Beynəlxalq ictimaiyyət ölkəmizin evsahibliyi etdiyi COP29 konfransını iqlim dəyişikliyinə qarşı mübarizə mövzusunda keçirilən önəmli bir tədbir kimi yüksək dəyərləndirdi. Bu sammit Azərbaycanın beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirmək yolunda tarixi bir addım oldu. Bakı dünyanın ən mürəkkəb problemlərinin müzakirə olunduğu bir məkana çevrildi. Yekun olaraq Azərbaycan yaşıl sivilizasiyaya geniş qapı açdı.
200-dən çox ölkənin nümayəndə heyətinin, 150-dən çox dövlət və hökumət başçısının iştirak etdiyi COP29-un paytaxt Bakıda keçirilməsi yalnız ekoloji deyil, həm də geosiyasi baxımdan mühüm bir hadisəyə çevrildi. Bu tədbir Azərbaycanın qlobal diplomatiyada artan rolunu, getdikcə güclənən nüfuzunu göstərdi, ölkəmizin regiondakı mövqeyini daha da möhkəmlətdi.
44 günlük Vətən müharibəsindən 4 il sonra ölkəmizdə hər günü ciddi bir əsər olan COP 29 yaşandı. Dövlətimizin əzəmətini, iradəsini, xalqımızın Vətən sevgisini, qonaqpərvərliyini bir başqa biçimdə dünyaya təqdim edən COP29 pavilyonlarında cərəyan edən hadisələr hər kəsin diqqətini çəkdi.
Artıq tarixə çevrilən COP29-un açılış mərasimindən tutmuş bağlanışına qədər hər gün zəngin qrafiklə müşaiyət olundu. İntensiv danışıqlar və diplomatik səylər nəticəsində konfrans iştirakçıları arasında ümumi razılığın əldə olunması, bəşəri dəyərlərə töhfə olmaqla yanaşı, dünyanı düşündürən məsələlərin gündəmə gətirilməsi ilə yadda qaldı. Tərəflərin etibarlı və şəffaf karbon bazarları üçün standartlar barədə razılığa gəlmələri, dünya liderlərinin inkişaf etməkdə olan ölkələrə resursların yönləndirilməsini asanlaşdırmaq, sərhədlərarası əməkdaşlıq yolu ilə milli iqlim planlarının təbliğini uzlaşdırmaq kimi ciddi, eyni zamanda, məsuliyyətli vəzifəyə həssaslıqla yanaşmaları COP29-da qaldırılan məsələlərin tarixi əhəmiyyətini elə ilk günlərdən sübut etdi.
Dünya liderlərinin iki gün davam edən iqlim fəaliyyəti ilə bağlı sammiti də tarixi əhəmiyyəti ilə yadda qaldı. Dövlət və hökumət başçıları, vitse-prezindentlər Paris sammiti çərçivəsində görülən işlər, atılan addımlar barədə bəyanatla çıxış etdilər. 70 mindən çox nümayəndənin iştirak etdiyi Bakı iqlim konfransı dünyanı narahat edən ekoloji problemlərin həlli yollarının müəyyənləşməsinə təkan verəcək nüfuzlu tədbir olduğunu təsdiqlədi. Çoxşaxəli və istiqamətli bankların aşağı və orta gəlirli ölkələrə 2030-cu ilə qədər 120 milyard dollar vəsait ayırmağı öhdələrinə götürmələri də sammitin yadda qalan məqamlarından oldu.
İtki və Zərər Fonduna dünyanın inkişaf etmiş ölkələri tərəfindən yardımın ayrılması, nəzərdə tutulan məbləğin elan edilməsi, bu məsələ ilə bağlı sazişin imzalanması ciddi məsələlərdən biri kimi diqqət çəkdi. COP29-un metan sammitində tullantılardan yaranan emissiyaların azaldılmasının siyasətçilər tərəfindən müzakirəsi dünyanı düşündürən problemlərdən idi. Tədbir çərçivəsində ABŞ, Çin və Avropa Birliyinin bu sahədə mühüm öhdəlikləri diqqət çəkdi. Liderlərin kiçik ada dövlətləri üçün dəstək layihəsini gündəmə gətirmələri, iqlim maliyyələşdirilməsinin əlçatanlığı ilə bağlı qarşıda duran vəzifələrin müzakirəsi, COP29 çərçivəsində inkişaf etməkdə olan dövlətlərin rəsmilərinin qaldırdıqları problemlərə diqqətlə yanaşılması ümumbəşəri prinsiplərə verilən töhfələr sırasına yazıldı.
İqlim və səhiyyə davamlılığı komissiyası, Ümumdünya Səhiyyə Təşkilatı və COP29-dan COP 30-a qədərki prezidentliklərin nümayəndələri iqlim məsələlərinə səhiyyənin inteqrasiyasını təsdiqləyən koalisiyasını təqdim etməklə bu həssas məsələnin ciddiliyini bir daha önə çəkdilər. İkiillik şəffaflıq hesabatları mövzusunda təşkil edilən sessiyada Azərbaycan, Andorra, Yaponiya və digər ölkələr hesabatların erkən təqdim olunacağını bəyan etməklə kifayətlənmədilər, şəffaflığın mühüm əhəmiyyətini vurğuladılar. Sammit çərçivəsində ayrıca Maliyyə, İnvestisiya və Ticarət Gününün keçirilməsi, bu sahədə özəl sektorun yerinin xüsusi olaraq vurğulanması diqqətçəkən məsələlərdən idi.
10 milyondan çox aktiv idarə edən investor qruplarının özəl kapitalın iqlim bazarlarına yönləndirilməsinə dəstəyi öz üzərinə götürmələri, Asiya İnkişaf Bankının buzlaqların qorunması məqsədilə ayırdığı vəsaitin ciddi bir məbləğ olmaqla yanaşı, bu həssas məsələyə diqqət çəkməsi, Azərbaycan banklarının “yaşıl” dünya və Kanadanın iqlim adaptasiyası üçün xeyli vəsait ayırması faktı da ölkəmizdə keçirilən COP29-un tarixi əhəmiyyətini bir daha göz önündə sərgilədi.
Bakı iqlim maliyyəsi təşəbbüsünün COP29 rəhbərliyinin maliyyə, ticarət və investisiyanın iqlim gündəminin mərkəzində yer alması bu təşəbbüsün tarixi əhəmiyyətini sübut etdi. Sammit çərçivəsində Enerji, Sülh, Yardım və Bərpa Gününün seçilməsi ilə enerji öhdəliklərinin diqqətə çatdırılması, öhdəliklərin müəyyənləşdirilməsi, enerji saxlama, şəbəkələr, bərpa olunan enerji zonaları, hidrogenlə bağlı yeni təşəbbüslərin elan edilməsi, hidrogen layihələri, maliyyə inkişafı institutları, inkişaf etməkdə olan ölkələrə bu istiqamətdə dəstəyin verilməsi ilə bağlı məsələlərin müzakirəsi, Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində isə bu istiqamətdə qarşıda duran vəzifələrin müzakirəyə cəlb olunması Bakı sammitinin tarixi əhəmiyyətini bir daha diqqətə çatdırdı.
50-dən çox ölkənin iştirakı ilə gəmiçilikdə emissiyaların müzakirəsi də diqqətçəkən faktlar sırasında yer aldı. Təmiz qidalanma, təmiz enerji mənbələrinin yaranması üçün vəsaitin ayrılması, sülh və iqlim təşəbbüsü çərçivəsində 192 dövlətin COP atəşkəs çağırışına dəstək verməsi Bakı sülh və bərpa çağırışının zamanın tələbi olduğunu təsdiq etdi. Sammit çərçivəsində elm, texnologiya, innovasiya və rəqəmsallaşma kimi ciddi istiqamətlərin müzakirəsi, 90-dan çox hökumətin, mindən çox rəqəmsal texnologiya təşkilatının iqlim dayanıqlığını gücləndirmək üçün rəqəmsal alətlərdən istifadəni dəstəkləməsi, “COP29 Yaşıl Rəqəmsal Bəyannaməsi”nin imzalaması mühüm tarixi hadisəyə çevrildi.
COP29-un onuncu günü kənd təsərrüfatının inkişafı, təbii məhsulların istehsalı məsələləri təhlil edildi, qarşıda duran vəzifələrin həlli yolları ilə bağlı fikir mübadiləsi aparıldı, ekoloji problemlərin, qaz emissiyalarının, iqlim dəyişikliyinin bu sahədə əldə olunan naliyyətlərə mənfi təsirləri diqqətə çatdırıldı. Eyni zamanda, ekoloji fəlakətlər, ərzaq qıtlığı, su çatışmazlığı kimi məsələlərlə üz-üzə qalan bəşəriyyətin nicatının dünya dövlətlərinin birgə töhfəsindən asılı olduğu sübuta yetirildi.
COP-29-un on birinci gününün biomüxtəliflik mövzusu ilə açılması bu sahənin mütəxəssislərinin maraqlı, həm də yaddaqalan çıxışları ilə müşayiət olunması onun məna tutumunu bir qədər də artırdı. Biomüxtəlifliklə bağlı məsələlərin bütün parametrləri ilə müzakirə olunduğu paneldə iqlim dəyişikliyində qadın liderlərin rolunun gündəmə gətirilməsi, iqlim problemlərinin həllində sadiq qızlar nəslinin yetişdirilməsi kimi prioritetlərin diqqətə çatdırılması Ana təbiətə, Anaların verə biləcəkləri töhfələrin daha çox ola biləcəyini təsdiqlədi. İqlim problemlərinin həllində uşaqların, yeniyetmələrin, gənclərin, liderlərin, qadınların, qeyri-hökumət təşkilatlarının rolu kimi ciddi məsələlərin diqqətə çatdırılması, müzakirəyə çıxarılması Bakı sammitinin tarixi əhəmiyyətini dünyaya bir daha nümayiş etdirdi. Plastik tullantıların effektiv idarə edilməsi, çətinlikləri, bu çətinlikləri anlamaq və imkanları kəşf etmək mövzusunun müzakirəsi, okeanlarda, dənizlərdə tullantıların mövcudluğu, onun sualtı biomüxtəlifliyə mənfi təsirləri kimi faktların qarşısının alınması istiqamətində görüləcək işlərə həsr olunan layihələrin dəstəklənməsi, okeanlarda və dənizlərdə plastik tullantıların qab şəklində istehsalının aradan qaldırılması, əsasən gəmi və qayıqlar, neft, qaz və mazut tullantıların vasitəsilə onların çirkləndirilməsi problemlərinin aradan qaldırılması, qarışısının alınması, suyun təmizlənərək yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi kimi həlli vacib məsələlərin elmi aspektlərinin müzakirəsi maraq doğuran faktlardan idi. Şərqi və Qərbi Afrikada, isti ölkələrdə qida təhlükəsizliyi, qida problemləri, su ehtiyatlarının mənbələrinin tapılması, yaradılması, bunun üçün generasiya üsulunun tətbiqi kimi məsələlərin ciddi maliyyə imkanlarına ehtiyac olduğunu bir daha sübut etdi.
COP29-da müzakirəyə çıxarılan məsələlər barədə daha geniş danışmaq olar. Lakin onu qeyd edə bilərəm ki, bir sıra məsələlərin əhatəli şəkildə araşdırılmasına, gündəliyə salınmasına baxmayaraq, diqqətçəkən bəzi problemlərin çoxluğu, tədbirə evsahibliyi edən ölkəmizin tərəflərə yaratdığı əlverişli şərait COP29-un fəaliyyət müddətinin bir gün də artırılmasını gündəmə gətirdi. Beləliklə, 12 günlük müzakirələr sübut etdi ki, yüz illərdir müstəmləkəyə çevrilən, qayğılar içərisində üzülən ölkələrin sayı heç də az deyil. Məsələn, ayrı-ayrı panellərdə, iclaslarda afrikalı nümayəndələrin iqlim dəyişikliyi ilə bağlı fikirlərinin dinlənilməsi, onlara liderlik xüsusiyyətlərinin aşılaması kimi məsələlərin müzakirə edilməsi COP29-un yadda qalan günlərindən idi. Gündəlikdən kənar nəzərdə tutulan 12-ci günün qrafiki, ziyarətçilərinin sayının çoxluğu, müzakirə olunan məsələlərin əhəmiyyəti isə belə tədbirlərə sıx şəkildə ehtiyac olduğunu diqqətə çatdırdı.
BMT-nin Baş Katibi Antonyo Quterreşin Bakıdan, Xəzərin sahilindən üzünü dünyaya tutaraq “İndi mümkün kompromis sahələri tapmaq vacibdir!” nidası ilə çağırış etməsi, ədalətdən uzaq Qərb dövlətlərinə – BMT-nin qurucularının bəzilərinin üzünə dəyən sərt “Osmanlı tokatı” oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 4 qətnaməsi 30 il icra olunmayan, işğalçı ölkə silahlı qüvvələri tərəfindən daşı daş üstə qalmayan Qarabağın, Şərqi Zəngəzurun yer üzündən silinməsinə ikili standartları sərgiləyən, demokratik dəyərlərdən, humanist prinsiplərdən danışanlar Azərbaycanın ləyaqətlə ev sahibliyi etdiyi iqlim konfransında dövlət başçıları səviyyəsində təmsil olunmadılar. Bu tədbirin bizdən çox onlara, bütün dünyaya, bəşəriyyətə aid olunduğunu unutdular.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli lider obrazı ilə bütün dünyaya bir daha sübut etdi ki, burada, Güney Qafqazda bir qüdrətli ölkə, dövlət, əzəmətli xalq var. Ona inanmaq, ona arxalanmaq, ona bioresurslarına görə deyil, qüdrətli şəxsiyyətlərinə, fikir və düşüncə sahiblərinə, ümumbəşəri dəyərlər xəzinəsinə min illərdir töhfələr verən mütəfəkkir alimlərinə, xeyirxahlığı, yaxşılığı, mərhəməti, məhəbbəti, multikultural dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, açıq süfrəsi, geniş qəlbi ilə dünya insanına örnək olan xalqına görə dəyər vermək gərəkdir!
Hər hansı bir dövlətin, dövlət başçısının tədbirdə iştirakından asılı olmayaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfər Konfransının 29-cu sessiyasının – COP 29-un bağlanış mərasimi, imzalanan qərarlar, iştirakçı dövlətlərin iradəsini ifadə edən, tərəfləri razı salan maliyyə sənədi – Bəyənnamə bəşəriyyətin taleyi, gələcəyi naminə ciddi rəsmi sənəd kimi tarixə yazıldı. Bununla da Azərbaycanın təkcə Güney Qafqazın deyil, dünyanın qüdrətli dövlətlərindən biri olduğu sübuta yetirildi.
Cəlil XƏLİLOV,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik