Azərbaycan–ABŞ: əlaqələr strateji yön alır

post-img

Dövlətlərarası münasibətlərin yeni dönəmi hər iki tərəfin maraqlarına xidmət edir

Demokrat Co Bayden administrasiyasının Ağ Evdəki dairəvi kabineti tərk etməsinə 9 gün qalır. Yanvarın 20-də andiçmə mərasimi keçiriləcək respublikaçı Donald Tramp özünün yeni komandasını formalaşdırmağa vaxtından əvvəl başlayıb. 
Aydın məsələdir ki, yeni prezident Dövlət Departamentinin yeni katibi ilə işləyəcək. Bizim gözləntilərimiz ondan ibarətdir ki, Tramp Administrasiyası Cənubi Qafqazla, o cümlədən, Azərbaycanla əməkdaşlıq məsələlərinə Bayden komandasından fərqli yanaşacaq. Əslində, Azərbaycan bir sıra sahələr üzrə ABŞ ilə əməkdaşlıq edir. Bu sıraya, ilk növbədə, neft-qaz yataqlarının birgə istismarı, təhlükəsizlik kimi məsələlər daxildir. Belə düşünməyə əsas var ki, yeni administrasiya bu sahələr üzrə Azərbaycanla daha geniş dialoq imkanlarını nəzərdən keçirəcək. Bunu açıq deməliyik ki, ölkəmiz prezidentlik müddəti və çox güman ki, siyasi karyerası başa çatmaqda olan Co Bayden administrasiyasından pislikdən başqa bir şey görmədi. Onun istər Azərbaycanla Ermənistan arasında sülhə vasitəçilik missiyası, istərsə də iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində vasitəçilik cəhdləri ədalətdən və səmimiyyətdən uzaq idi...
Tam əminliklə deyə bilərik ki, dörd il Ağ Evə sahiblik etmiş demokrat Co Bayden administrasiyası ABŞ–Azərbaycan münasibətlərini ABŞ–Ermənistan münasibətlərinin güdazına verdi. Rəsmi Vaşinqtonun bu dövr ərzində Qarabağ məsələsində sərgilədiyi mövqe ermənipərəst, qərəzli və ədalətsizliklərlə yadda qalacaq. 
Bayden administrasiyası öz əməlləri ilə Azərbaycanın ABŞ-yə olan inamını xeyli sarsıtdı. Demokratların hakimiyyətdə olduğu müddətdə Ağ Ev Bakı ilə əvvəlki normal münasibətlərin üstündən xətt çəkmək üçün mümkün olan bütün üsullardan istifadə elədi. Baxmayaraq ki, həmin üsulların böyük qismi  elementar diplomatik etiket və siyasi konyuktura elementlərindən kənara çıxırdı.
Ötən dörd ildə biz nələri müşahidə etdik: ABŞ Konqresində və Senatında kök salmış ermənipərəst düşərgənin fitvası ilə Azərbaycana qarşı haqsız, qərəzli bəyanat və qətnamələrin qəbulundan tutmuş, pərdə arxasında Ermənistana siyasi-ideoloji, hərbi-texniki, eləcə də maliyyə yardımlarının göstərilməsinədək hər şeyi. Bu zaman Bayden administrasiyasının Azərbaycanın daxili işlərinə qarışmaq, İrəvanla anlaşmada, transmili enerji layihələrində Bakıya “ağıl öyrətmək” cəhdlərini də gördük.
Əgər biz Vaşinqton–Bakı münasibətlərinə səbəb və nəticə əlaqələri prizmasından yanaşsaq, ilk baxışda görünməyən bəzi həqiqətlərin siluetini sezə bilərik. Birincisi, dörd il bundan əvvəl Azərbaycan 30 il torpaqlarımızı işğal altında saxlayan bədnam qonşulara qarşı 44 günlük müharibədə qalib gəldi. Bu, Ağ Evin bölgə ilə bağlı “strateji planlarına” daxil deyildi. İkincisi, 23 saatlıq lokal antiterror tədbirləri ilə Qarabağı separatçılardan təmizlədik. Azərbaycan bununla təkcə Vaşinqtonun deyil, bütövlükdə “kollektiv Qərb”in qarşısında “böyük günah” işləmiş oldu. Axı, Bakının bu “gedişi” ermənipərəst düşərgənin ssenarisində nəzərdə tutulmamışdı. Qafqazda öz maraqlarını güdən həmin düşərgə bunu Bakıya bağışlaya bilərdimi? Xeyr, bağışlamazdılar. Amma, ədalət hissini itirmiş həmin haypərəst qüvvələr anlamaq istəmirlər ki, Azərbaycan özünün hərbi-siyasi uğurları ilə işğal dönəmində münaqişəni dondurmağa çalışan həmin xaçpərəst “kollektiv Qərb”in haqsızlığını ört-basdır elədi, günahlarını yudu. Yəni, belə demək mümkünsə, Azərbaycan hakimiyyəti dörd il bundan əvvəl odunu söndürdüyü münaqişə ocağının külünü eşələyib onu közərtməyə çalışanların cavabını verdi.
* * *
Bu bir həqiqətdir ki, ikinci dəfə prezident kürsüsündə əyləşəcək Donald Trampın  birinci dönəmində ABŞ–Azərbaycan münasibətlərində heç bir problem yaşanmadı. İkitərəfli əlaqələr müsbət idi və bir çox sahələr üzrə əlaqələr normal məcrada davam edirdi. Bu tendensiya demokrat Co Bayden Ağ Evə gələnədək qorunub saxlandı.  “Bayden administrasiyası Azərbaycana Ermənistan–Azərbaycan, ya da ki, Amerika–Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı. Bu, birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləndi, xüsusilə, Qarabağ məsələsi ilə bağlı. Bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim: siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır. Eyni zamanda, hesab edirəm, Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə. Məsələn, elə Əfqanıstan məsələsinə qayıtsaq, Azərbaycan birinci ölkələrdən idi ki, Əfqanıstandakı missiyaya qoşulmuşdu. Həm hərbi kontingent göndərmişdi və dəfələrlə onu artırmışdı, həm də Amerika üçün çox vacib olan nəqliyyat-logistika məsələlərini həll etmişdi. Biz onlara lazım olana qədər “907-ci düzəliş” – sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər. Yəni, bu nədir? Bunun bir adı var: nankorluq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
Vaşinqtondan idarə olunan “kollektiv Qərb”in narahatlığının başqa səbəbləri də var. 44 günlük müharibədən sonra regionda reallığı köklü surətdə dəyişən Azərbaycanın regional və qlobal proseslərə fəal qoşulması, bir çox hallarda təşəbbüsü ələ alması Aİ və ABŞ-ın siyasi kuluarlarında gərginlik yaradırdı. Onlar iki qitənin qovşağında yerləşən Azərbaycanın artan nüfuzundan xeyli narahat olublar. Bunun üzərinə gündəmdəki Zəngəzur dəhlizi kimi perspektiv planı da gəlsək, haypərəst “çətə”nin ölkəmizə belə radikal və ədalətsiz yanaşmasının motivləri tam bəlli olar. 
* * *
Bu məqamda ABŞ–Azərbaycan münasibətlərinə, birincinin günahı üzündən, xələl gətirən bir nüansı da qeyd etməliyik. Söhbət ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin diplomatik missiyası ilə bir araya sığmayan “fövqəladə fəaliyəti”ndən gedir. Yerli media cənab Libbinin Azərbaycanda missiyasını vaxtından əvvəl başa vuraraq, Bakını tərk etməsinin arxasında siyasi səbəblərin dayandığı barədə xəbərlər dərc etdi. Deyəsən, Mark Libbi, doğrudan da, Azərbaycanda özünə aid olmayan “fəaliyyət müstəvisinə” baş vurub. Onu da yada salaq ki, keçən ilin mayında Mark Libbi Şuşaya getməkdən imtina etdiyinə görə də gündəmə gəlmişdi. 
Toxunduğumuz mövzu ilə bağlı 
XQ-yə açıqlama verən tanınmış siyasi icmalçı Tofiq Abbasov diqqəti hazırda Ağ Evi tərk etməyə hazırlaşan demokratların Azərbaycana qarşı daim ikibaşlı, bir çox hallarda anlaşılmaz mövqeyinə yönəltdi: “Məsələ ondadır ki, bu partiyanın öndə gedənləri ultraqlobalistlərin sıralarında təmsil olunurlar. Əsas məqsədləri milli suverenitetlərə qarşı mübarizəni gücləndirməkdir. İnkişaf etməkdə olan ölkələrin daxilində mənəvi aşınma yaratmaq, trans-qeyliyi təbliğ etmək, ən çirkin üsullarla gənclərin beyinlərini yumaq onların strateji hədəfləridir. Harada güclü iqtidar elitası, güclü liderlər varsa, silahlarını onlara tuşlayır, gözdənsalma kampaniyası aparırlar. Bu zaman insan haqları mövzusunu gündəmə gətirirlər. ABŞ cəmiyyətinin özündə bu dəyərlərə üstünlük verilmir, vicdan azadlığı pozulur, irqi, dini zəmində qarşıdurmalar meydana çıxır, kollec və universitetlərdə silahlar işə düşür... 
Dünya təcrübəsində belə bir yanaşma var: əgər hansısa ölkə xarici siyasətində uğur qazanırsa, bunun kökləri daxildə gedən proseslərdən qaynaqlanır. ABŞ-nin isə daxili uğurları yoxdur. Vaşinqtonun demokratiya adı altında bəyan etdikləri ixrac “məhsulu” deyil. Çünki, o, “daşınma zamanı” yolda xarab olur. Həmin “məhsul” kənardan gəlməməli, milli zəmində yetişməlidir. Bayden administrasiyasının “stavka” elədiyi qlobalistlərin hədəfi yerli xalqların, toplumların milli ənənələrini sıradan çıxarmaqdır. Amma onlar bir şeyi unudurlar ki, Azərbaycan güclü dövlətdir və o, suverenlyini də, milli dəyərlərini də qorumağa qadirdir. Bu isə onların ürəyincə olmayan bir presedent yaradır. Ona görə də Vaşinqtondan vaxtaşırı Azərbaycanı sıxışdırmaq, problem yaratmaq məqsədilə açıqlamalar, bəyanatlar səsləndirirlər. Azərbaycanı öz yolunu gedir və onu bu yoldan heç kim döndərə bilməz”.
* * *
Rəsmi Vaşinqton son dörd ildə demokratiya, insan haqlarının müdafiəsi pərdəsi altında Bakıya çeşidli siyasi təzyiq metodlarından istifadə etməyə çalışdı. Hətta Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iki görüşünə evsahibliyi edəndə, “sülh təşəbbüsçüsü”nə çevriləndə də Bakıya İrəvanla danışıqlarda güzəştə getməsi üçün təzyiq cəhdlərindən əl çəkmədi. İndi siyasi karyeralarının qürubunu yaşayan Prezident Bayden və onun baş diplomatı Blinkenin danışıqları Ermənistanın xeyrinə döndərmək niyyətini Azərbaycan Prezidenti İlham Əliyev yaxşı başa düşürdü. Dövlət başçımızın məhz Ağ Evin təşəbbüsü ilə 2024-cü il aprelin 5-də Brüsseldə keçirilən ABŞ–Avropa İttifaqı–Ermənistan görüşünü siyasi avantüra adlandırması, bunun ardınca Vaşinqtonun sülh vasitəçiliyindən, faktiki olaraq, imtina etməsi Bayden administrasiyasının gözləmədiyi siyasi iradənin və lider qətiyyətinin nümayişi idi. Blinken–Ursula Fon der Lyayen–Paşinyan “üçlüyü”nün məşvərətinin, əslində, Cənubi Qafqazda sülhə qarşı çevrildiyini ört-basdır etmək cəhdlərinin bir faydası olmadı. Bakı sözünü dedi və onu əməli ilə təsdiqlədi.
ABŞ-də hakimiyyətin demokratlardan respublikaçılara keçidi ilə “supergüc”ün xarici siyasətində müəyyən korrektələr edəcəyini söyləyən ekspertlər az deyil. Ağ Evin yeni xarici paketində Qafqazla bağlı mövqeyində də yeni konturlar artıq hiss olunmaqadır. Yəni, ötən dörd ildə Vaşinqtonun Azərbaycanın daxili işlərinə qarışmaq üçün atdığı qeyri-hüquqi, ədalətsiz və bir çox hallarda mənəviyyatdan uzaq “demarşları” başa çatır. ABŞ-nin hələlik dövlət katibi postunu tutan Antoni Blinkenin qərəzlə yüklənən əvvəlki bəyanatlarının praqmatik açıqlamalarla əvəzlənməsi də nəzərdən qaçmır. Onun hayların baş diplomatının Ermənistanın “ABŞ ilə siyasi dialoqu siyasi müttəfiqlik səviyyəsinə qaldıracaqları” barədə sərsəm bəyanatına cavabı Bakıda maraqla qarşılanıb. Blinkenin Vaşinqton üçün bu məsələnin müzakirə mövzusu olmadığını birmənalı şəkildə vurğulaması İrəvanda şok effekti yaradıb.  
Beləliklə, Bayden adminstrasiyasının günahı ucbatından Azərbaycanla normal münasibətlərin pozulması ilə müşayiət olunan 4 il başa çatmaq üzrədir. Söhbət yalan, ikili yanaşma və səhvlərlə dolu son dörd ildən gedir. Doqquz gündən sonra Ağ Evə sahiblənəcək respublikaçı Donald Trampın demokrat sələfinin səhvlərini təkrarlamayacağına inanmaq istərdik. Azərbaycan ABŞ-dən, 2020-ci ilə qədər olduğu kimi, Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində, eləcə də yeni transmilli layihələrin reallaşmasında qarşılıqlı faydalı əməkdaşlığın bərpa olunacağını, bərabərhüquqlu partnyor kimi əməkdaşlıq gözləyir. Son vaxtlar müşahidə etdiyimiz mənzərə odur ki, Azərbaycan ictimaiyyəti birinci prezidentlik dönəminin son aylarında 44 günlük müharibədə Zəfərimizə şahidlik etmiş Trampın bu gün verdiyi aydın və birmənalı mesajların böyük əksəriyyətini qəbul edir. Məhz bu siyasi kontekstdən yanaşanda Azərbaycan–ABŞ əlaqələrinun uğurlu perspektivə yönələcəyinə, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına ümidlər kifayət qədər böyükdür. İndi bu münasibətlərin, reallığın diktə etdiyi kimi, iki ölkə arasında strateji müttəfiqlik səviyyəsinə qalxması üçün bütün şərtlərin yetişdiyini əminliklə deyə bilərik.

İmran BƏDİRXANLI 
XQ



Siyasət