Bir telefon zənginin əks-sədası

post-img

Rəsmi İrəvan Trampın hakimiyyətə qayıdışından məyus olanlar sırasındadır

Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 16-da ABŞ-nin seçilmiş prezidenti Donald Trampa zəng etməsi birmənalı qarşılanmır. Məsələ ondadır ki, Tramp hələ 2025-ci il yanvarın 20-də inauqurasiya mərasimi keçirildikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq. O, hələlik daxili məsələlərlə, o cümlədən kadr məsələləri ilə məşğuldur. Hazırda gələcək hökumətdə mühüm vəzifələri kimlərin tutacağını müəyyənləşdirir.

İndiyədək D.Tramp ABŞ-nin bütün sahələr, o cümlədən təhlükəsizlik və kəşfiyyat sahəsi üzrə on illərdir mühüm strateji tərəfdaşı olan İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu, həmçinin Almaniyanın Federal Kansleri Olaf Şoltzla telefonla danışıb. Onun digər dünya liderləri ilə telefon əlaqəsi saxlamasına dair məlumat yoxdur. Belə bir məqamda Paşinyanın Trampa zəng etməsi onun seçkiqabağı dövrdə Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəkləməsi ilə bağlı ola bilər. Məsələ ondadır ki, demokratlar “erməni məsələsi”nə hər zaman xüsusi həssaslıqla yanaşıblar. Bu yanaşmanın kökləri hələ 1913-1921-ci illərdə ABŞ Prezidenti olmuş demokrat Vudro Vilsonun zamanına gedib çıxır. Onun siyasətini davam etdirən demokratların təmsilçisi Co Bayden açıq ermənipərəst siyasət aparırdı. Doğrudur, 1915-ci ilin aprelində Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı “soyqırımı” sözünü işlədən ilk ABŞ Prezidenti respublikaçı Ronald Reyqan olub. O, 1981-ci il aprelin 22-də qondarma olaylarla bağlı müraciətində “soyqırımı” sözünü işlədib. Amma bu da Ağ evin nitq yazıları şöbəsinin rəhbəri Ken Xaçikyanın sayəsində mümkün olmuşdu. Reyqanın məşhur çıxışını da erməni miqrantlarının nəslindən olan kaliforniyalı Xaçikyan yazmışdır. Reyqanın çıxışından 30 il sonra – 2021-ci ilin aprelində qondarma hadisələrlə bağlı “soyqırımı” sözünü işlədən məhz C.Bayden olmuşdur.

2018-ci ildə milyarder Corc Sorosun əli ilə Ermənistanda hakimiyyətə yiyələnmiş Nikol Paşinyan da təbii olaraq, Qərblə, xüsusilə ABŞ ilə çox yaxın münasibətlər qurmağa çalışırdı. Bayden Administrasiyası isə birmənalı şəkildə ermənipərəst mövqe tutmaqda idi. Vaşinqton Cənubi Qafqaz siyasətini məhz Ermənistan üzərindən reallaşdırmağa çalışırdı. Baydenin dövründə Ağ ev Ermənistana həm hərbi, həm də siyasi dəstək verməklə diqqəti çəkirdi. Rəsmi İrəvan isə Ağ evə güvənərək, sülh prosesindən uzaqlaşmağa da cəsarət edirdi. ABŞ-nin kobud müdaxiləsi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında ən ciddi əngəlləyici faktorlardan sayılırdı. İrəvan sülh sazişinin imzalanmasını mümkün qədər uzatmaqla, ABŞ-nin, bütövlükdə, Qərbin dəstəyini alaraq, Azərbaycana qarşı revanşist niyyətlər güdürdü. Başqa sözlə, ABŞ, Avropa İttifaqı və xüsusilə, Fransanın yardımları ilə Cənubi Qafqazda geopolitik şərtləri özünün xeyrinə dəyişə biləcəyinə böyük ümidlər bəsləyirdi. Sırf bu hədəflərinə çatmaq üçün Ermənistan ABŞ başda olmaqla, Qərbdən gələn bütün təlimatları qeyd-şərtsiz icra edirdi.

Ermənistanın “Past” qəzetinin yazdığına görə, seçkidən əvvəl ABŞ-dəki bəzi dairələr Ermənistan hakimiyyəti qarşısında keçirilən sorğuların və aparılan təhlillərin nəticəsini qoyublar. Onlar Paşinyanı inandırmağa çalışıblar ki, demokratların namizədi Kamala Harris qalib gələcək: “Onlar Ermənistan hakimiyyətini inandırıblar ki, Trampın şansları aşağıdır, demokratların daha çox imkanları var. Nəticədə Paşinyan demokratlara “stavka” etmək məcburiyyətində qalıb. Təsadüfi deyildir ki, Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts Demokratlar Partiyasının qurultaylarında və tədbirlərində fəal iştirak edib. Hətta Ermənistandan böyük nümayəndə heyəti də bu məqsədlə Vaşinqtona gedib. Beləliklə, Paşinyan iqtidarının mənsubları bütün yumurtaları demokratların səbətinə yığaraq, onlar istiqamətində birtərəfli işləyiblər. Seçkilərdən sonra isə Paşinyan səfir Makuntsdan və ona yalan danışan, respublikaçılarla münasibət qurmayan analitik mərkəzlərdən ciddi narazılığını bildirib. Trampın qələbəsi Paşinyan, Ermənistan xarici işlər nazirliyi və diplomatlar arasında ciddi söz-söhbətə səbəb olub”.

Güman etmək olar ki, Paşinyan Trampa seçildikdən dərhal sonra təbrik məktubu ünvanlamaqla, sonra isə necə deyərlər, ürəyi soyumayaraq, zəng etməklə “günahını yumağa”, gələcək ABŞ Administrasiyasından dəstəkdən məhrum olmamağa çalışıb. Amma onun səylərinin ciddi nəticə verəcəyini az ehtimal olunandır. Məsələ ondadır ki, respublikaçılar Azərbaycanın regiondakı önəmini hər zaman yüksək qiymətləndiriblər. İstənilən respublikaçı prezidentin hakimiyyət dövrü ABŞ–Azərbaycan münasibətlərinin rəvan olması ilə seçilib. Üstəlik, Tramp gələn ilin əvvəlindən ikinci müddətə vəzifə səlahiyyətlərinin icrasına başlayır. Biz onun birinci prezidentliyi dövründə Azərbaycana bəslədiyi münasibəti yaxşı xatırlayırıq. Prezident İlham Əliyevin noyabrın 6-da D.Trampa ünvanladığı təbrik məktubunda da bu münasibət xatırladılıb: “Siz birinci prezidentlik dövrünüzdə Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim...”

Siyasi ekspert Viktoq Sjoq Paşinyanın Trampa zəng etməsini mənasız iş adlandırıb. O, “X” platformasındakı paylaşımında qeyd edib ki, D.Tramp və Tramp ailəsi türklərlə yaxın dostdur. Onun sözlərinə görə, bu fikri Respublikaçılar Partiyasının üzvlərinə də aid etmək olar: “Respublikaçılar Partiyasında Ermənistanla əlaqəsi olan adam yoxdur. Onların hamısı Bakı və Ankara ilə işləyirlər. Bayden Administrasiyası Ermənistan üçün 2021–2025-ci illərdə əldən verilmiş fürsət oldu. Bayden Ermənistan üçün ən çox işlər görən prezidentlərdən biridir. Pik, əlbəttə ki, “erməni soyqırımı”nın tanınması, həmçinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və onun nümayəndə heyətinin 2022-ci ildə İrəvana yüksək səviyyəli səfəri idi. Lakin sonra, bu, sona çatdı. Eyni zamanda, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqını tərk etməyib. Ermənistan Trampın bütün prezidentliyi dövründə bu təşkilatlarda qalacaq”.

V.Sjoq bildirib ki, Demokratlar Partiyasının Kaliforniyadakı ofisi Ermənistanı ABŞ ilə dostlaşdıran əsas təsisatlardandır. Onlar ermənipərəst baxışlara malikdirlər və eyni zamanda, yəhudi mənşəlidirlər: “Bir çoxları Amerika Erməni Milli Komitəsi – ANCA-nın tədbirlərində iştirak edirlər. Bu sıraya A.Şiff, B.Şerman, B.Bokser, J.Şpeyer, J.Şakovski, B.Şenieder kimi konqresmenlər və senatorlar daxildirlər. Onlar ABŞ, Ermənistan və İsraili müttəfiq etmək istəyirlər. Hətta, yeni alyansı “USAMIL” adlandırırlar. Zənnimcə, biz ən azı 2029-cu ilin yanvarına qədər gözləməliyik”.

Mözvu ilə bağlı fikirlərini XQ ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, D.Trampın hakimiyyətə qayıdışı bəzi dövlətlərin liderlərinə çox böyük məyusluq gətirdi. Onun sözlərinə görə, məyus olanlar arasında Ukrayna, Moldova və Ermənistan kimi ölkələrin rəhbərləri var. Hər halda Baydenin arxasında dayanan qüvvələr, yaxın çevrəsi, həqiqətən də, Paşinyanla sıx münasibətlərə malik idilər: “Biz bu sıraya Corc Sorosu, Baydenə, demokratlara yaxınlığı ilə seçilən dünyada “rəngli inqilablar” edən mərkəzləri aid edə bilərik. Bütövlükdə, Bayden Administarasiyası ilə Ermənistan hakimiyyəti arasında çox ciddi, sıx və dərin əməkdaşlıq mövcud idi. Həm Ermənistan, həm də ABŞ tarixində ilk dəfə idi ki, demək olar, hər ay demokratların nümayəndləri İrəvana səfər edirdilər. Onlar bu səfərlər zamanı müxtəlif görüşlər keçirirdilər. Ümumiyyətlə, ABŞ-də hansı partiyanın hakimiyyətdə olmasına baxmayaraq, xarici siyasət üçün cavabdehlik daşıyan mərkəzlərin planlarına görə, Ermənistan gələcək siyasətdə xüsusi rol oynamalı idi. Yəni, Ermənistan Ukrayna və Moldovada bu gün Rusiya ilə aparılan mübarizə kontekstində önəmli paya malik olmalı idi”.

Z.Məmmədov dedi ki, biz bu kontekstdə Fransa və Hindistan tərəfindən Ermənistan ordusunun silahlandırılmasını, İrəvana müxtəlif adlar altında edilən maliyyə yardımlarını görürük. Eyni zamanda, Paşinyan hər il keçirilən Demokratiya sammitinə ABŞ Prezidenti tərəfindən dəvət edilir, Ermənistana Avrasiya ölkələri arasında xüsusi diqqət yetirilir, hətta, Hayastanın “avropalaşdırılması” istiqamətində xüsusi işlər görülürdü: “Heç kimə sirr deyil ki, Baydenin zamanında Ermənistan KTMT-dəki statusunu minimallaşdırdı, NATO-ya daha çox inteqrasiya etməyə başladı. Ermənistanın Avropa İttifaqı ilə münasibətləri daha intensiv xarakter aldı. Bu çərçivədə Paşinyanın istəyi, əlbəttə, demokratların hakimiyyətdə qalmaları idi. Amma respublikaçıların – Trampın hakimiyyətə qayıdışı, əlbəttə, rəsmi İrəvanda ciddi narahatlıqlara səbəb oldu. Bu narahatlıq Trampla Putinin yaxın vaxtlarda Ukrayna məsələsində, dünyanın ayrı-ayrı bölgələrindəki vəziyyətlə bağlı dil tapacaqları təqdirdə Ermənistanın aqibətinin necə olacağı ilə bağlıdır”.

Politoloq bildirdi ki, Tramp əsas hədəfinin Çin Xalq Respublikası, o cümlədən qlobal istiləşmə ilə mübarizə olduğunu açıq şəkildə bəyan edir. Əgər Tramp ABŞ-nin əsas rəqibi kimi Çini görürsə, o zaman Rusiyanı ən pis halda neytral mövqeyə qoyur: “Neytral mövqe isə Rusiya–Ukrayna müharibəsinin dondurulması, yaxud tərəflərin diplomatik yolla məsələnin həllinə başlamaları halında mümkün ola bilər. Bu isə təbii ki, ABŞ və Rusiya arasında təkcə Ukrayna ilə bağlı deyil, Mərkəzi Asiya və Cənubi Qafqazla bağlı müəyyən razılaşmalara gətirib çıxaracaq.

Müharibənin dayandırılmasından sonra Putinin hərbi əməliyyatlar zamanı ona qarşı çıxmış liderlərə münasibəti necə olacaq? Paşinyanın Trampa zəngi də bu narahatlıqdan irəli gəlir. Nikol ümid edir ki, ABŞ Tramp Administrasiyası dövründə Ermənistanı unutmayacaq, İrəvanı proseslərdən kənarlaşdırmayacaq və onu yenidən Rusiyanın çətiri altına verməyəcək. Paşinyanın istəyi Trampın Cənubi Qafqazla bağlı radikal addımlar atmaması, onu qoruması ilə bağlıdır. Paşinyan özünün şəxsi təhlükəsizliyi, vəzifə kürsüsü naminə bu zəngi edib”.

Müsahibimiz onu da əlavə etdi ki, Ermənistan hakimiyyəti çaşqın durumdadır və bundan sonrakı proseslərin necə olacağı ilə bağlı narahatdır. Onun Trampa zəngi də bu çaşqınlığın aşkar göstəricisidir.

Səxavət HƏMİD
XQ



Siyasət