“Xalq qəzeti” – xalqın qəzeti

post-img

İki il əvvəl “Xalq qəzeti”nin 103 yaşının tamamına 15 gün qalmış nəşrin 30 mininci sayı işıq üzü görmüşdü. Bu, Azərbaycan milli jurnalistikasında rekord göstərici idi. 15 gün sonra isə qəzetimiz üçün əlamətdar günün işığına yığışacağıq. 

İki il əvvəl tarixi rekordu qeyd edirdiksə, indi yubiley kimi sayıla biləcək rəqəmə doğru yön alırıq. Beləliklə, avqustun 29-da “Xalq qəzeti”nin 105-ci ildönümüdür. İlk anadilli qəzetimiz olan “Əkinçi”nin nəşrə başlamasından 44 il sonra işıq üzü görmüş mətbuat orqanı fasiləsiz buraxılışına görə ölkənin ən qocaman qəzeti statusundadır.

“Xalq qəzeti” 72 il oxucularının görüşünə “Kommunist” adı ilə gəlmişdi. Fəaliyyəti, əsasən, eyniadlı ideologiyanın təbliğinə əsaslanmışdı. Lakin 105 illik tarix göstərir ki, nəşr cəmiyyəti düşündürən hadisə və prosesləri əhatəli işıqlandırması ilə kütləvi yayım qazanmış, məhz xalqın qəzeti olduğunu sübuta yetirmişdi. Elə buna görədir ki, 1991-ci ildə sovet rejiminin çöküşü əsnasında “Xalq qəzeti” öz adına sahiblənmişdi. Belə bir sahiblənmənin kökündə həm məntiq, həm də qəzetin yenilikçi düşüncəli mübariz kollektivinin xalq üçün xidmət amalına köklənişi dururdu. 

Əminliklə demək olar ki, bu kökləniş jurnalist peşəkarlığının müstəqil dövlət quruculuğu naminə səfərbərlik örnəyidir. 

Bəli, “Xalq qəzeti” hələ keçmiş SSRİ zamanında kəskin sədləri milli maraqlara dərin bağlılıq əzminin verdiyi yüksək mənəvi statusla aşa bilmişdi. Qəzet klassik mətbuatımızın ən parlaq ənənələrini yaşadaraq inkişaf etmiş, dövlət müstəqilliyimizin bərpa olunmasında mühüm ideoloji funksiyanı yerinə yetirmiş, əsl jurnalistika məktəbinə çevrilmişdi. Belə bir missiya heç də adi sayıla bilməzdi. Bu missiyanın ulu öndər Heydər Əliyev kimi mühüm ilhamvericisi olmuşdu. Ona görə də qətiyyətlə demək olar ki, “Xalq qəzeti”nin taleyində bu böyük dühanın əvəzsiz və tarixi rolu var.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə “Xalq qəzeti”nə yeni nəfəs gətirmişdir. Dahi şəxsiyyət 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi kimi ictimaiyyət qarşısında ana dilindəki ilk çıxışını məhz qəzetimizin 50 illik yubileyi ilə bağlı təntənəli mərasimində etmişdir. Bu, nəşrə verilmiş ən böyük dəyər idi. Əlbəttə, bu dəyərdə Ulu öndərin doğma ana dilimizin qorunması istiqamətindəki dərin təəssübkeşliyi, onun dövlət dili kimi qəbulu istiqamətindəki əzmi də var.  

Ümummilli lider Heydər Əliyev respublikamız ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra da “Xalq qəzeti”nin fəaliyyətinə həssaslıqla yanaşmışdır. Ulu öndər 1994-cü ildə qəzetimizə 75 illik yubileyi münasibəti ilə təbrik məktubu ünvanlamış və həmin məktubda nəşrin respublikamızda qəzetçilik ənənələrinin möhkəmlənməsində, jurnalistikamızın inkişafındakı xidmətləri xüsusi qeyd olunmuşdu. Heydər Əliyev bu gündəlik nəşrin ötən dövrdə Azərbaycan həyatının parlaq güzgüsü olmasını, ən əhatəli və davamlı salnaməsini yaratmasını, milli-mənəvi dəyərlərimizin inkişafına fəal xidmət göstərməsini, xüsusən ana dilimizin saflaşması və ədəbi dil normaları əsasında zənginləşdirilməsində xüsusi rol oynamasını yüksək qiymətləndirmişdir.

Qeyd edək ki, Azərbaycan mətbuatının, ümumən ictimai fikrin bir çox görkəmli nümayəndələri, qəlbi xalq və millətin mənafeyi naminə döyünən ziyalılarımız “Xalq qəzeti”nin yaradıcılıq məktəbini keçmişlər. Bu sırada Üzeyir bəy Hacıbəyli, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza kimi mötəbər simalar var. Siyahını  Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əziz Şərif, Fərhad Ağazadə, Əhməd Triniç (Bədi), Seyid Hüseyn, Əzim Əzimzadə (rəssam), Xəlil İbrahim, Əli Vəliyev və başqa böyük adlarla da davam etdirmək mümkündür.  Konkretliyə gəlincə, yeni gənclik üçün sivil bədii manifest yazmış sevimli yazıçımız və görkəmli ədəbiyyatşünas Mir Cəlalın 30-cu illərdə o zaman “Kommunist” adı ilə çıxan qəzetin əməkdaşı olmasını vurğulaya bilərik.

Onu da deyək ki, milli təmayül 105 yaşının tamamına sayılı günlər qalmış qəzetin kommunist ideologiyalı rəsmi mövqeyini həmişə açıq və ya gizli formada müşayiət edib.  Nəşr hələ 1920-ci illərdə xalqın maariflənməsi, savadsızlığın ləğvi, milli mədəniyyətin və iqtisadiyyatın inkişafı, ümumbəşəri və milli-mənəvi dəyərlərin bərəqərar olması yolunda mücadilənin fədakar simalarının tribunasına çevrildi. Bu ziyalılar ən çətin məqamlarda “türkləşmək, islamlaşmaq, müasirləşmək” prinsiplərini rəhbər tutdular. Elə bu səbəbdəndir ki, “Kommunist”in redaktorları “37-ci il” repressiyasının qurbanı oldular, həbsxanalardan qurtula bilmədilər. Onların bəzilərinin dəfn olunduğu yer bu günədək məlum deyil. 

“Kommunist” 1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanında da böyük fədakarlıq göstərmişdir. Savaşın xronikası, o dövrün ən mühüm fakt və hadisələrinin ümumi mənzərəsi ardıcıl və ən əhatəli şəkildə məhz onun səhifələrində əksini tapmışdır.  Məlum olduğu kimi, müharibənin ilk aylarında respublika hökumətinin qəbul etdiyi qərara əsasən, yerli mətbuat öz fəaliyyətini yenidən qurmalı idi. Bu baxımdan başlıca tələb iş üslubunu hərbi qaydalara uyğunlaşdırmaq nəzərdə tutulurdu. Tələblərin gerçəkləşdirilməsində aparıcı rol Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yanaşı, “Kommunist”ə də həvalə olunmuşdu. 

Həmin dövrdə Azərbaycanın tanınmış ziyalılarının, şair və yazıçılarının faşizmə qarşı çıxışları qəzetin səhifələrində “Vətəni var qüvvəmizlə müdafiə edəcəyik!” rubrikası altında dərc olunmuşdu. Bundan başqa nəşrdə cəbhədə qəhrəmanlıqla döyüşən mübariz övladlarımızla bağlı oçerklər, bədii-sənədli yazılar, geniş araşdırmalar yer almışdı.  Yeri gəlmişkən, qeyd edək ki, görkəmli jurnalist və müharibə vaxtı qəzet redaktorunun müavini işləmiş Nəsir İmanquliyevin “Kommunist” qəzeti Böyük Vətən müharibəsi illərində zəhmətkeşlərin əmək qəhrəmanlığı uğunda mübarizəsində” mövzusunda namizədlik dissertasiyasında Azərbaycanın cəbhəyə genişmiqyaslı köməyi redaksiyanın o dövr fəaliyyəti prizmasından əhatəli araşdırılmışdır. Ümumən, mətbu fəaliyyət standartları keçmiş SSRİ-nin digər mərkəzi nəşrləri və bölgə mətbuatı üçün təcrübə məktəbi rolunu oynamış “Kommunist” Azərbaycanı öyrənən önəmli xarici mərkəzlərin də marağında olmuş, onlar nəşrə mötəbər mənbə kimi istinad etmişlər. 

Vurğuladığımız kimi, Heydər Əliyev şəxsiyyətinin “Xalq qəzeti”nin taleyində müstəsna rolu olmuşdur. Fikrimizcə, bu məqamın üzərində xüsusi dayanmağa ehtiyac var. Ümummilli liderin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra ötən əsrin, bütövlükdə 70-80-ci illərində qəzetin fəaliyyətində yeni mərhələ başlanmışdır. Həmin mərhələdə Ulu öndərin Vətənini sivil inkişafın ön mövqelərinə çıxarmaq iradəsi var idi ki, bu iradə və qətiyyətin ayrı-ayrı nümunələri “Kommunist”in səhifələrində əksini tapmışdı. Mətbuatın idarəçilikdəki funksiyasına yüksək dəyər vermiş, ən əsası bu funksiyanı daim işlək vəziyyətdə saxlamış, ümumən medianın gücündən milli maraqlar naminə səmərəli istifadənin örnəyi olmuş Heydər Əliyev şəxsiyyəti “Kommunist”in yenidən qurulması, gündəlik tirajının 650 min nüsxəyə çatdırılması üçün zəruri tədbirlər həyata keçirmişdi.

Ulu öndər Heydər Əliyevin jurnalistikaya milli şüur və düşüncənin inkişafı baxımından verdiyi böyük önəmin nəticəsi idi ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda ictimai-siyasi mübarizə yeni mərhələyə qədəm qoyduğu bir vaxtda mətbu söz və bu sözün müstəsna daşıyıcısı olan “Kommunist” qəzeti də mübarizənin ön sıralarında dayandı. Qəzet sovet rejiminin sərt cəza tədbirlərinə baxmayaraq, fəaliyyətini yeni dövrün tələbləri səviyyəsində qurdu, xalqımızı milli haqq mübarizəsinə səslədi. 

O keşməkeşli dövrdə nəşrin kollektivinin üzvləri yaxşı anlayırdılar ki, müstəqilliyə gedən yol milli azadlıq mübarizəsindən keçir. Buna görə də Kommunist Partiyasının SSRİ-də qadağan olunmasından xeyli əvvəl AKP MK-nın təsisçiliyindən imtina etmişdilər. Onlar, həmçinin 1991-ci il avqustun 27-dən sonra qəzetin “Xalq qəzeti” adı ilə nəşrinə qərar vermişdilər. Bu, son dərəcə cəsarətli taleyüklü addım idi. 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra – 1991–1993-cü illərdə ölkədə iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmişdi. Paralel olaraq cəbhədə hərbi uğursuzluqlar artmış, nəticədə, milli müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı. 

Bu iflasın qarşısını isə ulu öndər Heydər Əliyevin Naxçıvandakı xilaskarlıq missiyası kəsmişdi. Ümummili liderin 1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən rəhbərliyə qayıdışından sonra parçalanmanın, cəmiyyətdəki nifaqın dərinləşməsinin qarşısı alınmış, sürətli inkişafın təməli qoyulmuşdu. “Xalq qəzeti” məhz həmin çətin dövrdə də öz missiyasına sadiq qalmış, mühüm dövlət proqramlarının dolğun işıqlandırılmasına peşəkar yanaşmış, aktual mövzuları gündəmə gətiməsi ilə fərqlənmişdi. Bu mərhələdə də qəzetin milli maraqlara bağlılığı, xalqa xidmət amalı ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdi. Buna görə də ümummilli lider 1994-cü ildə nəşrə 75 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda yazırdı: “Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişlər. Müstəqilliyimizin qazanılmasından sonra da “Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır. Amansız təcavüzkara qarşı apardığımız ədalətli müharibə qəzetin daimi mövzusuna çevrilmişdir. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır”.

Heydər Əliyev şəxsiyyətinin diqqətə çatdırdığımız fikirləri “Xalq qəzeti”nin yeni gün, dövlətçilik amalları uğrunda mübarizə əzmini və ruhunu daim yüksək tutmuşdu. Nəşr Ulu öndərin ideya xəttinin layiqli davamçısı Prezident 
İlham Əliyevin müəyyənləşdirdiyi siyasətin xalqa çatdırılmasında, Xalq–Lider birliyinin daha da möhkəmlənməsində müstəsna rol oynamaqla, milli ənənələrin yaşadılması missiyasını daha da zənginləşdirmişdi. Nəşrin səhifələrində Xalq–Lider və Xalq–Lider–Ordu birliyini tərənnüm edən çoxsaylı və müxtəlif janrlı məqalələr yayımlanmışdı ki, həmin materialların hər biri də müstəqillik dövrü tariximizə işıq salmaq nöqteyi-nəzərindən əhəmiyyətlidir. 

Bəli, Azərbaycan cəmiyyəti Xalq–Lider–Ordu birliyinin təntənəsini 44 günlük Vətən müharibəsi zamanı bir daha, özü də bənzərsiz və təkrarsız şəkildə gördü.  Həmin vaxt “Xalq qəzeti” redaksiyası jurnalist peşəkarlığını və ekstremal şəraitdə fəaliyyət xəttini əsas götürərək, Vətən müharibəsinin xronikasını yaratdı. Bu xronikada dövlət başçısı İlham Əliyevin müdrik Sərkərdə və Ali Baş Komandan kimi döyüş əməliyyatlarına məharətlə rəhbərlik etməsi, baş verən hadisələrə çevik reaksiyası, beynəlxalq auditoriyaya yönəlik informasiya savaşı əksini tapdı.

Bu gün xalqımızın hər bir nümayəndəsi kimi, “Xalq qəzeti”nin əməksevər kollektivi də 44 günlük müharibədə qazandığınız möhtəşəm Zəfər nəticəsində doğma torpaqlarımıza sahiblənməyin dərin xoşbəxtlik hissini yaşayır, qürur hissi keçirərək, Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə və beynəlxalq aləmə çatdırmaq naminə daha əzmlə çalışır. Onlar dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin ideyalarına misilsiz sədaqətlə reallaşdırdığı siyasətin fəal təbliğatçıları, dövlətimizin informasiya cəbhəsinin dönməz əsgərləridir. 

“Xalq qəzeti” kollektivinin üzvləri, həmçinin özündə gerçək salnamə yaşadan doğma nəşrlərinin 105 illiyinin əlahiddəliyi, ölkə miqyaslı olay kimi qarşılanması naminə də yorulmaq bilmədən çalışırlar. Bu istiqamətdəki fəaliyyətdə həm qəzetin ziyalı tribunası məsuliyyəti, həm Azərbaycan dövlətinin xalqımızın tərəqqisi, işğaldan azad olunmuş topraqlarımızın bərpası naminə apardığı quruculuq işlərinin fəal təbliğatçısı obrazı, həm də cəmiyyətə vətənpərvərlik hisslərini aşılamaq vəzifəsi var. Əlbəttə ki, nəşrin keçmişinə ehtiramı vurğulayan məqalələrin çapı, bunun üçün müxtəlif ekspert və mütəxəssislərə, araşdırmaçı alimlərə müraciət də həmçinin. Qarşımızda dayanan mühüm vəzifələrdən biri də “Xalq qəzeti”nin müxtəlif illərdəki ərəb və kiril qrafikalı saylarının elektron variantının  hazırlanmasıdır. 

Ümumən, redaksiyamızın müştərək qərarına əsaslanmış planlarımız çoxdur. Əminik ki, 105 yaşın gətirdiyi sevinc və qürur hissi qarşıya qoyduğumuz vəzifələrin icrasına dəstək baxımından böyük mənəvi rol oynayacaq. Çox arzu edərdik ki, bu sevincimizə ölkəmizin ziyalıları, dövlət, elm və incəsənət xadimləri də qoşularaq, 105 illik tarixin ayrı-ayrı epizodlarına, yaşantılarına dair dəyərli fikirlərini fundamental məqalələr şəklində bölüşsünlər. “Xalq qəzeti” özü bir tarixdir.  Birlikdə tariximizə ehtiramımızı bildirək. 

Əflatun AMAŞOV,
baş redaktor

 

Sosial həyat