ATACMS – Baydenin sonuncu “gülləsi”

post-img

Qərb – Rusiya ziddiyyətlərində növbəti mərhələ

Hazırda dünyanı düşündürən məsələlərdən biri də ABŞ-nin fəaliyyətdə olan Prezidenti Co Baydenin Ukraynanın Rusiyaya qarşı ATACMS uzaqmənzilli raketlərinin istifadəsinə icazə verməsinə dair qərarıdır. Bu qərar, faktiki olaraq, ikincinin daxilindəki hədəflərin də vurulması anlamına gəlir. Belə hal yaşansa, şübhəsiz, Rusiya cavab tədbirləri görəcək və həmin tədbirlərin nə ilə nəticələnəcəyini təxmin etmək çox çətindir. Hər halda, dünyanın daha böyük təhlükəyə girəcəyini söyləmək mümkündür. Söhbətimiz bu barədədir. Ancaq əvvəlcə bir məqama diqqət yetirək.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın seçkiöncəsi açıqlamaları onu deməyə əsas verirdi ki, o, Rusiya ilə Ukrayna arasındakı müharibəni dayandırmağa köklənib. Yəqin elə buna görədir ki, jurnalistlər ATACMS raketləri ilə bağlı məsələyə Trampın keçid komandasının üzvlərinin münasibət bildirməsinə maraq göstəriblər. Məsələn, CNN bunun üçün ABŞ-nin yeni seçilmiş prezidentinin kommunikasiyalar üzrə direktoru Stiven Çunqu danışdırıb.

Böyük anlamda götürsək, S.Çunq duruma şərh verməkdən boyun qaçırıb. O, Trampın seçkiqabağı kampaniyası zamanı hər iki tərəfi sülh danışıqları aparmağa və müharibəni dayandırmağa razı salacaq yeganə şəxs olduğunu dilə gətirməsini xatırladıb. Çunq, həmçinin, Bayden Administrasiyasının Trampa və ya onun nümayəndələrinə Rusiya – Ukrayna müharibəsində ciddi nəticələrə səbəb ola biləcək qərarlar barədə əvvəlcədən məlumat verib-vermədiyi barədə sualı da cavablandırmayıb.

Hazırda cərəyan edən proseslər ABŞ başda olmaqla, kollektiv Qərbin Rusiya-Ukrayna müharibəsinin başa çatmasında maraqlı olmadığının təsdiqidir. Nəzərə alaq ki, ATACMS raketləri məsələsinin gündəmə gəlməsi adi qarşılana bilməz. Əvvəldə də bildirdik ki, həmin raketlərdən istifadə təqdirində Rusiyanın cavab tədbirlərinin olacağı şübhəsizdir. Bu tədbirlərin vəziyyəti daha da çıxılmaza salacağı durumunda isə Trampın verdiyi vəd əhəmiyyətini itirə bilər. Belə qənaətə gəlmək mümkündür ki, hazırkı Ağ ev Administrasiyası yeni dövlət başçısı üçün indidən problem yaratmaqla məşğuldur. Görünür, qoca Bayden getməzdən əvvəl sonuncu gülləsini – ATACMS-ni atmaq fikrindədir.

Bəli, Baydenin ATACMS uzaqmənzilli raketlərinin Rusiya ərazisində istifadəsinə icazə verməsi rəsmi Vaşinqton üçün tamam fərqli perspektiv açır. Bu perspektiv Birləşmiş Ştatları, faktiki olaraq, müharibə iştirakçısına çevirir. Əlbəttə, vəziyyəti savaşda iştirakçılığı yeni müstəviyə daşımaq kimi də qiymətləndirmək mümkündür.

Hər bir halda, durum Rusiya ilə ABŞ arasındakı gərginliyi əhəmiyyətli dərəcədə şiddətləndirəcək. Bəs Rusiya ATACMS hücumlarına cavab olaraq nə edə bilər? Əlbəttə, ilk növbədə ağla gələn ölkənin Ukrayna ərazisində yeni, əvvəlkilərdən daha geniş miqyaslı əməliyyatlara başlaması ehtimalıdır. Nəzərə alaq ki, belə bir ehtimal reallaşsa, Moskvanın hədəfi yalnız Ukrayna olmayacaq. Yəni, cavab tədbirlərinin NATO ölkələrinin infrastukturuna da təsirsiz ötüşməyəcəyi barədə düşünməyə dəyər. “Yaralı ayı”nın önünə keçən hər şeyi darmadağın etmək xarakterinin olduğunu hər kəs yaxşı bilir.

Qeyd edək ki, Fransanın “Le Figaro” nəşri Fransa və Böyük Britaniyanın da Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verdiyi barədə məlumat yaymışdı. Sonradan həmin məlumat xəbər lentindən silinsə də, aktuallığını saxladı. Çünki orada bildirilirdi ki, Parisin və Londonun “SCALP” və “Storm Shadow” raketləri ilə Rusiyaya hücumlara razılığı olub.

Yeri gəlmişkən, Almaniyanın yüksək təsnifatlı yeni super silahının uğurlu sınaqdan sonra artıq Ukraynanın şərqində real şəraitdə istifadə olunduğuna dair məlumat da yayılıb. Məlumatda bildirilib ki, həmin silahın kütləvi şəkildə Ukraynaya çatdırılmasına dekabrda başlanılacaq. Söhbət dronlardan gedir. Almaniyanın “Bild” nəşri öyrənib ki, alman süni intellekt şirkəti “Helsing” 2024-cü ilin sentyabrında Ukrayna Müdafiə Nazirliyi ilə 4000 ədəd “hücum dronları”nın tədarükü üçün müqavilə imzalayıb. Müqavilə üzrə maliyyələşməni Almaniya federal hökuməti həyata keçirir.

Maraqlı məqam ondadır ki, sözügedən dronlar insan tərəfindən idarə olunan kamikadzelər yox, süni intellektə malik yüksək texnologiyalı təyyarələrdir. Onlar ərazini özü öyrənir, hədəf yerini müəyyənləşdirərkən minlərlə işarədən istifadə edir. Almaniyanın müdafiə naziri Boris Pistorius isə məsələ ilə bağlı bunları deyib: “Mən çox şadam ki, (Ukraynaya – red.) süni intellektli hücum dronlarının çatdırılmasına başlanılır. Bu silahlar Ukrayna silahlı qüvvələrinin komanda məntəqələri və ya logistika obyektləri kimi Rusiyanın yüksək prioritetli hərbi obyektlərinə zərbələr endirməsinə imkan verəcək”.

Nəhayət, ABŞ başda olmaqla kollektiv Qərbin Ukrayna müharibəsi fonunda anti-Rusiya köklənişinin gücləndiyini görürük. Bu, Qərbin savaşa müdaxiləsinin genişlənməsi anlamına gələn durum formalaşdırır. Müvafiq olaraq, Rusiya ilə qarşıdurmanın dərinləşməsi ehtimalını xeyli gücləndirir. Hərçənd, başlıca məqsədin Moskvanı, necə deyərlər, diz çökdürmək olduğu aydındır. Bəs, bu nə dərəcədə realdır? Yəni, demək olarmı ki, Kreml mövqeyindən geri duracaq?

Məsələ ondadır ki, Qərb, o cümlədən, ABŞ 2022-ci ildən başlayaraq, Ukraynanı ən müasir silahlarla təmin etməkdədir. Ancaq yekun nəticə etibarilə bunun heç nəyə yaramadığı aşkar görünməkdədir. Deməli, indi ATACMS raketlərinin istifadəsi Ukraynaya müəyyən hərbi üstünlük qazandıra bilər. Amma bu, heç də o demək deyil ki, müharibədə hansısa köklü dəyişiklik olacaq. Alınmayacaq, əvəzində dağıntılar, insan tələfatları artacaq, barış mühitinin formalaşması bir qədər də çətinləşəcək. Üstəlik, ümumən beynəlxalq münasibətlər sistemində də təbəddülatlar güclənəcək.

Ə.RÜSTƏMOV
XQ

Siyasət