Yalançını evinə qədər qovarlar

post-img

ABŞ hərbi-nəqliyyat təyyarələrinin Ermənistana uçuşunun foto-video görüntüləri açıqlandı 

Gündəmi zəbt etmiş mövzu ilə bağlı yerli ekspertlərdə bir neçə maraqlı sual yaranıb. Misal üçün: Ağ ev doğrudanmı Cənubi Qafqaza yerləşmək planını gerçəkləşdirmək üçün Paşinyan hakimiyyətinə bu qədər güvənir? Pentaqon özünün hərbi kontingentini bölgəyə “sızdırmaqla” hansı risklərlə üz-üzə qalacağının fərqindədirmi? Yaxud Zəngəzur dəhlizinə nəzarət uğrunda böyük savaşa girişməklə Vaşinqton bundan həm Rusiyanın, həm də İranın ciddi narahat olduqlarını və onların mümkün adekvat addımlarını nəzərə alırmı? Və bunlardan heç də az əhəmiyyət kəsb etməyən daha bir sual: Vaşinqton Hayastan üzərindən nümayiş etdirdiyi avantürist hərəkətləri ilə Bakı ilə pozitiv müstəvidə saxlamağa çalışdığı münasibətlərinin diplomatik uçuruma yuvarlanma ehtimalına necə baxır?  

Hələlik fakt təsdiqini tapmadığından tərəflərdən heç biri Ağ evə ciddi reaksiya bildirmir. Kremlin baş verənlərə görə Vaşinqtondan ağlabatan şərh, açıqlama gözlədiyini söyləmək olar. Bəs Tehran? Azərbaycanın İsrail və ya Avropa dövlətləri ilə ikitərəfli münasibətlərinin yaxşılaşmasına dərhal reaksiya verən İran hakimiyyəti nədən ABŞ-nin, Fransanın, ona əks düşərgədə yer alan digərlərinin Ermənistan vasitəsilə sərhəddinə yerləşməsinə etirazını bildirmir? Yoxsa mövzu barədə İrəvandakı səfirinin başdansovdu açıqlaması ilə kifayətlənmək fikrindədir? Yəni bu bölgəyə regiondankənar qüvvələrin gəlişinin arzuolunmaz olduğunu deməklə işini bitmiş hesab edir. Belə güman etmək olar ki, sərhədçiləri Gümrü zastavasında Türkiyə–Ermənistan sərhədini qoruyan Rusiyanın ABŞ-nin bölgədə çıxardığı son “oyunlarına” reaksiyası kəskin olacaq.

* * * 

On gündür gündəmi zəbt etdiyini dediyimiz mövzu ABŞ-nin Ermənistana iki hərbi təyyarə ilə silah və şəxsi heyət göndərməsi ilə bağlıdır. Olay barədə ilk xəbəri paylaşan “Caliber.az” saytı sayca üçüncü məqaləsində İrəvan Zvartnots hava limanına enən hərbi-nəqliyyat təyyarələrindən birinin fotolarını paylaşdı. Eyni zamanda, avqustun 2-3-də Ermənistana gələn Amerika hərbçilərinin irəliləmə marşrutu və yerini dəqiqliklə təqdim etdi. Sübutları müşayiətedici şərhdə deyilir: “Fotoşəkildə göstərilən təyyarə Qətərdən havaya qalxaraq Gürcüstanın hava məkanı vasitəsilə Ermənistan ərazisinə daxil olub. Zvartnotsda silah və ABŞ hərbçilərinin olduğu üç konteyner boşaldılıb”. Sayt daha sonra yazır: “Əgər ABŞ səfirliyi və erməni tərəfi bu həqiqəti təkzib etməyə davam edərsə, biz yeni təfərrüatları təqdim etməyə hazırıq. Bizdə materiallar var, lakin onları hissə-hissə verəcəyik”.

Beləliklə, ABŞ-nin Ermənistandakı səfirliyinin saytı ilk məlumatını təkzib etmək üçün göstərdiyi uğursuz cəhdlərindən sonra sayt baş vermiş hadisənin doğruluğunu tam təsdiqləyən foto və video sübutları izləyicilərə təqdim edib. Amma buna baxmayaraq, erməni KİV-ləri və “Telegram” kanalları ABŞ-nin İrəvandakı səfirliyindən, Ermənistan Müdafiə Nazirliyindən və Zvartnots hava limanından şərh tələb etmək əvəzinə, Azərbaycan saytını “dezinformasiya” yaymaqda ittiham etməyə tələsdilər. Bu məsələlərdə “Ermənistan hərbi portalı” xüsusi canfəşanlıq göstərir. 

Son görüntülərdə ABŞ-nin gizli bazasının Ermənistanın məhz sərhəd ərazisində yerləşdiyi aydınlaşdırılıb. Həm də Azərbaycan və İran sərhədi yaxınlığında ABŞ əsgərlərinin və silahlarının gizli yerləşdirilməsinin görüntüləri yayılıb.  

* * * 

ABŞ-nin Azərbaycandakı səfirliyi baş verən informasiya ajiotajının fonunda susur. Baxmayaraq ki, artıq hər şey faktlarla sübut olunub. Yəni, bundan sonra Vaşinqtonun hansısa bəhanə axtarışına çıxmasına lüzum qalmayıb. Hər halda əldə edilmiş sübutlara söykənərək, yalançını, indiki vəziyyətdə, avantüristi mənzilinə qədər qovmaqdan başqa çarə qalmayıb.    

Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-nin Ermənistan vasitəsilə regiona daxil olmaq istəyi qeyri-real layihədir. Çünki burada bir deyil, bir neçə “böyük güc”ün maraqlarının təhlükəli toqquşma perspektivi nəzərdən qaçırıla bilməz. Bunlar bir yana, o, regionda real gücə və söz sahibinə çevrilmiş Azərbaycana hədə-qorxu gəlməkdən əl çəkməlidir. Üstəlik, Ermənistanı silahlandırmaq, ona maliyyə yardımı göstərmək kimi avantürist addımları atmazdan qabaq yüz ölçüb bir biçməlidir. Azərbaycana qarşı yeni cəbhə açmağın nəticəsi regionda gərginliyin daha da artması və şübhəsiz ki, Vaşinqtonun hədəflərinin boş illüziyaya çevrilməsi demək olacaq.

Aydın məsələdir ki, ABŞ-nin başlıca məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Amma bu planını Ermənistan vasitəsilə həyata keçirməyə çalışmaqda onun nə qədər haqlı olduğunu yaxınlarda görəcəyik. Əgər Ağ ev  məlum səbəblərdən Gürcüstan əlindən çıxdıqdan sonra bölgədə özünün ən etibarlı tərəfdaşı və uğur variantı kimi Ermənistanı görürsə, bunun qarşılığında Rusiyanın Ermənistanda hərbi gücünü artırmasına qərar verəcəyi ehtimalını da nəzərindən qaçırmamalıdır.

Bütün bunların fonunda İrəvanın məhz nəyəsə ümid edərək sülh müqaviləsinin imzalanmasını ləngitməsini söyləmək olar. Bəlkə ABŞ silah-sursatını yaxından görmüş hayların iştahından daha maraqlı “menyular” keçir? Belə ehtimal edə bilərik ki, intensiv silahlanma, tərəfdaşlarından aldığı hərbi texniki, eləcə də maliyyə dəstəyi Ermənistanı növbəti revanşist addımları atmağa şirnikləndirir. İntəhası, sonda bundan ən çox zərər görən elə Ermənistanın özü olacaq. Sülh danışıqlarının növbəti raundunun keçirilməsi, ardınca kommunikasiya xətlərinin qarşılıqlı açılması bölgədə hamıdan çox məhz Ermənistanın işinə yarayacaq. 

Amma Ermənistanın hələ də Rusiyanın iqtisadi və hərbi boyunduruğunda olmasını nəzərə alsaq, bu gün onun yürütdüyü yarıtmaz, bir çox hallarda avantürist xarici siyasət nəticəsində özünü çıxılmazlığa saldığı danılmaz həqiqətdir. Əgər, o, gələcəyinin Azərbaycanın təklif etdiyi şərtlər daxilində mümkünlüyünü nə qədər tez görməyi bacarsa, düşdüyü labirintdən bir o qədər tez çıxar.

İmran BƏDİRXANLI 
XQ

 



Siyasət