Pakistan-Azərbaycan biznes-forumu ilə bağlı məsələlər müzakirə olunub

post-img

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda bu ölkənin federal ticarət naziri Cam Kamal Xan ilə görüşüb.

Görüşdə sentyabrın 16-da Bakıda keçirilməsi planlaşdırılan Pakistan-Azərbaycan biznes-forumu ilə bağlı məsələlər müzakirə olunub.

Səfir Xəzər Fərhadov pakistanlı iştirakçılar üçün viza rejiminin sadələşdiriləcəyini bildirərək, ölkələrimiz arasında bərpaolunan enerji və infrastruktur da daxil olmaqla, bir çox sahələrdə əməkdaşlığın inkişafı etməsi üçün şəraitin mövcudluğunu diqqətə çatdırıb.

Diplomat, həmçinin bildirib ki, Azərbaycan-Pakistan Ticarət Palatasının qarşıdan gələn açılış mərasimi keçiriləcək.

Söhbət zamanı əməkdaşlıq imkanlarının əhəmiyyətli dərəcədə artırılması üçün prosesə Pakistanın özəl sektorunun da cəlb olunmasının vacibliyi vurğulanıb.

Pakistanın ticarət naziri Cam Kamal Xan forumla bağlı nikbinliyini ifadə edib, onu ölkələrarası ticarətin genişləndirilməsi, Azərbaycan ilə Pakistan arasında davamlı iqtisadi əməkdaşlıq üçün zəmin yaradılması istiqamətində mühüm addım kimi qiymətləndirib.

Qeyd olunub ki, o və investisiya naziri Əbdül Alim Xan Bakıda keçiriləcək biznes-forumda iştirak edəcəklər.

Forumda düyü, meyvə, tərəvəz, emal olunmuş qida məhsulları, əczaçılıq, cərrahiyyə ləvazimatları, şüşə məmulatları, keramika, kimyəvi maddələr, nəqliyyat və logistika, informasiya texnologiyaları, mühəndislik avadanlıqları və digər sahələri əhatə edən 43 Pakistan şirkətinin iştirakı təsdiqlənib.

Tədbirdə ölkələr arasında biznes imkanları araşdırılacaq və iki ölkənin ticarət əlaqələrinin gücləndirilməsi üçün addımlar atılacaq.

İqtisadiyyat