II məqalə
Çağırışı uğura çevirmək
Prezident İlham Əliyevin liderlik fəaliyyətinin COP29 fraqmenti başlıca siyasi-diplomatik məqamı dövlət başçısının hər bir yeni situasiyada düzgün addımlar atması ilə bağlıdır. Dövlət başçımız yerli telelekanallara verdiyi müsahibədə vurğulamışdır ki, “...2023-cü ilin dekabrında, COP29-a evsahibliyi etmək imkanını əldə edən kimi bu mövzunun mahiyyəti ilə daha dərindən məşğul olmağa başladıq. Səmimi desəm, buna qədər biz prosesdə o qədər də fəal iştirak etmirdik... biz hazırlıq işlərinə başladıq və Qlobal Cənub çərçivəsində olduqca fəal iş apardıq... Biz dərhal iki istiqamətdə işə başladıq - hazırlıq və məzmun. Hər iki istiqamətdə çoxsaylı çətinliklər var idi, lakin yekun nəticə bunun uğur hekayəsi olduğunu sübut etdi. Hazırlıq bizim üçün böyük çağırış idi, çünki əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxtımız var idi. Biz stadion və onun ətrafında nəhəng qurğular inşa etməli idik – bu, 200 min kvadratmetrə yaxın qapalı məkan idi. Tədbirin təşkilatçılığı hər kəsdə məmnunluq doğurdu”.
Bununla aydın olur ki, COP29 təcrübəsini “Bakının nailiyyəti” hesab edənlər tam haqlıdırlar. Cənubi Qafqazın müstəqil bir dövləti qısa zamanda həm yeni qlobal xarakterli vəzifənin mahiyyətinə varmış, həm də onun həyata keçməsi üçün nəticəverici fəaliyyət istiqamətini düzgün müəyyən etmişdir. Onun ümumi aspektdə təməlində liderin realpolitika ilə idealpolitikanın başlıca xüsusiyyətlərini konkret situasiyada uyğunlaşdırmaq qabiliyyəti dayanır. COP29 istənilən postsovet məkanı ölkəsi üçün tam yeni siyasi, geosiyasi və elmi situasiyadır. Onun tələb etdiyi şərtləri öncələr bu məkan dövlətləri görməmişlər. Deməli, söhbət faktiki olaraq qlobal mahiyyəti olan elə yeni vəzifədən gedir ki, nəticəsi bütün dünyaya təsir edir. Buna görə də “Bakının nailiyyəti”, ilk növbədə, liderlik nümunəsinin ifadəsidir.
Bütövlükdə, çağırışı uğura çevirmək bacarığı Prezident İlham Əliyevin fəaliyyətinin mahiyyətinə aid olan reallıqdır. Bu baxımdan 2024-cü ildə başqa bir nümunəni də göstərmək olar. Həmin nümunə D8-ə Azərbaycanın üzvlüyüdür. Bu hadisənin siyasi-politoloji anlamı COP29-la prinsipial məqamlarda səsləşir.
D8-ə üzvlük
Azərbaycanın dövlət başçısı jurnalistin ölkəmizin D8-ə üzvlüyünün əhəmiyyəti ilə bağlı sualına dəqiq cavab vermişdir: “Bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Siz də yaxşı bilirsiniz ki, bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir”.
Bu fikirlərdən aydın görünür ki, Azərbaycanın D8-ə üzvlüyünün başlıca motivi ölkəmizin nüfuzunun müsəlman aləmində və bütövlükdə dünyada yüksəlməsi ilə əlaqəlidir. D8 nümunəsində də COP29-da vurğuladığımız məqam mövcuddur. Yəni D8-ə üzvlük prinsipial olaraq regionlararası miqyasda Azərbaycanın tamamilə yeni geosiyasi şərtlərlə işləməli olacağını əks etdirir. D8-in bu baxımdan COP29-dan geosiyasi və siyasi kontesktdə prinsipial fərqi vardır.
Hər şeydən öncə, COP tədbirləri bir ölkə üçün təşkiletmək baxımından daimi deyildir. Bundan baqşa, istənilən dövlət COP-dan çıxa bilər və ya onda passiv iştirakçı mövqeyinə keçər.
Eyni zamanda, COP BMT kimi beynəlxalq bir təşkilatın tədbiridir. Onun struktur və funksional özəllikləri həmin aspektdə daimi fəaliyyət göstərən hər hansı təşkilatın fəaliyyətindən fərqlənir.
D8 vurğulanan faktorlara görə COP-dan ciddi fərqlənir. D8 qarşısına konkret məqsəd qoymuş 8 dövlətin yaratdığı bir təşkilatdır. Onları birləşdirən məqam müsəlman ölkələri olmalarıdır. Bundan başqa, D8 dinamik inkişaf edən dövlətləri əhatə edir. Deməli, öncədən avtomatik belə bir şərt qoyulur ki, bu təşkilata elə müsəlman ölkəsi üzv ola bilər ki, müəyyən edilmiş tələblərə uyğun inkişaf dinamikasına və nüfuza sahib olsun. Həmin ölkə praktikada inkişafla beynəlxalq nüfuzunu yüksəltmək arasında real əlaqəni nümayiş etdirə bilsin.
Belə alınır ki, 30 illik fəaliyyətdən sonra D8-də Azərbaycanı öz sıralarına qatmağı uyğun görmüşlərsə, bu, ilk növbədə, dövlətimizin əldə etdiyi davamlı nailiyyətlərin dünyada etiraf edilməsi ilə bağlıdır. Məhz həmin səbəbdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın təşkilata üzv qəbul edilməsini bəyan edəndə, onu da vurğuladı ki,
“Azərbaycan D8-i gücləndirəcək”!
Bu cür ədalətli, nikbin və incə yanaşmaya Azərbaycan Prezidentinin münasibəti liderlik baxımından çox fəzilətlidir! Çünki İlham Əliyevin cavabında həm təşəkkür, həm də məsuliyyəti dərindən dərk etmək əlaməti özünü göstərmişdir. İlham Əliyev realpolitikanın prinsipinə uyğun gerçək situasiyanı dərindən bildiyini və eyni zamanda idealpolitikanın da mənəvi, əxlaqi, nəzəri və konseptual-ideoloji qaydalarını konstruktiv ruhda qəbul etdiyini göstərmişdir.
Azərbaycan Prezidenti həmin bağlılıqda demişdir: “D8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumdaxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin”.
Deməli, Azərbaycan rəhbərliyi D8-in nə dərəcədə potensiallı bir təşkilat olduğuna tam əmindir. Buna görə də Azərbaycan bu təşkilatda da fəal olacaq və öz töhfəsini verəcək.
İki nümunəyə bir yanaşma
COP və D8-in təşkilati prosessual vahidlər kimi fərqləri göz qabağındadır. COP-a üzvlük üçün dövlətin atmosferi nə dərəcədə çirkləndirməsinin əhəmiyyəti yoxdur – ən zərərli dövlətlə yanaşı, minimum zərər verən dövlət də ona üzv ola bilər. Sonra, COP-un institusional vahid kimi formalaşması D8 kimi təşkilatların institusionallaşmasından ciddi surətdə fərqlənir. Əgər COP başlıca olaraq bir problemə – iqlim dəyişikliyinə fokuslanmış tam açıq və mərkəzləşmiş institutları olmayan təşkilatdırsa, D8 bütövlükdə müasir mərhələdə dövlətlər qrupunun siyasi, geosiyasi, sosial, iqtisadi, mədəni, ekoloji və s. istiqamətlərdə inkişaflarını təmin etmənin dinamik formasıdır. Bununla bağlı Prezident İlham Əliyevin aşağıdakı qiymətləndirməsi prosesi adekvat müəyyən edir: “Əsas məsələ D8-in gələcək fəaliyyəti ilə bağlı olacaq. Əlbəttə ki, bizim öz fikirlərimiz, öz gündəliyimiz var. Biz üzv ölkələrlə daim təmasda olaraq öz təkliflərimizi verəcəyik. Düşünürəm ki, D8-in təşkilat olaraq daha böyük nüfuza malik olması məsələsi tam realdır. Hesab edirəm ki, bir halda, artıq genişlənməyə start verildi, bu, Azərbaycanla məhdudlaşmayacaq və ola bilsin ki, digər ölkələr dəvət ediləcək. Əlbəttə ki, bu məsələlərə konsensus əsasında baxılacaq”.
Vurğulanan müqayisələr prizmasında COP-la D8-i hansı politoloji xüsusiyyət birləşdirir? Bizcə, burada başlıca məqam dövlətin hər iki nümunəyə necə reaksiya verməsi ilə əlaqəlidir. Konkret olaraq, Azərbaycan rəhbərliyi COP və D8-ə çevik, siyasi-diplomatik tələblərin fonunda, hüquqi əsasda və konstruktiv ruhda reaksiya vermişdir! Məhz bu cür yanaşma həm bu iki nümunədə Azərbaycanın uğurlu olmasına əsas yaratmışdır, həm də hər iki prosesə öz töhfəsini vermək fürsətini meydana gətirmişdir.
Yeni dünya nizamının diktəsi
Azərbaycan rəhbərliyinin hər iki nümunəyə “fürsət” kimi yanaşmasının dərin siyasi və geosiyasi anlamı vardır. Burada İlham Əliyev dövlətimizin bütün dünyaya təsiri ola biləcək fəaliyyət səviyyəsinə keçmək üçün yaxşı bazanın yarandığını vurğulayır.
D8-in timsalında bu, iki aspekti daha çox qabardır. Onlardan biri İslam həmrəyliyinə töhfə iə bağlıdır. Digəri isə yeni dünya nizamının formalaşmasında D8-in mümkün iştirakı məsələsidir.
Hər iki istiqaməti İlham Əliyev eyni məntiq altında gözəl ifadə etmişdir. Dövlət başçısı vurğulamışdır ki, “bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik, bəlkə də o cümlədən buna görə D8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur. Əlbəttə, burada ölkəmizin həm iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü nəzərə alınıbdır. Bax, dediyim İslam həmrəyliyi ilə bağlı siyasətimiz nəzərə alınıbdır və eyni zamanda, bu təşkilat öz coğrafiyasını da genişləndirir. Artıq D8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq”.
Burada XXI əsrin zidddiyətli şərtləri daxilində realpolitika ilə idealpolitikanın sintezinin yeni çalarları öz əksini tapmışdır. Həmin çalarlar dövlətlər qrupunun qlobal miqyasda düzənin formalşmasına verə biləcəyi faydalarla bağlıdır. Bunun üçün rəsmi Bakı bütün tərəflərin qarşılıqlı faydalı əməkdaşlıq fəlsəfəsinə söykənməsi şərtini əsas hesab edir.
Buradan Azərbaycan Prezidenti ziddiyyətsiz məntiqlə yeni dünya nizamının formalaşması perspektivi məsələsinə keçid edir. İlham Əliyev deyir: “İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır...bu sistem artıq tükənib. Bunu mən demirəm. Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir”.
Fikirlərini inkişaf etdirərək Azərbaycanın dövlət başçısı yeni ciddi oyunçu kimi Türk Dövlətləri Təşkilatı (TDT) və D8-in adını çəkir. Bu da son dərəcə böyük siyasi mənası olan tezisdir.
(ardı var)
Füzuli Qurbanov,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru