Söhbət Kaliforniya ermənilərinin hesabına senator olmağa çalışan konqresmendən gedir
“Amerika Erməniləri Milli Komitəsi (ANCA) Kaliforniya ştatından ABŞ Senatına namizəd, demokrat Adam Şiffi dəstəkləməkdən qürur duyur”. Ermənipərəstliyi ilə Azərbaycanda da “populyarlıq” qazanmış A.Şiffin seçkiqabağı təşviqat kampaniyasının təşkilatçısı rolunda çıxış edən ANCA-nın bu şüarlarla bəzədilmiş plakatları hazırlayaraq yayması heç də təsadüfi deyil. ANCA bütün erməniləri və onların Kaliforniya ştatındakı müttəfiqlərini məhz Şiffə səs verməyə çağırmaqla əsl niyyətini ortaya qoyub. Əslində, hər şey “iki vur iki” qədər sadə və aydındır.
1960-cı il təvəllüdlü, yəhudi əsilli Adam Bennett Şiff amerikalı siyasi xadim, 2001-ci ildən Demokratlar Partiyasından Konqresin üzvü, 2019-cu ildən isə Kəşfiyyat Komitəsinin sədri olub. 2023-cü ilin yanvarında bu postdan uzaqlaşdırılan ermənipərəst A.Şiff seçkidən-seçkiyə erməni lobbisinin dəstəyinə ümid edib. Konqresdəki karyerası fiaskoya uğrayan Şiff indi Kaliforniyadakı erməni lobbisinin köməyi ilə Senata yol tapmağı hədəfləyib.
ANCA-nın haylara çağırışı onun bu istəyini gerçəkləşdirməyə hesablanıb.
* * *
Amma ANCA-nın “X” sosial platformada təşviqat paylaşımına verilən rəylər həmin Kaliforniya ermənilərinin heç də hamısının üzdəniraq konqresmeni dəstəkləmədiyindən xəbər verir. Onlardan bəzilərini oxucuların nəzərinə çatdıraq.
“RafiwithoneF” imzalı istifadəçi yazır: “Bilirəm ki, o, güclü siyasətçidir, yaxşı münasibətlərimiz var və biz əməkdaşlığı davam etdirmək istəyirik…”
Seçici, professor Cipollino bu şərhə imza atıb: “Mən Adamın əleyhinə səs verəcəm. Çünki Kaliforniya pisdir, sizsə axmaqsınız”.
Özünü “pis erməni” kimi təqdim edən digər izləyici ANCA-nın başbilənlərinə maraqlı sual ünvanlayır: “Axı niyə ona səs verməliyəm? Sadəcə ona görə ki, hər il hesabat yazır? Mən beysbolçuya səs verəcəm”.
Michael-Oj adlı “X” istifadəçisi isə Adamın konqresmen kimi fəaliyyətini tənqid edib: “Şiff Ermənistanın xeyrinə əlverişli şeylər danışa bilər. Amma siz valideynlər, eyni zamanda, uşaqlarınızın məktəbdə kütləvi iyrəncliyin və deqradasiyanın təbliğinə imkan verdiyinə görə ona etirazınızı bildirməlisiniz. Yox, biz onu dəstəkləməyəcəyik. Çünki Adam Senatda erməniləri təmsil etməyəcək”.
“Azərbaycana sanksiya tətbiq edən və ya Artsaxı tanıyan mənasız qanun layihələrinin müəllifinə niyə səs verməliyik?”. Bunu da erməni əsilli seçici Armen Morian yazıb.
* * *
İndi isə Adam Şiffin Konqresdə “yaddaqalan qanunvericilik fəaliyyəti”nin bəzi epizodlarına nəzər salaq. Keçən ilin fevral ayında ABŞ Prezidenti Co Baydenin Konqresin hər iki palatasına illik müraciəti zamanı ermənilərin veteran lobbisti Adam Şiff Ağ ev sahibini dinləmək üçün “DQR-in ABŞ-dakı daimi nümayəndəsi” Avetisyanı dəvət etmişdi. O, bununla düşünürdü ki, Bayden və Dövlət Departamenti, eləcə də ABŞ-dakı və dünyadakı erməni diasporunun nümayəndələri Avetisyanın qanunverici orqanda olmasını Konqresin “sülh tərəfdarı olmasının güclü siqnalı” kimi dəyərləndirəcəklər. Fəqət, ermənipərəst konqresmenin “bu mesajı” Konqresin divarlarını aşa bilmədi. Çünki, tarixin arxivinə göndərdiyimiz “dqr”ın psevdo-diplomatının mövcudluğu kimin vecinə olmalı idi ki?! Əslində, bu hərəkəti ilə beynəlxalq hüquqa saymazyanalıq göstərən amerikalı qanunverici Şiff həmkarlarını ərazi bütövlüyünü və suverenliyini bərpa edən və postmüharibə dövrünün sülh gündəliyinin müəllifi olan Azərbaycana qarşı “təsirli sanksiyaların” tətbiqinə çağırırdı. Təbii ki, onun bu sərsəm planı baş tutmadı.
Başabəla konqresmenin erməni lobbisinin “sifarişli müştərisinə” çevrildiyi şübhə doğurmur. Şiff hər fürsətdə Azərbaycanın ünvanına böhtanlar yağdırır, Ağ evi Ermənistanı dəstəkləməyə çağırır. İntəhası, ABŞ-da Şiff kimi özlərini əzabkeş ermənilərin, “məzlumun haqqının müdafiəçisi” sayanların adları indi ən çirkin əməllərdə, korrupsiyada hallanır. Adam Şiffin və ermənipərəst digər konqresmenlərin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin yubileyi münasibətilə “təbrik məktubları” göndərmələrini də unutmamışıq. Uzun illər Birləşmiş Ştatlar Konqresində erməni lobbisinin qatı müdafiəçisi Frank Pelloni, Adam Şiff, Robert Dold, Bred Şerman kimi konqresmenlər, Barbara Bokser və Robert Menendes kimi senatorlar, eləcə də digərləri erməni lobbisinin pulu hesabına Azərbaycana qarşı qərəzli sifarişlərin icraçıları idilər. Onların bəziləri pis əməllərinin cəzasını çəkir, digərləri isə eyni aqibətlə üzləşəcəkləri günü gözləyirlər.
İ.HƏSƏNQALA
XQ