Türk ekspert: Qərbin Ermənistana dəstəyinin əsas məqsədi bölgədəki güc balansını öz xeyrinə dəyişməkdir

post-img

Azərbaycanın Zəfəri ilə nəticələnən Vətən müharibəsindən təqribən dörd il ötür. Ötən müddət ərzində bəzi dairələr Qarabağ həqiqətləri qarşısında ikiyə ayrıldı, yəni, bunu qəbul edənlər və etməyənlər oldu. Ermənistan daxilində də bu məsələ ilə bağlı fikir ayrılığı yarandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Optimar Araşdırma şirkətinin rəhbəri, siyasi ekspert Hilmi Daşdemir səsləndirib.

Son dövrlər bəzi Qərb dairələrinin Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmaq məqsədilə bir sıra erməni separatçıları ilə təmaslarını aktivləşdirmələrinə dair Qərbi Azərbaycan İcmasının bəyanatını şərh edən ekspert deyib: “Ermənilərin arasında olduqca irqçi, faşist mövqe nümayiş etdirən siyasi təbəqə var. Burada Ermənistanın baş naziri Nikol Paşinyanın daha realist siyasət apardığını qeyd etmək lazımdır. O, torpaqların həqiqi sahiblərinin kim olduğu və ya müharibə nəticəsində azad edilən torpaqların olması həqiqəti ilə barışıb. Son dövrlər bəzi erməni siyasətçilərin də fikirlərinin bu istiqamətdə dəyişdiyini görürük. Lakin digər tərəfdən baxdıqda, bunu qəbul etməyən və türklərə, azərbaycanlılara qarşı çox kəskin düşmənçilik bəsləyən təbəqə də var. Hətta onların arasında Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı törədilən bir sıra qətliamlarda iştirak edənlərin adları da hallanır. Onlardan biri də Robert Köçəryandır. Onun bu qətliamlardakı rolunu hər kəs bilir. Onları narahat edən əsas məqam Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanla Türkiyə arasında birbaşa quru yolu bağlantısının yaradılmasıdır. Bu dəhliz fəaliyyətə başladıqdan sonra Qərbin, eləcə də bir sıra bölgə və dünya ölkələrinin regiondakı təsiri azalacaq, region xalqları buranın təbii sərvətlərindən tam mənada faydalanacaq”.

Hilmi Daşdemir bildirib ki, bəzi Qərb ölkələrinin Azərbaycana qarşı erməni separatçılarından istifadə etməsində digər məqam isə Şimal-Cənub dəhlizinin daha səmərəli fəaliyyəti nəticəsində ticarətin həcminin artırılmasıdır. “Təbii ki, bu dəhlizin aktivləşdirilməsi də bütün bölgə xalqlarının xeyrinə olan məsələdir. Buraya Ermənistan da daxildir. Lakin Ermənistanın bəzi dairələrinin Qərb ölkələrinin təsiri altında olduğu danılmazdır. Bəlli olduğu kimi, Hindistan belə Ermənistana dəstək vermək istiqamətində addımlar atır. Burada Hindistanın mövzuya yanaşmasını təkbaşına qiymətləndirmək düzgün olmaz. Hindistanın, eyni zamanda, Qərbin bəzi imperialist ölkələri tərəfindən Çinə qarşı dəstəklənən ölkə olduğunu da nəzərə almalıyıq. Yəni, sadaladığımız amilləri ümumiləşdirsək, fikrimcə, burada əsas məqsəd Türkiyə-Azərbaycan birliyindən yaranan gücün və bir sıra irimiqyaslı layihələrin qarşısını almaq, onların bölgədəki təsirini azaltmaqdır. Təbii ki, burada regionun təbii sərvətlərinə sahib çıxmaq həvəsini də unutmamalıyıq”, - deyə o əlavə edib.

Siyasət