Branson cinayəti, yaxud yeni nəsil erməni terrorizmi

post-img

Məlumdur ki, erməni terrorizminin tarixi təxminən iki əsrə söykənir. İstər XIX əsr, istərsə də XX əsr dünya terror ədəbiyyatının ermənilər tərəfindən yazılması heç kəsə sirr deyil. Lakin məsələ budur ki, XXI əsrdə də erməni ultraşovinistləri öz türk xalqlarına, xüsusilə Anadolu və Azərbaycan türklərinə qarşı terror planlarından əl çəkmək istəmirlər.

Belə ki, ABŞ Ədliyyə Nazirliyinin bir neçə gün əvvəl yaydığı məlumat bunu deməyə əsas verir. Məlumatda erməni əsilli Aram Bransonun azərbaycanlılara qarşı bomba hazırlamaqda ittiham edilməsi göstərilir.

İttiham aktlarına görə, Branson 2023-cü ilin yanvarında Çikaqo Universitetindəki yataqxanada partlayış törədib və bundan sonra hüquq-mühafizə səlahiyyətliləri onun izinə düşüb.

ABŞ polisləri Bransonun partlayıcı qurğu hazırladığını və bu cihazın partlaması nəticəsində otağının yanmasına və yataqxananın təxliyə olunmasına səbəb olduğunu ortaya çıxarıblar. Sonrakı araşdırmalar Bransonun Ermənistanın məqsədlərini dəstəkləmək üçün birbaşa terror fəaliyyəti ilə məşğul olmaq istədiyini ortaya qoyub. Həmçinin, Bransonun partlayıcı cihazlar hazırladığı, qapı və masaların qumbaralarla təchiz edilməsini göstərən videolar çəkdiyi iddia olunur.

Bu da azmış kimi, 2023-cü ilin avqustunda Branson Bostondan Ermənistana səfər edərkən baqajında olan qeyri-adi və çox təhlükəli partlayıcı maddələrə görə hava limanının həyəcan siqnalı işə düşüb. İddia olunur ki, o, gömrük və sərhəd mühafizəsi rəsmilərinə partlayıcı materialın onun baqajına necə düşdüyünü bilmədiyini deyib. Axtarış zamanı Bransonun Nyutondakı evində həmin partlayıcını hazırlamaq üçün geniş resept tapılıb. Bransonun internetdəki axtarışları da ABŞ-da xarici diplomatik obyektlərə qarşı cinayət törətməyə planlaşdırdığını göstərir. Kim bilir, bəlkə də terrorçu ötən əsrin əvvəllərində və ortalarında Azərbaycan və Türkiyənin vəzifəli məmurlarına qarşı cinayətlər silsiləsini davam etdirmək istəyib? Bəlkə də qədim yunan intiqam ilahəsi sayılan Nemezidanın ruhunu Branson daşımaq istəyib. Tarixdən bəllidir ki, Nemezidanın şərəfinə adlandırılmış Nemezis əməliyyatı Azərbaycan və Türkiyənin onlarla dövlət xadiminin həyatına son qoyub. 

Belə olan təqdirdə xarici diplomatik obyektlər kimi, ilk növbədə, Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəlikləri seçiləcəkdi.

İttiham sənədlərində qeyd olunur ki, Bransonun əsas məqsədi qondarma Artsaxda yəni Qarabağda ermənilər üçün təhlükə yaradan azərbaycanlılara cəza vermək olub. Sözsüz ki, 2020-ci il parlaq şəkildə başa vurduğumuz Vətən müharibəsi və 2023-cü il qəti qələbimizlə nəticələnən antirerror əməliyyatları iki yüz illik terror tarixinə sahib erməni millətçilərini qıcıqlandırmaya bilməzdi. Budur, ABŞ ermənisi Branson Qriqoriyan kilsəsinin zənglərindən ilham alaraq erməni xalqının növbəti terror kitabını yazmaq istəyib, lakin bu dəfə alınmayıb. 

Lakin bir pis xəbər odur ki, Branson artıq ABŞ-ı tərk edib və Ermənistana sığınıb. Burada Amerika hüquq-mühafizə orqanlarının hərəkətsizliyi və biganəliyi də hiddət doğurur. Çünki bir dəfə belə olmuşdu. Birinci Qarabağ müharibəsində azərbaycanlılara və türkiyəlilərə qarşı dəhşətli terror əməlləri həyata keçirən Monte Melkonyan da planlarını Amerikada hazırlayıb Ermənistana gəlmişdi. Düzdür, o vaxt şanlı hərbçilərimiz Ağdamın Mərzili kəndində onu məhv etmişdilər. İndi də Branson ABŞ-da qazandığı terror təcrübəsini soydaşlarımıza qarşı tətbiq etmək üçün Ermənistana gəlib. Əlbəttə, yumşaq desək, onu da Melkonyanın taleyi gözləyir. Əgər hər hansı bir cəhddə iştirak etsə, buna şübhə etmirik. Lakin bura qədər baş verənlərdən o hasil olur kİ, erməni terror hərəkatı Bransonların timsalında hələ də ayaqda qalmaq istəyir. Və Ermənistan dövləti açıq şəkildə olmasa da, terrorçuları himayə edir. Bu isə perspektivdə görünən sülh çağırışlarına ciddi təhdiddir. Bunu ilk növbətə Ermənistan anlamalıdır.

Anar TURAN

XQ

 

 

Siyasət