BƏƏ mediası Mehriban xanım Əliyevaya həsr olunmuş məqalə dərc edib

post-img

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərəb və ingilis dillərində nəşr edilən aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr olunmuş məqalə dərc edib.

Azərbaycanın Dubaydakı baş konsulluğundan  bildirilib ki, BƏƏ-nin “Əl-Bəyan” qəzetində, habelə “Tuvaq”, “Aqram”, “Dubaihospitality”, “Dubainews”, “Observer-Dubai” və daha 20 informasiya portalında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyinə həsr olunmuş “Mehriban Əliyeva: Azərbaycan xalqının nümunəvi insanı” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan, o cümlədən onun Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, sosial məsələlər və digər sahələrdə çoxşaxəli fəaliyyətindən bəhs edilib.

Yazıda, həmçinin Azərbaycanın birinci xanımının şəxsi insani keyfiyyətlərinə də geniş yer verilib. Diqqətə çatdırılıb ki, uğurlu dövlət xadimi olan Mehriban Əliyeva, həm də qayğıkeş, mərhəmətli və mehriban bir ailə xanımı, peşəkar və şəxsi həyatını ahəngdar şəkildə birləşdirən Azərbaycan qadınının təcəssümüdür.

Məqalədə qeyd edilib ki, hazırda parçalanma və çəkişmələrin hökm sürdüyü qlobal şəraitdə Mehriban xanım Əliyevanın humanitar fəaliyyət sahəsinə göstərdiyi böyük diqqət, xeyirxahlıq və mərhəmət nümunəsi Azərbaycanın birinci xanımına xalq arasında dərin hörmət və rəğbət qazandırıb, gənc nəslin nümayəndələrini daha ədalətli və şəfqətli dünya düzəni quruculuğu istiqamətində səy göstərməyə ruhlandırıb.



Siyasət