Demək olarmı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyana bağışladığı “Daha adil bir dünya mümkün” kitabı öz işini görüb? Sual ritorikdir. Çünki BMT tribunasından ölkəmizin Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının mövcudluğu barədə sərsəmləyən Nikolun cənab Ərdoğanın kitabını nəinki oxuduğunu, heç vərəqlədiyini də söyləmək mümkün deyil. Ancaq Paşinyan bəzi şeyləri düşünür. Yoxsa, niyə Türkiyədən Azərbaycanla Ermənistan arasında vasitəçilik istəsin? Həqiqətən, çox təəccüblüdür...
Məlum olduğu kimi, bir neçə gün əvvəl BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Ərdoğanla Paşinyanın görüşü keçirilib. Görüşdə Türkiyə–Ermənistan münasibətlərinin normallaşması başlıca müzakirə predmetinə çevrilib. Orada Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsindən söz açılıb. Prezident Ərdoğan sözügedən görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyənin yeni dövrdə Bakı və İrəvan arasında daimi barış mühitinin qərarlaşmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib. Türkiyə lideri, həmçinin Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini də diqqətə çatdırıb. Deməli, Türkiyə – Ermənistan təması baxımından hazırda iki motiv var. Daha bir məqam da mövcuddur ki, o da Ankarının Bakı və İrəvan arasındakı nəzəri vasitəçiliyidir. Cənab Ərdoğan bununla bağlı bəzi fikirlər səsləndirib.
Türkiyə lideri deyib ki, baş nazir N.Paşinyan Türkiyənin sülhün bərqərar olmasına töhfə verməsini istəyib, Azərbaycanla Ermənistanın iki qonşu kimi dinc yaşaya bilməsi baxımından sülh mühitinin vacibliyindən söz açıb. “Biz də buna çalışırıq”, – deyən Ərdoğan, həmçinin Azərbaycanın və Ermənistanın sülh tərəfdarı olduğu üçün, ölkələr arasındakı problemlərin həllinə ümid bəslədiyini bildirib. Türkiyə lideri onu da vurğulayıb ki, Bakı və İrəvan arasında sülh yeni imkanlara və qazanclara qapı açacaq. Ən əsası isə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi də buna uyğun irəliləyəcək.
Bəli, qardaş ölkə bir daha prinsiplərə sadiqliyini göstərib. Deməli, Türkiyə – Ermənistan münasibətlərinin normallaşması Azərbaycanla Ermənistan arasında sülhün yaranmasını tənzimləyəcək. Bu isə o deməkdir ki, Ankaranın hələlik nəzəri kimi görünən vasitəçilik missiyasının trayektoriyası Bakı–İrəvan münasibətlərinin nizamlamasında tərəflərin nümayiş etdirəcəyi iradədən asılıdır. Əslində, reallıq budur. Reallıq həm də ondan ibarətdir ki, mahiyyətcə Azərbaycan və Ermənistan arasında vasitəçiyə ehtiyac yoxdur. Elə cənab Ərdoğanın da söylədiklərindən bu qənaətə gəlmək mümkündür. Çünki Türkiyə liderinin fikirləri daha çox Ankara–İrəvan münasibətlərinin perspektivi baxımından şərt olaraq səslənir.
O da duyulur ki, N.Paşinyanın Ərdoğandan istədiyi Azərbaycanın hansısa məsələdə razı salınmasıdır. Başqa sözlə desək, ehtimal var ki, Nikol Türkiyə liderindən Bakının prinsiplərindən geri çəkilməsi üçün yardım umub. Əlbəttə, bunun yolverilməzliyi gün kimi aydındır.
Haşiyə çıxaq ki, son zamanlar Türkiyə – Ermənistan münasibətlərinin normallaşması, xüsusən, quru sərhədlərinin açılması ətrafında söz-söhbətlər daha çox ikincinin hakim ictimai-siyasi industriyasının düşüncə məhsulu olaraq meydana çıxmaqdadır. Mövcud istiqamətdəki gündəmin xarakterik cəhəti isə budur: Ermənistan rəsmiləri hər şeyin Türkiyədən asılılığı məntiqini qabardırlar. Bu, örtülü ittihamdır. Məsələnin gerçəkləşməsi Ankaradan asılıdırsa və normallaşma prosesi, belə demək mümkünsə, yerində sayırsa, yəni mövcud istiqamətdə hansısa əsaslı irəliləyiş yoxdursa, deməli buna görə məsuliyyət daşıyan tərəf Türkiyədir. Hərçənd, vurğuladığımız kimi, Ərdoğan indi irəliləyişlərin olduğunu açıqlayıb. Söhbət konkret hansı irəliləyişlərdən gedir, bu barədə bilgi yoxdur...
Məlumdur ki, Türkiyə – Ermənistan münasibətlərində durğunluq, o cümlədən hər iki ölkənin quru sərhədlərinin bağlı qalması Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına Ankaranın cavabıdır. Ermənistan və havadarları hələ 44 günlük müharibədən əvvəl çalışırdılar ki, Türkiyə – Ermənistan münasibətlərinin normallaşması Bakı – İrəvan münasibətləri kontekstindən kənarda dayansın. 44 günlük müharibədən və Azərbaycanın işğala son qoymasından sonra bu meyil özünü daha çox göstərməyə başlayıb və indi də göstərməkdədir.
Əvvəla, Ermənistanın təcavüzünə son qoyulsa da, onun işğalçı mahiyyəti dəyişməyib. Ölkə hələ də avantürizmindən əl çəkməyib. Yeri gəlmişkən, avantürizm, eyni zamanda, Ermənistanın Azərbaycanla yanaşı, Türkiyəyə qarşı ərazi iddiasının rəsmi şəkildə saxlanılmasındadır. Deməli, ölkəmizin sülh tələbindəki prinsipiallıq, yəni, Ermənistan konstitusiyasının dəyişdirilməsinin vacibliyi Ankaranın mənafelərinə uyğundur. Əslində, cənab Ərdoğan fikirləri ilə bunu təsdiqləyir.
İkincisi, 44 günlük müharibədən sonra Ermənistan – Rusiya münasibətlərindəki gərginlik, o cümlədən, İrəvanın Qərbin Moskvanı Cənubi Qafqazdan sıxışdırmaq planlarında yer alması yeni reallıq formalaşdırıb. Hazırda Qərb Ermənistan üçün rus nəfəsliyinə alternativ nəfəslik axtarışındadır. Bu mənada Türkiyənin rolu müstəsna əhəmiyyətə malikdir. Başqa sözlə desək, Türkiyə bazarının ermənilər üçün açıqlığı zərurətə çevrilib. Ona görə Qərb çalışır ki, erməni avantürizmi Türkiyə – Ermənistan münasibətlərindən kənarda tutulsun.
Heç şübhəsiz, bu istək müvəqqəti xarakter daşıyır. Çünki hazırda bu tendensiya təbiətini itirsə də, Qərbin həmin avantürizmlə, konkret desək, saxta “erməni soyqırımı” iddiası ilə Ankaranı şantaj etməyə cəhd göstərdiyi yaddaşlardan silinməyib. Heç şübhəsiz, Ermənistan güclənsə, köhnə “metodlar” yenidən gündəmə gələcək. Bu yerdə onu da vurğulayaq ki, Azərbaycanın 44 günlük müharibədəki zəfəri nəticəsində formalaşmış daha böyük reallıq sözügedən saxta soyqırımı iddialarını da arxa plana keçirib. Nəticə etibarilə, Qərb Ermənistan məsələsində Türkiyə ilə ehtiyatla danışmağa başlayıb.
Elə Türkiyənin Xarici işlər naziri Hakan Fidanın dünən almaniyalı həmkarı Annalena Berbok ilə görüşündə də bu ehtiyatlı mövqe ortaya qoyulub. Hər halda, Almaniyanın Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımı bunu deməyə əsas verir. Amma mahiyyət eynidir. Rəsmi Berlin də Ankaranı Bakı – İrəvan münasibətlərinin nizamlamasında vasitəçiliyə təşviq edir: “Türkiyə qonşuluqda sülhün qərarlaşmasında mühüm vasitəçidir. Türkiyə Ermənistanla Azərbaycan arasında tarixi sülhün bərqərar olmasına töhfə verə bilər. Xarici işlər nazirlərinin görüşündə bu istiqamətdə konkret addımlar müzakirə olunub”.
Söylədiklərimizdən iki qənaətə gəlmək mümkündür. Birincisi, Türkiyənin Ermənistan üçün vacib nəfəslik olduğuna dair qəti fikrə gələn Qərb aləmi Ankaranın Bakı – İrəvan münasibətlərində vasitəçi olmasına çalışır. Yəni, Qərbdə belə düşünürlər ki, Azərbaycan Türkiyəyə ilə yaxınlığına görə, onu eşidər. İkincisi, mümkündür ki, Qərb Türkiyəni Cənubi Qafqaz platformasına siyasi-diplomatik baxımdan daha yaxından cəlb etməklə, mövcud müstəvidə Rusiyaya qarşı üstünlük qazanmaq barədə düşünür. Cəlb etməyin yolu isə Ankaranı vasitəçi qiyafəsində göstərməkdən, belə bir təsəvvürü möhkəmləndirməkdən keçir. Əlbəttə, bu ampluaya güc verilməsi Rusiyanın Türkiyəyə qarşı qəzəbini şərtləndirə bilər ki, həmin durumda yenə Qərbə sərf edir.
Sonda bütün bunlara nəzərən deyə bilərik ki, N.Paşinyanın həmişə, bir növ, süngü ilə qarşıladığı Türkiyə vasitəçiliyinə razılaşmasının səbəbi aydındır. Ermənistanın baş naziri ilə yanaşı, Almaniyanın xarici işlər naziri də meydandadırsa, başqa sözlə, elçi daşının üstündə oturubsa, heç şübhəsiz, məsələnin Fransa tərəfi də var. Ola bilməz ki, Paşinyan Ərdoğanla Fransa prezidenti Emmanuel Makronun razılığı olmadan görüşsün. Hər bir halda, Nikolun Türkiyə liderinin kitabını oxumasına ehtiyac var. Çünki nəşrin başlıca qayəsini təşkil edən “dünyanın beşdən böyük olması”nın dərki adi məsələ sayıla bilməz. Yəni, bu, fürsətcil və səmimiyyətdən uzaq Paşinyanın başı üçün deyil.
XQ-nin analitik qrupu