Paşinyanın bildirdikləri və bildirmədikləri
SSRİ dövründən qalma xəritələrdən imtina dövlətçilikdən və müstəqillikdən imtina deməkdir. Bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində paylaşıb.
N.Paşinyan ölkəsinin Azərbaycanla sərhədlərinin müəyyənləşməsində sabiq Sovet İttifaqı xəritələrinin əsas götürülməsinin yolverilməzliyinə dair tezisləri şərh edib. Yəni, onun paylaşımının məqsədi bu olub. Nikolu haqlı saymaq olar. O anlamda ki, həqiqətən keçmiş SSRİ dövrü xəritələrindən imtina Ermənistan adlı dövlətin yoxluğu anlamını verəcək. Ancaq bir məsələ var.
Ermənistan otuz ilə yaxın müddətdə həmin xəritələri heçə sayaraq ölkəmizin ərazilərini işğalda saxlayıb. Hər halda, Paşinyan keçmişi kənara qoya bilməz. Deyə bilməz ki, hadisələr onun hakimiyyəti illərində yaşanmayıb. Eyni zamanda, ona görə deyə bilməz ki, o, özü də Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə şərik olduğunu təsdiqləyib. Söhbət Paşinyanın 2019-cu ildə verdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatından gedir. Hər sözə, hər fikrə görə isə cavabdehlik mütləqdir. Əgər bu şəxs dövlət və hökumət başçısıdırsa, deməli, cavabdehliyi birə-beş artır. Bu mənada Paşinyan məsuliyyətini dərk etməli və bilməlidir ki, Qarabağla bağlı danışıqlar prosesini pozduğuna, 44 günlük müharibəyə səbəb olmuş bəyanatına görə cavab verməlidir. Müharibə uşaq oyuncağı deyil. Burada udan tərəf olduğu kimi, uduzan tərəf də var. Ermənistan savaş məğlubudur və məğlubiyyət yeni reallıqlar formalaşdırıb. Necə deyərlər, hər keçi öz ayağından asılmalıdır.
O boyda qanlı-qadalı olaylara baiskar ol, axırda da özünü elə apar ki, sanki, heç nə baş verməyib. Bu, əsla mümkün deyil. Paşinyan anlamalıdır ki, Ermənistan həm məğlubiyyətin, həm otuz ilə yaxın müddətdə davam etmiş işğalçılığın, həm müharibədən sonrakı destruktiv addımların hesabını ödəməlidir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın mahiyyətində də bu dayanır. Paşinyan isə müsahibələrinin birində demişdi ki, sözügedən bəyanat Ermənistana məğlub, Azərbaycana qalib tərəf kimi yanaşmaq üçün əsas vermir. Məsələyə sonda qayıdacağıq. Hələlik isə...
***
Əlqərəz, Ermənistan sabiq SSRİ dövrünün xəritələrini heçə saydığı üçün hazırkı acınacaqlı durumdadır. Ölkə həmin xəritələrə ciddi yanaşsaydı, 1918-ci ildə vəlvələdən, yaxud zəlzələdən əldə etdiyi dövlətçiliyin, Sovet İttifaqı dövründə formal da olsa saxladığı idarəçilik quruluşunun mirasına sahib çıxar, kifayətlənər, əlavə iddialara düşməzdi.
Əslində, indiki durumda müharibə qalibi olan Azərbaycan Ermənistana münasibətdə humanist davranır. Yəni, əzəli torpaqları hesabına formalaşmış dövlətin varlığını sürdürməsinə imkan tanıyır. Nəzərə alaq ki, 44 günlük müharibədən sonra Ermənistana sülh əlini uzadan məhz Azərbaycan olmuşdu. Lakin hadisələrin axarı göstərmişdi və bu gün də göstərir ki, qarşı tərəf sülhdən, barış mühitindən uzaqdır və niyyətini sərsəm əməlləri ilə ortaya qoyur, çeşidli manipulyasiyalara əl atır. Məsələyə bir qədər geniş anlamda yanaşsaq, N.Paşinyanın hazırda diqqətə çatdırdıqları da manipulyasiyadır. Elə isə onun nə dediyinə bir qədər ətraflı nəzər salaq.
***
Bəli, Ermənistanda bildirilir ki, Azərbaycanla delimitasiya və demarkasiya prosesində mövcud olmayan bir ölkənin, yəni SSRİ-nin xəritələrinə istinad yolverilməzdir. Paşinyan isə vurğulayır: “Açığını deməliyəm ki, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir. Çünki SSRİ-nin xəritələrindən imtina dövlətçilikdən və müstəqillikdən imtina demək ola bilər. Biz Sovet Ermənistanı ərazisində müstəqillik əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sadiq qalmaq mühüm təhlükəsizlik buferidir. Mən dəfələrlə ictimai çıxışlarda demişəm ki, əgər özümüz beynəlxalq səviyyədə tanınmış ərazimizi dəqiq tanımırıqsa, başqalarına bizə istinad etməklə onu tanımamağa imkan veririk. Beynəlxalq səviyyədə tanınmış ərazimizi tam olaraq tanımamaqla, öz qapılarımızı başqalarının üzünə açırıq”.
Ölkəsinin Tavuş vilayətinin Kirants kəndi ərazisində Ermənistanla Azərbaycan sərhədinin demarkasiyası və bu istiqamətdə Ermənistanın suveren ərazisinin güzəştə gedilməsi xüsusundakı ittihamlar barədə danışan Paşinyan həmin ərazidə sərhəd respublikalarının fiksasiyası istiqamətində mühüm addımın atıldığını bildirib: “Biz öz qapılarımızı, dövlətimizin sərhədini, dövlətimizin astanasını bərkitmişik və mən bunu uğur hekayəsi, sıçrayış hesab edirəm. Kirantsa gedin və bu uğuru öz gözlərinizlə görəcəksiniz”.
***
Qeyd edək ki, hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin yalnız 12 kilometrlik hissəsində dəqiqləşmə aparılıb. Paşinyanın uğur kimi qiymətləndirdiyi məhz budur. Digər hissələrdə isə vəziyyət əvvəllərdə olduğu kimidir, hələlik hansısa irəliləyiş yoxdur. Sözügedən Tavuş vilayətinin Kirants kəndi ilə bağlı delimitasiya işinə gəldikdə, məsələ bu gün də Ermənistanda aqressiv tonda qarşılanır, elə təqdim edilir ki, guya, İrəvan Bakıya güzəştə gedib. Ən pisi isə budur ki, Paşinyan iqtidarı qətiyyət göstərib belə mənfi meyillərin qarşısına çıxmır, əvəzində sülhdən yayınır. Sülhdən yayınma isə sərhədin digər hissələrinin müəyyənləşməsi prosesini dalana dirəyir.
Ümumən, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasında keçmiş SSRİ dövrünün xəritələrinə istinad mövzusu indinin söhbəti deyil. Məsələ bir neçə ildir gündəmdədir. Bu məsələdə rəsmi İrəvanın 1991-ci ilin Alma-Ata Bəyannaməsini ehkamlaşdırdığını görmüşük. Paşinyan hakimiyyəti, eyni zamanda, sabiq SSRİ Baş Qərargahının 1975-ci ildən sonrakı xəritələrinin əsas götürülməli olduğuna dair tezislər də tirajlayıb.
***
Deməli, hazırda sərhədlərin müəyyənləşdirilməsi prosesində keçmiş SSRİ dövrünün xəritələrindən imtinanın yolverilməzliyindən söz açan Paşinyan hansı hədəfə vurduğunu yaxşı bilir. O, bəlkə özü də fərqinə varmadan erməni dövlətinin mövcud olmadığı reallığını diqqətə çatdırır. Ancaq digər vacib məqam da var.
Bir halda ki, SSRİ dövrünün xəritələri əsas götürülür, o zaman məsələyə kompleks yanaşılmalıdır. Keçmiş müttəfiq respublikalar kimi, Azərbaycanın və Ermənistanın SSRİ-yə qoşularkən, malik olduqları ərazilər üzərində dayanılmalıdır. Yəni, bilavasitə 1991-ci ilin Alma-Ata Bəyannaməsinə istinad düzgün deyil. Çünki sözügedən sənədə görə, Sovet İttifaqına daxil olan respublikalar bir-birinin ərazi bütövlüklərini və suverenliklərini İttifaqdan ayrılarkən malik olduqları ərazilər daxilində tanıyırdılar. Ermənistanın bu prinsipə məhəl qoymayıb işğalçılıq siyasəti yürütdüyünü kənara qoyuruq. Çünki məsələ barədə söz açdıq. Burada bir başlıca məqam var və həmin məqama söykənərək, ərazi ilə bağlı durumda SSRİ-yə qoşulmanın nəzərə alınmasının vacibliyi amilinə aydınlıq gətirəcəyik.
***
Məlum olduğu kimi, SSRİ dövründə Azərbaycan SSR-in ərazilərindən Ermənistan SSR-ə bəxşişlər verilmişdi. Erməni millətçiləri və sabiq SSRİ rəhbərliyindəki ermənipərəstlər Azərbaycanın satqınları ilə birləşərək, çox böyük qanunsuzlara imza atmışdılar. Mövcud məqamı Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də qabartmışdı. Dövlətimizin başçısı bildirmişdi ki, Ermənistanın 1970-ci illərin xəritələrini əsas götürməsinin nə metodoloji, nə də siyasi anlamı var. Prezident Əliyev siyasi əsaslarla istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrü, ya da sovetləşmə dövrünü götürməyi irəli sürmüşdü: “Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin, bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.
Dövlətimizin başçısı sözügedən müsahibəsində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini, daha da azğınlaşdığını və 1920-ci ilin sovetləşməsindən sonra Qərbi Zəngəzurun böyük hissəsinin Azərbaycandan qoparıldığını, həmin ərazinin XX əsrin əvvəlinin xəritələrində əksini tapdığını, belə torpaq hədiyyələrinin illər keçdikcə davam etdiyini, sonuncu xoşagəlməz halın isə 1969-cu ilin mayında qeydə alındığını diqqətə çatdırmışdı. Ölkəmizin lideri, həmçinin bildirmişdi ki, 1969-cu ilədək torpaqlarımızın hissə-hissə Ermənistana verilməsi nəticəsində ərazilərimiz “100 min kvadratkilometrdən – mən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini nəzərdə tuturam – 86,6 min kvadratkilometrə düşdü”.
Bütün bunlar öz yerində. 1929-cu ildə Azərbaycan SSR-in torpaqları hesabına Ermənistan SSR tərkibində Mehri rayonu yaradılıb. Görəsən, Paşinyan SSRİ xəritələrinə istinadın vacibliyindən söz açarkən, bunu nəzərə alırmı? Bu rayon sovetləşmədən doqquz il, SSRİ-nin formalaşdırılmasından isə beş il sonra yaradılmışdı. Prezident İlham Əliyev müsahibəsində sırf bu məqama toxunmasa da, ancaq onun Naxçıvana yol kontekstində Mehri marşrutunun səmərəliliyindən söz açdığını, hələ Sovetlər Birliyi zamanında həmin ərazidən dəmir yolu xəttinin keçdiyini diqqətə çatdırdığını yada salmalıyıq.
***
Keçək əvvəldə haqqında söz açdığımız məsuliyyət məsələsinə. Söhbət 44 günlük müharibə məğlubu kimi Ermənistanın üzərinə düşən məsuliyyətdən və öhdəlikdən gedir. Hər keçinin öz ayağından asılmalı olduğunu da vurğuladıq. Onu da dedik ki, hazırkı Ermənistan vəlvələdən, yaxud zəlzələdən mövcud olmuş dövlətdir, böyük ölçüdə yanaşsaq, tarixi səhvin, xəyanətin nəticəsidir.
Azərbaycan dövləti soydaşlarımızın hazırkı Ermənistan ərazisində yaşamalarının vacibliyini prioritet seçsə də və ümumən Qərbi Azərbaycana qayıdış konsepsiyası dinc məqsədli olsa da, digər prinsipial məqamlar da var. Prinsipial məqam haqqında söz açdığımız Mehri marşrutudur. Yəni, Naxçıvana yoldur. O yol ki, rəsmi Bakı onun maneəsizliyi məntiqini irəli sürür, heç bir gömrük və sərhəd nəzarəti olmadan açılmasını zəruri sayır.
Deməli, mövcud xüsusda Paşinyanın, yaxud digər erməni rəsmisinin SSRİ dövrü xəritələrinə istinadı yolverilməzdir. Çünki Ermənistan hakimiyyəti tərəfindən əsas götürülən həmin xəritələrin hansı yolla ərsəyə gəldiyini xatırlatdıq. Paşinyan hakimiyyətində bunu dərk etmək, müharibə məğlubu statusu ilə barışmaq istəyən yoxdursa, xəritə anlayışı da olmayacaq. Bu anlayışsız Ermənistanın mövcud olmadığını isə biz demədik, Nikolun özü bildirdi.
Ə.CAHANGİROĞLU
XQ