Xalqımızın 105 illik salnaməsi

post-img

Əvvəla onu deyim ki, 1991-ci ildən “Xalq qəzeti” adı ilə nəşr olunan bu mətbuat orqanı fəaliyyət göstərdiyi bir əsrdən çox müddətdə daim Azərbaycan xalqına xidmət etmişdir. Bunu danmaq mümkün deyil.  Ona görə də son illər onun “Xalq qəzeti” adına “Xalqın qəzeti” əlavəsinin edilməsi də yerinə düşür. 

Onu da deyim ki, mənim həyat məktəbimdəki böyük müəllimim, kumirim olan dahi Üzeyir bəy Hacıbəyli də (yeri gəlmişkən, indi haqqında söz açacağım kitabda onun adının dəfələrlə çəkilməsi qədirbilənlik nümunəsidir), konservatoriyadakı bəstəkarlıq müəllimim, dünya şöhrətli ustadım Qara Qarayev də, atam –Şərqin ən üzdəki tarzənlərindən olan Xalq artisi, Əməkdar İncəsənət xadimi, Əməkdar müəllim Əhmədxan Bakıxanov da, həmçinin özüm də bu qəzetlə daim bağlı olmuşuq.  Çünki həm “Kommunist”, həm də “Xalq qəzeti” ölkənin mədəni həyatındakı bütün yenilikləri müntəzəm olaraq və çox böyük məsuliyyətlə işıqlandırıb. Ona görə də, Allah şahiddir ki, mən  həmişə bu qəzetə minnətdar olmuşam. 

Üçüncü, bu sətirlər “Xalq qəzeti”nin 105 illik tarixində bəlkə də ilk yazıdır ki,  redaksiyaya qələmə alınmadan göndərilib. Belə ki, əsrlərdən bəri davam edən ənənəyə görə müəlliflər öz məqalələrini redaksiyaya ya qələmlə, ya da makina ilə yazaraq göndəriblər. Mənim bu yazımı isə oğlum diktofona yazaraq göndərib. Bilirik ki, orada hamı, xüsusən, mənim 35 illik dostum İttifaq Mirzəbəyli 94 yaşlı bəstəkarın səsini yazıya çevirmək əziyyətindən incimir. 

Nəhayət, yazının əsas məğzinə keçək. Hələ bu ilin may ayında, mənim evimdə qonaq olan İttifaq Mirzəbəyli söhbət əsnasında demişdi ki, avqust ayında “Xalq qəzeti”nin 105 yaşı tamam olur və bu münasibətlə bir neçə kitab tərtib edirik. O zaman mən evdəki qonaqların şahidliyi ilə demişdim ki, həmin yubiley münasibətilə mən də nə isə yazaram. Amma insultdan sonra  əlimin yaxşı işləmədiyinə görə belə bir yazını qələmə almaqda çətinlik çəkdim. İttifaq Mirzəbəyli “Baş redaktorlarımız haqqında yazılanlar” adlı kitabını mənə təqdim edəndən sonra isə... əlim işləməsə də, dilim işlədi və yazını məhz bu şəkildə göndərirəm. 

Mən bu qəzeti ailəmizə həm də ona görə doğma bilirəm ki, baş redaktorlardan biri ilə – İsrafil Nəzərovla atamın dostluğu var idi. Köhnə bakılılar kimi tez-tez görüşürdülər. Başqa bir redaktorun – Ağababa Rzayevin dövründə mənim  bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığım 3 musiqili komediya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”) və başqa əsərlərim haqqında olduqca sanballı resenziya hazırlanmışdı. Digər redaktor Tofiq Rüstəmovla mənim özümün şəxsi dostluğum var idi. O, həm gözəl insan idi, həm də mədəniyyət, incəsənət adamlarına ehtiramla yanaşırdı. Mahal İsmayıloğlu, Həsən Həsənov və Əflatun Amaşovla isə məni 
İttifaq Mirzəbəyli tanış etmişdi. 

Mahal müəllim bir dəfə mənim yanımda İttifaq bəyə dedi ki, Tofiq Bakıxanov üçün bu redaksiyanın qapısının bağlı günü olmasın. Yaxud, mən Həsən Həsənovun kabinetində dəfələrlə olmuşdum. O, heç zaman mən otaqda olanda öz yerində  əyləşmirdi. Daim ayaq üstdə dayanıb söhbət edirdi.  Bu, böyüyə göstərilən ehtiram idi. 

Əflatun Amaşov isə məni yeni yaradılan “XalqTV”nin ilk qonaqlarından biri kimi redaksiyaya dəvət etdi və müxbirə tapşırdı ki, həmin yarım saatlıq veriliş haqqında geniş qəzet yazısı da verilsin. Televiziya verilişi hazırlandı və efirə gedəndən sonra həmkarlarımdan xeyli zəng gəldi. Üstəlilk,  qəzet yazısı da verildi. Elə indi haqqında söz açdığımız “Baş redaktorlarımız haqqında yazılanlar” adlı kitabın layihə müəllifi də Əflatun Amaşovdur. 

Xatırladım ki, mənim çox zəngin arxivim var. Ulu babam Abbasqulu ağa Bakıxanovdan tutmuş mərhum qızım – ingilis və ərəb dillərində Misirdə və Britaniyada mühazirələr oxumuş Nigar Bakıxanovaya qədər bütün bakıxanovlar haqqında qələmə alınmış qəzet və jurnalların hamısını  saxlayıram. Qətiyyətlə deyə bilərəm ki, arxivimdəki qəzetlərin əksəriyyəti “Kommunist” və “Xalq qəzeti”nin nüsxələridir. Mən minnətdaram ki, bu qəzet müstəqillik dövründə bakıxanovlar haqqında yüzlərlə məqalə və ya xəbər vermişdir. 

Bu qəzet haqqında danışarkən bir neçə xatirəni də yada salmaq lazımdır. Mən ən çox qəzet oxuyan adamı 1945-ci il mayın 10-da – ya da 11-də görmüşdüm. Onda 15 yaşım var idi. Elə bilirdim ki, camaatın oxuduğu qəzetləri də təyyarələrlə göydən atıblar. Amma elə deyildi. Həmin gün Bakıya “Kommunist” qəzeti yağmışdı. Çünki qəzetdə “Qələbə” xəbəri var idi.

Başqa bir xatirəm 1973-cü ilin oktyabrında – dünyanın bütün kosmonavt və astronavtlarının Bakı küçələrində göründüyü günlərlə bağlı idi. Yadımdadır,  hamı kosmonavtları görmək isyəyirdi. Təbii ki,  bu mümkün deyildi. İcazə vermirdilər. Ancaq ”Kommunist” qəzeti” onları bizə çox yaxşı tanıdırdı. Həmin əsrin sonlarında – Topxana hadisələri vaxtı da “Kommunist” qəzeti cəsarətli yazıları ilə xalqın yanında olduğunu sübut edirdi. 

Müstəqillik illərində, xüsusən, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə isə bu qəzet sübut etdi ki, “televiziyalar yazılı mətbuatı üstələyir” deyənlərin arqumenti  o qədər də əsaslı deyil.  Mən İttifaq Mirzəbəylinin “And və əməl” kitabında toplanmış yazılarını oxuyanda məmnun oldum ki, dostluq etdiyim redaksiyanın  bu qədər səmərəli fəaliyyəti var. 

Peşəkar jurnalist, dəyərli mətbuat  təşkilatçısı kimi tanıdığım  Əflatun Amaşov başda olmaqla “Xalq qəzeti”nin bütün kollektivini qarşıdan gələn 105 illik yubiley münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram. Çoxdankı dostum, bakıxanovların hamısı haqqında onlarca  məqalə yazmış və kitablar tərtib etmiş İttifaq Mirzəbəyliyə isə bu yubiley münasibətilə tərtib etdiyi kitablara görə təşəkkür edirəm. 

Tofiq BAKIXANOV,
Xalq artisti, professor, Prezidentin fərdi təqaüdçüsü, “Şərəf” ordenli bəstəkar

 

Sosial həyat