Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
19 may 2024-cü il, Xudafərin
Siyasətçi və konfliktoloqlar deyirlər ki, anamız Yer kürəsi Üçüncü Dünya müharibəsinin astanasındadır. Bunu çoxsaylı müharibə və münaqişələr də sübut edir, bəzi siyasi mərkəzlərdən gələn sərt bəyanatlar da.
Çox təəssüf ki, beynəlxalq aləmdəki ən kəskin münaqişələrdən biri bizim regionda – min illərdən bəri eyni məkanda yaşayaraq dostluq və tərəfdaşlıq etdiyimiz İran İslam Respublikası ilə müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdən etibarən strateji tərəfdaşımız olan dost İsrail arasındadır. Hər gün müxtəlif ünvanlardan yersiz suallar eşidirik ki, müharibə başlayacağı təqdirdə Azərbaycan kimin tərəfində olacaq? Təbii ki, heç birinin. Azərbaycan onların düşmən yox, dost olmasını istəyir.
Təxminən on il qabaq da belə bir kritik vəziyyət yaranmışdı. ABŞ rəhbərliyi İrana təzyiqlər, hətta hücumlar üçün Azərbaycanın ərazisindən istifadə etmək istəyirdi. Prezident İlham Əliyevin o zaman sərgilədiyi qətiyyətli, cəsarətli və iranlıların da dediyi kimi mərdanə münasibət dünyanın hər yerində alqışlanmışdı. Azərbaycan Prezidenti birmənalı olaraq demişdi: “Biz öz ərazimizdən hansısa qonşumuza qarşı silahdan istifadə edilməsinə imkan, icazə verməyəcəyik!” Dövlət başçımızın Ağ evin istəyinə o şəkildə cavab verməsindən sonra İrandakı anti-Azərbaycan mövqeli qüvvələr öz dillərini dincə qoymuşdular.
İndi İran – İsrail münasibətlərindəki gərginlik növbəti dəfə pik həddə çatanda region mətbuatı yazdı: “Azərbaycan Prezidenti İlham Əliyev iyulun 9-da cənab Məsud Pezeşkiana zəng edərək onu İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb”. Əlavə olunur ki, Azərbaycan Prezidenti İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.
Əslində, Azərbaycan Prezidenti dünyadakı anti-Azərbaycan və anti-İran xislətli siyasi dairələrə başa saldı ki, bizim yaxın qonşularımızla olan xoş münasibətimizi heç bir müharibə, münaqişə və ya digər siyasi proses əngəlləyə bilməz və əngəlləməyəcəkdir.
Bu məqamda mən ulu öndər Heydər Əliyevin 1994-cü il iyunun 30-dan iyulun 2-dək davam edən İran səfərində səsləndirdiyi bir fikri xatırlatmaq istəyirəm. Ümummilli lider Tehranda, dövlət rəsmilərinin önündə demişdi ki, biz – yəni Azərbaycan dövləti min illər boyu yaşadığımız bu ərazidən heç yerə getməyəcəyik. Mən bilən İranın da belə bir fikri yoxdur. Ona görə də çıxış yolumuz istənilən məsələni danışıqlar vasitəsilə, dostcasına həll etməkdir ki, min illər boyu yaşadığımız mehriban qonşuluğu daha bir min il də davam etdirə bilək.
Son zamanlar şahidi olduğumuz faktlar sübut edir ki, Prezident İlham Əliyev də həmin siyasəti çox böyük məharətlə davam etdirir. 30 il erməni işğal altında qalan torpaqlarımızın əsarətdən azad edildiyi 44 günlük İkinci Qarabağ müharibəsi günlərində və bizim şanlı zəfərimizdən sonra İrandakı bəzi anti-Azərbaycan qüvvələrin səhv, səbatsız və məkrli bəyanatlarına baxmayaraq, rəsmi Bakı Tehranla münasibətlərin yaxşılaşdırılması üçün lazım olan bütün addımları atdı.
Nəticədə bu il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və İran İslam Respublikasının Prezidenti – mərhum Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağı istismara verildi və “Qız qalası” hidroqovşağının açılış mərasimi keçirildi. Ekspertlərin fikrincə, bu fakt Azərbaycanın və İranın bədxahlarına vurulan sarsıdıcı zərbə idi.
Xatırladaq ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
Tədbirdə qeyd edilmişdi ki, Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. O vaxt “Xalq qəzeti” yazmışdı ki, “Su aydınlıqdır!”
Dövlət başçımızın həmin tədbirdəki çıxışında belə bir fikir də var idi ki, bu gün hörmətli Prezident Rəisi ilə bir çox məsələləri geniş müzakirə etdik və bir daha əmin olduq ki, bizim fikrimiz üst-üstə düşür, istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı: “Bu, çox önəmli bir amildir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran – Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik”.
Bəli, coğrafiyamızdakı Araz çayı siyasi zəmindəki Azərbaycanla İranı ayırmır, həm də birləşdirir. Yaranmış yeni ictimai-siyasi proseslər, kritik vəziyyətlər Bakı ilə Tehranı daha da yaxınlaşmağa çağırır və Azərbaycan həmin çağırışlara dərhal öz müsbət cavabını verir. Elə Tehrandan da xoş məqsədlərlə əl uzadıldığını son zamanlar tez-tez görürük.
İndi beynəlxalq aləmdə iqtisadi məsələlər bütün dövlətlərin gündəliyinin ilk sırasındadır. Bunu yaxşı bilən Bakı və Tehran ölkələrimizin iqtisadi maraqlarını təmin edən digər layihələrlə yanaşı, nəqliyyat layihələrinə də böyük maraq göstərirlər. Dövlət başçımızın da dediyi kimi, bu gün Tehran və Bakı nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal – Cənub nəqliyyat dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstəriblər. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib.
Prezident məmnunluqla xatırladır ki, bundan sonra həm İran, həm də Azərbaycan ərazisində müasir dəmir yolu
infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal – Cənub nəqliyyat dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir: “Hər iki ölkə burada öz səylərini birləşdirib... Şimal – Cənub nəqliyyat dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq”.
Son zamanlar dünya ekspertləri ABŞ diplomat və siyasətçisi Zbiqnev Bzejinskinin bir ifadəsinə tez-tez müraciət edirlər: “İqtisadi maraqlar təkcə münaqişə və müharibələrə deyil, həm də sülh və əməkdaşlığa zəmin yaradır”. Biz bunu öz təcrübəmizdə gördük.
Sonda bir daha xatırladaq ki, böyük səylər və zəhmətlər bahasına normal məcraya yönəldilmiş Azərbaycan – İran münasibətlərinə xələl gətirmək istəyənlər yanılırlar. Biz – Bakı və Tehran bu münasibətlərin kim tərəfindənsə korlanmasına imkan verməyəcəyik.
İttifaq MİRZƏBƏYLİ