Nifrəti silaha çevirməyin aqibəti

post-img

Yazımıza qısa hüquqi arayışla baş­layırıq. Ermənistanın bu yaxınlarda böyük həvəslə qoşulduğu Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statu­tuna əsasən, “əhalinin deportasiyası və ya zorla köçürülməsi” dedikdə, köçürülməyə və ya digər məcburi təd­birlərə məruz qalan insanların qanuni yaşadıqları ərazidən zorla çıxarılması nəzərdə tutulur. Yəni, gözünü yumub, ağzınızı göyə açıb, “deportasiya, etnik təmizləmə, zorla köçürülmə” çığır­maqla məsələ həll olunmur. Bunları beynəlxalq hüquq müstəvisində sübut etməlisiniz. Amma belə bir sübut yox­dur və ola da bilməz. O da maraqlıdır ki, bir il əvvəlki hadisələrlə bağlı İrə­van və ermənipərəst dairələr Azərbay­canı ittiham edirlər, amma bu zaman bir dəlil belə ortaya qoya bilmirlər.

Bu dəfə də belə oldu. Ermənistan Xari­ci İşlər Nazirliyi, bu ölkənin eks-ombudsmanı 2023-cü il sentyabrın 19-20-də ordumuz tərəfindən öz suveren ərazilə­rimizdə aparılan antiterror tədbirlərini “Dağlıq Qarabağa hücum” və “etnik tə­mizləmə” kimi qələmə verməyə çalışırlar. “Sülhpərvər ölkə olduğunu iddia edən Er­mənistan tərəfindən Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın “Dağlıq-Qa­rabağ” kimi qondarma adla çağırılması Azərbaycanın suverenliyi və ərazi bütöv­lüyünə qarşı hörmətsizliyin bariz nümunə­sidir”. Bunu Azərbaycan Xarici İşlər Na­zirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-nin 19 sentyabr tarixli bəyanatına dair şərhində bildirib. Şərh­də daha sonra deyilir ki, ötən ilin 19–20 sentyabr tarixləri arasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən 24 saatdan az bir müddətdə suveren ərazilərimizdə aparılan antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirilib: “Azərbaycanın öz torpaqları üzərində su­verenliyini bərpa etməsi tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, bey­nəlxalq hüquq və ədalətin təntənəsidir”. XİN rəsmisinin şərhində o da vurğulanır ki, Ermənistan tərəfinin təhrikedici səylə­rinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri zamanı mülki əhali hədəf alın­madı, mülki infrastruktura ziyan vurul­madı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı.

* * * 

Ermənistanın keçmiş ombudsmanı Ar­man Tatoyanın dərc etdiyi hesabatda isə bir il əvvəl Qarabağdakı mülki əhalinin “gözlənilməz hücumla” üz-üzə qaldığı, “ailələrin bir qisminin çörək axtarışında, uşaqların məktəbdə olması səbəbindən bir-birindən ayrı düşdüyü, onlarca insanın həlak olduğu” qeyd olunur. Ombudsma­nın Azərbaycanın məcburiyyət qarşısında keşirdiyi antiterror tədbirinin səbəbi kimi göstərdiyi motiv çox maraqlıdır: “Bir il bundan əvvəl baş verənlərin hamısı Azər­baycan dövlətinin ermənilərə qarşı dərin nifrət və irqçilik siyasətindən qaynaqlanır­dı”. 

İki əsrdir ki, beşikdəki çağanı da türkə nifrət ruhunda tərbiyə edən bir qövmün in­san haqları müdafiəçisi bizi onlara “dərin nifrət” bəsləməkdə suçlayır. Xocalı, Bağa­nıs Ayrım, Başlıbel qətliamlarını törədən terrorçu dövlətin sabiq ombudsmanının məntiqinə görə, 30 il ərazimizin 20 faizini işğalda saxlayan separatçı rejimin hüzuru­na gül-çiçəklə getməli imişik. Həqiqətən də, rəsmi Bakının yaşayış yerlərini tərk etməmək barədə çoxsaylı müraciətlərinə, təklif etdiyi reinteqrasiya proqramına baxmayaraq, ermənilər ərazimizi könüllü şəkildə tərk etmək qərarı verdilər. İndi on­ların azad seçimini “etnik təmizləmə” kimi qələmə vermək hüquqi nonsens olmaqla yanaşı, həm də riyakarlıq və ikiüzlülük nü­munəsidir. Və bunu işğal etdiyi torpaqları­mızdan soydaşlarımızı silahla qovan, onla­ra qarşı kütləvi qırğınlar törədən Hayastan bəyan edir. Nifrəti silaha çevirənlərin son aqibəti necə olmalı idi ki? 

* * * 

Heç nəyi unutmamışıq. O cümlədən, dünya güclərinin himayəsindən ruhlanan inadkar Ermənistanın separatçı qurumun qalıqlarını maliyyələşdirməsini, onu silah­landırmağı dayandırmadığını da xatırlayı­rıq. İrəvan və Parisin, eləcə də ermənipərəst dairələrin ölkəmizin suverenliyinin tam bərpasına yol verməmək üçün hansı tələlə­ri qurmağa çalışdıqları da yadımızdadır. Bunların heç birinin faydası olmadı. Sonda suda boğulanlar saman çöpündən yapışan təki, ermənilərin də Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana könüllü köçmə­sini təşkil etdilər. Azərbaycan vətəndaşlı­ğını qəbul etmək şərti ilə ölkəmizin digər sakinlərinin sahib olduqları imtiyazlara razı olmadılar, getməyə üstünlük verdilər. Ermənilərin Qarabağdan Ermənistana köç­məsi Azərbaycana düşmən olan qüvvələ­rin, o cümlədən, “miatsum” ideyaları ilə hələ də vidalaşmamış Hayastan iqtidarının, erməni kilsəsinin, diasporun və nəhayət, Cənubi Qafqazdakı geosiyasi dəyişikliklə barışmaq istəməyən bəzi “güclərin” əlin­də “dəstavüza” çevrildi. Həmin qüvvələrə sonradan Azərbaycanı “etnik təmizləmə”­də ittiham və öz şərtləri ilə gedənlərin geri qaytarılmasını tələb etmək üçün məhz er­mənilərin köçməsi lazım idi. 

Heç bir beynəlxalq təşkilat və ya döv­lət terrorla mübarizə əməliyyatını “hərbi hücum”, “etnik təmizləmə” kimi tanıya bilməz. Çünki Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Dövlət öz ərazisinə hücum edə bilməz. Üstəlik, əməliyyatın gedişində Paşinyan artıq neçənci dəfə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını etiraf etdi. 

Hazırda rəsmi Bakı İrəvanın sülh da­nışıqlarını pozmağa yönəlmiş növbəti təx­ribatına şahidlik edir. Aşkar görünən odur ki, Ermənistan və onun himayədarları yeni nəsillər arasında nifrət yaratmaq məqsə­dilə müəyyən “ideoloji proqram” hazırla­maq kimi dağıdıcı yol seçiblər. Yəni, bu o deməkdir ki, Azərbaycan hər cür təx­ribatlara hazır olmalıdır. Bunu haylarla qonşuluğun gətirdiyi fəsadlar və həyatın özü tələb edir. Klassiklərdən birinin dediyi kimi, sülh bir çox hallarda yalnız arzularda reallaşır. 

* * *

“Bir il bundan əvvəl Azərbaycan Dağ­lıq Qarabağa (?) silahlı hücum edib və 100 mindən çox insanı məcburi köçkün vəziyyətinə salıb. Bununla da XXI əsrin tarixində ilk etnik təmizləmə (?) həyata keçirib”. Bunu Avropa Parlamentinin plenar iclasındakı çıxışında fransalı de­putat, Avroparlamentin xarici əlaqələr komissiyasının təhlükəsizlik və müdafiə alt komitəsinin sədri Natali Luazo deyib. 

Həm ermənipərəst mövqeyi, həm də tipaj olaraq keçən əsrin 90-cı illərindəki Qalina Staravoytovaya bənzəyən Natali Luazo Aİ-nin rüşvətxor məmur və deputat­ları ilə tez-tez Ermənistana gəlir, sərhəddə şəkillər çəkdirir, Azərbaycanın ünvanına hədyanlar yağdırırdı. Bu, həmin Luazodur ki, 2023-cü ilin iyununda başının dəstəsi ilə Laçın sərhədində “pusquda durmuş” Aİ-nin missiyasının üzvləri, Zəngəzurda “Qarabağ köçkünləri” ilə görüşmüş, Laçın büraxılış məntəqəsinə beynəlxalq qüvvələ­rin yeridilməsini, bununla bağlı BMT-nin təcili qətnaməsini tələb etmişdi. 

İndi isə Azərbaycanın evsahibliyi edə­cəyi COP29-un iştirakçılarına “ermənilə­rin “Dağlıq Qarabağa qayıtmaları, əsirlərin buraxılması” tələbi ilə rəsmi Bakıya çağı­rış etmələrini istəyir. O, hətta, bu tələbini Azərbaycanın Ermənistanla sülh sazişi im­zalamadığı ilə əsaslandırır. 

Reallıqla barışmaq, onu həzm etmək istəməyənlərin problemini başa düşürük. Anlaşılmayan odur ki, bütün cəbhələrdə uduzmuş və tam iflasa uğramış haylar, san­ki, yüz il əvvəlin havası ilə nəfəs alır, letar­gik yuxudan ayılmaq istəmirlər. 

“Biz göstərdik ki, güclü iradə, peşə­karlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Nə çoxqat­lı müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, – çünki bütün təpələrdə onlar yerləşmişdi, – nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran, onlara mənə­vi və fiziki yardım göstərən dövlətlər. Heç kim!”.

Bu sözləri Prezident İlham Əliyev Qa­rabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib. Bəli, bun­dan sonra heç kim bizimlə nə gücün dili ilə danışa, nə də bizi tutduğumuz yoldan döndərə bilər. Çünki güclü siyasi iradəyə söykənən Azərbaycanın inamla addımladı­ğı bu yol ədalət və dürüstlükdən keçir. 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Ermənilərin indi bacardıqları ye­ganə məşğuliyyət boş-boş çığırmaqdır. Reallıq ondan ibarətdir ki, üçtərəli bəya­nata uyğun olaraq, Azərbaycan dəfələr­lə Ermənistandan ordusunun qalıqlarını Qarabağdan geri çəkməsini tələb edirdi. Bunu etməyin əvəzinə, hoqqabazlıqla məşğul idilər. Guya, orada qalan özü­nümüdafiə polis qüvvələridir. Məgər özünümüdafiənin yüzlərlə tankı, BTR-i, BMP-si, artilleriya və reaktiv qurğuları olur? İnadkarlıq göstərənin cavabı bu cür olmalıydı. Azərbaycanın antiterror tədbirlərini minimum itikilərlə həya­ta keçirməsinə bütün dünya mat qalıb. Bəli, ordumuz əlində o boyda silah-sur­satı olan qüvvəni bir günə təslimə məc­bur elədi. Yalnız hərbi obyektlər vurul­du. Bu məsələdə Azərbaycana heç kəs irad tuta bilməz. 

İsrail bir ilə yaxındır ki, Qəzzada hərbi əməliyyat aparır və dinc əhali də daxil olmaqla 40 mindən çox insan həlak olub. Amma biz bircə günə əmə­liyyatı yekunlaşdırdıq və separatçıları torpağımızdan qovduq. Uzatdığımız əli rədd edəndə, təbii ki, Azərbaycan antiterror tədbirini reallaşdırmağa məc­bur oldu. O ki qaldı, mülki ermənilərin oradan çıxmasına, onların beyinlərini 30 ildən çox idi ki, azərbaycanlılarla birgə yaşamağın mümkünsüzlüyü na­ğılı ilə doldurmuşdular. Belə separa­tist düşüncə tərzi onların son aqibətini müəyyənləşdirdi. Həmin ermənilərə belə bir nağıl da danışmışdılar ki, Koso­vodan da albanları çıxarmışdılar, amma sonra Amerika serbləri bombalamaqla geri qayıtmanı təmin etdi. Məhz belə xəyallarla yaşayan ermənilər Azərbay­canın da üstünə kiminsə yeriyəcəyini gözləyirdilər. Bu, baş vermədi və ola da bilməzdi. 

Necə ki, vaxtilə Xorvatiya öz əra­zisində yüksək muxtariyyata qane ol­mayan 600 minə yaxın serbi eyni üsul­la – antiterror əməliyyatı ilə çıxardı. Sonradan geri qayıdan 100 mindən bir qədər çox serb Xorvatiya vətəndaşlığı­nı qəbul edib, heç bir muxtar hüquq­lara malik olmadan yaşayır. Axı, eyni variantı Azərbaycan da təklif etmişdi. Yox, bunlara ordumuzun, polisimizin, Azərbaycan hökumətinin olmadığı Qa­rabağ lazım idi. İndi üstümüzə yeriyən ermənipərəst dairələr isə heç nəyə nail ola bilməyəcəklər.

İmran BƏDİRXANLI
XQ





Siyasət