Deyəsən, ermənilər vətənin sərhəddən başladığını, nəhayət, anlayıblar
Əgər sərhədlər etibarlı qorunursa, deməli, məmləkətdə təhlükəsizlik və sabitlik hökm sürür. Amma gərək əvvəlcə həmin sərhəd xəttinin özü dəqiq müəyyənləşdirilsin. Bəli, sülhə gedən yol sərhəd dirəklərindən keçir.
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesində müşahidə edilən ləngimədə tərpəniş hiss olunmaqdadır. Ortada ilkin nəticələr var. Amma Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin rəhbərlik etdikləri komissiyaların işi arzuedilən sürəti almayıb. 1990-cı illərin əvvəllərində ermənilərin işğal etdikləri Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ilə müşayiət olunan iki ölkə sərhədinin bir hissəsində delimitasiya və demarkasiyasının aparılmasının ardınca növbəti addımın atılacağı gözlənilirdi...
Doğrudur, iki dövlətin ekspert qruplarının fəaliyyəti davam edir. İrəvan isteblişmentinin sərhəd xəttinin dəqiqləşdirilməsi işlərinin tezliklə başa çatdırılması üçün siyasi iradə nümayiş etdirməsi müsbət haldır. Elə Ermənistan konstitusiya məhkəməsinin dövlət sərhədinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın işi haqqında əsasnamənin ölkənin əsas qanununa uyğunluğu məsələsi ilə bağlı qərarı da prosesə təkan verəcəyi ümidlərini yaradır. Hay mediasının yazdığına görə, müzakirələr nəticəsində konstitusiya məhkəməsi qərara gəlib ki, əsasnamə əsas qanunun müddəalarını pozmur: “Konstitusiyanın 170-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, bu qərar qətidir və dərc edildiyi gündən qüvvəyə minir”.
Buzların əriməsi dövrü gec başlasa da, İrəvanın son jestləri müəyyən isinmədən xəbər verir. Bunun bariz nümunəsini Ermənistanın baş naziri Nikol Paşinyanın Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışında da eşitdik. Onun sözlərinə görə, əsas addımlardan biri avqustun 30-da Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə işi haqqında imzalanmış saziş olub. Paşinyan vurğulayıb ki, bu, tərəflərin imzaladığı ilk ikitərəfli sənəddir. Həmçinin qeyd edib ki, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin müəyyən edilməsində əsas prinsip kimi istifadə etmək barədə razılığa gəliblər. Bu da ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması deməkdir.
Xatırladaq ki, Paşinyanın istinad etdiyi 30 avqust sazişi və əsasnamənin reqlamenti Ermənistan hökumətinin sentyabrın 4-də keçirilən iclasında qəbul edilib. Mövcud əsasnamə dövlət sərhədi haqqında saziş imzalandıqdan sonra iki ölkə arasında prosedur məsələlərinin tənzimlənməsini nəzərdə tutur. Burada delimitasiya işlərinin təşkili, müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtibi, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibi, eləcə də ekspert qruplarının işi var. Yəni, qəbul edilən əsasnamə və sənədlər delimitasiya prosesinin gedişini təmin etmək üçün hüquqi bazanı tamamlayır.
Doğrudur, sərhədin delimitasiyasının növbəti mərhələsi ilə bağlı hələlik yekdil qərar qəbul olunmayıb. Bunu Yerablurda jurnalistlərlə söhbətində Ermənistan baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Mqer Qriqoryan deyib: “Biz hələlik qaydalarla bağlı daxili prosedurları tamamlamalıyıq”.. Qriqoryanın sözlərinə görə, demarkasiya prosesinin həyata keçirilməsinə dair razılaşmanın əsas məqsədi bütün problemlərin sakit, fundamental və hüquqi bazaya əsaslanaraq həllini təmin etməkdir. Demarkasiya prosesinin tamamilə qanuni olduğuna jurnalistləri əmin edən baş nazirin müavini “Bu prosesdə heç bir ziddiyyət yoxdur”, – deyə fikrini tamamlayıb.
* * *
Mövzu ilə bağlı “XQ”-yə açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov hesab edir ki, sərhədin delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi Ermənistanın daxilində cərəyan edən hadisələrlə birbaşa bağlıdır: “Bu prosesə mane olan qüvvələr üçün geri aldığımız dörd kənd bəhanədir. Onlar Tavuş sindromundan özlərinin siyasi tələblərini, yersiz iddialarını irəli sürmək üçün faydalanmağa çalışırlar. Hesab edirəm ki, məhz Ermənistandakı daxili gərginliyə görə hökumətlərarası komissiyanın işində müvəqqəti fasilə yaranmışdı. Komissiyanın rəsmi razılaşma əsasında təsdiqlədiyi qərarlar dəyişdirilə bilməz. İndi Ermənistan konstitusiya məhkəməsi hökumətlərarası komissiyanın işi barədə əsasnaməni təsdiqləyib. Azərbaycan hakimiyyətinin sərhədlərin delimitasiyası ilə bağlı aydın və konkret mövqeyi var. Hesab edirik ki, danışıqların növbəti raundunda birgə komissiya konkret təklifini verəcək. Ya da İrəvanla birgə hazırlanmış hansısa plan ortaya qoyulacaq. Bizə elə gəlir ki, delimitasiya üçün yeni sərhəd ərazisi təyin olunmazdan əvvəl kommunikasiyaların qarşılıqlı surətdə açılması məsələsi gündəmə gətiriləcək. Artıq rəsmi İrəvandan bu cür bəyanatlar eşidilməkdədir. Açılacaq quru, dəmir yolu üzərində gömrük nəzarəti və sərhəd postlarının qurulması məsələsi də var. İkinci variant isə delimitasiyanın protokol üzrə davam etdirilməsidir. Çox güman ki, əsasnamədə bu məsələlər də öz əksini tapıb”.
Bundan sonra hökumətlərarası komissiyanın öz işini şərti sərhədin daha rahat və problemsiz hissəsində davam etdirəcəyini, orada sərhəd xidmətlərinin yerləşdiriləcəyini mümkün sayan hərbi ekspert qalan ərazilərlə bağlı məsələnin sonrakı mərhələyə saxlanılanacağını istisna etmədi.
İrəvanın son hərəkətliliyindən bu qənaətə gəlmək olar ki, Ermənistanın siyasi və hərbi rəhbərliyində mövcud reallığı olduğu kimi qəbul edənlərin, hüquqa və məntiqə sığmayan iddialardan əl çəkməyin məqamının yetişdiyinin fərqində olanların sırası genişlənməkdədir. Nikol Paşinyanın bir müddət əvvəl parlamentdəki çıxışında Bakı ilə sülh müqaviləsinə çox yaxın olduqlarını və onun tezliklə imzalanacağını əminliklə deməsi bunun əyani sübutudur. O, Azərbaycanla Ermənistan arasında bütün fikir ayrılıqlarının aradan qalxdığını, razılaşmaların, sadəcə, sülh müqaviləsinə köçürülməsinin qaldığını qeyd edib.
* * *
Ermənistan baş nazirinin noyabrda Bakının evsahibliyi edəcəyi BMT-nin ən nüfuzlu toplantısının – COP29-un sülh sazişinin imzalanması üçün yaxşı fürsət olması barədə açıqlaması da maraq doğurmuşdu: “Ümid edirəm ki, razılıq əldə olunacaq. Daha dəqiq desək, bu razılaşma 2022-ci il oktyabrın 6-da Praqada, sonra Soçidə, Brüsseldə əldə edilib. Əsas prinsiplər razılaşdırılıb, onların sülh müqaviləsinin mətnində təkrarlanması qalır. Hesab edirəm ki, bizim bu işi tez bir zamanda başa çatdırmaq imkanımız var”.
Bu nikbin açıqlamalar konkret əməllə müşayiət olunmalıdır. İrəvan, nəhayət, qonşularla sülhə gəlməyin məqamının yetişdiyini dərk etmiş kimi görünür.
“Bizə sülhməramlılar lazım deyil, sərhədlərimizi düzəltmək lazımdır”. Bu sözləri isə spiker Alen Simonyan deyib. Ardınca onu da əlavə edib ki, sərhədin təhlükəsizliyinin ən təsirli təminatı onun legitimliyidir. A.Simonyanın sözlərinə görə, Tavuş–Qazax hissəsində sərhəd dirəklərinin quraşdırılması Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddialarının olmaması deməkdir.
Beləliklə, Ermənistan konstitusiya məhkəməsi dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın işi haqqında əsasnamənin ölkə konstitusiyasına uyğunluğu məsələsi ilə bağlı qərarını verdi. Qaldı bu qərardan irəli gələn konkret öhdəliklərin yerinə yetirilməsi. Bakı bu prosesin təşəbbüskarı kimi sərhədlərin beynəlxalq hüquq əsasında çəkilməsinə tərəfdar olduğunu dəfələrlə bəyan edib.
Son vaxtlar sərhədlərin demarkasiyası və sülh sazişi ilə bağlı İrəvan rəsmilərinin dilindən səslənən gəlişigözəl sözlərin arxasında hansı niyyətlərin gizləndiyini dəqiq bilmirik. Gördüyümüz və bildiyimiz odur ki, ermənilər hələ də vətən kimi sülhün də sərhəd dirəklərindən başladığına inanmağa çətinlik çəkirlər. Bakının üç ildən çoxdur İrəvana göndərdiyi sülh təkliflərinin mahiyyəti bundan ibarətdir. Hər halda sərhədlərin delimitasiya və demarkasiyası məsələsində müəyən irəliləyiş əldə olunub. Paşinyan iqtidarı bu iradəni ikitərəfli sülh danışıqlarında da nümayiş etdirsə, iki ölkə arasında münasibətlərin normallaşması heç də uzaqda deyil.
İmran BƏDİRXANLI
XQ