“Vahid tarixi-mədəni coğrafi region” ideyası və Mərkəzi Asiya ilə birlik strategiyası

post-img

İsa HƏBİBBƏYLİ, 
AMEA-nın prezidenti, akademik

 

Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərində 9 avqust 2024-cü il tarixdə keçirilmiş Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirakı və çıxış etməsi müstəqil dövlətimizin türk dünyası və müsəlman aləmi ilə əlaqədar strateji xəttinin həyata keçirilməsi istiqamətində atılmış mühüm əhəmiyyətə malik olan uğurlu siyasi addımdır. 

Bu, bir az əvvəl Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Başçılarının Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi görüşünün məntiqi davamı olub, dövlət rəhbərimiz tərəfindən müəyyən edilmiş strateji əməkdaşlıq xəttinin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi idi. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə iştirakı və çıxışı Azərbaycan Respublikasının Mərkəzi Asiya və Türk dünyası ilə əlaqələrin daha da genişləndirilərək inkişaf etdirilməsi sahəsində dönməz siyasət yeritdiyinin əyani təcəssümüdür.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dünyasına  inteqrasiya, Orta dəhliz strategiyası, qarşılıqlı regional əməkdaşlıq məsələlərindən bəhs edərkən Türkiyə Cümhuriyyəti, Cənubi Qafqaz ölkələri və Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin xüsusi əhəmiyyətə malik olduğunu daim birmənalı şəkildə irəli sürmüşdür. Ona görə də ölkəmiz zamanın meydana çıxardığı hər fürsətdən səmərəli istifadə etməklə həmin strategiyanın daha da möhkəmləndirilməsi baxımından səmərəli şəkildə faydalanaraq, özünün dövlətçilik siyasətində sabit və ardıcıl mövqe tutduğunu nümayiş etdirir və bu siyasətin uğurla həyata keçirilməsinə həmin xalqların böyük gələcəyinin real təminatı kimi baxır. Bu cəhətdən dövlət rəhbərimizin Astana görüşündə iştirakı və çıxışı həmin sahədə dönmədən, uğurla həyata keçirdiyi məqsədyönlü siyasətin davamlı və dayanıqlı olduğunu nümayiş etdirən əhəmiyyətli siyasi gedişdir.

Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının Astana görüşündəki dərin məzmunlu və proqram xarakterli çıxışı müasir dövrdə bu geniş coğrafi ərazilərdə yerləşən dövlətlərin qarşılıqlı əlaqələrinin ən zəruri vəzifələrini diqqət mərkəzinə çəkən, vahid strategiyanı müəyyən edən aydın və qəti siyasi xəttin əyani ifadəsindən ibarətdir. Dövlət başçımızın çıxışındakı bir sıra siyasi-tarixi müddəalar görüşün mahiyyətini açan və hədəflərini nəzərə çatdıran yeni təyinatlardır. Məsələn, Prezident İlham Əliyevin çıxışında səslənən aşağıdakı fikir Azərbaycan və Mərkəzi Asiya münasibətlərinin ortaq dəyərlərinin müəyyən edilməsi baxımından tam yeni və real elmi-siyasi formatdır: “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.” 

İndiyəqədərki elmi-siyasi ədəbiyyatlarda Azərbaycan və Mərkəzi Asiya münasibətlərindən söz açılarkən Cənubi Qafqaz regionu ilə, yaxud Xəzər hövzəsi ölkələri ilə Orta Asiya respublikalarının əlaqələrindən bəhs edilmişdir. Hətta ortaq türk–müsəlman sivilizasiyasından bəhs edən dünya tədqiqatçıları da bir birinə çox yaxın olan, biri-digərini tamamlayan bu mədəniyyətin Orta Asiyaya aid hissəsini Böyük çöl, Azərbaycanı əhatə edən hissəsini isə Bozqır mədəniyyəti kimi fərqli ifadələrlə adlandırmışlar. İlk dəfədir ki, Prezident İlham Əliyev tərəfindən Astana görüşündə Azərbaycan və Mərkəzi Asiya dövlətləri “vahid tarixi-mədəni coğrafi region” səviyyəsində səciyyələndirilmişdir. Əvvəla, bu yeni tarixi-coğrafi format Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl olaraq davam etdirdiyi Türk dünyasının birliyi və həmrəyliyi siyasətinin yaradıcı şəkildə davamı olub, həmin anlayışın yeni tarixi şəraitdə formalaşan siyasi-coğrafi trayektoriyasının dəqiq elmi təyinatıdır. Bundan başqa, Prezident İlham Əliyevin Astana görüşündəki çıxışında Azərbaycanla Mərkəzi Asiyanı “vahid tarixi-mədəni coğrafi region” kimi dəyərləndirməyin əsas ümumi faktorlarının xalqlarımızı birləşdirən “çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər”dən ibarət olduğu da obyektiv şəkildə nəzərə çatdırılmışdır. Bütün bunlarla bərabər, Azərbaycanla Mərkəzi Asiyanı “vahid tarixi-mədəni coğrafi region” adlandırılmasının ilk dəfə məhz indi, XXI əsrin iyirminci illərində meydana çıxması tarixi-mədəni faktorlarla birlikdə bu ölkələrin müasir dövrdəki münasibətlər sistemindəki ortaq taleyi və perspektiv inkişafı ilə də üzvi surətdə əlaqədardır. 

Məlum olduğu kimi, Azərbaycan hazırda həm Asiyanı və həm də Avropanı, hətta Amerikanı eyni dərəcədə cəlb edən TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta dəhlizin qızıl açarıdır. Tarixi İpək yolu yenidən bərpa edilərkən, yaxud Çin Xalq Respublikasının hazırda həyata keçirdiyi “Bir kəmər, bir yol” proqramının icrası üçün Azərbaycan Avrasiya coğrafiyasının baş keçidi funksiyasını yerinə yetirir. Bu baxımdan Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında ən etibarlı körpüdür. Bütün dünyanın maraq orbitində olan Orta dəhlizin reallaşdırılması məsələsində Azərbaycanla Mərkəzi Asiyanı ortaq funksiyalar və vahid maraqlar birləşdirir. Bütün bu reallıqlar Prezident İlham Əliyevin çıxışındakı Azərbaycanla Mərkəzi Asiya dövlətlərinə eyni dərəcədə şamil edilmiş “artan strateji əhəmiyyətə malik olan” kimi dəqiq ifadələr də öz əksini tapmışdır. Deməli, XXI əsrin reallığı olan Azərbaycanla Mərkəzi Asiya ölkələrinin “vahid tarixi-mədəni coğrafi region” adlandırılmasının din, dil, tarix, mədəniyyət kimi ortaq dəyərlərlə bərabər, həm də vahid strateji əsasları da mövcuddur. 

Azərbaycanla Mərkəzi Asiya ölkələrini “vahid tarixi-mədəni coğrafi region” miqyasında təqdim olunması Prezident İlham Əliyevin məsələyə tarixi-mədəni və geosiyasi cəhətdən kompleks baxışının obyektiv ifadəsi olub, ortaq keçmişlə ortaq müasir inkişafın və gələcəyin vahid mövqedən qiymətləndirilməsinin elmi-siyasi düsturudur. Məhz bunun bariz ifadəsidir ki, Prezident İlham Əliyevin Azərbaycanla Mərkəzi Asiya Dövlət Başçılarının Astana görüşündəki mühüm praqmatik əsaslara malik olan çıxışında “vahid tarixi-mədəni coğrafi region” haqqında danışılarkən ortaq dostluq və əməkdaşlıqdan deyil, “qardaşlıq münasibətlərinin təzahürlərindən biri”, “qardaşlıq dəstəyi” kimi daha dərin və doğma münasibətləri ifadə edən sözlərdən istifadə olunmuşdur. Eyni zamanda, dövlət başçımızın çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə bütün sferalarda “birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunun” xüsusi olaraq diqqətə çatdırılması da ölkəmizin “vahid tarixi-mədəni coğrafi region”un müasir inkişafında və gələcəyində maraqlı olduğunu və məsuliyyət daşıdığını nümayiş etdirir.

Azərbaycan  Respublikasının  Prezidenti İlham Əliyev Xəzər ətrafından Tanrı dağlarına qədərki böyük coğrafiyanı əhatə edən “vahid tarixi-mədəni coğrafi region” anlayışının ideya müəllifi olmaqla bərabər, həm də əsas qurucularından biridir. Azərbaycan Prezidentinin son iki il müddətində Mərkəzi Asiya ölkələrinə – Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistana 16 dəfə səfər etməsi, hər səfərində ortaq dəyərlərimizin daha da möhkəmləndirilməsi və əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətli və düşünülmüş addımlar atması, mühüm çağırışlar səsləndirməsi bunun əyani sübutudur. Andiçmə mərasimindəki “türk dünyası bizim ailəmizdir” sözləri ilə yeni siyasi qurum olan Türk Dövlətləri Təşkilatının dərin mənəvi kökləri və əsasları olduğunu bəyan etməsi və “vahid tarixi-mədəni coğrafi region”un birlik və həmrəyliyinin – Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin də ortaq tarixi-mədəni dəyərlər əsasında formalaşdığını nəzərə çatdırması Prezident İlham Əliyevin geniş ictimai-siyasi baxışları ilə yanaşı, həm də ortaq gələcək məsələsinə də aydın və gerçək münasibətlərini meydana qoyur. Cəmi bir ay əvvəl  Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Şuşa görüşünü yüksək səviyyədə təşkil etməklə, həm də türk dövlətlərinin vahid dəyərlərindən ortaq gələcəyinə qədərki missiyaları gündəmə gətirən birgə Şuşa Bəyannaməsinin imzalanmasına nail olması Azərbaycan Prezidentinin həm də “vahid tarixi-mədəni coğrafi region”un qurulmasındakı müstəsna rolunu və xidmətlərini təsəvvür etməyə imkan yaradır. 

Dövlət başçımızın yaranmış hər fürsətdə, o cümlədən Astana görüşündə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa edilməsində Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına orta məktəbin, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilib istifadəyə verilməsini, Qırğızıstanın Ağdam rayonunda orta məktəb binasının təməlqoyma mərasimini keçirməsini birlik və həmrəylik istiqamətində örnək hadisələr kimi minnətdarlıq hissi ilə qeyd etməsi də nəticə etibarilə “vahid tarixi-mədəni coğrafi region”un quruculuğunun təşviq edilməsinə hesablanmış gedişlərdir. 

Tarixi İpək Yolunun bərpasının yeni tarixi mərhələdəki mühüm göstəricilərindən olan Bakı–Tbilisi–Qars dəmir yolunun əsas müəllifi olması və Dəmir İpək Yolunun yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması da Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək hadisədir. Astana görüşündə Prezident İlham Əliyevin çıxışında Ələt Beynəlxalq Ticarət Limanının salınması və limanın illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması, Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması, tam yeni hadisə olan “Rəqəmsal İpək Yolu” layihəsinin gerçəkləşdirilməsi məsələlərindən bəhs edilməsi Azərbaycanın “vahid tarixi-mədəni coğrafi region”un qurulmasındakı fəal iştirakını nəzərə çarpdırır. Qeyd edilənlər, eyni zamanda, Mərkəzi Asiya ölkələrində də “vahid tarixi-mədəni coğrafi region”un yaradılmasındakı fəallaşmaqda olan iştirakını də gündəmə gətirməyə və təşviq etməyə əsas verir.

Astana görüşündə bəyan edilmiş “vahid tarixi-mədəni coğrafi region” anlayışı Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin müdafiə və təhlükəsizlik məsələlərinə də yenidən baxılması zərurətini meydana qoyur. Bu nöqtədən çıxış edən Prezident İlham Əliyevin Astana görüşündə səsləndirdiyi aşağıdakı fikirlər vahid regionun birgə müdafiə sisteminin yaradılmasına çağırışın ifadəsidir: “Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda – qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.”

İlk dəfə 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi – Müttəfiqlik Müqaviləsində, sonra isə 2023-cü ildə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin rəhbərlərinin imzaladıqları növbəti Şuşa Bəyannaməsində öz əksini tapmış birgə müdafiə və təhlükəsizlik məsələləri  Prezident İlham Əliyevin Astana görüşündəki çıxışında bir daha diqqət mərkəzinə çəkilməklə möhkəmləndirilmişdir. Özbəkistan Respublikasının Qazaxıstan Respublikası ilə Müttəfiqlik Bəyannaməsi imzalamaq haqqında razılığa gəlmələrinə dair mətbuatda yayılmış məlumatlar başlanmış proseslərin genişlənməkdə olduğunu əks etdirir. Eyni zamanda, Tacikistanın Türkiyəyə və Avropaya çıxışı baxımından Azərbaycanın nəqliyyat–logistika imkanlarından istifadə etməkdə iddialı olması da həmin prosesin əks-sədasıdır.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının Astana görüşündəki iştirakı və çıxışı türk-müsəlman dünyasında birlik və həmrəyliyin yeni formatının formalaşdırılmasına xidmət edən mühüm siyasi əhəmiyyətə malik olan hadisədir. Prezident İlham Əliyevin Astana görüşündə “vahid tarixi-mədəni coğrafi region” haqqında bəyan etdiyi yeni format Azərbaycan və Mərkəzi Asiya ölkələrinin birgə inkişaf strategiyasının müasir reallıqlarının aydın siyasi formuludur. 

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Astana görüşündə irəli sürdüyü “vahid tarixi-mədəni coğrafi region” ideyası Prezident İlham Əliyevin bu ölkələrin arasındakı əlaqələrin dövlətlərarası münasibətlərdən birgə hərtərəfli fəaliyyətə doğru inkişaf etdirilməsinə çağırışının ifadəsidir. Prezident İlham Əliyevin Astana görüşündəki çıxışında 2024-cü ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu”nun nümunə kimi göstərilməsi bu ölkələr arasında “yaşıl enerji” sahəsində qarşılıqlı əməkdaşlığın başlanması baxımından artıq ilk addımların atıldığını nümayiş etdirir. Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarını ölkəmizin sədrlik və evsahibliyi edəcəyi COP29 beynəlxalq tədbirinə dəvət etməsi isə prosesin uğurla davam etdiriləcəyini diqqətə çatdırır.

Göründüyü kimi, Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının Astana görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin rəhbərlərinin 3 iyul 2024-cü il tarixdə Şuşa şəhərində imzaladıqları Müttəfiqlik Bəyannaməsində öz əksini tapmış müddəaların daha da möhkəmləndirilməsinə və inkişafına xidmət edir.

Bütün bunlar Astana görüşünün Azərbaycan Respublikasının Türk dünyası və müsəlman aləmi ilə əlaqələrində yeni mərhələ və böyük başlanğıc olduğunu göstərir... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk dünyası və Mərkəzi Asiya ölkələri üçün müəyyən etdiyi siyasi xətt ölkəmizin və qardaş ölkələrin müasir dövrdəki məsuliyyətli və şərəfli vəzifələrinə, eyni zamanda, yaxın və uzaq gələcəkdəki perspektiv inkişafına gur işıq salır.

Siyasət