Adından da göründüyü kimi, Qərbi Azərbaycanın azərbaycanlıların doğma ata-baba yurdu olması danılmaz tarixi həqiqətdir. Ora bizim əzəli torpaqlarımız olub. Lakin tarixin müxtəlif dövrlərində ermənilərin bu ərazilərə planlı şəkildə yerləşdirilməsi, Azərbaycan türklərinə aid izlərin yurd-yuvamızdan itirilməsi, bununla da Qərbi Azərbaycanın erməniləşdirilməsi indi bizi doğma elimizə həsrət qoyub. Ötən əsrin ortalarında, eləcə də Birinci Qarabağ müharibəsi ərəfəsində azərbaycanlıların o bölgələrdən deportasiyaya məruz qalması da bu məqsədlərə xidmət edirdi. Ermənilər və onların havadarları bununla tarixi saxtalaşdırmağa çalışdılar, lakin bu, mümkün olmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağın 30 ildən artıq davam edən işğalına son qoyduğu kimi, Qərbi Azərbaycanla bağlı tarixi ədalətin də yaxın vaxtlarda bərpa olunacağına heç bir şübhəm yoxdur. Prezidentimizin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözlərindən də məlum olduğu kimi, hər addımın öz vaxtı var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində əslən Dərələyəz mahalının Əzizbəyov rayonundan olan Zekeriya Demiral söyləyib.
Hazırda Türkiyədə fəaliyyət göstərən Qars-Azərbaycan İş Adamları Dərnəyinin sədri olan müsahibimiz ailəsi ilə bağlı xatirələrini bizimlə bölüşüb: “Doğmalarımdan mənə acılı-şirinli çox xatirə qalıb. Amma bəzi xatirələrin verdiyi ağrını unutmaq mümkün deyil. Babam 1890-cı ildə doğma yurd-yuvasından qovulan insanlardan biri olub. Onlar olduqca çətin şəraitdə Dərələyəz mahalından Qarsa köçürülüb və 1915-ci ilədək orada yaşayıblar. Lakin ermənilər onlara burada da rahat yaşamağa imkan verməyiblər. Erməni vəhşilikləri 1915-ci ildə təkrar baş qaldırdıqda onlar Qarsdan Gəncəyə piyada getməyə məcbur olublar. Yolboyu da müxtəlif təzyiqlərə məruz qalıblar. Hətta yolda babamın qundaqda olan əmisi aclıqdan, susuzluqdan dünyasını dəyişib. Babam çarəsizlikdən körpəni yolda bir daşın altında dəfn edib”.
Ailəsinin sonradan Gəncədən İrana, oradan da yenidən Qarsa köçərək burada məskunlaşdığını deyən Zekeriya Demiral sözlərinə belə davam edib: “Bütün bunları xatırladıqca qaysaq bağlamış yaralarımız yenidən qanayır. Babam o illərin ağrı-acısını hər dəfə xatırladıqda hönkürərək ağlayardı. Doğma yurdunun həsrəti heç azalmadı. Lakin ümidini də heç vaxt itirmirdi, o torpaqlara qayıdacağı günü gözləyirdi. Bu hiss o torpaqlardan olan hər kəsin qəlbində ilk günkü kimi yaşayır. İnsan mənsub olduğu yeri necə unuda bilər? Təbii ki, bu mümkünsüzdür”.
O deyib ki, 1918-1921-ci illərdə qədim Azərbaycan torpaqlarının planlı şəkildə indiki Ermənistana verilməsi nəticəsində tarixi adlarımız heç bir kökü-əsası olmayan erməni adları ilə əvəzlənib. Lakin bütün bunlara baxmayaraq, biz Qərbi azərbaycanlılar öz tariximizi heç zaman unutmamış və hər zaman ata-baba yurdumuzdakı adları özümüzə məxsus əzəli adları ilə çağırmışıq. Bu gün Ermənistanın ərazisində qalan Ağbaba, Dərələyəz, Göyçə, Zəngibasar, Şörəyel və nəhayət Zəngəzur azərbaycanlıların qədim ata-baba torpaqlarıdır. Ermənilər, sadəcə, bu ərazilərə köçürülməyib, həm də buradakı toponimləri dəyişib, azərbaycanlılara məxsus tarixi, dini abidələri dağıdaraq irsimizi yox etmək istəyiblər. Lakin, necə deyərlər, həqiqətin gün üzünə çıxmaq kimi bir adəti var. Tarixi sənədlər, ötən əsrin əvvəllərinə aid xəritələr və bu xəritələrdəki ərazi adları bu yerlərin Qərbi azərbaycanlılara məxsus olduğunu, buralarda qədimdən azərbaycanlıların yaşadıqlarını sübut edir. Azərbaycanlılar öz torpağına, el-obasına bağlı xalqdır və daim yurd-yuvasının hüquqları uğrunda mübarizə aparıb. Bəli, tarixin fərqli dövrlərində müxtəlif çətinliklərimiz, durğunluqlarımız, geri atdığımız addımlarımız olub. Lakin bu, məğlubiyyət deyil, çarəsizlik idi ki, biz bunun da öhdəsindən layiqincə gələ bildik. Prezidentimizin qətiyyətli, müdrik siyasəti və mahir diplomatik bacarığı ilə Azərbaycan Ordusunun qəhrəmanlığı, azərbaycanlıların həmrəyliyi uzun illər əsirlikdə olan Qarabağı, Şərqi Zəngəzuru azadlığına qovuşdurdu.
“Artıq bu torpaqlara “Böyük Qayıdış” prosesi də başlanıb. Bəhs etdiyim o durğunluq da məhz buna hazırlıq idi. Bu gün Azərbaycan öz Liderinin sayəsində dünyada adından söz etdirən güclü bir dövlətə çevrilib və bu, bizim gələcəyə olan ümidimizin təməlidir. Bütün bunlara əsaslanaraq mən Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdacağına əminəm. Allahın köməyi ilə o gün tezliklə gələcək”, - deyə müsahibimiz diqqətə çatdırıb.