Gözümüz İrəvandan su içmir
Məlum olduğu kimi, avqustun 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyətləri haqqında Əsasnamə imzalanıb. Məlumatı Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yayıb.
Qeyd edək ki, mövcud istiqamətdəki iş Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da keçirilmiş 8-ci görüşünün protokoluna uyğun olaraq həyata keçirilib. Yəni komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı fəaliyyət sözügedən sənəd üzrə aparılıb. Onu da bildirək ki, Ermənistan Xarici İşlər Nazirliyinin eyni məzmunlu məlumatında hazırda İrəvan və Bakının dövlətdaxili prosedurları həyata keçirməyə başladıqları vurğulanıb.
Əsasnamənin imzalanmasının Rusiya Prezidenti Vladimir Putinin avqustun 18–19-da Bakıya səfərindən sonra avqustun 23-də Ermənistan baş naziri Nikol Paşinyanla, avqustun 28-də isə Prezident İlham Əliyevlə telefon danışıqlarından sonraya təsadüf etməsi diqqət çəkməkdədir. İstər-istəməz, sual yaranır: Müəyyən fasilədən sonra qeyd edilən istiqamətdə işin intensivləşməsi Rusiyanın vasitəçilik missiyasının nəticəsidir?
Əslində, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimovun “RİA Novosti”yə müsahibəsində bildirdikləri də suala Moskvanın rolunu vurğulamaqla cavab verilməsini zəruriləşdirir. M.Yevdakimov bildirib ki, Bakı və Yerevan arasında sülhə dair danışıqlar Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020–2022-ci illər üçün üçtərəfli sazişlər toplusuna uyğunluğu vacibdir: “İki tərəf (Bakı və İrəvan) arasında danışıqların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020–2022-ci illər üçün üçtərəfli sazişlər toplusuna uyğun olması vacibdir. Biz gələcək sazişlə bağlı razılığa gəlməkdən əlavə, nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin qurulması haqqında danışırıq”.
Ancaq bir məqama da diqqət yetirmək zərurəti yaranır. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupunun 12 raundluq müzakirəsindən sonra, tərəflər üçtərəfli sazişin 9-cu bəndinin praktiki icrasına yaxın görünüblər. Bundan başqa, Azərbaycan Ermənistanın dəmir yolu əlaqəsinin bərpasını avtomobil yolu ilə əlaqələndirməmək istəyi ilə razılaşıb. Özü də İrəvanın avtomobil yolu əlaqəsinin yaradılması baxımından konkret tarix göstərməməsinə rəğmən.
M.Zaxarovanın bildirdiklərindən o nəticə də hasil olurdu ki, tərəflər iki ölkənin suverenliyini pozmamaq üçün tam yurisdik əsaslarla həyata keçirilməli olan gömrük prosedurlarına qədər hər şeyi razılaşdırıblarmış. Ancaq rəsmi İrəvan son anda mövqeyindən uzaqlaşaraq, Rusiya sərhədçilərinin təkcə Ermənistan deyil, həm də Azərbaycan tərəfində nəzarəti həyata keçirməsi şərtini irəli sürüb. Biz də bilirik, Zaxarova da təsdiqləyir ki, Azərbaycan məsələ ilə razılaşa bilməzdi və razılaşmayıb. Görünür, İrəvan yerinə yetirilməsi mümkünsüz olan şərti məhz bu səbəbdən qoyub. Axı onun yanaşması üçtərəfli bəyanata tamamilə ziddir. Deməli, Lavrovun sabotaj məntiqindəki daşlar tam şəkildə yerinə oturur. Yəni danışıqların nə üçün dalana dirəndiyi aydınlaşır. Əlavə edək ki, Ermənistan sonradan Rusiya sərhədçilərinin nəqliyyat axınına nəzarətindən imtina edib və üçtərəfli işçi qrupunda iştirakını, faktiki olaraq, dondurub.
Diqqətə çatdırdıqlarımıza rəğmən deyə bilərik ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə tamam başqa müstəvili prosesdir və bu müstəvidə Rusiyanın hansısa rolu yoxdur. Əslində, əsasnamədəki məlumatlar da bunu təsdiqləyir. Məsələn, bildirilir ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının səkkizinci görüşündə tərəflər delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanmağı qərara alıblar. Bu bəyannamə isə Moskvanın nizamlama trayektoriyasına adi tezis deyil.
Ayrıca bir məqamı vurğulayaq: Avqustun 30-da tərəflər əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. Bu barədə söz açarkən onu da demək lazımdır ki, Ermənistan həmişə Alma-Ata Bəyannaməsi məntiqini irəli sürür. Halbuki, bu məntiq heç də birmənalı qəbul edilə bilməz. Nəzərə alaq ki, delimitasiya və demarkasiya məsələlərində digər incə mətləblər də nəzərə alınmalıdır. Söhbət hansı incə mətləblərdən gedir?
Suala cavab verərkən, çox düşünməyə ehtiyac yoxdur. Çünki Azərbaycan–Ermənistan danışıqları baxımından vacib bir məqam var. Söhbət regional kommunikasiyaların açılmasından gedir. Rusiya XİN rəhbəri Sergey Lavrovun təbirincə desək, İrəvan bu məsələnin sabotajı ilə məşğuldur və bir qədər əvvəl M.Zaxarovanın diqqətə çatdırdığımız fikirlərində sabotajın nədən ibarət olduğu açıqlanır. Deməli, əminlik yoxdur ki, avqustun 30-da imzalanmış əsasnamə problemi aradan qaldırmaq üçün hansısa ciddi üstünlüklər qazandıracaq. Çünki Prezident İlham Əliyevin avqustun 30-da Azərbaycan–Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisi üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirdiyi kimi, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.
Əlbəttə, yeni sənədin müəyyən proqressiv nəticələr doğuracağını da istisna etmək olmaz. Hərçənd, erməni rəsmilərinin bildirdiklərinə görə, onun qüvvəyə minməsi üçün müəyyən prosedurlar icra olunmalıdır. Məsələn, hələ əsasnamənin ölkə konstitusiyasına uyğunluğu yoxlanılmalıdır. Məsələyə mövcud rakursdan yanaşsaq, əsasnamənin əsas qanuna uyğun olmadığı da “müəyyənləşə bilər”, yaxud başqa məqamların dövriyyəyə girməsi mümkündür. Çünki rəsmi İrəvanın anti-Azərbaycan fəaliyyətinə ara vermədiyi, səmimiyyətdən uzaq olduğu, ümumən, sülhdən boyun qaçırdığı ortadadır.
Sonda isə bildirək ki, bu ilin mayında aparılmış delimitasiya işləri nəticəsində Azərbaycanla Ermənistan arasında 13 kilometrə qədər sərhəd xətti müəyyənləşib. Bununla Azərbaycanın Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrimlınin və Qızılhacılının ərazilərinin (6,5 kvadrat kilometr) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlər mayın 24-də Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Ermənistan milli təhlükəsizlik xidməti isə bildirib ki, mayın 24-dən etibarən Hayastan sərhəd qoşunları dövlət sərhədinin Tavuş vilayətində Berkaber qəsəbəsi yaxınlığında 1,9 kilometr, Voskepar və Bağanis yaşayış məntəqələri yaxınlığında 4,9 kilometr uzunluğunda hissələrinin mühafizəsini rəsmən öz üzərlərinə götürüblər. 2024-cü il iyulun 24-dək, həmçinin Kirants kəndi ərazisində dövlət sərhədinin 5,8 kilometrlik hissəsinin mühafizəsinə keçid həyata keçirilib.
Ə.CAHANGİROĞLU
XQ