Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin sentyabrın 23-də keçirilən ilk iclasında dövlətimizin başçısı çıxış edərək ikinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsindən sonra ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini, xalqımızın qarşısında yeni imkanlar, yeni üfüqlər açıldığını vurğuladı.
Azərbaycan lideri daha sonra hazırda qarşıda böyük vəzifələr durduğunu, ilk növbədə, hərbi sahənin daha da möhkəmləndirilməsinin, Qarabağı və Şərqi Zəngəzurun bərpasının prioritet istiqamət olduğunu, beləliklə, respublikamızın genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi. Prezident İlham Əliyevin sözügedən nitqində vurğulandığı kimi, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası təbii olaraq bizim hər birimizin önəmli vəzifəsidir. İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra bu istiqamətdə geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərinə başlanılması, bununla bağlı qısa bir zaman ərzində möhtəşəm nəticələr əldə olunması bunun parlaq ifadəsidir.
Dövlətimizin başçısının nitqində diqqətə çatdırılan həmin nəticələri ifadə edən göstəricilərə qısaca nəzər salaq:
– İkinci Qarabağ müharibəsi başa çatandan bu ilin sonuna qədər xərclənməsi nəzərdə tutulan vəsait 19 milyard manat təşkil edib. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib;
– keçmiş məcburi köçkünlərin məskunlaşdırılması istiqamətində geniş miqyaslı layihələrin gerçəkləşdirilməsi nəticəsində 8 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura, dogma yurd yerlərinə qovuşub;
– infrastruktur layihələri sürətlə həyata keçirilib, 3 min kilometr avtomobil yolu inşa edilib;
– ümumi layihələr sırasında 70 kilometr uzunluğunda 45 tunel və 450 körpünün çətin relyef şəraitində inşası nəzərdə tutulur;
– dəmir yolları, 2 beynəlxalq hava limanı istifadəyə verilib;
– enerji potensialının gücləndirilməsi diqqətdə saxlanılıb və 3 il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilib və bu proses davam etdirilir;
– yaşayış sahələrinin salınması sürətlə həyata keçirilir, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir və bütün bu tikinti-quruculuq işləri keçmiş məcburi köçkünlərin ləyaqətli şəkildə məskunlaşdırılmasına xidmət edir.
Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirilir. “Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, – həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə”, – deyə ölkə rəhbəri bildirib.
İşğaldan azad edilən ərazilərimizdə infrastrukturun yenidən qurulması, yaşayış sahələrinin yaradılması ilə yanaşı, düşmənin yerlə-yeksan etdiyi mədəni, tarixi irsimizin bərpası da diqqətdə saxlanılır, bu istiqamətdə önəmli layihələr gerçəkləşdirilir. Bütün bunlar Azərbaycanın güclü maliyyə imkanlarından, xalqımızın, dövlətimizin güc-qüdrətindən, eyni zamanda, texniki imkanlara malik olmasından xəbər verir.
Şübhəsiz ki, qısa zaman ərzində belə geniş miqyası təşəbbüslərin uğurla gerçəkləşdirilməsini yüksək səviyyəli kadr hazırlığı şərtləndirir. Çünki bu işləri görmək dövlət başçımızın nitqində vurğuladığı kimi, 3 min metrdən yuxarı hündürlüyü olan dağlarda qış vaxtında elektrik xətləri çəkmək, doğrudan da böyük peşəkarlıq tələb edir.
Qarabağ və Şərqi Zəngəzurun uğurla dirçəldilməsini şərtləndirən əsas amillərdən biri də odur ki, Azərbaycan bu əzəli-əbədi yurd yerlərimizin yenidən qurulmasına hələ müharibə getdiyi bir dönəmdə başlayıb. Məsələn, Ağdərə rayonunda artıq yol infrastrukturunun inşasına 44 günlük İkinci Qarabağ müharibəsi bitməmiş start verilib. Bax, elə bu faktı Azərbaycanın hərbi gücünə olan inamı, iqtisadi potensialının nəyə qadir olduğu şərtləndirib.
Şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq layihələrinin icrası bundan sonra daha da sürətlənəcək. Büdcədən bu məqsədlə ayrılan vəsaitin həcmi getdikcə artırılacaq.
Onu da deyək ki, belə nəhəng tikinti işləri ölkəmizin maliyyə gücü ilə gerçəkləşdirilir. Bununla bağlı Prezident İlham Əliyev Milli Məclisinin sözügedən iclasında bildirdi ki, Qarabağda bərpa-quruculuq işlərini Azərbaycan indiyədək öz hesabına reallaşdırıb. “Bu günə qədər bizə bərpa işlərində köməklik edən Özbəkistan və Qazaxıstan qardaş dövlətlər olub. Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilibdir və hazırda Qırğızıstan Respublikası da Ağdam rayonunda məktəb inşası ilə məşğuldur. Vəssalam. Bundan başqa necə deyərlər, bizə bir daş da müftə verilməmişdir. Biz bütün bu işləri öz hesabımıza edirik. Dünyanın bir çox donor təşkilatları var, onlar, necə deyərlər, bu məsələyə biganədirlər. Halbuki bu böyük ərazini bu vəziyyətdə görən minlərlə xarici nümayəndə olub”.
Dövlətimizin başçısı nitqində cari ilin iqtisadi göstəricilərinə də toxunub. Səkkiz ayda iqtisadiyyatın 4 faizdən çox artdığını, qeyri-neft sektorunda bu göstəricinin 7 faiz olduğunu bildirən ölkə rəhbəri son illər ərzində Azərbaycanın xarici borcunun ildən-ilə aşağı salındığını və bunun hazırda ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil etdiyini bildirib: “Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni, əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, – biz bir gündə qaytara bilərik. Daha heç bir ölkə ilə özümüzü müqayisə etmək istəmirəm. Amma bir rəqəmi deyim ki, inkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir...”.
Qeyd edək ki, Azərbaycanın xarici dövlət borcunun azalması bir sıra amillərlə bağlıdır. Bu, ilk növbədə, düşünülən uzun müddətli strategiyanın uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam – “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” da bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, 2022–2025-ci illər üzrə yenilənən bu strategiyada ortamüddətli dövr ərzində dövlət büdcəsi qarşısında makroiqtisadi sabitliyə xələl gətirilməməsi, büdcənin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, habelə tədiyə balansının tarazlığının pozulmasının qarşısının alınması, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyinin qorunması, işğalçıdan təmizlənən ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) maliyyələşdirilməsi kimi bir sıra çağırışlar meydana gəlib.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün qarşıya bir sıra mühüm vəzifələr qoyulub. Həmin məqsədlər sırasında yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmasına xüsusi yer verilib. Bundan başqa sənəddə şaxələnmiş iqtisadiyyatın dayanıqlılığı üçün qeyri-neft sektorunun payının, eləcə də dövlətin valyuta ehtiyatlarının artırılması, intizamlı borclanmanın təşkil edilməsi kimi mühüm əhəmiyyətli istiqamətlər vurğulanıb.
Ölkədə daxili və xarici borcların qarşılanmasından bəhs edərkən, bir məsələni də xatırlatmaq istərdik. Belə ki, son illər respublikamızın daxili və xarici dövlət borcunun idarə edilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə davamlı tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb.
Bu sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilməsi də məhz bu məqsəddən irəli gəlib. Həmin strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi qərara alınıb.
***
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin sentyabrın 23-də keçirilən ilk iclasında dövlətimizin başçısı çıxışında ölkə iqtisadiyyatının perspektivdə inkişafının diqqət mərkəzində saxlanılacağının zəruriliyini xatırladıb. Bunsuz gələcək planların həllinin, o cümlədən vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasının mümkünsüzlüyünü vurğulayan Azərbaycan lideri 2018-ci ildən bu yana 7 milyard manatlıq və 4 milyon insanı əhatə edən 4 sosial islahatlar paketinin həyata keçirildiyini diqqətə çatdırıb. Ölkə rəhbəri, eyni zamanda, son 5 il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını və gələn ildən əməkhaqqı və pensiyanın yenə də artırılacağını qeyd edib.
Ölkə rəhbərinin vurğuladığı bu göstəricilər Azərbaycanın ümumi siyasətini təcəssüm etdirir. Həmçinin bu önəmli rəqəmlərə əsaslanan təməlin daha da möhkəmlənməsi üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda çox sayda yeni istehsalat sahələrinin açılması da bu şərtin gerçəkləşməsindən qaynaqlanır.
V.BAYRAMOV
XQ