Bakıdan Daşkəndə qardaşlıq körpüsü

post-img

Oktyabrın 27-də Özbəkistan parlamentinin aşağı palatası – Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (vilayət, şəhər, rayon) seçkilər keçirildi. Seçkilərdə seçicilərin 14,2 milyon nəfəri iştirak etdi ki, bu da 75,52 faiz deməkdir. Özbəkistan qanunlarına görə seçkilər baş tutmuş hesab edilir. Qardaş ölkənin qanunvericilik orqanına keçirilən seçkilərin uğurla başa çatması Azərbaycan – Özbəkistan münasibətlərinin inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır.

Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən, Özbəkistanla əlaqələrin inkişafı mühüm yer tutur. Son illər Mərkəzi Asiyanın dinamik inkişaf edən ən böyük dövlətlərindən biri olan Özbəkistan ilə əlaqələrimiz sürətlə inkişaf edir. Münasibətlərin intensiv inkişafına Özbəkistan və Azərbaycan xalqları arasında oxşar milli adət və ənənələr, ortaq dil, mədəniyyət və din amili böyük rol oynayır. Hər keçən gün yeni məzmunla zənginləşən münasibətlərin bütün sahələrdə genişlənməsi və dərinləşməsi güclü siyasi iradə, qarşılıqlı inam və etimada əsaslanır.

Azərbaycan və Özbəkistan strateji tərəfdaşdırlar, ölkələrimiz arasında ikitərəfli əlaqələr bütün səviyyələrdə inkişaf edir ki, bu da həm geosiyasi, həm də geoiqtisadi baxımdan çox əhəmiyyətlidir. Tarixən yaxın tərəfdaş olan qardaş ölkələrimiz arasında sıx əlaqələr, qarşılıqlı siyasi etimad mövcuddur. Hər iki dövlət beynəlxalq və regional təşkilatlar çərçivəsində qurulan səmimi münasibətləri yüksək qiymətləndirir, bir-birini dəstəkləyir. Azərbaycanla Özbəkistan arasında beynəlxalq təşkilatlar, o cümlədən, BMT, İƏT, MDB çərçivəsində sıx əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının üzvüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə siyasi, ticarət-iqtisadi və mədəni-humanitar tərəfdaşlıq inkişaf edir. Dövlət başçımız çıxışlarında hər zaman xalqlarımızın aktual problemləri ilə bağlı maraqların və mövqelərin oxşarlığını vurğulayır, strateji tərəfdaşlıq və səmərəli əməkdaşlıq üçün perspektivlərin mövcudluğunu qeyd edir. Prezident İlham Əliyevin 2024-cü il avqustun 22-də Özbəkistana dövlət səfərindən sonra münasibətlər strateji səviyyəyə yüksəldi. Məhz bu səfər zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Müqavilə imzalandı. Bu saziş Azərbaycana və Özbəkistana beynəlxalq arenada bir-birini dəstəkləyən müttəfiq dövlətlər kimi çıxış etməyə imkan verir.

Xüsusi qeyd etmək lazımdır ki, Özbəkistanın Türk Dövlətləri Təşkilatına (TDT) daxil olması türk dünyasının birliyinin möhkəmlənməsində əlamətdar hadisə oldu. Bu da təsadüfi deyil, çünki Özbəkistan türk-islam sivilizasiyasının önəmli ölkəsidir. Daşkənd ümumtürk əməkdaşlıq platformasının inkişafına və TDT məkanının ümumi potensialının artırılmasına mühüm töhfə verir. Bu, ilk növbədə, Özbəkistanın türk dünyasında oynadığı böyük rolu ilə izah olunur. Əlbəttə, Özbəkistanın TDT-yə üzv olmaq qərarı Prezident Şavkat Mirziyoyevin fundamental siyasi kursunun məntiqi davamı idi. Belə ki, rəsmi Daşkənd Mərkəzi Asiya dövlətləri və qonşu regionlarla, o cümlədən Cənubi Qafqaz ilə keyfiyyətcə yeni, mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlər qurulmasında, Avrasiyanın nəhəng məkanında sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlıdır. Bu baxımdan Azərbaycan - Özbəkistan strateji müttəfiqliyi Türk dünyasının güclənməsinə xidmət etməklə yanaşı, ən böyük materikin iki mühüm regionu arasında əlaqələrin inkişafına da güclü təsir göstərəcəyi nöqteyi-nəzərindən vacibdir.

Bir sözlə, Mərkəzi Asiya ölkələri ilə möhkəm əlaqələrin qurulması Prezident İlham Əliyevin gələcəyə hesablanmış xarici siyasətinin əsas istiqamətini təşkil edir. Eyni zamanda, Azərbaycan Avropa ilə əməkdaşlığı gücləndirməklə Mərkəzi Asiyanı Qərblə birləşdirən körpü rolunu səmərəli şəkildə yerinə yetirir. Bu kontekstdə Azərbaycan və onun yaxın tərəfdaşı Özbəkistan arasında həm cari, həm də qarşıda duran birgə təşəbbüslər yeni nəqliyyat layihələrinin həyata keçirilməsinə, enerji layihələrinin inkişafına və ümumilikdə, infrastrukturun yaxşılaşdırılmasına yönəlmişdir. Bu səylər regionu bütün iştirakçı tərəflərə fayda verəcək qarşılıqlı əməkdaşlıq mərkəzinə çevirmək məqsədi daşıyır. Bundan əlavə, bu layihələr regionlararası əlaqələri gücləndirmək və perspektivli layihələr yaratmaq üçün yeni imkanlar açacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət