“Müxalifət gücsüzdür, onun ölkədə iğtişaşlar törətmək şansı yoxdur”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları etiraz aksiyalarında zorakılıq hərəkətləri edən, təxminən, 500 nəfəri zərərsizləşdirib. Müxalifət vəziyyəti gərginləşdirmək imkanlarını itirib: “Zorakılıq etmək üçün resurs olmayanda və insanlar mitinqlərə getmədikdə müxalifətin vəziyyəti gərginləşdirmək şansı yoxdur”.
Kobaxidze bildirib ki, Qərb tərəfdarlarının Gürcüstan parlamentini boykot etməsi gələn ilin fevralında başa çatacaq: “Bu, ölkədə vəziyyətin normallaşmasına gətirib çıxaracaq. Fevralda parlamentin yaz sessiyası açılanda müxalifət boykota son qoyaraq qanunverici orqanın işinə qoşulacaq.
Bununla bağlı, Baş nazir İrakli Kobaxidze bildirib ki, ölkədə parlament seçkilərindən sonra baryeri keçən 4 müxalifət partiyasından 3-ü dövlətin maliyyəsindən imtina etməyib və bununla da seçkilərin legitimliyini tanıyıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında isə qeyd olunur ki, 7 siyasi birlik dövlətdən maliyyələşmə hüququ əldə edib. Bunlardan yalnız “Dəyişiklik naminə Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” maliyyələşmədən imtina edib. İmtina müddəti dekabrın 26-da başa çatıb. “Seçki baryerini aşmış 4 partiyadan 3-ü– Qvaramiya partiyası istisna olmaqla– seçkinin nəticələrini tanıyıb. Siz seçkilərin nəticələrinə görə maliyyə alırsınız, bununla da seçkilərin legitimliyini tanıyırsınız”,– Kobaxidze deyib. Deməli, 3 partiyanın parlamentin yaz sessiyasında iştirakı gözləniləndir.
Baş nazir növbəti seçkilərin 2028-ci il oktyabrın 28-də, yəni 4 ildən sonra keçiriləcəyini vurğulayıb: “Bu gün Rustaveli prospektində 1000 nəfər belə toplaşmır. Müxalifətin resursları sıfırdır. Ona görə də onların növbədənkənar seçkilərlə bağlı danışması, 4 il əvvəl olduğu kimi, əbəsdir. Dörd il əvvəl onlar təhdid edirdilər. Öz tərəfdarlarına söz verirdilər ki, mütləq növbədənkənar seçki olacaq. 4 siyasi partiyaya rəhbərlik edən siyasətçilər öz tərəfdarlarına yalan danışırdılar ki, mütləq növbədənkənar seçki olacaq, lakin bu, növbədənkənar seçki deyil, 2024-cü ilin oktyabrında keçirilən adi seçki idi. Növbəti seçkinin vaxtı artıq bəllidir, 4 ildən sonra keçiriləcək. Hər kəsə buradan 2028-ci il parlament seçkilərinə hazırlığa başlamağı məsləhət görərdim. Bundan əvvəl, təxminən, 10 aydan sonra yerli hakimiyyət orqanlarına seçkilər də keçiriləcək. Burada da yenə nəsə edəcəklər, amma tam fiaskoya uğrayacaqlar. Bu radikal müxalifətin zəifləməsi iqtidar partiyası olaraq təkcə subyektiv yox, ölkə üçün də yaxşıdır. Gələn il şəhər şuralarında nə qədər az yer tutsalar, bir o qədər yaxşıdır. Radikal müxalifət nümayəndələri 2028-ci il parlament seçkilərində nə qədər az mandat alsalar, bir o qədər yaxşıdır”.
Dekabrın 29-da səlahiyyət müddəti başa çatacaq prezident Salome Zurabişvilinin əməllərindən danışan Baş nazir bildirib ki, radikalların çağırışlarına baxmayaraq, səlahiyyətlərin ötürülməsi prosesi sülh yolu ilə baş tutacaq: “Prezident kreslosunu boşaltmaqdan imtina etmək cinayət törətmək deməkdir və uzun illər həbs cəzası ilə nəticələnəcək. Onu iqamətgahdan zorla çıxarıb islah müəssisəsinə köçürsək, bu, çox pis mənzərə olacaq”.
Kobaxidze daha sonra bildirib: “Düşünürəm ki, bu halda Salome Zurabişvili müdrik davranacaq. Bu, partiya ofisi deyil, Gürcüstan Prezidentinin iqamətgahıdır, ona görə də orada ssenari üzrə oynamaq təkcə Salome Zurabişvilinin deyil, həm də bu ssenariyə qoşulacaq hər hansı bir şəxsin uzun illər həbs cəzası ilə nəticələnən cinayət törətməsi deməkdir.
Onu 3 ildən 15 ilədək həbs gözləyir. Düşünürəm ki, ilk növbədə, Zurabişvili nə özünü həbsxanaya salacaq, nə də özü ilə birlikdə 100–150 nəfəri qurban verəcək. Ona görə də belə əsassız ssenarinin baş tutacağını gözləmirəm. Zurabişviliyə və digər aidiyyəti şəxslərə xəbərdarlıq etmək bizim borcumuzdur”.
Kobaxidzenin sözlərinə görə, hakimiyyətin vəzifəsi cinayətin qarşısını almaqdır, ona görə də Zurabişviliyə xəbərdarlıq edir. O əlavə edib ki, eks-prezident hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa, qorxulu heç nə baş verməyəcək və ölkəmiz üçün heç bir sarsıntı olmayacaq.
Qeyd edək ki, müxalifət Zurabişviliyə səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayından çıxmamağı təklif etmişdi. Zurabişvili isə hakim “Gürcü Arzusu” Partiyasının yeni parlament seçkisi ilə bağlı müxalifətlə razılıq əldə etməyəcəyi halda, “rejimi devirməklə” hədələmişdi.
Xatırladaq ki, bundan əvvəl Tbilisi meri Kaxa Kaladze izah etmişdi ki, Qərb Gürcüstana marağını ölkə hakimiyyətinin Ukrayna ssenarisində iştirak etməkdən və onun göstərişlərinə əməl etməkdən imtina etməsi səbəbindən itirib. Onun sözlərinə görə, ölkəyə böyük təzyiqlər olub ki, hakimiyyət öz xalqının deyil, başqa ölkələrin maraqlarından çıxış etsin: “Bu alınmadı. Zurabişviliyə ümidlər isə özünü doğrultmayacaq”.
P.ƏFƏNDİYEV
XQ