Ermənistanda Azərbaycanla münasibətlərin nizamlanmasında maraqlı olmayan, revanşist düşüncəsi ilə yaşayan, necə deyərlər, qisas niyyəti ilə alışıb yanan şəxslərin az-çox irəliləyiş prosesini dalana dirəmək istiqamətində fəaliyyətləri davam edir. Bu düşərgəyə mənsub olan şəxslər, demək olar ki, hər gün sosial şəbəkə hesablarında yeni açıqlamalarla çıxış edir, mövcud iqtidarı erməni xalqının gözündən salmağa çalışır, onu qorxaq, xain, satqın adlandırır, cəmiyyəti Nikol Paşinyan hökumətinə qarşı çıxmağa, Azərbaycanla əldə edilmiş razılaşmaları ləvğ etməyə çağırırlar. Maraqlıdır ki, Ermənistanın əksər media orqanları onların çıxışlarını gen-bol tirajlayırlar. Həmçinin, bəzi jurnalislər özləri də Paşinyan iqtidarının siyasətini tənqid edən yazılar dərc etməkdə maraqlıdırlar.
Bu düşərgənin aktivləşməsinə son vaxtlar baş verən bir sıra proseslər səbəb olub. Məsələn, Ermənistan parlamenti oktyabrın 23-də “Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə”ni təsdiq edib. Oktyabrın 24-də Kazanda keçirilən XVI BRICS Sammiti zamanı Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş olub. Bundan bir gün sonra hər iki ölkədə həmin əsasnamələr yüksək səviyyədə təsdiqlənib. Bütün bunlar xəstə təfəkkürlü radikallar tərəfindən Ermənistanın Azərbaycana qarşı ciddi güzəştləri kimi interpretasiya edilərək ətalət içində olanları aktiv fəaliyyətə keçməyə sövq edib. Doğrudur, bizim üçün əsas məsələ Ermənistan hökumətinin mövqeyi və parlamentinin qərarlarıdır. Əgər Ermənistan hökuməti və parlamenti Azərbaycanla razılaşmaları təsdiq edirsə, müxalifətin nə deməsinin əhəmiyyəti yoxdur. Çünki müxalifət prosesə təsir edə bilmir. Amma günlərin birində hakimiyyət dəyişsə və müxalifət iqtidara gəlsə, Azərbaycanla razılaşmalardan imtina edə bilər.
Radikallar təkcə hökumətin səylərini heçə endirməyə çalışmaqla kifayətlənmirlər. Onlar erməniləri düz yola dəvət edən, konstruktiv fikir söyləyən hər kəsin, necə deyərlər, kölgəsini qılınclamaqla məşğuldurlar. Məsələn, parlamentdəki “Şərəfim var” fraksiyasının deputatı, qurumun müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü Tiqran Abramyan “Yerkrapa” könüllülər ittifaqının rəhbəri Sasun Mikaelyanın Ermənistanın Azərbaycana müqavimət göstərə bilməyəcəyi, buna görə də sərhədin delimitasiyasının və sülh bağlamağın zəruri olduğu barədə fikirlərini sərt şəkildə tənqid edib. Deputat sosial şəbəkə hesabında qeyd edib ki, hərbiləşdirilmiş strukturun rəhbərinin açıqlamaları Azərbaycanla sərhəddə xidmət edən əsgərlərin “döyüş ruhunu” sarsıdır və onlarda özlərinə inamsızlıq yaradır.
T.Abramyan deyib ki, S.Mikaelyan özünün rezonanslı bəyanatı ilə Ermənistan hakimiyyətinin müdafiənin gücləndirilməsi sahəsindəki fəaliyyətsizliyini və uğursuzluğunu etiraf edib: “Sanki o, rəhbərliyin təhlükəsizlik siyasətinin heç bir nəticə vermədiyini açıq-aydın bildirir”. Bundan başqa, deputat bildirib ki, “Yerkrapa” rəhbərinin dediyi sözlər, ordunun gücləndirilməsi istiqamətində çox böyük səylər göstərildiyi barədə onun yoldaşlarının çoxsaylı bəyanatları ilə ziddiyyət təşkil edir.
Müxalifətçinin fikrincə, tabeliyində olan könüllülərin bu gün də ölkə sərhədlərinin mühafizəsini davam etdirdiyi şəxs müqavimətin mənasız olduğunu bəyan edir: “Belə olan təqdirdə bunu təslimolma ilə razılaşmaqdan başqa cür adlandırmaq mümkün deyil. Hesab edirəm ki, Paşinyanın yaxın müttəfiqi, əslində, bizi yeni kapitulyasiyaya çağırır”.
Qeyd edək ki, “Yerkrapa” könüllülər ittifaqının rəhbəri S.Mikaelyan məlum açıqlamanı jurnalistlərə bazar günü – oktyabrın 27-də Ermənistan parlamentində 1999-cu ildə törədilmiş terror aktı zamanı həlak olanların xatirəsini yad etmək üçün “Yerablur” qəbiristanlığında olarkən verib. Mikaelyan deyib: “Ermənistanın bu gün Azərbaycana uğurla müqavimət göstərmək imkanı yoxdur, məhz buna görə də sərhədlərin delimitasiyasına getmək lazımdır”.
Bildirib ki, Azərbaycan 20 ildir müasir silah və hərbi texnika alır, Ermənistanda isə əvvəlki hakimiyyət talançılıqla, quldurluqla və qarətlə məşğul olub. O, keçmiş hakimiyyəti müdafiəni gücləndirmək məsələsində hərəkətsizlikdə ittiham edib. Mikaelyan hesab edir ki, qlobal dəyişikliklər kontekstində Ermənistan “yenidən soyqırımına məruz qalmamaq” (?) üçün rasional və müdrik olmalıdır.
Məlumat üçün bildirək ki, baş nazir Nikol Paşinyanın tərəfdarı olan Mikaelyan “Yerkrapa” könüllülər ittifaqına 2018-ci ildə Ermənistanda “məxməri inqilab” nəticəsində baş verən hakimiyyət dəyişikliyindən sonra rəhbərlik etməyə başlayıb. Birliyi 1999-cu il oktyabrın 27-də terror aktının qurbanlarından olan baş nazir Vazgen Sarkisyan yaradıb. Strukturun könüllüləri İkinci Qarabağ müharibəsində də iştirak ediblər. Onun 4 minə yaxın üzvü 9 istiqamətdə döyüşüb, 74 könüllü həlak olub, daha 113 nəfər yaralanıb. “Yerkrapa” üzvləri bu gün də Ermənistan sərhədinin mühafizəsini davam etdirirlər. Onlar Ermənistan sərhədinin 7 istiqamətində yerləşdiriliblər.
Bu arada açıqlanan rəqəmlərdə qeyd olunur ki, Ermənistanın hərbi xərcləri 2025-ci ildə ümumi daxili məhsulun 6 faizini təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 0,7 faiz çoxdur. Ölkənin maliyyə naziri Vahe Ovanisyan dünən parlament komissiyalarında büdcə dinləmələri zamanı deyib ki, ümumilikdə, müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək. Bu isə hazırkı göstəricidən 20 faiz yüksəkdir.
Nazir onu da bildirib ki, əsaslı xərclərin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək. Ovanisyan müdafiə xərclərini dövlət büdcəsinin ən mühüm hissəsi adlandırıb. Onun sözlərinə görə, bu xərclər ölkənin bütün potensialını özündə cəmləşdirir və bu, təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək.
Bu istiqamətdə “The Times of India” qəzetinin yazdıqları da diqqəti cəlb edir. Məlumata görə, Ermənistan ABŞ və Fransa ilə birlikdə 2023–2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçıları sırasındadır. Nəşrin yazdığına görə, Ermənistan son 4 ildə Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə döyüş sursatları və artilleriya mərmiləri almaq üçün bir neçə müqavilə bağlayıb. Üstəlik, Ermənistan Hindistan istehsalı olan “Akaş” hava hücumundan müdafiə raketlərinin ilk xarici alıcısı olub. Bu müqavilələrin bəziləri Ermənistanla Azərbaycan arasında münaqişə zamanı imzalanıb. Qəzet yazır ki, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Ötən il ərzində satışlar 2,6 milyard dollar təşkil edib.
Politoloq Yeganə Hacıyeva Ermənistanda Azərbaycanla sülhün tərəfdarı və əleyhdarları haqqında danışarkən bildirdi ki, hakimiyyət sülhün tərəfdarı olduğu görüntüsünü yaradır. XQ-yə açıqlama verən politoloqun sözlərinə görə, bu, Ermənistan hakimiyyətinə hazırkı dövrdə beynəlxalq müstəvidə müəyyən manevr imkanları yaradır: “Nikol Paşinyan göstərir ki, o və rəhbərlik etdiyi ölkə, guya, sülhpərvərdir. Paralel olaraq Ermənistan baş naziri Azərbaycana qarşı hüquqi, siyasi və sair müstəvilərdə iş aparır. Baxmayaraq ki, Paşinyan üzdə özünü sülhün tərəfdarı kimi göstərir. Qeyd etdiyim kimi, bu, Paşinyanın özünə, Ermənistan dövlətinə zaman qazanmaq üçün lazımdır. Çalışırlar ki, Ermənistanın adı ətrafındakı işğalçı reputasiyasını ləğv etsinlər. Paşinyan bununla göstərmək istəyir ki, guya, əslində, separatçıları dəstəkləyən və işğalı dəstəkləyən özündən əvvəlki hakimiyyətlər imiş. Göstərmək istəyir ki, özünün bu məsələlərə heç bir aidiyyatı yoxdur. Guya, müharibəni də heç o başlamayıb və sair və ilaxır”.
Y.Hacıyeva qeyd etdi ki, paralel olaraq, istər hökumətdə, istər müxalifətdə, xüsusilə hər qrupun özünün dəstəklədiyi media orqanlarında sülhün, Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının əleyhinə bir kampaniya gedir. Məsələn, “xarici işlər naziri Ararat Mirzoyan sülhün tərəfdarıdırmı?” sualının konkret cavabı yoxdur. Çünki biz zaman-zaman ondan fərqli fikirləri eşidirik. Ümumiyyətlə, nə Ararat Mirzoyanda, nə Nikol Paşinyanda, nə də Qarabağ ermənilərinin nümayəndəsi olan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanda sabit mövqe yoxdur: “Onların mövqeyini “mövsümə uyğun mövqe” kimi qiymətləndirmək mümkündür. Yəni, sabit mövqeləri yoxdur. Həm sülh tərəfdarı, həm də əleyhdarı kimi çıxış edirlər. Bu mənada, “Mirzoyan Azərbaycanla münasibətlərin qurulmasda təşəbbüskardırmı və sülh istəyirmi?” sualının birmənalı cavabı yoxdur. Onlar tərəfdən müəyyən manipulyativ oyunlar var”.
Politoloq onu da qeyd etdi ki, Ermənistan hakimiyyəti daxilində Qarabağın itirilməsi ilə barışmayan və revanşist düşüncələrlə yaşayan şəxslərin mövcudluğu bir faktdır. Onlar hələ hakimiyyətdə güclüdürlər. Bu səbəbdən sülhün əleyhinə olan bütün prosesləri körükləyirlər. Amma Ermənistan dövləti üzdə özünü sülh tərəfdarı kimi göstərir: “Paralel olaraq daxildəki qüvvələri xaricdən, necə deyərlər, qidalandıran qüvvələr var. Fransa qismində, ABŞ Konqresi daxilindəki erməni lobbisi qismində sülhün əleyhinə sistemli fəaliyyət göstərənlər var. Bu fəaliyyətin hədəfləri sadəcə, qısamüddətli deyil, həm də uzunmüddətlidir. Bunlar Azərbaycan əleyhinə gedən kifayət qədər ciddi proseslərdir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Ermənistan faktiki olaraq, vaxtı uzatmaqla məşğuldur. Düşünürlər ki, Azərbaycan yarımçıq sülh sazişinə imza ata bilər: “Bu məqsədlə, necə deyərlər, tutduqlarını buraxmırlar. Deyirlər ki, sülh sazişinin mətninin 80 faizi hazırdır və gəlin, bu şəkildə imzalayaq, qalan məsələləri sonra müzakirə edərik. Elə baş nazir Paşinyanın Kazandakı çıxışı da təxminən bu yöndə idi.
Amma Azərbaycanın mövqeyi bəllidir. Yəni, konstitusiyadan Azərbaycana ərazi iddiasını ehtiva edən bənd çıxarılmalıdır və referendum keçirilməlidir. Həmin bənd əsas qanundan yalnız referendum yolu, yəni xalqın səsi ilə çıxarılmalıdır. Çünki Paşinyan bu gün var, sabah olmaya da bilər. Günün birində onun yerinə gələn deyə bilər ki, Paşinyanın razılaşdığı məsələlərlə razı deyil. O zaman necə olacaq? Amma konstitusiyadan referendum yolu ilə Azərbaycana qarşı ərazi iddiasına əsas verən bənd çıxarılarsa, bu, erməni xalqının ümumi rəyi olacaq. Hakimiyyətə gələn şəxs də bunu dəyişə bilməyəcək. Həmçinin, yeni gələn şəxs Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi yenidən konstitusiyaya salmaqla bağlı təzədən referendum keçirəsi deyil. Ona görə də Azərbaycanın tələbi qüvvədə qalır”.
E.Şahinoğlu qeyd etdi ki, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də dəyişməyib. Nikol yenə də Ermənistanın öz ərazisində yola nəzarət etmək istədiyini bildirir. Amma buna baxmayaraq, danışıqlar davam edir. Danışıqların davam etdirilməsi isə hər iki tərəf üçün faydalıdır.
Səxavət HƏMİD
XQ