əhatə edirdi. İrəvan xanlığı keçmiş Çuxursəd bəylərbəyliyinin ərazisinin böyük bir hissəsini əhatə etmişdir. İrəvan xanlığı 15 mahaldan: Göyçə, Zəngibasar, Vedibasar, Dərələyəz, Gərnibasar, Qırxbulaq, Talin, Karbi, Abaran, Şörəyel, Ağbaba, Sərdarabad, Dərəçiçək, Pəmbək və Lorudan ibarət olmuşdur.
Göyçə İrəvan xanlığının ən böyük mahalllarından biri olub. Bu ada ilk dəfə XIV əsrə aid “Zeynə tarixil güzidə” əsərində rast gəlinir. Mahalın adı eyni adlı göldən götürülüb. Hidronom göy (suyunun rəngi, saflığı və duruluğuna görə adlandırılıb) və göl sözlərindən əmələ gəlib, zamanla Göyçaydan – Göyçə formasına dönüşüb. Ermənilər tərəfindən sev (qara) və vank (kilsə) sözlərinin birləşməsi ilə ərazidə albanlar tərəfindən qara daşdan tikilmiş kilsəyə uyğun olaraq dəyişdirilərək Sevvank, hazırda isə Sevan formasını alıb.
Zəngəzur etnotoponimi dərə mənasını bildirən zur və yarğan məfhumunu ifadə edən car / zar / zər sözlərindən əmələ gəlib. Digər görüşə görə, toponim türk mənşəli zəngilər tayfasının adı ilə bağlıdır. Faruk Sümər onları Əlcəzair və Suriyanın hakimləri olaraq qeyd edir.
Zəngibasar hidrotoponim olmaqla adını ərazisindən axan Zəngiçaydan götürüb. Bu çayın daşıb mövcud ərazini basması ilə mahal Zəngibasar adlandırılıb. Bir digər görüşə görə, etnotoponim olmaqla adı zəngi tayfaları ilə bağlıdır. 1950-ci ildə adı erməniləşdirilərək Masis olub. Zəngibasar rayonu, həmçinin onun inzibati mərkəzi olan Uluxanlı ərazi vahidinin də adı Masis olaraq erməniləşdirilib. Masis sözünün kökü ermənicə mas – sahə / hissə mənasını bildirir. Masis sözü, eyni zamanda, qədim pəhləvi dilində ən böyük, proto Hind-Avropa dillərində dağ mənasını bildirir.
Vedibasar toponimi ərəb dilindəki ئداؤ [ vadi] və basar sözlərindən əmələ gəlib. 1968-ci ildə adı Ararat olaraq dəyişdirilib. Ararat adı isə b.e.ə. IX əsrdə yaşamış urartulular tərəfindən Arardu / Urartu formasında yüksək dağ mənasını bildirib. Hazırda ermənilər Türkiyə ərazisindəki Ağrı dağını da Ararat adlandırırlar.
Dərələyəz mahalı eyni adlı dağ silsiləsi ilə Arpaçay və Naxçıvançay arasında yer alan tarixi toponimlərimizdən biridir. İ.Bayramovun qənaətincə, toponim dərə və alagöz etnonimlərinin birləşməsindən əmələ gəlib. Dərələyəz oykoniminə Göygöl və Xocalı rayonlarının tərkibində də rast gəlinir. Hazırda adı erməniləşdirilərək Vayotsdzor adlandırılır. Həmçinin, qeyd edilməlidir ki, Dərələyəz mahalında yerləşən Kəlyataq, Boyadərə, Gəncək, Boğacıq və s. kimi yaşayış məskənlərinin adları da ermənilər tərəfindən təhrifə məruz qalaraq dəyişdirilib.
Gərnibasar mahalı hidrotoponim olmaqla adını ərazidən axan Gərni çayından alıb. Gərni sözü urartu dilində qala mənasını bildirir. 1935-ci ildə Gərnibasar mahalına daxil olan Məsimli, Bayraməli qışlağı, İmamverdi qalası məntəqələrinin, 1945-ci ildə mahalın adı erməniləşdirilərək Artaşat olaraq dəyişdirilib.
Qırxbulaq mahalının adı ərazidən axan eyni adlı çaydan alınıb. Qırxbulaq adına Qərbi Azərbaycanda nahiyə, kənd, çay, Şəkidə oykonim olaraq rast gəlinir. Adı öncə Ellər, daha sonra Abovyan olaraq erməniləşdirilib. Eyni adlı kəndin isə 1935-ci ildə öncə Razdan, daha sonra – 1967-ci ildə Gexaşen olaraq təhrif edilib.
Talin mahalı qədim ərazi vahidlərindən olmaqla, adı mürəkkəb quruluşlu fitotoponimdir. Toponim türk mənşəli tal ilə in sözlərinin birləşməsindən əmələ gəlib. Tal sözü türk dilində söyüd / söyüd kolu, in isə daxma / koma / mağara mənalarını bildirir. Adı erməniləşdirilərək Araqatsotn olub.
Karbi mahalı türk mənşəli kar sözünə ilə –pi şəkilçisinin artırılması ilə əmələ gəlib. Öz növbəsində, kar – möhkəm yer / qala sözü –p / –pi / –pe vahidi ilə birləşərək el / tayfa / qəbilə mənasını bildirir. 1930-cu ildə adı dəyişrilib və Aştarak olub.
Abaran mahalının adı türk mənşəli apar sözünə –an cəm şəkilçisinin artırılması ilə yaranıb, avarların yaşadığı yer mənasını bildirib. Alimlərin qənaətinə görə, bu toponim XVI əsrdə İrəvan ərazisində mövcud olmuş Abaranoğlu kəndinin adı ilə bağlıdır. bu ad 1930-cu ildə ermənilər tərəfindən Apran olaraq dəyişdirilib.
Şörəyel mahalı Şörəyel / Şürəyel sultanlığının ərazisini təşkil edirdi. İrəvan quberniyasının Şirakel nahiyəsində eyni adı daşıyan kəndin olduğu məlumdur. Həmçinin kəndin bir digər adı Boğazkəsən olub. Türk mənşəli toponim insan boğazı formalı yer / dar keçid mənalarını bildirir. Adı erməniləşdirilərək Şirak olub.
Ağbaba mahalı adını Türkiyə ilə sərhəddə yerləşən eyni adlı dağdan alıb ki, o da ərazidə yerləşən pirin adından götürülüb. Toponim ؽخا اباب [əxi baba] ifadəsinin təhrif edilmiş formasıdır. Ermənilər buranı Şiraka çeviriblər.
Sərdarabad mahalı sərdar – dövləti, vilayəti idarə edən hakim və abad (hazırda ifadə etdiyi məna ilə eynidir) sözlərinin birləşməsindən əmələ gəlməklə sərdarın abad etdiyi / sərdarın saldığı kənd / sərdarın əsasını qoyduğu kənd mənalarını bildirir. Öz növbəsində sərdar – İrəvan xanının adını ifadə edirdi. 1935-ci ildə toponim Oktemberyan olaraq erməniləşdirilib.
Dərəçiçək mahalının adı ərazidə yerləşən eyni adlı dərədən götürülüb. 1935-ci ildə mahalın ərazisində yerləşən Eşşək quduran, Əlipapaq, Qonaqgörməz toponimləri erməniləşdirilib, 1946-cı ildə Dərəçiçək adı Tsakadzor, 1959-cu ildə isə Hrazdan olaraq dəyişdirilib.
Pəmbək mahalı qədim türk dillərində dar keçid mənasını bildirən paam / baam ilə təpəlik / zirvə məhfumunu ifadə edən bak / bək hissəciklərinin birləşməsindən əmələ gəlib. Toponim dar keçid yanındakı təpəlik / yüksəklikdə olan kənd mənalarını bildirir. Mahal ərazisindən eyni adlı çayın axdığını nəzərə alan bəzi tədqiqatçılar bu oykonimi hidrotoponim olaraq qəbul edir. Adı Lori olaraq erməniləşdirilib.
Loru mahalı Borçalı nahiyəsinin dağlıq cənub hisssəsində yerləşdiyindən Dağ Borçalı olaraq adlandırılıb. 1918-ci ildə ermənilərin hücumu, 1922-ci ildə isə bolşevik hökumətinin qərarı ilə ilhaq edilib.
Ermənilərin adlarına “düzəliş” etdiyi İrəvan xanlığının mahalları, toponimlərinin leksik-etimoloji təhlili onların türk yurdu olduğunu sübuta yetirir. Haylar tərəfindən adları dəyişdirilsə də, istər tarixi qaynaqlar, istərsə də qoyulan saxta adların gerçəkliklə bağlılığının, tarixi kökünün olmaması İrəvan torpağının əsl sahiblərinin azərbaycanlılar olduğunun sübutudur.
Elnurə HÜSEYNOVA,
AMEA Dilçilik İnstitutunun
böyük elmi işçisi, fəlsəfə doktoru