Haylar üçün “məngənə”

post-img

NATO və KTMT arasında çapalayan Ermənistan çıxış yolu axtarır 

Cənubi Qafqazı eskalasiya meydanına çevirmək cəhdləri göz qabağındadır. Bu cəhdləri edənlər üzdə ermənipərəst qüvvələr kimi görünmələrinə baxmayaraq, alt qatda, aydın məsələdir ki, söhbət “böyük güclər” arasında bölgədə maraq və təsir uğrunda gedən amansız qarşıdurmadan gedir. 

Görünən odur ki, tərəflər qarşıdakı geosiyasi “savaşdan” qalib ayrılmaq üçün arsenallarındakı bütün diplomatik, hərbi-siyasi vasitələrdən istifadə etmək niyyətindədirlər.   

Ermənistan da öz növbəsində bölgəyə kənar aktorların yersiz müdaxiləsindən yararlanaraq, sülhdən yayınmağa, silahlanmağa, danışıqlar masasında Bakıdan hansısa güzəştləri qoparmağa çalışır. İrəvanın bu riskli addımları nəinki sülh sazişinə aparan yolun üstündə əngəllər yaradır, həm də bölgədə hərbi-siyasi eskalasiyanı gərginləşdirir. Artıq Paşinyan iqtidarının avantürist “taktiki gedişlərinin” gözlə görünən mənzərəsi formalaşıb. Bu siyasi mənzərənin sonuncu epizodları qismində Ermənistan baş nazirinin Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qaçmasını, Fransanın Bakının evsahibliyi edəcəyi BMT-nin nüfuzlu COP29 tədbiri ərəfəsində sərhəddə lokal qarşıdurmalar yaratmaq cəhdlərini və buna görə Azərbaycanı ittiham etməsini və nəhayət, ABŞ hərbi təyyarələrinin İrəvana silah-sursat daşımasını qeyd etmək olar. ATƏT-in keçmiş Minsk qrupunun uğursuz həmsədrlərindən biri olan ABŞ bu gün Ermənistanın silahlanmasına istiqamət verən əsas xarici aktorlardan birinə çevrilib. Hazırda məhz Vaşinqton, Paris və Nyu Dehli Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda eskalasiya təhlükəsini daha da artırır, bölgədə yeni hərbi əməliyyatlara səbəb olacaq şəraitin yetişməsini  sürətləndirirlər. 

* * * 

Qafqaz uğrunda “böyük güclər” arasındakı mübarizə, demək olar ki, açıq müstəviyə keçdiyindən, deyəsən, diplomatik və hərbi konspirativlik də yaddan çıxıb. Əgər belə olmasaydı, ABŞ okeanın o üzündən Ermənistana hərbi yük və şəxsi heyət göndərməzdi.      

Bir həftə bundan əvvəl “Caliber.az” eksklüziv material paylaşdı və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi təyyarənin Ermənistanın Zvartnots hava limanına endiyini yazdı. Məlumatda deyilirdi ki, “Boeing C-17” hərbi yük təyyarələrində İrandan atılan raketlərin və digər təyyarələrin trayektoriyasını izləyən xüsusi cihazların da daxil olduğu hərbi yüklərlə yanaşı, Ermənistana bu texnikaya nəzarət edəcək şəxsi heyət də gətirilib. Azərbaycan və İranla sərhəddə yerləşdiriləcək həmin şəxsi heyəti kənar gözlərdən yayındırmaq üçün onun böyük qisminin ABŞ ordusunda xidmət edən erməni əsilli vətəndaşlardan, həmçinin postsovet məkanından okeanın o tayına köçmüş qafqazlıların arasından seçildiyi xəbərdə vurğulanırdı. Yəni, kifayət qədər detallı və mötəbər mənbədən alındığı şübhə doğurmayan, sensasion xarakterli materialın dərcindən bir gün sonra ABŞ-nin Ermənistandakı səfirliyi Zəngəzura amerikan hərbçilərinin yeridilməsi ilə bağlı məlumatı cavablandırmağa tələsdi. Səfirliyin cavabında deyilirdi: “Birləşmiş Ştatlar və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş 2024” təlimi iyulun 24-də uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün ABŞ texnikası və şəxsi heyət Ermənistanı tərk edib”.

Sayt səfirliyin cavabına şərhində qeyd edirdi ki, bəli, birgə hərbi təlimlər iyulun 15-dən 24-dək baş tutub. Amma ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələri Zvartnos hava limanına avqustun əvvəlində enib. Və haqlı olaraq qeyd olunurdu ki, səfirliyin məlum məlumata reaksiyası mövzudan tamamilə kənardır. Oxuculara təqdim olunan məlumatların təkzib edilmədiyini və Ağ evdən bunun etirafını eşitməyən sayt avqustun 7-dəki materialında söz verdiyi kimi, Zvartnots hava limanına enən hərbi-nəqliyyat təyyarələrindən birinin fotolarını yayımladı. Fotoşəkillərdə göstərilən təyyarə Qətərdən havaya qalxıb, Gürcüstanın hava məkanından keçərək Ermənistan ərazisinə daxil olub. Burada maraqlı detallardan biri də ondan ibarətdir ki, rus sərhədçiləri iki gün əvvəl Zvartnots aeroportunu tərk etmişdilər. Bu da başadüşüləndir. Axı, ABŞ hərbi təyyarəsindən silah və hərbçilərin boşaldılması prosesinə Rusiya sərhəd xidməti nəzarət edə bilməzdi...

* * *

“Əgər ABŞ səfirliyi və erməni tərəfi həqiqəti təkzib edərsə, biz cənab Ostinin ittihamlarının Ermənistanda qalması ilə bağlı yeni təfərrüatları təqdim etməyə hazırıq. Bizdə materiallar var, lakin biz onları hissə-hissə verəcəyik”. Sayt özünün bu son açıqlamasının ardınca təqdim etdiyi məlumatların amerikalı tərəfdaşlar tərəfindən Azərbaycan vətəndaşları üçün əvvəlkindən daha səmimi şəkildə şərh etmək istəyinə ümid etdiyini nəzərə çatdırıb.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov hesab edir ki, Paşinyan hakimiyyəti son vaxtlar açıq şəkildə Rusiyaya göstərir ki, onun niyyəti Kremldən tamamilə uzaqlaşmaq, Avropa, ABŞ ilə yaxın olmaqdır. Bəli, bundan ötrü İrəvan Vaşinqtonla hərbi-texniki əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirir. Aydın məsələdir ki, Ağ evin əsas məqsədi rusları Zəngəzurdan sıxışdırmaqdır. Yəni Rusiya sərhədçilərinin bu dəhlizi qorumalarına imkan verməmək, həmin kontingenti amerikalı əsgərlərlə əvəzləmək. Bəlkə də, Ağ evin orada müəyyən sayda şəxsi heyətə malik hərbi baza yaratmaq planı da var. Amma belə bir planın, hətta reallaşacağı təqdirdə Ermənistana hansı faydanı verəcəyini demək çətindir. Bunlar ciddi sualları ortaya gətirən məqamlardır. Paşinyan iqtidarının bunu asanlıqla edə biləcəyinə şübhəm var. Sadəcə, bölgədə Rusiya ilə ABŞ arasında yeni qarşıdurma meydanı yarana bilər. Azərbaycan bütün hallarda – istər ruslar olsun, istər amerikalılar – Zəngəzur dəhlizindən istifadə edəcək və gec-tez bu dəhliz açılacaq. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya açılmalıdır. Buna mütləq nail olacağıq”.

Tanınmış politoloq son vaxtlar kollektiv Qərbin bölgəyə münasibətdə sərgilədiyi siyasətin əlavə gərginliyə gətirib çıxaran amillər olduğunu deyir: “Bunlar həm də Azərbaycan və Türkiyəyə qarşı atılan addımlardır. Çünki bölgədə alternativ və güclü bir alyans yaranıb. Əlbəttə ki, ABŞ-nin son hərəkətləri heç də Ermənistana sevgisindən irəli gələn jestlər deyil. Burada söhbət düşünülmüş siyasi addımlardan, ABŞ başda olmaqla bölgədə maraqları olan bəzi güclərin Rusiyanın başının müharibəyə qarışmasından məharətlə istifadə etməsindən gedə bilər”.     

* * *     

Mövzuya münasibətini bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistandakı ABŞ səfirliyinin qonşu ölkələrlə bağlı kəşfiyyat işləri apardığı barədə fikirlərin çoxdan mövcud olduğunu söylədi. Onun sözlərinə görə, hələ neçə il bundan əvvəl ABŞ-nin İrəvandakı səfirliyinin İrana qarşı kəşfiyyat işləri apardığı barədə xəbərlər yayılmışdı: “Belə fikirlər səsləndirilirdi. Diplomatlar zarafatla deyirdilər ki, bu, ABŞ-nin İrandakı səfirliyidir, sadəcə hələ ki, Ermənistanda yerləşir”. Politoloq onu da bildirib ki, İrəvana deyil, Zəngəzura eniş edən təyyarələrlə bağlı məlumat öz təsdiqini tapmalıdır: “Biz bilirik ki, bir çox dövlətlər bu məsələni diqqətdə saxlayır. İran da, Rusiya da, təbii ki, Azərbaycan da. Ermənistana hərbi avadanlığı nə məqsədlə gətirildiyini isə Vaşinqton mütləq açıqlamalıdır”. 

İndi NATO və KTMT arasında “məngənə”yə salınmış Ermənistan polad tələdən çıxış yolunu axtarmaqla məşğuldur. İndi onun durumuna heç müttəfiqləri də qibtə etmirlər. 44 günlük müharibədə sarsıdıcı zərbə alan və hələ də revanş xəyalından əl çəkmək istəməyən İrəvan bu dəfə Qərb silahlarını “istismara” qəbul etməyə meyillənib. Onun bu məqsədlə vaxtaşırı şərti sərhəddə təxribatlara əl atacağı təəccüb doğurmamaldır. Amma Azərbaycan hakimiyyəti təmkinli siyasətini davam etdirəcək və mümkün təxribatlara vaxtında və layiqincə cavab verəcək. Sadəcə olaraq, məsələnin əcaib tərəfi odur ki, İrəvan nə vaxta qədər dəfələrlə aldadılmış qərbli “tərəfdaşlarının” fitvasına gedəcək və sülh prosesini qəsdən ləngitməklə məşğul olacaq? Axı, onun əlində Bakı ilə “tet-a-tet” əyləşib sülh müqaviləsini imzalamaması üçün heç bir tutarlı səbəbi qalmayıb. Nəqliyyat kommunikasiyalarının açılması məsələsinin sülh sazişinin mətnindən çıxarılması və müzakirənin sonrakı mərhələyə saxlanması Bakının atdığı xoşməramlı addım idi. Amma dirijor çubuğu ilə hərəkətə öyrəncəli İrəvan yenə hansısa bəhanə axtarmağa başlayıb.

Bölgədə qəsdən formalaşdırmağa çalışdıqları gərgin situasiya “bulanıq suda balıq tutmaq” sevdasına düşənlərin planlarını həyata keçirməyə yetməyəcək. Hətta ən skeptik proqnozlara görə, hərbi eskalasiyanın yaranacağı təqdirdə yenə uduzan Ermənistan olacaq. Həm də bu dəfə tək özünün deyil, onu “məngənəyə” salmış qərbli “züytutanları”n da məğlub duruma düşəcəkləri qaçılmaz olacaq.

Təxminən bir ay bundan əvvəl Aİ şurasının prezidenti Şarl Mişelin tərəflərə yeni təkliflərlə müraciəti, sonra ABŞ Dövlət Departamenti rəsmilərinin, konqresmenlərin İrəvana “qastrolları”, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana və Bakıya səfərləri və onun “kommunikasiya xətlərinə Qərbi buraxmaq olmaz” ismarıcı Qafqazda qazanın qaynamasından Moskvanın ciddi narahatlığından xəbər verirdi. Şübhə yoxdur ki, “çanaq” bu dəfə də “məngənə”yə salınanın başında çatlayacaq. 

İmran BƏDİRXANLI 
XQ

 





Siyasət