İtaliya qəzeti Azərbaycanda keçiriləcək parlament seçkilərindən yazıb

post-img

İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetində sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdən bəhs edən məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda bu parlament seçkilərinin ən mühüm cəhətinin ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində, o cümlədən 2020-ci ilə qədər Ermənistanın işğalı altında qalmış ərazilərdə keçiriləcəyi bildirilir. Vaxtilə erməni işğalı altında qalan və azad edilən ərazilərdə parlament seçkiləri ilə əlaqədar ilk dəfə olaraq seçki məntəqələri yaradıldığı diqqətə çatdırılır.

Qeyd olunur ki, növbədənkənar parlament seçkilərində mindən çox namizəd deputatlığa namizədliyini irəli sürüb və Milli Məclisə 125 deputat seçiləcək. İndiyədək 40-dan çox ölkədən və 30-dək beynəlxalq təşkilatdan xarici müşahidəçi qeydiyyatdan keçib.

Məqalədə ölkəmizin Cənubi Qafqaz regionunda getdikcə daha çox nüfuz qazandığı vurğulanır. Noyabrda Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının keçiriləcəyi qeyd olunur. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə zəngin təcrübəyə malik olduğu vurğulanır.

Nihad Budaqov 
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan

Siyasət