Ermənilər qürrələnirlər ki, fransızlarla tarixi əlaqələri Xaç yürüşləri dövrünə gedib çıxır. Hətta əlaqələrin daha da “qədimliyindən” dəm vuranlar da var. Amma müasir erməni-fransız əlaqələrinin əsası Fransada yuva salmış böyük və nüfuzlu erməni icmasıdır. Buna görə də, Fransa siyasətçiləri erməni səslərini qazanmaq üçün reallıqdan uzaq bəyanatlar səsləndirirlər. Fransa Milli Assambleyasının Fransa–Ermənistan parlament dostluq qrupunun rəhbəri Ann-Lorens Petel də fransız ənənəsinə uyaraq Azərbaycanın ünvanına böhtan atmaqla məşğuldur.
Ann-Lorens Petel özünün “Facebook” səhifəsində yenə erməniləri sevindirib. Nə çərənlədiyini tam yazmağa ehtiyac yoxdur, amma onu qeyd etməyə dəyər ki, hər sətirindən Azərbaycana qarşı kin-küdurət hiss olunan fikirlərinin izharında Petel yalan nişangahında “onluğa” vurub. Guya, 44 günlük müharibədə qadağan olunmuş silahlardan istifadə olunub, separatçılar mühasirədə qalıb və digər bu kimi sicilləmələrlə fransız deputat siyasi sayıqlamaları ilə erməni diasporuna xoş gəlməyə çalışıb. İndi də COP29-u hədəfə alıb, belə böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini həzm edə bilmir, Bakının uğuruna kölgə salmağa can atır.
Əslində, bu, Petelin ilk belə qeyri-obyektiv mövqeyinin nümayişi deyil. Cari ilin mart ayında erməni KİV-ə müsahibəsində də o, erməni “məhəbbətini” ortaya qoyub. Həmin müsahibədə də Petel Azərbaycanın ünvanına reallıqdan uzaq ifadələrə yer verib, Ermənistanı regionun “demokratik” ölkəsi adlandırıb. Bununla yanaşı, İrəvanı su yoluna çevirən fransız deputat bunu da etiraf edib ki, incə diplomatik oyunun getdiyi zamanda Fransanın istənilən dəstək bəyanatı gərgin vəziyyət yaradır. “Ermənistan Avropaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaq istəyini mütləq nümayiş etdirir”, – deməklə Petel Fransanın erməni “sevgisinin” arxasında hansı niyyətin dayandığını gizlətməyib.
İrəvan Moskvadan bərk incidiyini hər fürsətdə büruzə verir və bu, şübhəsiz ki, Fransanı ruhlandırır. Buna görə də, fransız deputat deyib ki, Ermənistan müxtəlif tərəfdaşlar, o cümlədən müdafiə sahəsində tərəfdaşlar axtarır: “Realist olmaq lazımdır, Rusiya artıq Ermənistanın obyektiv müttəfiqi deyil. O, Dağlıq Qarabağ münaqişəsi zamanı öz rolunu oynamadı və bu, Ermənistanı Fransa kimi başqa, daha etibarlı tərəfdaşlar axtarmağa vadar etdi”. Əlbəttə, Petel də gözəl bilir ki, Rusiya Azərbaycanın ərazisi hesab etdiyi Qarabağ zonasında aparılan əməliyyatlarda Ermənistana hər hansı bir hərbi yardım göstərmək hüququna malik deyildi. Amma bu fakt fransız deputatı narahat etmir və İrəvanın dəyirmanına su tökür. Yəni Petel də rəsmi Parisin Cənubi Qafqaz regionuna yönəlik siyasi dəst-xəttinə sadiq qalır, regionda Rusiyanı əvəz edəcək ölkənin məhz Fransanın olmasının səbəbini postmüharibə dövrünün reallıqları ilə əlaqələndirməyə çalışır.
Amma ötən müddət ərzində İrəvan Kremldən uzaqlaşmaq üçün real addım atmağa tələsmir. Ermənistan KTMT və Aİİ-nin üzvü olaraq qalır. Ən əsası isə, İrəvanın Moskvadan iqtisadi asılılığı aradan qalxmayıb. Ermənistan Rusiyadan neft, qaz və digər strateji məhsulları daxili qiymətlərlə alır. Nəticədə büdcəsini doldurur və buna görə də, Petelkimilər də gözəl anlayırlar ki, Paris İrəvanın Rusiya ilə əlaqələrini kəsməsi nəticəsində yaranacaq böyük iqtisadi itkilərini ödəyə bilməyəcək. Fransızlar da bilirlər ki, Rusiya coğrafi baxımdan Ermənistana yaxındır və burada təkcə təhlükəsizliyə deyil, həm də iqtisadiyyata əhəmiyyətli təsir göstərməkdə davam edir.
Bununla belə, Fransa və Qərbin digər ermənipərəst ölkələri Ermənistanı şirin vədlərlə öz tərəflərinə cəlb etmək ideyasından əl çəkmirlər. Xüsusilə də Paris bu məsələdə canfəşanlıq edir, “qardaş erməni xalqını xilas etməyə tələsir”. Sanki ermənilər ciddi təhlükədədirlər və xüsusi missiya daşıyan fransızlar da “din qardaşlarına kömək etməlidirlər”. Burada istər-istəməz 1095-ci ildə Roma papası II Urbanın Fransanın Klermon şəhərindəki alovlu nitqi yada düşür. Məhz katolik kilsənin rəhbərinin bir çıxışı yüz illərin düşmənçiliyinin əsasını qoymuşdu. Xatırladaq ki, II Urban Qüdsü “kafirlərdən” təmizləmək, xristianların müqəddəs ziyarətgahlarını qorumaq üçün hamını yürüş etməyə çağırmışdı. Bununla da on minlərlə insanın ölməsinə, şəhərlərin xarabalığa çevrilməsinə və iki böyük din nümayəndələri arasında gərgin münasibətlərin yaranmasına səbəb olan çox mənfi prosesin əsasını qoymuşdu.
İndi fransızlar Cənubi Qafqaza soxulmağa çalışırlar. Paris hər fürsətdən istifadə edərək Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmağa cəhd göstərir. Ermənistanı “qurban”, Azərbaycanı isə “təcavüzkar” göstərməyə can atmaqla fransız siyasətçilər sanki tarixi “missiyalarını” yerinə yetirdiklərini düşünürlər. Bəlkə buna görədir ki, ermənilər Azərbaycan ilə şərti sərhəddə üzərində xaç işarəsi olan bayraq qaldırırlar? Amma fakt faktlığında qalır– istənilən şər-böhtan, beynəlxalq miqyasda aparılan qarayaxma kampaniyaları Bakının güclü mövqelərini sarsıda bilməz. Çünki ədalət və haqq Azərbaycanın tərəfindədir!
S.ELAY
XQ