Azərbaycan bu platformada da əməkdaşlığa açıq olduğunu sübut edib
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın nüfuz və söz sahibi olduğu beynəlxalq təsisatlardan biridir. Ölkəmiz 33 ildir ki, keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə tamhüquqlu üzv qəbul olunub. SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan, həmçinin Əfqanıstan bu təşkilata daxil olub. Məlumat üçün onu da bildirək ki, 2011-ci ilin iyun ayında Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Xarici işlər nazirləri Surasının 38-ci sessiyasında İslam Konfransı Təşkilatının (İKT) adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunub.
1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin Xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədinə “Ermənistan–Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınıb. İKT-nin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilən XXI konfransında isə “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamə qəbul edilib.
30 il bundan əvvəl –1994-cü ilin dekabrında Kasablanka şəhərində İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının VII Zirvə görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı olduqca vacib qətnamə qəbul edildi. Həmin sənəddə Ermənistanın təcavüzü nəticəsində bir milyona yaxın vətəndaşımızın doğma yurdundan didərgin düşməsi, həmçinin BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından “dərhal və qeyd-şərtsiz” çıxarılması tələbi öz əksini tapıb.
İƏT öz sıralarında cəmiyyətlərində İslam dininin dominantlıq etdiyi ölkələri birləşdirsə də, təşkilat dünyada baş verən hadisələrə öz münasibətini bildirən, planetin müxtəlif nöqtələrində baş qaldıran dini, irqi ayrı-seçkilik hallarına, separatizm meyillərinə qarşı haqq səsini daim ucaldıb. Qurumun, istisnasız olaraq, bütün üzvləri ötən dövr ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini qınayan, təcavüzkarı pisləyən onlarca bəyanat və qətnamə qəbul edib.
* * *
Bu dəfə İƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyası Kamerunun paytaxtı Yaunde şəhərində keçirilib. Avqustun 29-30-da baş tutan sessiyada Azərbaycanı Xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Azərbaycan XİN-in bununla bağlı məlumatında bildirilir ki, sessiya çərçivəsində çıxış edən nazir müavini Mavritaniya İslam Respublikasına İƏT XİN Şurasına uğurlu sədrliyinə görə təşəkkür edib və yeni sədr ölkə Kamerun Respublikasına müvəffəqiyyət arzulayıb. E.Məmmədov çıxışında, həmçinin sessiya iştirakçılarına Ermənistan–Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesi və rəsmi İrəvanın buna mane olmağa yönəlik təxribatçı addımları, xüsusilə də mina təhdidləri barədə ətraflı məlumat verib.
Azərbaycanın regionda davamlı sabitliyi təmin edəcək, tamhüquqlu regional normallaşma və əməkdaşlığa yol açacaq sülh və dövlətlərarası münasibətlərin bərqərar olması üçün fəal şəkildə çalışdığını nəzərə çatdıran nazir müavini bildirib ki, 2020-ci ildə Ermənistanla məlum silahlı münaqişənin başa çatması hər iki ölkə üçün onilliklər boyu davam edən düşmənçiliyin nəticələrini aradan qaldırmaq və mehriban qonşuluq münasibətləri qurmaq üçün unikal imkan yaradıb. Bu baxımdan Azərbaycanın daim təşəbbüs göstərdiyi və Ermənistana təklif etdiyi normallaşma prosesinə tam sadiqliyini vurğulayan E.Məmmədov çıxışında bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcəyini bildirib və sözügedən tədbirin üç il ardıcıl şəkildə İƏT-ə üzv dövlətlərdə (COP28-ə Birləşmiş Ərəb Əmirlikləri, COP27-yə isə Misir evsahibliyi edib – red.) keçirilməsinin diqqətəlayiq fakt olduğunu ifadə edib.
* * *
Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un qlobal iqlim dəyişiklikləri, alternativ enerji mənbələrinə – yaşıl dünyaya keçid nöqteyi-nəzərindən əlahiddə əhəmiyyətə malik olduğu məlumdur. BMT-nin ən böyük, genişmiqyaslı tədbirinə evsahibliyi etmək Azərbaycan üçün həm də mühüm siyasi mərhələ sayılır. Çıxışında bu amilləri vurğulayan nazir müavini Azərbaycanın müxtəlif inkişaf səviyyəsinə və siyasi mənsubiyyətə malik ölkələrin birləşdirilməsində Qoşulmama Hərəkatına bu yaxınlarda yekun vurulmuş sədrlik təcrübəsindən istifadə edərək qlobal iqlim gündəliyinin irəliləməsində beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün əlindən gələni edəcəyini diqqətə çatdırıb.
Nazir müavini çıxışında Azərbaycanın İƏT-in potensialını yüksəltmək üçün yeni ideyalar və təşəbbüslər irəli sürdüyünü və həmin təşəbbüslərdən birinin də İƏT Əmək Mərkəzinin yaradılması olduğunu söyləyib. Qurumun Nazirlər Şurasının 50-ci sessiyasının yekununda ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 4 qətnamə qəbul edilib. “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələrdə ermənilər tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur.
* * *
Kamerunun paytaxtında qəbul edilmiş “1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur.
Azərbaycanın özünə doğma və halal tribuna hesab etdiyi İƏT-in sıraları genişləndikcə onun pozitiv imici də dünyada daha da möhkəmlənəcək. Onu da demək lazımdır ki, bu gün Azərbaycanı İƏT-ə üzv ölkələrlə təkcə milli-mənəvi dəyərlər deyil, həm də beynəlxalq siyasi arenada birgə fəaliyyət bağlayır. Bu platformalarda Azərbaycanın dünya çapında qazandığı tolerant imici və tutduğu multikultural mövqeyi xüsusi rol oynayır.
Sonda bir məsələni də vurğulayaq ki, Cənubi Qafqaz bölgəsində söz və güc sahibinə çevrilmiş Azərbaycanın uğurları dostlarını sevindirir, bədxahlarını isə kədərləndirir. Çünki Azərbaycan daim irəli baxır və öz gücünü bütün beynəlxalq təşkilatlarda, bütün iqtisadi-siyasi əməkdaşlıq platformalarında xalqın mənafeyinə, eləcə də bölgənin təhlükəsizlik mühitində uzunömürlü, səmərəli əməkdaşlığına yönəldir. Bu xoşməramlı və nəcib təşəbbüslərə mane olmağa çalışanlar sonda heç nəyə nail ola bilməyəcəklər. “Qafqaz evi”nin sakinlərinə ikili standartla yanaşan “səlibçilər”in məkrli planları isə kağız üzərində qalacaq.
İmran BƏDİRXANLI
XQ