Azərbaycan–ABŞ: Təəssüfdən nikbinliyə

post-img

Prezident İlham Əliyevin Prezident Donald Trampa telefon zənginə sözardı

“Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq.

Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”. Bu fikirləri Prezident İlham Əliyev 2024-cü il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirmişdi.

Deməli, ölkəmiz lap əvvəldən cənab Trampın siyasətinə dəstəyini ifadə etmiş, dövlətimizin başçısı bu dəstəyi, eyni zamanda, Azərbaycan xalqının mövqeyi kimi səciyyələndirmişdi. Xalqımızın ona rəğbətini şərtləndirən amillərdən söz açarkən isə ilk yada düşən amil Trampın cəmiyyəti sarsıdan neqativ hallara qarşı sərt münasibətidir. Nəzərə alaq ki, bu münasibət dünyanın ənənəvi dəyərlərini qorumaq motivləri ilə də silahlanıb. Yəni, Tramp təhlükəsiz dünya uğrunda mübarizə aparan liderlərdəndir. Zaman göstərir ki, belə güclü liderlərə son dərəcə böyük ehtiyac var.

Məlum olduğu kimi, Prezident İlham Əliyev noyabrın 25-də ABŞ Prezidenti Donald Trampa zəng edib. Birləşmiş Ştatların dövlət başçısı postuna yenidən seçilməsi münasibəti ilə həmkarına təbriklərini çatdıran cənab İlham Əliyev seçkilərdə inamlı qələbənin Amerika xalqının Trampın yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsi olduğunu bildirib. Hesab edirik ki, ölkəmizin liderinin telefon zəngi zamanı vurğuladığı ən mühüm məqam isə budur: ABŞ-nin yeni Prezidentinin fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaqdır.

Tramp dövlət başçısı kimi vəzifələrinin icrasına 2025-ci il yanvarın 20-də başlayacaq. Hələlik isə fəaliyyətdə olan Prezident Cozef Baydendir. O da məlumdur ki, Baydenin dövlət başçısı kimi gördüyü iş dünyanı təhlükələrlə üz-üzə qoyub. Heç şübhəsiz, Prezident İlham Əliyevin vurğuladığı da elə budur. Dövlətimizin başçısının bildirdikləri həm də, bütövlükdə, dünyanın Trampdan gözləntisidir. Çünki Baydenin yarıtmaz fəaliyyəti fonunda Rusiya – Ukrayna müharibəsi hazırda, az qala, Üçüncü dünya müharibəsi riskini yaradıb.

Əlbəttə, Qərb və NATO bloku keçmiş SSRİ-nin süqutundan sonra Rusiyanı çökdürmək üçün müxtəlif vasitələrə əl atmaqdadır. Ümumən, vaxtilə keçmiş SSRİ-ni dizə gətirmək naminə gerçəkləşdirilən fəaliyyətin ötən əsrin 90-cı illərinin sonlarına doğru özünü daha qabarıq formada göstərməyə başladığı məlumdur. Lakin Qərb illər ərzində Rusiyaya münasibətdə ehtiyatlılığını da əldən verməmiş, birbaşa ziddiyyətlərdən uzaq durmuş, naşı davranmamışdı.

Ancaq qoca Bayden ehtiyat filan nəzərə almadı. Nəticədə Ukrayna ilə Rusiya arasında müharibəyə səbəb olmuş kəskin vəziyyət formalaşdı, ən əsası isə bu durumda Avropa da təmsil olundu. Hazırda anti-Rusiya köklənişi fonunda dünyanın Birləşmiş Ştatlardan narazı qütblərinin, bir növ, konsolidasiyası getməkdədir ki, barəsində söz açdığımız Üçüncü dünya müharibəsi riski də məhz bununla əlaqədardır. Belə bir risk şəraitində yaşadığımız Cənubi Qafqaz siyasi platformasının da təbəddülatlar meydanına çevrilməsi ehtimalı aktuallaşmaqdadır. Nəzərə alaq ki, regionda Qərbin sataliti olan Ermənistan sürətlə silahlanmaqda, sülhdən yayınmaqdadır...

Telefon zəngi zamanı birinci prezidentliyi dövründə D.Trampın Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəliyə doğru aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu da bildirib. D. Tramp isə öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O, həmçinin ölkələrimiz arasında əməkdaşlığın inkişafı məqsədilə birgə səylərlə çalışmağın vacibliyini də qeyd edib.

Bəli, D.Trampın birinci Prezidentliyi dönəmində Azərbaycan – ABŞ əlaqələri son dərəcə dinamik struktura malik olmuşdu. Ölkəmiz buna böyük dəyər verməkdədir. Bu dəyər Prezident İlham Əliyevin D.Trampa dövlət başçısı seçilməsi münasibəti ilə noyabrın 6-da ünvanladığı təbrik məktubunda da əksini tapmışdı. Məktubda, ilk növbədə, Azərbaycanın Birləşmiş Ştatlar ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyi vurğulanmışdı. Hesab edirik ki, bu məqam üzərində dayanmağa ehtiyac var. Məsələ ondadır ki, Baydenin prezidentliyi dönəmində bu sahədə neqativ tendensiya qeydə alınmışdı. Prezident İlham Əliyev həmin tendensiyanın formalaşmasında ölkəmizin heç bir mənfi rolunun olmadığını qabardır və Bakının Vaşinqtonla əməkdaşlıq xəttinə daim sadiq qaldığını önə çəkir.

Onu da bildirək ki, Bayden Administrasiya ermənipərəstləri ölkəmizə qarşı qaldırmaqdan, müxtəlif siyasi spekulyasiyalara yol verməkdən, riyakarlıqdan başqa heç nə etmədi. Birləşmiş Ştatlardakı anti-Azərbaycan ritorikası sərhəd tanımadı, bütün əndazələri aşdı. Bayden ABŞ kimi dövləti o günə qoydu ki, ölkə təsir rıçaqları ilə deyil, hədə-qorxu dili ilə danışdı və bu, onun əzəmətini sarsıtdı. Nəzərə alaq ki, hərbə-zorbalıq ritorikası, mənasız, məntiqsiz müdaxilə cəhdləri siyasi səriştənin qısırlığından irəli gələn əlamətdir. Ona görə də Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda bunu da demişdi: “Biz hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq. Bu, birtərəfli yanaşmadır. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür”.

Dövlətimizin başçısı sözügedən forumdakı çıxışında Bayden Administrasiyasının Azərbaycana yaraşmaz tərzdə münasibətinin ayrı-ayrı detalları üzərində də dayanmışdı. “Həmin o müxtəlif bəyanatlarda bizə qarşı istifadə edilən terminlər, yəni, “Azərbaycanla bundan sonra əlaqələr əvvəlki kimi ola bilməz”, belə bir bəyanat verdilər, amma nə oldu? Yenidən adi qaydada əlaqələrə qayıtdıq. Yəni, biz həmin o şişirdilmiş gözləntiləri təmin etmək üçün heç bir şey etmədik, heç bir addım atmadıq”, – deyən dövlətimizin başçısı, eyni zamanda, bildirmişdi ki, Trampın prezidentliyi dövründə ölkəmizin Vaşinqtonla çox səmərəli əməkdaşlığı olub, bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi.

D.Trampın birinci prezidentliyi dönəmində ABŞ–Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, qarşılıqlı əməkdaşlığın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırmışdı. Prezident İlham Əliyevin ona təbrik məktubunda da bu məqam vurğulanır: “Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim”.

Bəli, Azərbaycan Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığı bütün sahələrdə, o cümlədən, siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, “yaşıl” və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindədir ki, bu məqam dövlətimizin başçısının cənab Trampa ünvanladığı məktubda da əksini tapmış, onun yeni prezidentliyi dönəmində Bakı ilə Vaşinqton arasında münasibətlərin daha da möhkəmlənəcəyinə, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə inam ifadə olunmuş, habelə bildirilmişdi ki, Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Əlbəttə, Trapmın birinci prezidentliyi zamanında ABŞ-nin Azərbaycana münasibətində müsbət meyillərdən çox danışmaq mümkün olduğu kimi, Baydenin dönəmində qeydə alınmış neqativ tendensiyanın da ən müxtəlif cəhətlərinə nəzər salmaq mümkündür. Ancaq başqa detalları yada salmaq niyyətindən uzağıq. Həm də ona görə ki, keçmişi bir kənara qoyub gələcəyə baxırıq. Gələcəkdən söz düşmüşkən isə yazımızı Prezident İlham Əliyevin Trampa təbrik məktubunda vurğulanmış bir nikbin məqamı diqqətə çatdırmaqla bitirmək istərdik: “Əminəm ki, Azərbaycan – ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Ə.RÜSTƏMOV
XQ



Siyasət