Avqustun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın avqustun 22-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd barədə məlumatın seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilməsi məsələsinə baxılıb. Bildirilib ki, sözügedən seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsiman Qara oğlu Yaqublu cari il avqustun 25-də yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Eyni zamanda, diqqətə çatdırılıb ki, seçki bülletenləri qanunvericilikdə nəzərdə tutulan müddətdə çap olunaraq seçki dairələrinin dairə seçki komissiyalarına çatdırılıb. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərinə əsasən, yuxarıda göstərilənlərə dair müvafiq məlumatın seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhəsində yerləşdirilməsinə qərar verib və qərarın icrası 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin dairə seçki komissiyasına həvalə olunub.
İclasda qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə də baxılıb. Beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin bilavasitə iştirakı ilə Komissiya üzvlərinin geniş müzakirəsi nəticəsində, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müraciətlə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq qərar qəbul edilib.
İclasın sonunda, həmçinin cari məsələlərə baxılıb.