Mina təhlükəsi ilə mübarizə sahəsində Azərbaycan və Vyetnam arasında əməkdaşlıq imkanları müzakirə olunub

post-img

Mina və partlamamış hərbi sursat təhlükəsi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin növbəti səfəri Vyetnam Sosialist Respublikasına baş tutub.

ANAMA-dan verilən məlumata görə, səfər çərçivəsində Vyetnam Minatəmizləmə Mərkəzi və Quang Tri Minatəmizləmə Mərkəzinin rəsmiləri ilə görüşlər keçirilib.

Qeyd edək ki, Vyetnam mina və müharibənin digər partlayıcı qalıqları təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir.

Mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə tərəfdaşlığın genişləndirilməsi, əldə edilən yeniliklərin minatəmizləmə fəaliyyətində tətbiqi Agentlik üçün xüsusi önəm daşıyır.

Görüşlərdə bu sahədə qabaqcıl təcrübə mübadiləsi, sıx əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin nümayəndə heyəti ölkəmizdə mövcud mina və müharibənin digər partlayıcı qalıqları problemini gündəmə gətirərək, bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət, tətbiq edilən metodologiyalar, habelə humanitar minatəmizləmə sahəsində keçirilən təlimlər barədə məlumat verib.

Agentliyin nümayəndə heyətinin bu istiqamətdə növbəti görüşləri Kamboca Krallığına səfər çərçivəsində davam edəcək.







Sosial həyat