Bakıda “ADEX-2024” və “Securex Caspian” sərgiləri

post-img

Dünən Bakıda regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi açılıb.

“Bakı Ekspo Mərkəzi”ndə 3 gün davam edəcək sərgilərin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı dip­lomatik korpusun və beynəlxalq təşkilatla­rın təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri, digər əlaqədar qurumların nü­mayəndələri iştirak ediblər.

Müdafiə sənayesi naziri Vüqar Mus­tafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubunu oxuyub. Sonra sərginin iştirakçıları və qo­naqları VIP turda iştirak ediblər.

Bu genişmiqyaslı təqdimat regionun ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. 2024-cü ildə “ADEX” və “Se­curex Caspian” sərgilərinin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir. Sər­gilərdə 40 ölkədən 218-dək şirkət iştirak edir. İştirakçı ölkələr Azərbaycanla yanaşı ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Ser­biya, Sinqapur, Slovakiya, Türkiyə, Ukray­na və digərləridir.

Builki sərgilər iştirakçıların ümumi sayının 34 faizini təşkil edən yeni şirkət­lər hesabına yenilənib. Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci il ilə müqa­yisədə sərgilərin yeni iştirakçılarıdır. 14 ölkə – Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukrayna sərgilərdə milli pavilyonla iştirak edirlər. 2022-ci il ilə müqayisədə iştirakçı­ların sayında 32 faiz artım qeydə alınıb. 

“ADEX” sərgisinin sponsorları Tür­kiyənin “Baykar”, İsrailin “Israel Aerospa­ce Industries” və Qətərin “Barzan Holdin­gs” şirkətləridir.

“ADEX” sərgisi ilə paralel olaraq təş­kil edilən “Securex Caspian” sərgisində hüquq-mühafizə, sərhəd, xilasetmə, yan­ğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli mo­delləri nümayiş etdirilir. 

XQ

Son xəbərlər