Qazaxıstan mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

post-img

Qazaxıstan media resurslarında Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi bəyanatlar, o cümlədən Zəngəzur dəhlizini açmaq çağırışları və Fransanın İrəvana silah tədarükünün dayandırılması tələbləri işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, “Kazinform” beynəlxalq informasiya agentliyi Azərbaycan Prezidentinin Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyası üzrə planlaşdırılan növbəti danışıqlar raunduna dair sözlərindən sitat gətirib.

“Bu ay heç olmasa bizim təşəbbüsümüzlə Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının növbəti iclasının keçirilməsini təklif etdik”, - deyə İlham Əliyevin sözlərini diqqətə çatdırıb.

“Kazinform” Azərbaycan Prezidentinə istinadla xəbər verir ki, bu barədə Ermənistan tərəfinə müvafiq məlumat verilib və cavab olaraq onların tərəfindən xüsusi etiraz olmayıb.

“Ak Jayık” nəşri dövlət başçısına istinadən yazır ki, Ermənistanın silahlanması yalnız yeni gərginliyə səbəb olacaq. “Biz bunu istəmirik. Biz sülh istəyirik”, - deyə resurs Azərbaycan Prezidentinin sözlərini vurğulayır.

Bundan əlavə, Prezident İlham Əliyevin Ermənistanın əslində region üçün təhlükə mənbəyi olduğu və müstəqil Ermənistan dövlətinin mahiyyətcə faşist dövlət olduğuna dair dediyi sözlərindən sitat gətirilir.

“Arbatmedia.kz” yazır ki, dövlət başçısı Ermənistanın Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə rolunu oynamaqdan çəkinməli olduğunu bildirərək, Zəngəzur dəhlizini açmağa çağırıb. “Onlar bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”, - deyə sayt Azərbaycan Prezidentinin sözlərindən sitat verib.

Nəşr qeyd edir ki, İlham Əliyev Fransa və digər dövlətlərdən Ermənistana silah tədarükü ilə bağlı müqavilələri ləğv etməyi və artıq göndərilmiş silahları qaytarmağı tələb edib ki, bu da Azərbaycanın şərtidir.

“Ulysmedia.kz” Ermənistanın silahlanmasının yalnız regionda gərginliyin artmasına kömək etməsi, Bakının isə bundan çəkinməyə çalışması ilə bağlı Azərbaycan liderinin sözlərini çatdırır.

Resursda bildirilir ki, İlham Əliyev Ermənistan tərəfindən gələn faşizm təhlükəsinin yox olmamasını vurğulayaraq, onun məhv edilməsinin vacibliyini qeyd edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana







Siyasət