Qarabağın “erməni mədəni mirası”na təcavüz ritorikasının məqsədləri
Sən demə, “Monumentwatch.org” adlı bir sayt var imiş və bu sayt “Artsax”ın mədəni irsinin monitorinqini aparırmış. Əvvəla, onu deyək ki, belə bir saytın yaradılması və fəaliyyət göstərməsi birbaşa rəsmi İrəvanın təşəbbüsüdür. Doğrudur, elektron resursda onun Ermənistan dövlətinə bağlılığına dair hansısa qeyd yer almasa da, partnyor təşkilatlar sırasında ölkənin ayrı-ayrı dövlət müəssisələrinin, o cümlədən, elmlər akademiyasına bağlı qurumların yer almaları bunu söyləməyə əsas verir. Digər yandan, baş nazir Nikol Paşinyan administrasiyasının Qarabağın erməni mirası məsələsində başlatdığı kampaniyanın mövcudluğundan xəbərdarıq. Həmin kampaniya çərçivəsində ölkəmizə qarşı hədyanların yağdırılmasından da həmçinin.
Bəli, Ermənistanda “Monumentwatch.org” adlı “Artsax”ın mədəni irsinin monitorinqini apardığını bəyan edən, ingilis, rus və erməni dillərində fəaliyyət göstərən elektron resurs varsa və o, qarşısına Qarabağın abidələrindəki hansısa dəyişiklikləri və ya onların dağıdılması hallarını qeydə almağı məqsəd qoyubsa, deməli, necə deyərlər, torbada pişik var. İndi, obrazlı desək, o pişik Xankəndidəki memorial kompleksdir. O kompleks ki, onun “Artsax”ın “qəhrəmanlarının” şərəfinə ucaldıldığı haqqında yaramaz balladalar qoşulur.
“Monumentwatch.org”da yazılıb ki, 2024-cü ilin noyabrında sosial şəbəkələrin Azərbaycan seqmentində “Stepanakert memorial kompleksi”ndə müxtəlif istifadəçilər tərəfindən lentə alınan videolar yayılıb. Videolarda kompleksin zədələndiyi görünməsə də, bununla bağlı çağırışlar ifadəsini tapır və sən demə, belə çağırışlar təhlükəli imiş. Sayt onu da yazıb ki, 2024-cü il noyabrın 17-də dözümsüzlük və aqressiv təqdimatlı teleqram kanallarından birində ermənilərin qanunsuz tikililərinin dağıdılması məsələsi açıq şəkildə müzakirə olunub.
Sayt bir sıra başqa məqamların üzərində də dayanıb ki, onları diqqətə çatdırmağa ehtiyac duymuruq. Çünki bildirilənlər əvvəlki sərsəmləmələrin davamıdır. Bir daha vurğulayaq ki, Ermənistan hakimiyyətinə yaxın dairələr Qarabağın mədəni mirası məsələsini həmişə diqqətdə saxlamağa və bununla anti-Azərbaycan təbliğatına xüsusi görkəm qazandırmağa çalışırlar. Bu onların 44 günlük müharibədən və lokal xarakterli antiterror tədbirlərindən sonra yeritdikləri mənfur kursun mühüm tərkib hissəsidir.
Ermənistan hakimiyyəti bir yandan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edir, digər tərəfdən isə bu sayaq cəfəng məsələlər qaldırır. Heç şübhəsiz, “Monumentwatch.org” saytı kimi bir elektron resursun meydana çıxması və fəaliyyəti də avantürist niyyətlərin gerçəkləşdirilməsinə xidmətdir. Nəzərə alaq ki, sözügedən saytda Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdəki ayrı-ayrı abidələrin foto görüntüləri yer alır, onlar erməni mirası kimi təqdim edilir.
Qeyd edək ki, bu təqdimatlarda çox sadə məntiq var. Fikrimizə aydınlıq gətirmək üçün Ermənistan hakimiyyətinin beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddiaların məzmununa nəzər salaq. Təsəvvür edin, həmin iddiaların birində Ağdamdakı abidənin erməni mədəni irs nümunəsi kimi təsdiqlənməsi tələb olunur. Təxminən belə: torpaq Azərbaycanındır, ancaq torpağın üzərində yerləşən tikili erməni abidəsidir. Ermənistan hakimiyyəti məsələnin hüquqi təsdiqinə nail olmaqla gələcək üçün zəmin formalaşdırır.
Deməli plan belədir ki, nə vaxtsa Ermənistan güclənəcək və Azərbaycana qarşı ərazi iddiası irəli sürəcək və o zaman məsələn, Ağdamdakı abidənin beynəlxalq məhkəmələr tərəfində erməni abidəsi olaraq təsdiqlənməsi əsas götürüləcək. Yəni, bildiriləcək ki, abidə ermənilərindirsə, həmin abidənin yerləşdiyi torpaq da onlarındır. Hazırda “Monumentwatch.org” saytı da məhz bu məqsədlə ortaya atılıb.
O ki qaldı, bilavasitə Azərbaycan hakimiyyəti tərəfindən Qarabağın erməni mirasının dağıdılması məsələsinə, Xankəndidə ucaldılmış qondarma mahiyyətli abidə miras statusunda ola bilməz. Çünki onun inşasına 2015-ci ildə başlanılıb, bunun üçün xərc çəkilib və sair. Beynəlxalq hüquqa əsasən torpağın sahibi olan Azərbaycan isə heç kəsdən ərazisində nəyinsə inşasını xahiş etməmişdi. Odur ki, istəyinə uyğun şəkildə hansısa tikilini sökə bilər. Yeri gəlmişkən, qondarma “Artsax Respublikasının” “parlament” binası eyni aqibəti yaşadı. Digərləri də yaşayacaq və burada mədəni irsə təcavüzdən söhbət belə gedə bilməz.
Bir məqamı vurğulayaq. Əslində, Ermənistan hakimiyyətinin məqsədi heç də hansısa abidəni qorumaq deyil. Erməni varlığı üçün mirasa hörmət anlayışı, qətiyyən, yoxdur. Əgər olsaydı, işğalçılıq edib mədəniyyət nümunələrimizə, dini məbədlərimizə münasibətdə vandal münasibət göstərməzdi. Erməni varlığı, əksinə, Qarabağdakı abidələrin dağıdılmasını istəyir. “Monumentwatch.org” Xankəndidəki memorial kompleks barədə söz açmaqla və onunla bağlı “Artsax qəhrəmanları” ritorikasını gündəmə gətirməklə qıcıq doğurmaq niyyəti güdür. Erməni düşüncə sistemi, bir növ, həmin kompleksin dağıdıla biləcəyini yada salır.
Sonda onu da deyək ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin bölgədən çıxarılmasını həyata keçirməklə erməni avantürizmi üçün niskil ritorikasını əsas götürdüyü kimi, abidələrə təcavüz cəfəngiyyatını da həmin ritorikanın tərkib hissəsi olaraq təsəvvürə gətirir və təbliğ edir. Azərbaycanın yurisdiksiyasında yaşayan ermənilər anlayışı yoxdursa, ölkəmizin ərazisində olan erməni abidələri, daha doğrusu, erməni abidələri kimi təqdim olunan tikililər də olmamalıdır.
Ə.CAHANGİROĞLU
XQ