“Böyük manipulyator”

post-img

Mark Endeveld

(əvvəli https://xalqqazeti.az/az/siyaset/207212-boyuk-manipulyator

İki Aleksandr

Fransa prezidentinin təyyarəsi Əlcəzairin hava limanında yerə enir. Aerobus sürətini azaldır, aerodromla yavaş-yavaş irəliləyib, nəhayət, dayanır. Aşağıda Əlcəzairin məmurları, o cümlədən Baş nazir Əhməd Uyahya qırmızı xalçanın qarşısında dayanıb Emmanuel Makronu qarşılamağa hazırlaşırlar. Amma dəqiqələr keçir, təyyarədən heç kim çıxmır. Fransa prezidenti tələsmir. Əlcəzairin rəsmi nümayəndələrinin sifətində səbirsizlik və narahatlıq oxunur. Çünki Makronun 2017-ci il 6 dekabr tarixində Əlcəzairə etdiyi rəsmi səfər cəmi-cümlətəni 24 saat davam edəcək. Bu möhtərəm qonağın vaxtı çox məhduddur. Nəhayət, xeyli keçəndən sonra Fransanın prezidenti, onun ardınca Fransız nümayəndəliyinin üzvləri təyyarədən çıxıb, körpü-pilləkənlərlə yavaş-yavaş aşağı enirlər. Bu gəlişin ab-havası əvvəlki Fransa prezidentlərinin bura səfərindən tamamilə fərqlənəcək. Əlcəzairin hökumət nümayəndələri ilə görüşdən sonra Makron saat 14:00-da Fransa səfirliyində iki ölkənin 20-yə yaxın yazıçısı, ziyalısı, iş adamları və kommersiya liderləri, eləcə də QHT rəhbərləri ilə nahar edir. Masanın ətrafında Bualem Sansal və Kamel Daud kimi adlı-sanlı yazıçılar, eləcə də milyarder Ksaviye Niel kimi şəxsiyyət var. Fransanın Xarici İşlər naziri Jan-Yv Lö Drian, Daxili İşlər naziri Jerard Kollomb və İctimai hesablar komitəsinin sədri Jerald Darmanan da prezidenti müşayiət edirlər...

Səfirliyin divarları arasında gözəl atmosfer və yaxşı əhval ruhiyyə var. Prezident hamı ilə həvəslə söhbət edir və qonaqlarla selfi çəkdirir. Nahar məclisi o qədər maraqlıdır, prezidentin başı söhbətlərə elə qarışıb ki, köməkçisi bir neçə dəfə ona yaxınlaşıb xəbərdarlıq edir, artıq getmək lazımdır. Çünki günortadan sonra Əlcəzairin 80 yaşlı prezidenti Əbdüləziz Buteflika paytaxtdan bir neçə kilometr aralıda yerləşən Zeralda iqamətgahında onu qəbul etməlidir. Ancaq Makron tələsmir, əksinə, xoşuna gəlir ki, onu gözləsinlər. Prezidentlə söhbətə gecikməyinə baxmayaraq, o, Əlcəzair paytaxtının küçələrində əhali ilə planlaşdırılan görüşdən imtina eləmir və kameraların qarşısında izdihamın içində camaatla söhbət edib, onlarla şəkillər çəkdirir. Fransanın vaxtilə Əlcəzairi müstəmləkə etməsi barədə ona sual verən bir gəncə Makron ötkəm bir tonla cavab verir: “nə mənim beynimi xarab eliyirsiz? Siz də, sizin nəsliniz də gələcəyə baxmalısınız”. 

Bu kiçik cümlə dərhal Fransanın və Əlcəzairin mediasında böyük əks-səda verir.

Əvvəlcə, Əlcəzair tərəfi ümid edirdi ki, bu dövlət səfəri iki gün çəkəcək. Üstəlik, birinci xanım Brijit Makron da bu səfərdə iştirak etməliydi. Ancaq bu rəsmi səfərdən bir neçə həftə əvvəl Malidəki terrorizm məsələləri ilə bağlı Əlcəzairlə Paris arasında mübahisə düşdü. Ona görə də səfərin müddəti iki gündən iyirmi dörd saata endirildi. Səfərdən bir neçə saat əvvəl Əlcəzair tərəfi cəhd etdi ki, bəzi fransız jurnalistlərinin vizalarını bloka salsınlar. Ancaq buna müvəffəq ola bilmədilər. İki “dost” dövlətin arasındakı münasibətə bax da... – bilmirsən güləsən, ya ağlayasan... “Heç nəyi şişirtmək lazım deyil... belə şeylər tez-tez olur”, – deyə fransız diplomatlarından biri aranı sakitləşdirməyə çalışır. Ola bilər, amma onu da unutmaq lazım deyil ki, bir neçə ay əvvəl, 2017-ci ilin iyununda əlcəzairlilər Parislə onların çoxdankı rəqibi Mərakeş arasındakı “isti” münasibəti həzm edə bilməmişdilər. Belə ki, Fransa prezidenti Makron Mərakeş kralının “xüsusi dəvətinə” müsbət cavab vermişdi. Yelisey sarayının mətbuat xidməti Əlcəzair tərəfin “könlünü almaq” üçün belə bir xəbər yaymışdı ki, bu çox “qısa formatda” olan bir səfərdir: “prezident Makron və xanımı Brijit kral ailəsi birlikdə Ramazan ayının son günündəki iftar yeməyində iştirak edəcək – vəssalam”.

Əlcəzairdə protokolu pozaraq özünü belə “kobud” aparmaqda Makronun bir məqsədi var: Onlara özünün kim olduğunu bildirsin. Göstərsin ki, burda şef kimdir! Xaricdə, xüsusilə də Əlcəzairdə özünü belə aparmaq, iki ölkə arasında dinc münasibətlər yaratmağın, bəlkə də, ən yaxşı yolu deyil. Bundan başqa, əlcəzairlilər on il əvvəl, 2007-ci ilin dekabrında Nikola Sarkozinin ölkələrinə rəsmi səfərini hələ də nifrətlə yad edirlər. O səfərlə bağlı acı xatirələr hələ də unudulmayıb. 

Belə ki, o vaxt Raşida Dati, Fadel Amara, Smain və Didier Barbelivien (?) kimi adamların müşayiəti ilə Əlcəzairə səfərə gələn yeni seçilmiş prezident Sarkozi protokola o qədər də diqqət etməmişdi. Ona görə də Əbdüləziz Butefl ika Sarkozinin beş illik hakimiyyəti dövründə onun bu hərəkətinə görə Fransa prezidentinə qarşı kin saxlayacaq. O vaxt Nikola Sarkozini ən çox Əlcəzairin iki düşməni – Müəmmər Qəddafi və Mərakeş kralı Məhəmməd VI maraqlandırırdı. Onu da qeyd edək ki, Fransa ilə onun vaxtilə müstəmləkəsi olan Əlcəzair arasındakı münasibətlər heç vaxt sadə olmayıb... 

Bu dəfə əlcəzairlilər Fransua Hollandın hakimiyyəti dövründə olduğu kimi Fransadan qisas almaq istəyirlər. Makron sosialist prezidentin (Holland) keçmiş əməkdaşı deyilmi? 2017-ci ilin mayında Əlcəzairin nazirlərindən biri demişdi ki: “bunun (Makron) ipinin üstünə odun yığmaq olar”. Əlcəzair çoxdandır Fransanın keçmiş İqtisadiyyat naziri (Makron) ilə maraqlanır. 2015-ci ilin sonunda Əlcəzairin yüksək rütbəli məxfi xidmət generalı “Mahfud” təxəllüslü Nurəddin Mekri İqtisadiyyat naziri Makronun çox gizli şəkildə prezident seçkilərinə hazırlaşdığını sezmişdi. O vaxt əlcəzairlilər prezidentliyə namizədliklərini irəli sürən iki nəfərlə daha çox maraqlanırdılar: Alan Jüppe və Emmanuel Makron. 

Bəs 2017-ci ilin dekabrında, cəmisi iyirmi dörd saatlıq Əlcəzair torpağına ayaq basan Fransa prezidenti bu ölkənin rəhbəri Əbdüləziz Buteflika ilə görüşməyində nə məqsəd güdür? Bu qısa səfər zamanı Emmanuel Makron vaxtının çox məhdud olmasına baxmayaraq, Əbdüləziz Buteflikanın qardaşı və məsləhətçisi, rejimin güclü simalarından biri olan Səid Buteflika ilə də görüşür. Protokol rəhbəri daş atıb başını tutsa da, özünü hamının gözünə soxmağı sevən Emmanuel Makron fikrindən dönmür. 

Qardaşlarla görüşdən sonra Makron əylənməyə gedir. Axşam saat 19:00-a yaxın Fransa nümayəndə heyəti ­Əlcəzair paytaxtının Əl-Biar adlanan hissəsində yerləşən, Zeytun Villası adlanan səfirliyə qayıdır. Fransa səfirliyinin geniş 
həyətində qurulan böyük bir çadırın altına, xüsusi dəvət olunmuş 500-ə yaxın qonaq – əlcəzairlilər, fransızlar, franko-əlcəzairlilər, siyasi və iqtisadi xadimlər, eləcə də incəsənət adamları yığışıb. 

Bu bayram tədbirini təşkil edən Fransanın Əlcəzairdəki səfiri Ksaviye Driankurt adlı diplomatdır. Fransa Milli Administrasiya məktəbinin məzunu, Xarici İşlər Nazirliyində Alan Jüppenin müşaviri olan bu adam, Nikola Sarkozinin hakimiyyəti dövründə də bu vəzifədə işləmişdi. 2014-2017-ci illərdə Əlcəzairdə səfir olan təcrübəli diplomat Bernard Emie də vaxtilə Baş nazir Alan Jüppenin, sonra da prezident Jak Şirakın müşaviri olmuşdu. Şimali Afrika və Yaxın Şərq üzrə yüksək mütəxəssis olan bu şəxs, Əlcəzairdə xeyli əlaqə qurmuşdu. Məhz elə buna görə də Makron prezident seçiləndən az sonra onu Fransanın Xarici Kəşfiyyat Xidmətinin (DGSE) rəisi təyin etdi. Bernard Emienin bu çox həssas vəzifəyə rəhbər seçilməsini, prezidentə Fransua Hollandın hakimiyyəti dövründə təhlükəsizlik xidmətinin rəhbəri olan Bernard Bajolet tövsiyə etmişdi. Bu adam həm də Hollandın dostu idi. Ksaviye Driankurt və Bernard Emie bir-birlərinə yaxşı münasibət bəsləyirlər və hər ikisi Əlcəzairi əlinin içi kimi tanıyır. Təbii ki, bu iki nəfərin yaxın münasibətdə olması ümumi iş üçün faydalı ola bilər, həm də ki “ailənin” sirri “evdən” bayıra çıxmaz... 

... Diplomatlarla xarici kəşfiyyat casusları arasındakı bu qəribə yaxınlıq iki ölkə arasındakı gərgin münasibətə yaxşı işarədir.

(ardı var)

 

Siyasət