Sevindirici haldır ki, neft ixrac edən ölkə kimi Azərbaycan öz məsuliyyətini başa düşür. Eyni zamanda, COP29 kimi böyük tədbirləri keçirməklə ölkəmizdəki yaşıl enerjiyə keçidi sürətləndirir. Bu baxımdan ölkəmiz artıq dünya xəritəsində yaşıl enerjini istehsal edən və iqlim dəyişikliyinə ciddi yanaşan bir dövlət kimi qəbul olunacaq. Biz Norveçdə həmkarlarımızla, dostlarımızla, yoldaşlarımızla danışanda artıq onların Azərbaycan haqqında düşüncələrində yaşıl enerji lideri olan bir ölkə obrazı yarandığını müşahidə edirik. Buna görə həm fəxr edirik, həm də sevirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev söyləyib.
O deyib: “Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini biləndən sonra diasporun üzərinə təbii olaraq böyük bir məsuliyyət düşdü. Biz Azərbaycanın beynəlxalq mötəbər tədbirə ev sahibliyi etməsinə öz töhfəmizi vermək haqqında düşündük. Biz həm Azərbaycanda, həm dünyada Norveç Azərbaycanlıları Gənclər Təşkilatı - NAYO kimi tanınırıq. Aprel ayında yüzdən çox təşkilatın toplandığı Norveç Gənclər Təşkilatlarının Milli Şurasının illik iclasını keçirdik. Orada çıxış edərək Norveçdəki təşkilatları Azərbaycana dəvət etdik və qlobal iqlim dəyişikliyinin vacibliyi haqqında məlumat verdik”.
R.Əliyev Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsini fərəhləndirici və sevindirici hal kimi qiymətləndirərək deyib: “Biz tədbirdə iştirak etmək üçün Norveçdən altınəfərlik bir qrupla Azərbaycana təşrif buyurduq. Bu tədbirin yaxşı keçməsini istəyirik. Arzu edirik və bugünkü müşahidələrimizdən görürük ki, tədbir həqiqətən də yüksəksəviyyədə təşkil olunub. Azərbaycana bu sahədə gördüyü işdə uğurlar arzulayırıq. Həqiqətən də biz Xəzər dənizinin suyunun azalmasını görməklə iqlim dəyişikliyini canlı müşahidə etdik. Bu, böyük bir ekoloji problemdir”.