Zəngəzur dəhlizi region xalqlarına rifah gətirəcək
Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə, bütövlükdə, türk dünyası üçün geosiyasi əhəmiyyət daşıyır. Onun istifadəyə verilməsi, eyni zamanda, Azərbaycan kimi, Türkiyəni də regionun nəqliyyat qovşaqlarının “hab”ına çevirəcək. Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu bildirib: “Türkiyənin Avrasiya strategiyası Asiya ilə Avropa arasında enerji və nəqliyyat qovşağına çevrilməyə əsaslanır. Zəngəzur dəhlizinin Türkiyə üçün əhəmiyyəti də eyni səbəbdən qaynaqlanır. Məqsəd regionda nəqliyyat və enerji xətlərinin inkişaf etdirilməsi və Orta Asiya–Cənubi Qafqaz–Türkiyə xəttini Şərq–Qərb istiqamətində dominant xəttə çevirməkdir”.
Nazir qeyd edib ki, bu strategiyada söhbət 1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk dövlətlərini strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan böyük bir regionu birləşdirəcək.
Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması Türkiyənin İrandakı nəqliyyat–logistik xərclərini də azaldacaq. Bu gün Türkiyədən yüklər İran vasitəsilə həm Azərbaycana, həm də Mərkəzi Asiya və digər dövlətlərə göndərilir. Ankara İrandan keçən hər yük avtomobili üçün böyük məbləğdə tranzit xərci ödəyir. Ona görə də Türkiyə Qars şəhərini Naxçıvanla sərhəd olan İğdır vilayəti ilə birləşdirəcək dəmir yolunun tikintisini 5 il ərzində başa çatdırmaq istəyir. Yol Zəngəzur dəhlizinin mühüm komponentini işə salmağa imkan verəcək.
A.Uraloğlu sonda bildirib: “Qarsdan Azərbaycanla sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsinə qədər məsafədə tikinti işləri 5 il çəkəcək. Nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyət göstərməsi 2028–2029-cu illərdə mümkün olacaq. Bu marşrut Türkiyə və bütün region üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir”.
Həmin vaxtadək Naxçıvan Muxtar Respublikası ilə Zəngilan rayonu arasında dəmir və avtomobil yollarının tikintisi də həyata keçirilməlidir. Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında dəmir və avtomobil yollarının inşası başa çatdırılmalı, Naxçıvanda relslərin modernləşdirilməsi həyata keçirilməlidir. Hazırda Horadiz–Ağbənd dəmir və avtomobil yollarının inşası sürətlə davam edir.
İqtisadçı Əli Mustafayevin sözlərinə görə, bu layihənin reallaşması ilə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə inşa edilən və 2017-ci ildə istifadəyə verilən Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu istismara verilib. BTQ-nin inşası ilə tarixdə ilk dəfə Azərbaycan və Türkiyə dəmir yolu xətləri birləşib. Zəngəzur dəhlizi isə bu əlaqələri xeyli dərəcədə inkişaf etdirməklə, bütövlükdə, türk dövlətlərinin iqtisadi və siyasi birliyini daha da gücləndirəcək. Sözsüz ki, bu dəhliz təkcə siyasi deyil, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyətə malik olacaq. Onun açılması nəticəsində Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün yeni mühüm alternativ imkanlar meydana çıxacaq.
Bəs Ermənistan nə qazanacaq?
Marşrutun açılması Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistan üçün də faydalıdır. Rusiyalı ekspert İrina Fedorovskaya qeyd edib ki, İrəvanın regionda həyata keçirilən iri infrastruktur layihələrindən kənarda qalmasına və bölgədəki təcridinə son qoyulacaq: “Regiona inteqrasiya olan Ermənistan siyasi və strateji üstünlüklərlə yanaşı, iqtisadi səmərə əldə edəcək, Cənubi Qafqazın nəqliyyat qovşağı olması İrəvanın təhlükəsizliyini də gücləndirəcək, Türkiyə ilə münasibətlərini yaxşılaşdıracaq”.
Bu qədər üstünlüklərə baxmayaraq, layihənin reallaşmasına mane olanlar var. Bunlardan birincisi elə Ermənistan, ikincisi İrandır. İrəvanın şərti odur ki, yol Ermənistanın yurisdiksiyasında olmalı, gömrük və digər rüsumlar yığılmalıdır. Maraqlıdır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda Azərbaycanın şərq hissəsi ilə Naxçıvan arasında avtomobil əlaqəsinin bərpası, ona nəzarətin Ermənistan deyil, Rusiya sərhədçiləri tərəfindən təmin edilməsi açıq-aydın qeyd edilsə də, Ermənistan bu razılaşmaya artıq 4 ildir ki, əməl etmir. Bunu “suveren hüquqlarının pozulması” kimi təqdim etməyə çalışır. Bundan başqa, erməni tərəfi öz hərəkətləri ilə göstərir ki, Zəngəzur dəhlizi, hətta işə salınsa belə, bu dəhlizlə insanların və yüklərin təhlükəsiz hərəkətini təmin etmək iqtidarında deyil. Ona görə də ölkəmiz yola nəzarətin təhlükəsizlik baxımından üçüncü tərəfə həvalə edilməsini təklif edir.
Türkiyə də dəhlizin tezliklə açılmasında maraqlıdır. Erməni şərqşünası Varujan Qeqamyan özünün “Teleqram” kanalında yazıb: “Türkiyə Cənubi Qafqazda mövqelərini gücləndirmək niyyətindədir. Ermənistana təzyiqlərini artıracaq”.
Ekspert bir müddət Suriya və Livanda işləyib və onda belə bir təəssürat yaranıb ki, Yaxın Şərq regionu Ankaranın xarici siyasət prioritetləri siyahısında öz yerini itirib: “Türkiyə üçün Cənubi Qafqaz və Qara dəniz regionu xarici siyasətin əsas hədəfinə çevrilib, Suriya–İraq vektoru ikinci plana keçib. Bu, o deməkdir ki, Türkiyə qarşısına qoyulan vəzifələrin həlli üçün bütün resurslarını (diplomatik, hərbi, kadr və iqtisadi) bizim ölkəyə yönəldəcək”.
Qeqamyanın fikrincə, Ankaranın əsas vəzifəsi Türkiyənin təsir zonasını genişləndirmək və Orta Asiyadan Balkanlara qədər türk zolağını gücləndirməkdir. Zəngəzur dəhlizi bu istiqamətdə əsas halqalardan biridir. Buna görə də ekspert Türkiyənin Ermənistana təzyiqlərini artıracağını proqnozlaşdırır. O hesab edir ki, ölkəsində bu sadə həqiqəti görməzliyə salırlar: “İctimai müstəvidə real və aktual məsələlər deyil, hər cür qeyri-ciddi və ikinci dərəcəli mövzular müzakirə olunur”. Ekspert əmindir ki, Ermənistan sonda Türkiyənin təzyiqləri qarşısında güzəştlərə getməli olacaq.
Bəs, İranı narazı salan nədir? Tehran dəhlizin açılmasını siyasi, iqtisadi və təhlükəsizlik baxımından milli maraqlarına böyük təhdid hesab edir. Bu səbəbdən də onu özünün “qırmızı xətti” elan edib. Əslində, Tehran Azərbaycanın əsas tranzit tərəfdaşı rolunu itirməkdən və bununla da təsir rıçaqlarını zəiflətməkdən qorxur. Hesab edir ki, regionda Türkiyənin rolu daha da artacaq. Bu da iki ölkə arasında bölgədə nüfuz uğrunda rəqabəti gücləndirəcək.
Digər tərəfdən, İran ekstraterritorial yolun mühüm iqtisadi və siyasi tərəfdaşı olan Ermənistanla əlaqəsini kəsə biləcəyindən ehtiyat edir. Tehran dəhliz açılarsa, Rusiyanın Yaxın Şərqə çıxış əldə edəcəyindən də narahatdır. Çünki Moskva bu məqsədlə İran ərazisindən istifadə edir. İran həm də türk dövlətlərinin yaxınlaşmasını, onların genişlənmiş iqtisadi əməkdaşlığını qəbul etmək istəmir.
Nəticədə, İran Azərbaycana öz ərazisindən keçən dəmir və avtomobil yolları (Zəngəzurdan bir az uzun) çəkməyi təklif edib. İ. Fedorovskaya bununla bağlı qeyd edib ki, “İran yolu” adlanan bu layihə Türkiyə tərəfindən də dəstəklənib, amma Zəngəzur marşrutu gündəmdə qalır: “Çətin ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina etsin. Bu məsələ həll olunmasa, Ermənistan qlobal nəqliyyat axınından kənarda qalacaq.
Rusiya da regionda nəqliyyat layihələrini diqqətlə izləyir. O, Azərbaycan ərazisindən Türkiyəyə quru yolun tezliklə açılmasında maraqlıdır və Ermənistanın Zəngəzur bölgəsi vasitəsilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qalan hissəsi ilə birləşdirən marşrutun tikintisi bu maraqlara tam uyğundur. Bu layihənin işə düşməsi üçün Cənubi Qafqazın iki qonşu dövlətindən bir-birinə doğru addımlar atılmalıdır. Hələlik təəssüf ki, vəziyyət dalana dirənmiş görünür”.
Təbii ki, Türkiyə, Rusiya, Çin və bəzi Avropa ölkələrinin Zəngəzur dəhlizinin açılması ilə bağlı təşəbbüsləri və Azərbaycanın prinsipial mövqeyi İranın və Ermənistanın haqsız yanaşmalarını ciddi şəkildə zəiflədəcək. Marşrutun reallaşması üçün bütün maneələr aradan qalxacaq, o, region ölkələrinin maraqlarına xidmət edəcək.
Pünhan ƏFƏNDİYEV
XQ